Qloballaşan iqtisadiyyat şəraitində bir çox şirkətlər törəmə müəssisələr təsis edərək müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Bu münasibətlər fonunda yaranan maliyyə tələbləri və öhdəliklərinin düzgün uçotu müəssisənin maliyyə hesabatlarının şəffaflığı və etibarlılığı üçün mühüm əhəmiyyət kəsb edir. Uçotun aparılması zaman 212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabı müvafiq məlumatların ümumiləşdirilməsində vacib rol oynayır. Bu məqalədə debitor borcların anlayışı və təsnifatı, qısamüddətli debitor borcların uçot standartları, habelə törəmə müəssisələrlə bağlı uçotun xüsusiyyətləri şərh olunur.
Debitor borclar: anlayış və müddətə görə təsnifat
Debitor borclar – müəssisənin digər hüquqi və ya fiziki şəxslərdən mal və xidmətlərin satışından, avans ödəmələrindən və ya borc verilməsindən yaranan alacaq hüququnu ifadə edir. Bu borclar müəssisənin aktivlərinin tərkib hissəsidir və onların vaxtında ödənilməsi dövriyyə vəsaitlərinin sabitliyi baxımından vacibdir.
Debitor borcları ödəniş müddətinə görə aşağıdakı kimi təsnif edilir:
| Borcun növü | Müddət | Xüsusiyyətlər |
| Qısamüddətli debitor borclar | 12 ayadək | Dövriyyə aktivləri tərkibində; əsasən cari əməliyyatlarla bağlı |
| Uzunmüddətli debitor borclar | 12 aydan artıq | Maliyyə investisiyaları və ya uzunmüddətli kreditlər |
AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na əsasən mühasibat uçotu subyektləri üçün Hesablar Planının 21-ci maddəsində qısamüddətli, 17-ci maddəsində isə uzunmüddətli debitor borcların uçotu aparılır. 212 saylı hesab bu təsnifatın qısamüddətli borclar kateqoriyasına aiddir.
| “Mühasibat uçotu subyektləri” anlayışı Qaydaların 1.1 bəndi ilə müəyyən edilib və kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur. |
Qısamüddətli debitor borclar üzrə uçot standartları
Qısamüddətli debitor borcların uçotu üçün aşağıdakı mühasibat standartlarına əsaslanır.
MUBS 1 – “Maliyyə hesabatlarının təqdim edilməsi” (IAS 1):
- aktivlər cari və qeyri-cari olaraq təsnif edilir;
- 12 ay ərzində ödənilməsi gözlənilən alacaqlar cari aktivlər kimi göstərilir.
MHBS 9 – “Maliyyə alətləri” (IFRS 9):
- debitor borclar maliyyə alətləri kimi qiymətləndirilir.
- ilk tanınma zamanı real dəyərlə, sonrakı mərhələdə isə amortizasiya olunmuş dəyərlə və ya ədalətli dəyərlə göstərilə bilər;
- qiymətdəndüşmə riskləri qiymətləndirilir.
MHBS 24 – “Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması” (IAS 24)
- əgər debitor borc əlaqəli tərəfə, yəni törəmə müəssisəyə aiddirsə, bu münasibət maliyyə hesabatlarında ayrıca açıqlanmalıdır;
- qiymətlərin bazar səviyyəsinə uyğun olub-olmaması və əməliyyatların şərtləri mütləq şəkildə bəyan edilir.
MUBS 39 – “Maliyyə alətləri: Tanınma və ölçülmə” (IAS 39):
- debitor borclar tanınma, ölçmə, dəyərsizləşmə və təqdimat mərhələlərinə görə uçota alınır.
- şübhəli borclara qarşı ehtiyat ayrılması tələb olunur.
Törəmə (asılı) müəssisənin qısamüddətli debitor borcları
Törəmə müəssisədən 12 ay ərzində alınması gözlənilən qısamüddətli debitor borcları 212 saylı mühasibat hesabında aparılır. 212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində törəmə (asılı) müəssisələr tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
MHBS 24-ə əsasən, törəmə müəssisələrlə olan əməliyyatlar maliyyə hesabatlarında ayrıca bölmədə açıqlanmalı, Əməliyyatların iqtisadi mahiyyəti, şərtləri, bazar qiymətindən fərqlənmə halları qeyd edilməlidir.
Uçot zamanı risklərə nəzarət məqsədi ilə törəmə müəssisəyə verilmiş borcların geri qaytarılması gecikərsə, şübhəli borclar üzrə ehtiyat yaradılmalıdır.
212 saylı hesab üzrə uçot zamanı tənzimləmələr
212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabı etibarlı maliyyə hesabatlarının hazırlanması üçün vacib vasitədir. Qısamüddətli debitor borclar üzrə uçot beynəlxalq və milli standartlara əsaslanaraq aparılmalı, törəmə müəssisələrlə olan maliyyə münasibətləri isə ayrıca diqqət mərkəzində saxlanmalıdır. Bu yanaşma həm maliyyə hesabatlarının düzgünlüyünü, həm də korporativ idarəetmənin səmərəliliyin artırır.
Törəmə (asılı) müəssisələrə təqdim edilmiş məhsul, iş və xidmətlərə görə 212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” hesabının debeti və 601 “Satış”, 611 “Sair əməliyyat gəlirləri” hesabların müvafiq subhesablarının krediti üzrə müxabirləşmə verilir (bənd 23.11).
Hesab üzrə digər tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 23.12-23.29-cu bəndlərinin tələbləri nəzərə alınmaqla aparılır.
Törəmə (asılı) müəssisələrə malların satışı üzrə müxabirləşmə nümunəsi
“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini göstərir. Cəmiyyət öz törəmə müəssisəsinə anbarındakı 70000 manatlıq mal 80000 manata satmışdır. Müqaviləyə əsasən satılmış mallara görə olan ödəniş bir il ərzində ödəniləcək.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701: “Satışın maya dəyəri üzrə xərclər” | 205:”Mallar” | 70000.00 |
| 2 | Malların törəmə müəssisəyə satışı | 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” | 601: “Satış” | 80000.00 |
| 3 | Satış üzrə ƏDV hesablanması | 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” | 545 – Digər qısamüddətli öhdəliklər | 14400.00 |
| 4 | “Törəmə (asılı) müəssisə borcunu “A” MMC-yə qaytarıb | 223: “Bank hesablaşma hesabı” | 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” | 80000.00 |
| 5 | “Törəmə (asılı) müəssisə tərəfindən ödənilən ƏDV borcu | 226: “ƏDV depozit hesab” | 212: “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları” | 14400.00 |
| 6 | Depozit hesaba ödənilən ƏDV məbləğinə uyğun öhdəlik yaranır | 545: “Digər qısamüddətli öhdəliklər” | 521: “Vergi öhdəliklər” | 14400.00 |
| 7. | Satış gəliri ümumi mənfəətlə bağlanır | 601: “Satış” | 801: “Ümumi mənfəət (Zərər) | 80000.00 |
| 8 | Satış xərci ümumi gəlirdən çıxılır | 801: “Ümumi mənfəət (Zərər) | 701: “Satışın maya dəyəri üzrə xərclər” | 70000.00 |

