“Kayzen – Kostinq” uçot modeli

posted in: Xəbər | 0

Dünyanın inkişaf etmiş ölkələrində məsrəflərin idarə edilməsində və məqsədli maya dəyərinin hərtərəfli mühafizə edilərək inkişaf etdirilməsi sahəsində həyata keçirilən yeniliklərdən biri də “Kayzen-Kostinq” uçot modelinin geniş vüsət almasıdır. Yapon dilindən tərcümədə “kayzen” sözü “kiçik addımlarla yaxşılaşdırma, təkmilləşdirmə” deməkdir. Müəssisə səviyyəsində “Kayzenin” məqsədi daxili ehtiyatlar hesabına kənardan investisiya cəlb edilmədən bütövlükdə şirkətin və yaxud onun ayrı-ayrı bölmələrinin fəaliyyətini təkmilləşdirməkdən ibarətdir. “Kayzen-Kostinq” anlayışı məhsulun maya dəyərinin lazım olan səviyyəsini təmin etmək və məsrəflərin məqsədli səviyyəyə qədər aşağı salınması yollarını göstərir. Bu modelin lazımi dərəcədə istifadə edilməsi yalnız istehsal mərhələsində məsrəflərin 5% aşağı salınmasını təmin edir.  Amerika Birləşmiş Ştatlarında və Qərbi Avropa ölkələrində 1980-ci illərin ikinci yarısında Yaponiyanın sənaye şirkətlərində “Kayzen”in rolu haqqında ilk kitab (ingilis dilində) nəşr edildikdən sonra “Kayzen-Kosting” uçotu modeli daha geniş yayılmağa başlamışdır. Eyni zamanda “Kayzen” anlayışı tez-tez keyfiyyət dərnəyində birləşən çox böyük olmayan qrup şəklində və yaxud məhsulun keyfiyyətinin yüksəldilməsi sahəsində təkliflər verən işçilər şəklində fəaliyyət kimi də təzahür edir. “Kayzen-Kostinq” anlayışını ilk dəfə işlədən Yasuxiro Monden bu modelin istehsal prosesinin müxtəlif mərhələlərində “Target-Kostinq” modeli ilə sıx qarşılıqlı əlaqəsindən bəhs etmişdir.

Yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticə çıxır ki, “Kayzen” – keyfiyyətin və biznes proseslərinin tədricən təkmilləşdirilməsi fəlsəfəsidir, “Kayzen-Kostinq” isə menecerlərin məqsədli maya dəyərinə nail olmaq və istehsalın rentabelliyinin təmin etmək məqsədi ilə istifadə etdikləri məsrəfləri aşağı salmaq vasitəsidir (alətidir). Uçotun “Kayzen-Kostinq” modeli bu sahədə istifadə edilən bir sıra modellərlə, xüsusi ilə “JİT”, “Target-Kostinq” kimi sistemlərlə qarşılıqlı əlaqədə tətbiq edilir. Idarəetmə uçotunun müxtəlif modellərinin tətbiqi ilə məşğul olan mütəxəssislərin fikrincə “Kayzen-Kostinq” modeli “Target-Kostinq” modeli daha sıx qarşılıqlı əlaqədə tətbiq edilirlər. Hər iki modelin məqsədi məsrəflərin ayrı-ayrı modelləri və bütövlükdə son məhsulun maya dəyərini aşağı salmaqdan ibarətdir. Əgər yaradılan məhsulun həyat tsiklini iki mərhələyə – planlaşdırma və layihələndirmə (işləyib hazırlamaq) mərhələsi və istehsal mərhələsinə ayırsaq, “Target-Kostinq” modeli birinci mərhələ üzrə tapşırıqları həll edir, “Kayzen-Kostinq” isə ikinci. Birlikdə hər iki model şirkət rəqibinə nisbətən maya dəyərinin aşağı salmalı və müvafiq bazar sektorunu əldə saxlamaq üçün əlverişli qiymət siyasəti seçmək kimi qiymətli üstünlüklər verirlər. Sənayenin ənənəvi sahələrində, hansı ki, məhsul uzunmüddətli həyat tsikli ilə xarakterizə olunur, bu zaman “Kayzen Kostinq” modelinə, əksinə innovasiyalı sahələrdə, yəni məhsul istehsalı qısamüddətli həyat tsikli ilə xarakterizə olunursa, bu zaman “Target-Kostinq” sistemi irəli çəkilir. Şərti olaraq ənənəvi sənaye sahələrinə aid edilən şirkətlərdə “Kayzen” fəaliyyəti üç səviyyədə həyata keçirilir:

1. Kayzenin fəlsəfəsi vəzifə borcu hesab olunan menecerlər;

2. Keyfiyyət dərnəklərində birləşən (toplanan) təşəbbüskar əməkdaşlar qrupu;

3. Təkliflər sistemi vasitəsi ilə yeni ideya irəli sürmək imkanı olan ayrı-ayrı fəhlələr.

“Kayzen” fəaliyyətində aktiv iştirak edən insanların mükafatlandırılması maddi və mənəvi həvəsləndirmə yolu ilə həyata keçirilir. İşçilərin həvəsləndirilməsi şirkətlər tərəfindən öyrədilən mədəni sərvətlərin fəhlə və mütəxəssislərin beynində möhkəmləndirən tədbirləri özündə əks etdirir. İnnovasiyalı sahələrdə “Kayzen-Kosting” ahəngdar olaraq öz əhəmiyyətini itirmədən “Target-Kostinq”i tamamlayır. “Target-Kostinq” ideyası həddindən artıq sadədir. Yəni elə innovasiyalı məhsul istehsal edilməlidir ki, hesablama maya dəyəri məqsədli maya dəyərini üstələməsin. Əgər bu iki kəmiyyət arasındakı fərq saxlanılırsa, bütün ciddi cəhdlərə baxmayaraq layihədən inkar edilməlidir. Burada belə bir sual çıxır ortaya: nə etməli əgər hesablama maya dəyəri məqsədli maya dəyərindən lap az yüksəkdir? İstehsala başlamaq, yoxsa yox? Təcrübə göstərir ki, hesablama və məqsədli maya dəyəri arasındakı az fərq (3-5 faiz həddində) istehsal haqqında qərar qəbul etmək üçün maneə hesab olunmur. Yapon müəssisələrində əmələ gələn az fərq istehsal mərhələsindəki Kayzen tapşırığının köməkliyi ilə müvəffəqiyyətlə bağlanır.

Müəllif: Xatirə Əzizova

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *