İmtiyazlı səhmlər
Müəssisələr məhdud tədavül müddətli, hesabat tarixindən 12 aydan daha az müddətdə geri alınan imtiyazlı səhmlər buraxdıqda, həmin səhmlərlə bağlı mühasibat uçotu məlumatları 505-ci “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)” hesabında qeydə alınır.
12-aydan daha çox müddətdə geri alınan imtiyazlı səhmlərin uçotu mühasibat uçotunun hesablar planının 40-cı“Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinin 405-ci hesabı üzrə aparılır.
Səhmlərin adi və imtiyazlı kimi iki növü fərqləndirilir. İmtiyazlı səhm sahibinin müəyyən imtiyazları var. Məhz bu imtiyazlar onu adi səhm sahibindən fərqləndirir:
- imtiyazlı səhm sahiblərinin dividendi adi səhm sahiblərindən daha tez alırlar;
- müəssisə ləğvi zamanı qanunvericiliyin tələblərini gözləməklə, ödəniş onlara daha tez icra olunur;
- geri alına bilən imtiyazlı səhmlər müəyyən vaxt keçdikdən sonra geri alınır, bu səhmlər bank krediti kimi, öhdəliklərdə əks etdirilir və ödənilmiş dividentlər faiz xərcləri şəklində qeydə alınır və mənfəət (zərər) hesabında uçota alınır;
- geri alına bilməyən imtiyazlı səhmlər emissiya edildikdən sonra geri alınmır, bu səhmlər xüsusi kapital bölməsində öz əksini tapır və xalis mənfəət bölüşdürülərkən sahiblərinə ödənilən divident təmin olunur.
Səsvermə zamanı imtiyazlı səhm sahiblərinin həmin səsvermədə iştirak etmək hüququ yoxdur.
“Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısanmüddətli)” hesabı üzrə tənzimləmələr
Mühasibat uçotu subyektlərində subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Qaydaların 40.1-ci maddəsinə görə qısamüddətli faiz xərcləri yaradan öhdəliklərin uçotu üçün aşağıdakı hesablar açıla bilər:
505 saylı “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)” hesabı öhdəlik hesabıdır, mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində geri alınacaq məhdud tədavül müddətli imtiyazlı səhmləri barədə ümumiləşdirilmiş məlumatları əks etdirmək üçün nəzərdə tutulub.
505 saylı hesab üzrə tənzimləmələr
Hesab üzrə tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 40.25-40.28-ci bəndlərinə əsasən aparılır.
- İmtiyazlı səhmlərin (qısamüddətli) buraxılması, onların uzunmüddətli kimi təsnifləşdirilməsi Qaydaların 40.25-ci bəndinə əsasən nizamlanır.
- Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər üzrə yaranan məzənnə fərqinə mühasibat yazılışlarının verilməsi qaydaların 40.26 bəndi əsasında aparılır.
- İmtiyazlı səhmlərin (qısamüddətli) ödənilməsi hallarına Qaydaların 40.27-ci bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı yaranan hallara isə 40.28-ci bəndi tətbiq olunur.
İmtiyazlı səhmlərin buraxılması ilə bağlı müxabirləşmə nümunəsi
“ABC” səhmdar cəmiyyəti bir ədədi 5 AZN, ümumilikdə dəyəri 5000 AZN, olan 1000 ədəd imtiyazlı səhm buraxmışdır. Razılaşmaya əsasən sözügedən səhmlər 6 ay müddətinə alınmışdır və səhm sahiblərinə 10% həcmində pul vəsaitinin ödənilməsi planlaşdırılır. Bu müddət bitdikdən sonra səhmlər müəssisə tərəfindən geri alınacaqdır.
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İmtiyazlı səhmlər satıldıqda | 223 – Bank hesablaşma hesabları | 405 – “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” | 500.00 |
| 2 | İmtiyazlı səhmlə bağlı 6 ay ərzində ödəniləcək faiz xərci hesablandıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 500.00 |
| 3 | Faiz borcu ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 500.00 |
| 4 | Faiz xərci maliyyə xərcinə bağlandıqda | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 500.00 |
| 5 | Hesabat ilinin sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına tanındıqda | 801 – Ümumi mənfəət (Zərər) | 751 – Maliyyə xərcləri | 500.00 |
