431 saylı “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Kreditor borcları (liabilities)

Uzunmüddətli kreditor borclar Hesablar Planının 43-cü maddəsi üzrə açılmış hesablarda uçota alınır. 431 saylı “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı onlardan biridir.

Malsatanlar, podratçılar dedikdə müqavilə (sifariş) əsasında mal-material sərvətləri göndərən, müxtəlif növ işləri yerinə yetirən, xidmətlər göstərən müəssisələr başa düşülür. İnşaat üzrə podratçılar da belə təşkilatlardandır.

Beynəlxalq standartlara uyğun olaraq kreditor borcları maliyyə hesabatlarında aşağıdakı standartların tələblərinə uyğun əks etdirilir:

MUBS (IAS) 39 – “Maliyyə Alətləri: Tanınma və ölçülmə”

Mühasibat xidmətləri

MHBS (IFRS) 9 – “Maliyyə Alətləri”;

MHBS (IFRS) 7 – “Maliyyə Alətləri: Məlumatların açıqlanması”.

Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları da maliyyə öhdəlikləri kimi xarakterizə olunur.

“Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı tənzimləmələr

431-ci hesab üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları  ilə tənzimlənir. Qaydaların 37.1-ci maddəsinə görə uzunmüddətli kreditor borcların uçotu məqsədi ilə aşağıdakı hesablar da açıla bilər:

431 saylı “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı uzunmüddətli kreditor borclarının uçotu üçün mühasibat uçotu subyektlərində açılan hesablardan biridir.

Öhdəlik (passiv) hesabı  olan 431 №li “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan əsas fondlar, qeyri-maddi aktivlər və ehtiyatların əldə edilməsi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları yarandıqda yuxarıda qeyd edilən qaydaların 37.2.-ci bəndi, belə öhdəliklə qısamüddətli kimi təsnifləşdirildikdə isə 37.5.-ci bəndi tətbiq edilir.

Malsatan, podratçılar üzrə uzunmüddətli kreditor borclarına görə yaranmış məzənnə fərqi üzrə mühasibat yazılışları yarandıqda həmin qaydaların 37.6.-cı bəndinə uyğun aparılır.

Malsatan, podratçılar üzrə uzunmüddətli kreditor borcları ödənildikdə müxabirləşmələr həmin qaydaların 37.7.-ci bəndilə nizamlanır.

Mallar (iş, xidmət) alındıqda 431 saylı hesab üzrə müxabirləşmə nümunələri

 “A” MMC iyun ayında “B” MMC-dən 35000 manatlıq mal almışdır. Tərəflər arasında bağlanan müqaviləyə əsasən ödənişin cari ildə edilməsi nəzərdə tutulmayıb. Odur ki, “A” MMC-nin ödənişi həyata keçirmək üçün növbəti ilin dekabr ayına qədər vaxtı var.

Alınan mallara görə yaranan uzunmüddətli kreditor borclarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 205 – Mallar 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 35000.00
2 Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) 241 – Əvəzləşdirilən ƏDV 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 6300.00

12 aydan uzun müddət keçdikdən sonra ödəniş edildikdə:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların əsas məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 35000.00
2 Malların ƏDV məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 6300.00

Uzunmüddətli kreditor borclar qısamüddətli kreditor borclara aid edildikdə

“A” MMC istehsal fəaliyyətini davam etdirmək üçün malların alışını həyata keçirmək məqsədilə “B” MMC ilə 2 illik müqavilə bağlamışdır. 105000 manat dəyərində mallar yanvar ayında təhvil alınmışdır. Borcun 50000 manatlıq hissəsi cari ildə ödənilmişdir.

Müqaviləyə əsasən uzunmüddətli kreditor borclarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 105000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 18900.00

Cari il ərzində ödənilmiş kreditor borcları qısamüddətli kreditor borclar kimi uçota alınaraq silindikdə:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uznmüddətli kreditor borcları qısamüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 50000.00
2 Uzunmüddətli kreditor borcları qısamüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 9000.00
3 Malların bir hissəsinin əsas məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 50000.00
4 Malların bir hissəsinin ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 9000.00

Məzənnə fərqi üzrə uzunmüddətli kreditor borclarının 431 saylı hesabda uçotu 

“A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Malları satan ölkə Rusiya olduğundan malların alış qiyməti dollarla təyin olunmuşdur. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 26000 dollar təyin olunmuşdur. Müqavilədə nəzərdə tutulan digər şərt isə ödənişi malları təhvil aldıqdan 1 il sonra etmək idi.

Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən ödənilən pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

Alış tarixinə 1 $ = 1.70 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların idxalı həyata keçirildikdə 205 – Mallar 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 44200.00
2 Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda 205 – Mallar 538 – Digər qısamüddətli kreditor borcları 200.00
3 ƏDV hesablandıqda: (44200+200) × 18% 241 – Əvəzləşdirilən ƏDV 538 – Digər qısamüddətli kreditor borcları 7992.00
4 Gömrükdə hesablanan ƏDV ödənildikdə 538 – Digər qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 7992.00

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər satışdankənar gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.67 ₼  →  26000 × 1.67 = 43420

Müsbət məzənnə fərqi  →  44200 – 43420 = 780

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 43420.00
2 Valyuta hesabına 26000hdollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 43420.00
3 Malların əsas məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 43420.00
4 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 611 – Sair əməliyyat gəlirləri 780.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.72 ₼  →  26000 × 1.72 = 44720

Mənfi məzənnə fərqi    44720 – 44200 = 520

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 44720.00
2 Valyuta hesabına 26000 dollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 44720.00
3 Malların əsas məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 44200.00
4 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 223-2 – Bank hesablaşma hesabları 520.00

413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər” hesabı üzrə uçot