Əməkhaqqı hesablanması, ödəmə sistemləri

posted in: Xəbər | 0
birbank biznes

Minimum əməkhaqqı

Əməkhaqqı işçiyə görülən işin müqabilində işəgötürən tərəfindən gündəlik, yaxud aylıq olaraq pul və ya natura formasında ödənilən haqqdır. Əməkhaqqı hesablanması zamanı tərəflər arasında bağlanmış müqavilə əsas götürülür. İşəgötürən işçiyə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı ödəməlidir. “Əməkhaqqının minimum məbləği” anlayışına Azərbaycan Respublikasının Əmək Məcəlləsi aşağıdakı kimi tərif verir:

AR ƏM 155.2: “Minimum əməkhaqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.”

Bu məbləğə:

  • mükafat ödənişləri;
  • əməkhaqqına əlavələr;
  • artımlar və digər ödəmələr daxil edilmir.

Məcəllənin 155.6 maddəsinə görə “Minimum əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 01.01.2023-il tarixdən minimum əməkhaqqı 345 manat müəyyən edilib və 2024-cü il üçün əməkhaqqı hesablanması zamanı da, hələ ki, qüvvədədir.

Əməyin ödənilmə sistemləri

Əməyin ödənilmə sistemləri bir sıra amillərdən, ilk növbədə əməyin təşkili və onun inkişaf perspektivlərindən asılı olaraq tətbiq olunur. Bu sistemin tətbiqi qaydaları tərəflərin qarşılıqlı razılığına əsasən  Əmək müqavilələri, habelə kollektiv müqavilələrlə müəyyən olunur.

Hər bir təşkilat özünə uyğun əməkhaqqı sistemlərini tətbiq edə bilər, yalnız yerli qaydalarda onların rəsmiləşdirilməsi zəruridir. Əməkhaqqı hesablanması zaman   aşağıdakı əsas sənəd və qaydalar rəhbər tutulmalıdır:

  • daxili əmək qaydaları;
  • kollektiv müqavilə;
  • maddi həvəsləndirmə və mükafatlandırma müddəaları;
  • ştat cədvəli;
  • əmək müqaviləsinin müddəaları;
  • digər yerli normativ hüquqi aktlar.

İşəgötürən həmçinin, işçilərin haqq-hesab sənədlərinin hazırlanmasını təmin etməlidir. Əməkhaqqı və ona daxil olan ödənişlər, tutulmalar haqqında məlumatlar həmin haqq-hesab sənədlərində əks olunur. İşçi əməkhaqqı aldığı zaman bu sənədlərdə qeyd edilən və ona verilən ödəmələrin, habelə tutulmaların səbəbi və məbləği ilə tanış olmaq imkanına malikdir.

Əməkhaqqı hesablanması zamanı nəzərə alınan məbləğlər

Əməkhaqqını təşkil edən xərclərin tərkibi:

  • aylıq taarif (vəzifə) maaşı;
  • birdəfəlik mükafatlar;
  • əmək şəraitindən asılı olaraq vəzifə maaşına edilən əlavələrdən ibarətdir.

Aylıq taarif maaşı əməkhaqqının əsas hissəsidir və müvafiq normativ hüquqi sənədlərə əsasən işəgötürən tərəfindən müəyyən olunur.

Əməyin ödənilməsi sistemləri

Məcəllənin 157-ci maddəsinə əsasən əməyin ödənilməsi sisteminin 3 növü vardır:

  • vaxtamuzd;
  • işəmuzd;
  • əməyin ödənilməsinin digər sistemləri.

Vaxtamuzd ödəniş sistemində  əməkhaqqı işçinin işlədiyi vaxtın-saatın, ayın, günün miqdarı ilə müəyyən olunur. Qeyd olunan vaxta uyğun olaraq gündəlik, aylıq əməkhaqqı hesablanır. AR ƏM-nin 89-cu maddəsində gündəlik iş vaxtının müddəti 8 saat, həftəlik isə 40 saatdan artıq olmayaraq müəyyən edilib. Lakin müstəsna hallarda 40 saatlıq həddi gözləməklə AR Nazirlər Kabineti tərəfindən 6 günlük iş vaxtı rejimi müəyyən edilə bilər. Təcrübədə ən çox tətbiq olunan vaxtamuzd ödəmədir ki, buna da aylıq vəzifə maaşı alan işçilərin əməkhaqqı ödənilmə sistemini nümunə göstərmək olar.

Vaxtamuzd əməkhaqqı sistemində əməkhaqqı aşağıdakı qaydada hesablanır:
Əməkhaqqı = Taarif maaşı x İş günlərinin sayı

Vaxtamuzd əməkhaqqı hesablanmasına nümunələr

Nümunə 1: İşçinin aylıq əməkhaqqısı 600 manatdır. Əgər o nəzərdə tululmuş iş vaxtı normasında tam işləyibsə, əməkhaqqını tam şəkildə alacaqdır. Tutaq ki, işçi ay ərzində 6 gün işdə olmayıb. Həmin ayda iş günlərinin sayı 22 iş günü olarsa, hesablanan əməkhaqqı 436.32 manat olacaqdır.

600/22=27.27

22-6=16 iş günü

27.27×16=436.32 manat

Nümunə 2: İşçiyə işlədiyi hər saata görə 20 manat məbləğ  müəyyən olunub. Ay sonunda iş vaxtı uçotuna görə 90 saat işləmiş olarsa, işçiyə hesablanmış əməkhaqqı 1800 manat (20×90) olacaqdır.

Əməyin ödənilməsinin işəmuzd sistemi

İşəmuzd əməkhaqqı sistemində əməkhaqqının məbləği işçilərin taarif dərəcələrinə və vaxt normalarına əsasən müəyyən olunur. İşçinin əməyi vahid vaxt ərzində istehsal etdiyi məhsulun miqdarından və ya görülən işin həcmindən asılı olaraq ödənilir.

Nümunə 3: İşçiyə hazırladığı hər avadanlığa görə 80 manat nəzərdə tutulub. Ayın sonunda ümumilikdə 12 məhsul hazırlanıb. İşçiyə 960 manat  (80×12) ödəniləcək.

Digər ödəmə sistemləri

Əməkhaqqı hesablanması zamanı tətbiq edilən  digər ödəniş forması  isə ümumi həcmi əvvəlcədən müəyyən olunan işlərə görə hesablama aparılmasıdır. İşçi və işəgötürən arasında bağlanmış müqavilədə işin konkret görülmə vaxtı müəyyən edilmir, yalnız işin başlama və bitmə tarixi öz əksini tapır. Bu ödəniş sistemi akkord forma hesab edilir.

Mükafatlar və əlavə ödənişlər

Əməkhaqqının hesablanması qaydasında məhsuldarlığın və işin səmərəliliyinin artırılması məqsədilə mükafatlar və əlavələr, məsələn, xidmət stajına, işin yüksək nəticələrinə və ya onun intensivliyinə görə, nəzərdə tutula bilər.

Əməkhaqqı işçiyə ayda ən azı iki dəfə:

  • avans;
  • ayın sonunda qalan hissəsi məbləğində 16 gündən çox olmayan vaxt fasiləsi ilə verilir.

Avans ayın birinci yarısında verilir və aylıq taarif cədvəlində müəyyən edilir. İşçiyə illik dövr üçün əməkhaqqı hesablanması aparıldıqda ayda bir dəfədən az olmayaraq əməkhaqqı ödənilməlidi.

Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi

Print Friendly, PDF & Email