Mənfəətlilik göstəricisi
Müəssisə üçün onun kapitalına təsir edən mənfəətlilik göstəricisi önəmli məsələdir. Bu göstərici rentabelliyin hesablanmasında mühüm rol oynayır. İnvestorlar rentabelliyə çox önəm verirlər. Çünki onların alacaqları dividend birbaşa onunla bağlıdır.
| Yeri gəlmişkən, rentabellik əmsalla yaxud faizlə ifadə olunur, pul vəsaitlərindən və digər resurslardan səmərəli istifadə göstəricisidir. Səmərəliliyin qiymətləndirilməsi zamanı bir-neçə bir neçə rentabellik göstəricisindən istifadə olunur ki , bunlardan ən əsası ümumi rentabellik göstəricisidir: R(ümumi) = (Mb/A)*100, burada Mb-balans mənfəəti, A –aktivlərin dəyəridir. |
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan mühasibat uçotu subyektinin fəaliyyətinin nəticəsi mənfəət yaxud zərərdir. Bu göstəriciyə nəzarət etmək üçün hesabat müddəti 1 il qəbul edilir.
Təşkilatın mənfəət yaxud zərərlə çalışması şirkət rəhbərlərinin və ümumiyyətlə menecer heyətinin səmərəli işinin əsas göstəricisidir. Direktorlar şurası, maliyyə hesabatlarının tərkibinə daxil olan ikisinə, Maliyyə Vəziyyəti Haqqında Hesabata (MVHH) və Mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabata (MZHH) xüsusi diqqət göstərirlər.
Mənfəət necə hesablanır?
Təşkilatın gəlirləri, xərcləri, ümumi mənfəətə, o isə öz növbəsində təşkilatın kapitalına təsir edir. Kapital hesablarının müxtəlif olması artıq sizə məlumdur. Sizinlə kapitala sərvət demişdik, sərvəti isə əvvəlcədən bizdə olan və sonradan qazandığımız olmaqla iki əsas yerə ayırmışdıq.
Nizamnamə kapitalımız bizə əvvəlcədən məxsus olan sərvətdirsə, bəs sonradan qazanılan sərvətimiz ? O necə formalaşır ?
Əlbəttə, əsas etibarıyla bizim satışımızla. Deməli məsələn hansısa məhsulları satacağıq, onları aldığımız zaman, fəaliyyətimiz zamanı çəkdiyimiz xərcləri çıxacağıq, geridə qalan məbləğ təmiz pulumuz, yəni qazancımız, mənfəətimiz olacaqdır.
Mənfəətimizi müəyyən etdikdən sonra qanun əldə edilmiş həmin mənfəətə görə dövlətə vergi ödəməyimizi tələb edəcək. Mənfəətdən vergini ödəyəcəyik və əlimizdə qalan pul xalis qazancımız, yəni xalis mənfəətimiz olacaqdır. Yuxarıda dediklərimizi düsturla yazsaq:
| Mənfəət = Gəlir – Xərc Xalis mənfəət = Mənfəət – Mənfəət vergisi. |
Bəs xalis mənfəətimizin aqibəti necə olacaq ? İşlədik, xərc çəkdik, sonra qazancımızdan xərclərimizi çıxdıq mənfəətimizi tapdıq, sonra ondan vergi ödəyib xalis mənfəətə çıxdıq. Bunu indi nə edək ?
“Bölüşdürülməmiş mənfəət” hesabı
Əldə edilmiş xalis mənfəətin əsas etibarıyla 3 mümkün aqibəti ola bilər:
- xalis mənfəəti heç kəsə verməyib uçotumuzda, kassamızda saxlayarıq;
- onu təsisçiyə verə bilərik, ya da;
- onu nizamnamə kapitalımızın artırılmasına yönəldə bilərik.
İstənilən halda qərarları şirkət sahibləri (payçılar, səhmdarlar) qəbul edir.
Sonuncu ikisi barədə saytımızın digər məqalələrində ətraflı məlumat verilir. Gəlin indi ən sadə hala baxaq: o pulu heç kəsə vermirik, yönəltmirik, özümüzdə saxlayırıq. Bu halda onu xalis mənfəət hesabımızdan çıxarıb, başqa bir hesaba qoyaq ki, heç nəyə, daha dəqiq desək bundan sonrakı illərdəki xalis mənfəətlərimizə qarışmasın. Sözügedən məqsədə xidmət edən hesabın adına “Bölüşdürülməmiş mənfəət” hesabı deyək.
Belə çıxır, sonradan qazandığımız sərvətin adına bölüşdürülməmiş mənfəət deyəcəyik. Müəssisənin ilkin fəaliyyət ilinin sonunda, əldə etdiyi mənfəəti heç kimlə bölüşmədiyi halda xalis mənfəəti elə bölüşdürülməmiş mənfəətdir:
| Kapital (Sərvətimiz) = Nizamnamə kapitalı (ilkin sərvət) + Bölüşdürülməmiş mənfəət (sonradan qazanılan sərvət). |
Kapital öhdəlikdir?
Əslində kapital da elə öhdəlikdir. Axı bizim müəssisə vaxtıyla ona nizamnamə kimi qoyulmuş (ilkin sərvət), yaxud sonradan qazanılan xalis mənfəəti (qazanılmış sərvət) öz payçılarına verməlidir. Payçıların şirkəti yaratmaqda məqsədləri gəlir əldə etmək idi. Belə çıxır, fiziki olaraq mövcud olmayan, yalnız sənədlərdə olan şirkətimiz, firmamız, hüquqi şəxsimiz əvvəl axır bütün sərvətini payçılarına verəcəksə, deməli, əslində elə kapital da öhdəlikdir. Sadəcə biz təsisçilərə, payçılara olan öhdəliklərimizi kapital adlandıra bilərik:
Hesabat dövrünün ümumi mənfəəti (zərəri) Hesablar Planında 801 nömrəli hesabda uçota alınır. Sözügedən hesab köməkçi hesabdır. Digər köməkçi hesablar kimi ilin sonunda bağlanır. 801 nömrəli hesab xalis mənfəət hesabına (341 nömrəli hesab) bağlanır. O isə öz növbəsində keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabına bağlanır.
