Kənd təsərrüfatında vergi və mühasibat uçotuna aid 4 vacib sualın cavabı

posted in: muhasibat, Vergi, Xəbər | 1
birbank biznes

Sual: Fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Fəaliyyət növüm kənd təsərrüfatı məhsullarının əsasən pomidorun istixanada yetişdirilməsindən ibarətdir (Digər fəaliyyət növü ilə məşğul olmuram). Yığılan məhsulları istixanadan bir başa olaraq alıcılara müxtəlif çəkilərdə (1 kq və ya 5.000 kq) nağd pula satıram. Xahiş edirəm fəaliyyətimlə bağlı suallarıma cavab verəsiniz.

1. Mən istixanaya kassa aparatı qoymalıyammı? Əgər kassa aparatı qoymalı deyiləmsə alıcılara kassa mədaxil orderi yazmalıyammı?

2. Yığılan məhsulu necə rəsmiləşdirmək lazımdır, yəni akt və ya hansı digər sənəd tələb olunur?

3. Satışdan əldə etdiyim nağd pulu banka qoymalı və ya bir başa digər təşkilatlara ödəyə bilərəm?

4. İstixananın tikilməyinə 300.000 manat pul xərcləmişəm, satışdan əldə etdiyim pul vəsaitini həmin xərcin əvəzinə ayda 100.000 manat geri götürə bilərəmmi?

Cavab: 1. Bildiririk ki, bazarlarda, yarmarkalarda və səyyar qaydada satış istisna olmaqla, pərakəndə ticarətdə, o cümlədən də sorğunuzda qeyd olunan istixana vasitəsi ilə istehlakçıya kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət qaydasında nağd satışı NKA çekləri vasitəsilə rəsmiləşdirilməlidir. Kənd təsərrüfatı mallarının iri həcmdə digər sahibkarlara satışı isə artıq topdansatış anlamını verir və bu halda malların nağd satışı ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.

Bax: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü və 16.1.8-ci maddələri.

Cavab 2. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 19.04.2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”, 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmiş, fərmanların icrası məqsədi ilə Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli və 04.10.2017-ci il tarixli Q-12 nömrəli Qərarları ilə müvafiq sahələr üzrə ciddi hesabat blankları formaları təsdiq edilmişdir. Fəaliyyətinizdə ilk növbədə qeyd olunan qaydaların müddəalarını nəzərə almalı və müvafiq ciddi hesabat blanklarından istifadə etməlisiniz. Bubunla belə, maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsi, qiymətlilərin uçotunun təşkili ilə bağlı aidiyyəti üzrə mühasibat uçotunun təşkili və aparılması sahələrində tənzimlənməni həyata keçirən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Bax: Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”.

Cavab 3: Bildiririk ki, malların (işlərin, xidmətlərin) alışı ilə bağlı məxaric əməliyyatlarının həcmi “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsi ilə məhdudlaşdılır və bu baxımdan yarana biləcək çətinlikləri istisna etmək məqsədi ilə tərəfinizdən nağd qəbul olunmuş pul vəsaitlərini bank hesabınıza yerləşdiməyiniz və ödənişləri nağdsız şəkildə aparmağınız məqsədəuyğundur.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanununun 3.3-cü maddəsi.

Cavab 4: Bildiririk ki, maliyyə-təsərrüfat fəaliyyətlərini təmin etmək məqsədilə aparılan məxaric əməliyyatları “Nağdsız hesablaşmalar haqqında” Qanunla müəyyən olunmuş hədlər daxilində nağd qaydada həyata keçirilə bilər. Qeyd olunanlarla bağlı əlavə suallar yarandıqda Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Bax: “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 16 dekabr 2016-cı il tarixli 461-VQ nömrəli Qanunu.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email

  1. MİKAYL
    |

    siz vergi sayitinda sual cavabi kopi edib burda yazirsiz..hec olmasa bir muhasib mutexesis kimi sizde elave şərhlər yazın.