217 saylı “Digər qısamüddətli debitor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0
birbank biznes

Digər debitor borc anlayışı

Debitorlar dedikdə keçmiş hadisələrin nəticəsi kimi vergi ödəyicisinə müəyyən məbləğdə borcu olan hüquqi və fiziki şəxslər başa düşülür. Belə məbləğlər debitor borclar sayılır.

Debitor borcların (o cümlədən digər debitor borcların) aktiv kimi tanınması üçün:

  • onlardan gələcək iqtisadi səmərələrin daxil olması ehtimalı olmalıdır;
  • onun məbləği etibarlı şəkildə ölçülə bilməlidir.

Belə aktivlər uzunmüddətli debitor borc (12 aydan çox) və qısamüddətli debitor borc (12 aydan az) kimi iki qrupa bölünür.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydalar”na görə qısamüddətli debitor borcları üzrə aşağıdakı hesablar aşıla bilər:

 212 saylı “Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları”;

212 saylı “Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları”;

213 saylı “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları”;

214 saylı “İcarə üzrə qısamüddətli debitor borcları”;

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları”;

216 saylı “Faizlər üzrə qısamüddətli debitor borcları”;

217 saylı “Digər qısamüddətli debitor borcları”;

218 saylı “Şübhəli borclar üzrə düzəlişlər”

Müəssisənin digər debitor borc maddələrinə daxil edilməyən və müəssisənin aktivlərində əks olunan debitor borcları digər qısamüddətli debitor borcları kimi təsnif edilir və 217 saylı eyni adlı hesabda uçota alınır.

Digər debitor borcların tərkibi

Digər cari debitor borclarının əsas tərkib hissəsini əksikgəlmələr, artıq xərclər, vəsaitlərin, inventarların oğurlanması, zədələnməsi, habelə itkilər nəticəsində müəssisəyə dəymiş zərərin ödənilməsi üçün təqsirkar şəxslərlə hesablaşmalar üzrə borclar təşkil edir. Müəssisənin əmlakının düzgün idarə olunmaması, təhlükəsizliyinə kifayət qədər nəzarət edilməməsi, habelə pul vəsaitlərinin və inventarların qəsdən oğurlanması nəticəsində müəssisəyə dəymiş ziyan faktlarının aşkar edilməsi inventarizasiya nəticəsində müəyyən olunur.

Bundan başqa digər debitor borcların tərkibinə aşağıdakılar da aid edilə bilər:

  • hüquqi şəxs yaratmadan birgə fəaliyyətlə bağlı əməliyyatlar üzrə hesablaşmalar;
  • müəssisənin əsas fəaliyyətinə aid olmayan, dəyəri ümumi istehsalat, inzibati, satış məsrəfləri kimi xərclərə daxil olan müxtəlif növ işlərə, xidmətlərə görə hesablaşmalar;
  • əməkhaqqı təhtəlhesab şəxslərlə hesablaşmalar istisna olmaqla, işçilərlə bütün növ hesablaşmalar: buraya kreditlərin ödənilməsi üçün hesablamalar, müəssisənin balansında olan məktəbəqədər uşaq müəssisələrinin saxlanmasına görə ödənişlər, işçilərin telefon danışıqlarına görə ödəniş, onların təhsili üçün xərclər aid edilə bilər;
  • ev kirayəçiləri hesablaşmalar;
  • digər ödəniş növləri.

Digər uzunmüddətli debitor borclarının uçotu 177 saylı eyni adlı hesabda, digər qısamüddətli debitor borcların uçotu 217 saylı eyni adlı hesabda aparılır.

217 saylı “Digər qısamüddətli debitor borcları” hesabı üzrə uçotun tənzimlənməsi

Digər qısamüddətli debitor borclar müəssisənin əsas fəaliyyətinə aid olmayan, 211-216 №li hesablarda əks etdirilməyən,  bir hesabat dövrü ərzində ödənilməsi nəzərdə tutulan borclardır. 217 saylı aktiv hesab belə borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirmək üçün nəzərdə tutulub. Hesabat dövrü ərzində mühasibat uçotu subyekti tərəfindən malların (işlərin, xidmətlərin) satışı həmin qaydaların 23.11-ci, qısamüddətli debitor borclara görə ödənişlər 23.16-cı, qısamüddətli debitor borclar kreditor borclarla əvəzləşdirildikdə 23.17-ci, ümidsiz debitor borcların silinməsi 23.19-cu bəndlərinə uyğun əsasən nizamlanır.

217 saylı “Digər qısamüddətli debitor borcları” hesabı üzrə uçotun tənzimlənməsi zamanı aşağıdakı beynəlxalq standartların tələbləri nəzərə alınmalıdır:

  • 9 nömrəli “Maliyyə Alətləri” MHBS (IFRS 9) /39 nömrəli “Maliyyə alətləri: Tanınma və ölçülmə” MUBS (IAS 39);
  • 15 nömrəli “Müştərilərlə müqavilələrdən gəlir” MHBS (IFRS 15).

Müxabirləşmə nümunələri

Aşağıda digər qısamüddətli debitor borcları yaranan zaman müxabirləşmə nümunəsi verilib.

Nümunə 1: “A” MMC-də aparılan audit yoxlaması zamanı müəssisəyə məxsus balans dəyəri 2800 manat, yığılmış amortizasiya məbləği 560 manat olan qeyri-maddi aktivin uçot sənədlərində qeyd olunmasına baxmayaraq, real olaraq mövcud olmaması, itməsi halı aşkarlanmışdır. Auditor bunun səbəbini işçinin məsuliyyətsiz yanaşması kimi qiymətləndirmiş, həmin işçi ona qarşı qaldırılan bütün iddiaları qəbul etmişdir. Bu zaman, qeyri-maddi aktiv işçinin hesabına aid edilmiş, onun əməkhaqqısından tutulmuşdur. “A” müəssisəsi üçün bu əməliyyat qeyri-maddi aktivin təqdim olunması kimi hesab edilmişdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Əskik gələn Qeyri-maddi aktiv balansdan çıxarıldıqda (balans dəyəri ilə) 731 – Sair əməliyyat xərcləri 101 – Qeyri-maddi aktivlərin dəyəri 2800,00
2 Yığılmış amortizasiya silindikdə 102 – Qeyri-maddi aktivlər üzrə yığılmış amortizasiya və qiymətdəndüşmə zərərləri 731 – Sair əməliyyat xərcləri 560,00
3 Qeyri-maddi aktiv müəssisənin işçisinə təqdim edildikdə 217 – Digər qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 2240,00
4 Təqsirkar şəxsin əməkhaqqısından tutulma edildikdə 533 – Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar 217 – Digər qısamüddətli debitor borcları 2240,00
5 Gəlir kimi tanınan Qeyri-maddi aktiv Ümumi mənfəətə bağlandıqda 611 – Sair əməliyyat gəlirləri 801 – Ümumi mənfəət (zərər) 2240,00
6 Qeyri-maddi aktivin qalıq dəyəri xərcə silindikdə 801 – Ümumi mənfəət (zərər) 731 – Sair əməliyyat xərcləri 2240,00

215 saylı “Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları” hesabı üzrə uçot

Print Friendly, PDF & Email