33-cü “Kapital ehtiyatları” maddəsi və onun uçot hesabları
Mühasibat uçotunun sistemində kapital ehtiyatları müəssisənin cəlb etdiyi və ya daxili imkanlar hesabına formalaşdırdığı vəsaitlərin bir hissəsini təşkil edir. Bu ehtiyatlar bölüşdürülməmiş mənfəətdən, yenidən qiymətləndirmədən və ya qanunvericiliklə müəyyən edilmiş qaydalardan irəli gələn səbəblərlə formalaşır. Kapital ehtiyatlarının uçotu üçün mühasibat hesablar planında 33-cü “Kapital ehtiyatları” maddəsində aşağıdakı hesablar nəzərdə tutulur:
- 331 saylı “Yenidən qiymətləndirilmə üzrə ehtiyat”;
- 332 saylı “Məzənnə fərqləri üzrə ehtiyat”;
- 333 saylı “Qanunvericilik üzrə ehtiyat”;
- 334 saylı “Nizamnamə üzrə ehtiyat”;
- 335 saylı “Digər ehtiyatlar”.
Bu hesablar müəssisənin uzunmüddətli maliyyə dayanıqlığını təmin etmək və müəyyən hüquqi və ya təşkilati öhdəlikləri qarşılamaq məqsədi ilə formalaşan ehtiyat vəsaitlərini əks etdirir.
Nizamnamə üzrə ehtiyatların iqtisadi təyinatı
Nizamnamə üzrə ehtiyat, kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalından əlavə olaraq, risklərin idarə edilməsi, gözlənilməz maliyyə itkilərinin qarşılanması və müəssisənin sabit fəaliyyətinin təmin edilməsi məqsədi ilə formalaşdırılan ehtiyatdır. Bu ehtiyatların yaradılması bir çox hallarda qanunvericiliklə (məsələn, banklarda) və ya təsis sənədləri ilə (məsələn, MMC-lərdə) məcburi qaydada nəzərdə tutulur.
İqtisadi təyinat baxımından nizamnamə ehtiyatları aşağıdakı məqsədlər üçün istifadə edilə bilər:
- mənfəət itkilərinin qarşılanması;
- sığorta hadisələri və məhkəmə mübahisələri zamanı yaranan zərərlərin ödənilməsi;
- təsisçilər qarşısında öhdəliklərin icrası zamanı sabitliyin qorunması;
- tənzimləyici orqanların kapital tələblərinə cavab vermək.
Bu ehtiyatlar hüquqi şəxs statusunda olan müəssisələrdə, xüsusən ASC və MMC-lərdə mühüm rol oynayır və maliyyə hesabatlarında kapitalın bir hissəsi kimi göstərilir.
334 saylı hesabın əsas xüsusiyyətləri və istifadəsi
334 saylı “Nizamnamə üzrə ehtiyat” hesabı, müəssisənin hüquqi tələblər və ya nizamnaməyə əsasən yaratdığı kapital ehtiyatlarını uçota almaq üçün istifadə olunur. Bu hesab balansın passiv hissəsində yer alır və kapital strukturunun gücləndirilməsinə xidmət edir.
Əsas xüsusiyyətləri:
- yalnız təsis sənədlərində və qanunvericilikdə nəzərdə tutulmuş hallarda yaradılır;
- ehtiyatın mənbəyi adətən bölüşdürülməmiş mənfəətdir;
- hesabda toplanan vəsait müəssisənin sərbəst istifadə etdiyi mənbə deyil;
- idarə heyətinin qərarı ilə istifadə oluna bilər, lakin bəzi hallarda istifadə məhdudiyyətləri olur.
Bu hesab üzrə əməliyyatlar, əsasən, kapital artırılması, mənfəətdən ehtiyat yaradılması və ya zərərlərin qarşılanması ilə bağlıdır.
334 saylı “Nizamnamə üzrə ehtiyat” hesabında uçotun tənzimlənməsi
Mühasibatlıqda hesab üzrə tənzimləmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında aparılır. Hesabın mühasibat uçotunda yerini bu qaydaların 31.11-ci bəndi müəyyən edir: “334 saylı “Nizamnamə üzrə ehtiyat” hesabında səhmdarlar arasında bölüşdürülməsi mümkün olmayan mühasibat uçotu subyektinin nizamnaməsinə əsasən yaradılan ehtiyat barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
Müxabirləşmələr zamanı qaydaların 31.11- 31.12 və 32.6-32.7 bəndlərinin tələbləri nəzərə alınır.
