Qısamüddətli öhdəliklər
Müəssisənin öhdəlikləri (bunu borc alınmış kapital da adlandıra bilərik) ödəmə müddətindən asılı olaraq “Maliyyə vəziyyəti haqqında hesabat”-ın (müəssisəsinin balansı) iki bölməsində təqdim edilir.
- 4-cü bölmə “Uzunmüddətli öhdəliklər”– ödəmə müddəti hesabat tarixindən sonra 12 aydan çox olan öhdəliklər;
- 5-ci bölmə “Qısamüddətli öhdəliklər” – il ərzində ödənilməli olan öhdəliklər.
Qısamüddətli öhdəliklərə təşkilatın təchizatçılara (təchiz edilmiş mallara, görülən işlərə və təşkilat üçün göstərilən xidmətlərə görə), alıcılara (onlardan alınan avanslara görə), təsisçilərə və əməkdaşlara, büdcəyə və büdcədənkənar fondlara, borcverənlərə və digər kreditorlara olan borclar aiddir. Mühasibat uçotunun hesablar planında qısamüddətli öhdəliklər aşağıdakı kimi qruplaşdırılıb:
- 50-ci maddə – “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“;
- 51-ci maddə – “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər”;
- 52-ci maddə – “Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər”;
- 53-cü maddə – “Qısamüddətli kreditor borcları”;
- 54-cü maddə – “Sair qısamüddətli öhdəliklər”.
504 saylı “Qısamüddətli borclar” hesabı 50-ci maddə üzrə açılan mühasibat uçotu hesablarından biridir.
“Qısamüddətli borclar” hesabı
Mühasibat uçotu subyektlərində subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 40.1 maddəsinə görə “Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər“ maddəsi üzrə aşağıdakı hesablar açıla bilər:
Hər hansı bir müəssisənin əldə etdiyi və hesabat tarixindən sonra 12 ay müddətində ödənilməli olan bank olmayan müəssisələrdən alınan borclar qısamüddətli borclar adlanır.
504 saylı “Qısamüddətli borclar” hesabı öhdəlik hesabı mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan borcları barədə ümumiləşdirilmiş məlumatların qeydiyyatı üçün nəzərdə tutulub.
504 saylı hesab üzrə müxabirləşmələrin tənzimlənməsi
Mühasibat yazılışları yuxarıda qeyd edilən qaydaların müvafiq bəndlərinə uyğun tənzimlənir.
Qısamüddətli borclar yarandığı zaman baş verə biləcək mümkün hallar sözü gedən qaydaların 40.20-ci bəndi əsasında nizamlanır.
Belə borclar üzrə məzənnə fərqi yarandıqda mühasibat yazılışları qaydaların 40.21 bəndinin tələbləri nəzərə almaqla tənzimlənir.
Mühasibat uçotu subyektləri tərəfindən qısamüddətli borclar ödənildikdə qaydaların 40.22-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı isə 40.23-cü bəndi tətbiq edilir.
Qısamüddətli borcların bağışlanılması və ya iddia müddətinin keçməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı yaranan hallar sözügedən qaydalardakı 40.24-cü bəndə əsasən tənzimlənir.
Digər şəxslərdən borc götürüldükdə mühasibat yazılışlarına nümunə
“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pulunun yetərsiz olduğu qənaətinə gəlmişdir. Məsələni həll etmək üçün əməkdaşı olan “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır. Tərəflər arasındakı müqaviləyə əsasən alınan borc 1 il ərzində ödənilməli və illik borcun 10 faizi məbləğində faiz ödənilməlidir.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Müəssisə tərəfindən istiqrazlar buraxıldıqda | 223 – Bank hesablaşma hesabları | 504 – Qısamüddətli borclar | 36000.00 |
| 2 | Əsas məbləğlə bağlı faiz xərcləri hesablandıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 3600.00 |
| 3 | Hesablanmış faiz borcu ödəndikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borclar | 223 – Bank hesablaşma hesabları | 3600.00 |
| 4 | Faiz xərcləri maliyyə xərclərinə bağlandıqda | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri) | 3600.00 |
| 5 | Hesabat ilinin sonunda faiz xərci ümumi mənfəət(zərər) hesabına bağlandıqda | 801 – Ümumi mənfəət (Zərər) | 751 – Maliyyə xərcləri | 3600.00 |
Alınmış borc və bank krediti ödənildikdə müxabirləşmə nümunəsi
“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problem həll olunmuşdur. İllik faiz dərəcəsi 17%. Lakin meydana çıxan digər problemlə əlaqədar əməkdaşlıq etdiyi “B” MMC-dən 36000 manat məbləğində borc pul almışdır. İyun ayının sonuncu iş günü təhtəlhesab şəxsə cəmi 10793 manat verilib. Həmin məbləğ bank krediti, onun faizi, alınmış borc məbləğinin aylıq ödənişini əhatə edir.
Deməli, avans hesabatına əsasən aşağıdakı əməliyyatlar uçota alınır:
Bank krediti ödənilib – 6660 manat
Bank faizi ödənilib – 1133 manat
Alınmış qısamüddətli borclar qaytarılıb – 3000 manat
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Təhtəlhesab şəxsə ödəniş edildikdə | 244 – Təhtəlhesab məbləğlər | 221 – Kassa | 10793.00 |
| 2 | Təhtəlhesab şəxs tərəfindən bank krediti ödənildikdə | 501 – Qısamüddətli bank kreditləri | 244 – Təhtəlhesab məbləğlər | 6660.00 |
| 3 | Təhtəlhesab şəxs tərəfindən bank faizi ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 244 – Təhtəlhesab məbləğlər | 1133.00 |
| 4 | Təhtəlhesab şəxs tərəfindən alınmış borc qaytarıldıqda | 504 – Qısamüddətli borclar | 244 – Təhtəlhesab məbləğlər | 3000.00 |

