Kreditor borclar və onların növləri

posted in: Xəbər | 0

Kreditor borc nədir?

Müasir dövrdə nisyə (kreditlə) satış biznesin ayrılmaz hissəsidir. Nisyə qaydada satış zamanı alacaqlar, yəni debitor borclar formalaşır. Nisyə satış nəticəsində yaranan debitor borc, onun azaldılması yolları, habelə şübhəli və ümidsiz borclar haqqında burada ətraflı məlumat vermişik.

Onu da unutmaq olmaz ki, birinin debitor borcu, əslində digərinin kreditor borcudur, öhdəlikdir. Kreditor (latınca “creditor” – inanan sözündəndir) borcludan müəyyən davranış tələb etmək hüququna malik olan istənilən şəxsdir. Onu bəzən “borc verən” də adlandırırlar. Borcun qaytarılmasını tələb etmək hüququ olan şəxs kreditor, borclu debitor, şirkətə olan borc məbləği debitor borclar, şirkətin digər şəxslər qarşısında öhdəliyi kreditor borclar adlanır.

Əgər biznesin sürətli inkişafına nail olmaq istəyiriksə, malsatan və podratçıları bizə malları, işləri, xidmətləri nisyə həyata keçirməyə razı salmağa çalışacağıq. Elə buradan da kreditor borcumuz formalaşır.

Kreditor borc bizim üçün bir öhdəlikdir. Çünki malın (xidmətin) dəyərini indi ödəməsək də, nə vaxtsa bunu etməliyik. Ölçü müddəti kimi biz 12 ay yanaşmasını götürürük. Əgər öhdəliyimiz bir ildən artıq müddətə icra olunacaqsa, bunu uzunmüddətli öhdəliklər, daha qısa müddətə icra olunacaqsa qısamüddətli öhdəliklər kimi uçota alacağıq.

Mühasibat xidmətləri
Öhdəlik keçmiş hadisələrdən yaranan, ödənməsi iqtisadi səmərələri təcəssüm etdirən resursların müəssisədən xaric olması ilə nəticələnəcəyi gözlənilən müəssisənin cari borcudur.

Öhdəliklərin fərqli növləri, onların şərhi “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” adlı 37 nömrəli MUBS (IAS 37) əsasında tənzimlənir.

Kreditor borc da bizim öhdəliyimizdir, çünki:

  • bizə hal-hazırda iqtisadi səmərə axınının gəlməsinin səbəbi, mənbəyidir;
  • dəqiq ölçülə bilir;
  • bizdən səmərə axınının çıxmasıyla nəticələnəcəyi dəqiq bəllidir.

MUBS 37–yə görə “kreditor borcları alınmış və ya təchiz olunmuş və təqdim olunmuş hesab ilə rəsmiləşdirilmiş və ya malsatanla rəsmi şəkildə razılaşdırılmış mallar ya da xidmətlər üzrə ödənilməli olan öhdəliklərdir” (IAS 37:11(a)).

Öhdəliklərin növləri

Öhdəliklər müxtəlif səbəblərdən formalaşa bilər. Onları aşağıdakı formada qruplaşdırmaq mümkündür :

  • Kreditor xarakterli (kreditor borclar):

Bunlar bizim aldığımız mallar, işlər (xidmətlərlə) bağlı olur. Bu həm ticarətdə əlaqəsi qurmuş olduğumuz təşkilatlar (fərdi sahibkarlara) həm də birdəfəlik xarakterli, lakin mal, iş (xidmətlərin) təqdim edilməsiylə bağlı olan münasibətlər zamanı formalaşır. Qarşı tərəfin isə debitor yaratmasıyla nəticələnir.

  • Aldığımız borclar, bank kreditləri

Bura fiziki şəxslərdən, habelə digər təşkilatlardan, o cümlədən bank fəaliyyəti ilə məşğul olan təşkilatlardan aldığımız kreditlər aid edilir. Bir sıra hallarda əlavə faiz xərci yarana bilir.