- 11-ci bənd: Mənfəət hesabına nizamnamə üzrə ehtiyatın yaradılması;
- 12-ci bənd: Yaradılmış nizamnamə üzrə ehtiyatın istifadəsi;
- 6-cı bənd: Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti hesabına ehtiyatların yaradılması;
- 7-ci bənd: Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət hesabına yaradılmış ehtiyatlar geri qaytarıldıqda.
334 saylı hesabla əlaqəli beynəlxalq standartlar (IAS/IFRS)
Tənzimləmələr zamanı aşağıdakı beynəlxalq standartların tələbləri də nəzərə alınmalıdır:
- MUBS 1 – “Maliyyə hesabatlarının təqdim edilməsi” (IAS 1): bu standartın tələblərinə görə, kapital ehtiyatları ayrıca bölmədə təqdim edilməli və ehtiyatların növləri (o cümlədən nizamnamə üzrə ehtiyat) açıqlanmalıdır;
- MUBS 10 – “Hesabat dövründən sonrakı hadisələr” (IAS 10): əgər ehtiyatın yaradılması hesabat dövrü bitdikdən sonra baş veribsə, bu barədə hesabatın izahat hissəsində açıqlama verilməlidir;
- MHBS 7 – “Maliyyə alətləri: Məlumatın açıqlanması” (IFRS 7): ehtiyatların risklərin idarə edilməsindəki rolu barədə məlumatların açıqlanması tələb olunur;
- MUBS 37 – “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” (IAS 37): bu standart ehtiyatların tanınması, ölçülməsi və hesabatlara daxil edilməsi ilə bağlı ümumi prinsipləri müəyyənləşdirir.
Qeyd edilən beynəlxalq mühasibat standartları kapital ehtiyatlarının şəffaf və sistemli şəkildə uçota alınmasını və istifadəsinin əsaslandırılmasını vacib hesab edir.
334 saylı “Nizamnamə üzrə ehtiyat” hesabı üzrə tənzimləmələr zamanı, əlavə olaraq nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsi çərçivəsində ehtiyat fondlarının yaradılması və istifadə olunması üçün müəyyən hüquqi və metodoloji tələblər mövcuddur.
334 saylı hesabın tətbiqi – praktiki mühasibat nümunələri
Nümunə 1: Nizamnamə ilə müəyyən edilmiş ehtiyatın yaradılması
“ABC MMC” 2024-cü il üzrə 80.000 manat xalis mənfəət əldə etmişdir. Nizamnaməyə əsasən, hər il mənfəətin 10%-i nizamnamə ehtiyat fonduna ayrılmalıdır (31.11-ci bəndin tətbiqi).
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Nizamnamə ilə müəyyən edilmiş ehtiyatın yaradılması | 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” | 334 – “Nizamnamə üzrə ehtiyat” | 8000.00
|
Nümunə 2: Ehtiyatdan istifadə edilməsi
MMC təsisçilər qarşısında öhdəliklərin icrası zamanı sabitliyin qorunması məqsədi ilə, idarə heyətinin qərarı əsasında, nizamnamə üzrə ehtiyatdan istifadə edir (31.12-ci bəndin tətbiqi).
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Nizamnamə üzrə ehtiyatın istifadəsi | 334 – “Nizamnamə üzrə ehtiyat” | 545 – “Digər qısamüddətli öhdəliklər” | 5000.00
|
Nümunə 3: Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəəti hesabına ehtiyatların yaradılması
Müəssisənin keçən illər hesabına bölüşdürülməmis mənfəət (ödənilməmiş zərər) hesabına 50000 manat bölüşdürməmiş mənfəət qalmışdır. İdarə heyəti həmin vəsaitin 5 faizini 343 saylı hesaba ayırmağı qərara alır (32.6-cı bəndin tətbiqi)
| Əməliyyatın məzmunu | Debit | Kredit | Məbləğ (manatla) |
| Əvvəlki dövrlərin xalis mənfəəti | 801-“Ümuni mənfəəət” | 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” | 80000.00 |
| İstifadə edildikdən sonra (mənfəət vergisi və sair) qalan bölüşdürülməmiş mənfəəti | 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” | 343 – “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” | 50000.00 |
| Bölüşdürməmiş mənfəətin 5 %-i nizamnamə üzrə ehtiyat kimi formalaşdırılır. | 343 – “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” | 334 – “Nizamnamə üzrə ehtiyat” | 2500.00
|
334 – “Nizamnamə üzrə ehtiyat” hesabı strateji qərarların dəstəklənməsi baxımından vacib rola malikdir. Bu hesabdan istifadə müəssisələrə maliyyə sabitliyini təmin etməyə və investorlar qarşısında etibarı artırmağa kömək edir.
Cəmil Əsədov – Zərdab Peşə liseyinin müəllimi

