İşçilərə verilən məzuniyyətlərin növləri

posted in: Xəbər | 0
birbank biznes

Hansı məzuniyyət növləri var?

İşəgötürənlə əmək müqaviləsi bağlayaraq çalışan hər bir işçinin məzuniyyət hüququ var. Bu hüquq işçinin əsas konstitusiya hüquqlarından biridir. Məzuniyyət dedikdə iş yeri, vəzifəsini saxlanmaqla iş günləri ərzində işçinin müvəqqəti işdən uzaqlaşması başa düşülür.  Azərbaycan Respublikasının Əmək Məcəlləsində məzuniyyətlərin növləri aşağıdakı kimi təsnifləşdirilir (maddə 112):

  • ödənişli illik əmək məzuniyyəti;
  • sosial məzuniyyətlər;
  • ödənişsiz məzuniyyət;
  • təhsil, yaradıcılıq məzuniyyəti.

Əvəzçilik üzrə işləyən işçilərə də iş yeri və əməkhaqqı saxlanılmaqla təqvim günlərində məzuniyyət verilir. Əmək müqaviləsində, habelə kollektiv müqavilələrdə digər məzuniyyət növləri də müəyyən edilə bilər.

Əsas əmək məzuniyyəti

Əmək müqaviləsi ilə işləyən işçilərə ƏM-nə uyğun olaraq, əsas və əlavə məzuniyyətdən ibarət  illik ödənişli əmək məzuniyyəti verilir. O, işçiyə istirahət, əmək qabiliyyətini bərpa etmək, sağlamlığını möhkəmləndirmək məqsədi ilə verilir. Əmək məzuniyyətinin mahiyyəti Məcəllənin 113-cü maddəsində şərh olunub.

Əsas ödənişli illik məzuniyyət 21 təqvim günündən az olmayaraq, qrafik əsasında verilir. Müəyyən kateqoriya işçilərə əsas əmək məzuniyyəti daha uzun müddətə verilə bilər. Məzuniyyətin işçiyə hissələrə bölünərək verilməsi mümkündür, lakin bu halda həmin hissələrdən birinin müddəti 14 gündən az olmamalıdır. Ödənişli illik əsas məzuniyyətin verilməsi qaydalarıyla digər məqaləmizdən daha ətraflı oxumaq olar.

Əlavə əmək məzuniyyəti

Əlavə məzuniyyət müəyyən şərtlər daxilində əsas məzuniyyətə əlavə edilmiş günlərdən ibarətdir. Onu əsas məzuniyyətdən fərqləndirən başlıca cəhət müddəti, verilmə qaydasıdır. İşçi ƏM-nin 115, 116-ci maddələrində müəyyən olunmuş bir və bir neçə əlavə məzuniyyət hüququna malikdir.

Kadr işçiləri əlavə məzuniyyətin müddətini müəyyən edərkən Məcəllədə müəyyən edilmiş  aşağıdakı xüsusiyyətləri nəzərə almalıdır:

  • iş şəraitini;
  • əmək funksiyasını;
  • iş stajını;
  • işçinin ailəsindəki uşaqların yaşı və sayını.

Əlavə məzuniyyətin verilməsi qaydaları, əsas məzuniyyətin verilmə proseduru ilə, demək olar ki, eynidir. Yadda saxlamaq lazımdır ki, əlavə məzuniyyət həm ayrıca, həm də əsas məzuniyyətə əlavə edilə bilər.

Sosial məzuniyyət

Bu məzuniyyət növünü uşaqlı qadınların əlavə məzuniyyəti (ƏM, maddə 117) ilə qarışdırmaq lazım deyil. Sosial məzuniyyətlər Məcəllənin XIX fəsli ilə tənzimlənir. Bu kateqoriya məzuniyyətlər aşağıdakı qrupa bölünür:

  1. hamiləlik, habelə doğuşla bağlı verilən məzuniyyət;
  2. övladlığa götürülən uşağa görə qadınlara verilən məzuniyyətlər;
  3. qismən ödənişlə verilən məzuniyyət.

Birinci qrup məzuniyyətlər doğuşdan əvvəl və doğuşdan sonra kimi iki hissəyə ayrılır. Minimum müddəti 126 təqvim günüdür. Amma qanunvericilikdə müəyyən şərtlər daxilində daha uzun müddətə verilə bilər. Bu şərtlər və sosial məzuniyyətlərin digər növləri barədə buradan ətraflı məlumat tapmaq olar.

Ödənişsiz məzuniyyət

Ödənişsiz məzuniyyətlər işçinin xahişi ilə, yaxud da işəgötürənlə işçi arasındakı qarşılıqlı razılaşmaya əsasən təyin olunur. Onun verildiyi müddətdə işçinin işlədiyi yer, vəzifəsi saxlansa da, ona əməkhaqqı ödənilmir. İşçiyə ödənişsiz məzuniyyətin təyini aşağıdakı hallarda həyata keçirilə bilər:

  • ailə, məişət, digər sosial məsələlərin həllində;
  • yaş, fizioloji xüsusiyyətlərinə görə işdən ayrılmaq zərurəti yarandıqda;
  • yaradıcılıqla, elmi işlə məşğul olduqda;
  • təhsil aldığı müddətdə.

Bu məzuniyyət növü Məcəllənin XX fəsli ilə tənzimlənir.

Təhsil, yaradıcılıq məzuniyyəti

Hər bir vətəndaşın təhsil hüququ AR Konstitusiyasının 42-ci maddəsi ilə tənzimlənir. İşəgötürənlə əmək münasibətində olan işçinin işləməklə bərabər təhsil alması mümkündür. Bununla əlaqədar olaraq təhsil məzuniyyəti verilir. Təhsil məzuniyyətindən istifadə qaydaları ƏM-nin 123, 124 maddələri ilə tənzimlənir.

Müqavilə əsasında işləyən işçilərə həmçinin, yaradıcılıq məzuniyyətinin də verilməsi təmin edilməlidir. Həmin məzuniyyətlər iki əsasa görə verilir:

  • təhsil alan işçilərə – dissertasiya işini tamamlamaq üçün;
  • müəlliflərə – dərslik, ya da dərs vəsaiti yazmaq üçün.

Bu məzuniyyət növü müvafiq icra qurumunun arayışı əsasında verilir.


Print Friendly, PDF & Email