  • Vergi, habelə digər icbari ödənişlər

Sözügedən kateqoriya öhdəliklərə vergi, MDSS, işsizlikdən sığorta, İTS kimi öhdəliklər aid edilə bilər.

  • Yaradılmış ehtiyat fondları –İcra edilmə vaxtı və dəyəri bəlli olmayan, lakin müəyyən ehtimalla yaranacağı gözlənilən öhdəliklərdir.
  • Təxirə salınmış öhdəliklər

Belə öhdəliklərdə tərəflərdən biri adətən dövlət olur. Öhdəlik yaranır, ancaq icra edilməsi vaxtı qanunla sonrakı dövrə aiddir.

Bank fəaliyyəti dedikdə təkcə bankları deyil, eləcə də bank olmayan kredit təşkilatlarını (BOKT), lombard təşkilatları da nəzərdə tutulur. Faiz yaradan öhdəliklər digər təşkilatdan alınmış borc zamanı da ola bilər. Adətən borc müqaviləsində, inflyasiya nəzərə alınaraq, müəyyən kiçik faiz dərəcəsi nəzərdə tutulur.

Vergi və digər icbari öhdəliklərə mühasibat uçotu subyektlərində qanunvericiliyə uyğun olaraq bizdən hesablanıb tutulan, habelə vergi agenti qaydasında bizim tutub ödəməli olduğumuz icbari ödənişləri də aiddir.

Tikinti müqavilələri üzrə kreditor borclar

Tikinti iqtisadiyyatın ən mühüm sahələrindən biridir. Bu sahəsinin təşkili, təkmilləşdirilməsi üçün mühasibat sisteminin ayrılmaz hissələri olan gəlir və xərclərin uçotunu təkmilləsdirmək vacibdir.

Tikinti işləri təsərrüfat yaxud podrat formasında həyata keçirilir. Təsərrüfat üsulu odur ki, müəssisə özü materialları alır, işçi qüvvəsi ayırır, planlaşdırdığı tikintini həyata keçirir. Amma, təcrübədə adətən tikinti işlərinin podrat formasında, tikinti sahəsində ixtisaslaşmış təşkilatlar vasitəsiylə həyata keçirilməsinə daha çox rast gəlinir.

Binanın tikintisi illər uzunu davam edən prosedur olduğu üçün podratçıya öhdəlik vaxtaşırı, hissəvi şəkildə tanınır. Bunun üçün tərəflər öz aralarında təhvil-təslim aktı bağlayırlar. Adətən bu təcrübədə “Forma 2” adlanan sənədi vasitəsiylə rəsmiləşdirilir.

Praktikada, bir qayda olaraq, hər mərtəbə tikilib sona çatdıqda “Forma 2” tərtib edilir və imzalanır. Binanın tikintisinə çəkilmiş məsrəflər smeta məsrəfləriylə müqayisə edilir, kənarlaşmaların səbəbi araşdırılır, sifarişçinin öhdəliyi tanınır. Öhdəlik tanınarkən təkcə çəkilmiş məsrəflər deyil, eyni zamanda podratçı şirkətin haqqı da nəzərə alınmalıdır.

Belə olduqda aşağıdakı müxabirləşmə verilə bilər :

DT  203                         KT  536            məbləğ

Dediklərimiz binanın satış üçün tikildiyi hala aiddir. Əgər bina təsərrüfat fəaliyyəti məqsədləri üçün tikilirsə, yəni əsas vəsaitlərə aid ediləcəksə kreditor borcun uçotu üçün aşağıdakı müxabirləşmə verilməlidir:

DT  113                         KT  536            məbləğ

Beləliklə, hər mərtəbə təhvil verildikdən sonra uyğun dəyərdə müxabirləşmə verilir. Burada şərt mərtəbənin olması deyil. Mühasib istənilən təhvil təslimi artıq öhdəlik olaraq tanımalıdır.

Xarici ticarət əməliyyatları zamanı dolayı ödəmələrə görə vergi tutulması