Maddi məsuliyyət müqaviləsi: növləri, nümunələr

posted in: Xəbər | 0

Maddi məsuliyyətdən azadolmalar

İşçi işəgötürənin əmlak və avadanlıqlarına əmək münasibətləri prosesində vurduğu ziyana görə əmək qanunvericiliyinə uyğun maddi məsuliyyət daşıyır.  “Maddi məsuliyyət” dedikdə əmək müqaviləsinin tərəflərindən birinin təqsiri, hüquqazidd hərəkətlərinin digər tərəfə vurulan ziyanın ödənilməsi vəzifəsi başa düşülür. Maddi məsuliyyət işçinin işəgötürənə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Onun təqsiri sübut olunarsa işçinin intizam, inzibati yaxud cinayət məsuliyyətinə cəlb edilməsi mümkündür.

İşçinin vurulan ziyana görə maddi məsuliyyətdən azad edildiyi hallar da mövcuddur, məsələn:

  • sel, daşqınlar, quraqlıq, yanğın və s. bu kimi təbii fəlakətin vurduğu ziyan halları;
  • normalaşdırılmış iqtisadi risklər;
  • son zərurət, habelə məcburi özünü müdafiə zamanı;
  • maşın-mexanizmlərin, avadanlıq və cihazların, digər istehsal vasitələrinin işçinin günahı olmadan sıradan çıxması.

Maddi məsuliyyət müqaviləsi

AR  Əmək Məcəlləsində işəgötürənə vurulan ziyana görə maddi məsuliyyətinin iki növü nəzərdə tutulub:

  • işçinin məhdud maddi məsuliyyət, yaxud aylıq orta əməkhaqqı məbləğindən çox olmayan maddi məsuliyyəti;
  • işçinin tam maddi məsuliyyəti.

Tam maddi məsuliyyət zamanı işəgötürənə vurulan ziyanin ödənişi işçi əməkhaqqı məbləğindən asılı deyil və tam həcmdə  icra olunur. Tam maddi məsuliyyət tərəflər arasında bağlanmış xüsusi tam maddi məsuliyyət müqaviləsi əsasında yaranır. Belə müqavilə bütün işçilərlə deyil, yalnız 18 yaşı tamam olmuş, işçiyə verilmiş (saхlanmaq və başqa məqsədlər üçün) əmlakın, digər sərvətlərin salamatlığını təmin etməyi öhdəsinə götürən əməkdaşlarla bağlanılır. Müqavilə iki nüsxədə hazırlanır, tərəflər imzalayaraq təsdiq edir, bir nüsxəsi işçiyə verilir, digəri isə işəgötürəndə saxlanılır. Müqavilənin məcburi şərti onun bağlanma tarixidir, çünki həmin andan əmlak işçiyə verilmiş sayılır və o, qiymətlilərin təhlükəsizliyinə cavabdehdir. Tarixin olmaması müqavilənin etibarsız olmasına səbəbdir. Maddi məsuliyyət haqqında müqavilə əmək müqaviləsi imzalandıqdan dərhal sonra, yaxud da  əmlakın işçiyə qəbul aktı əsasında təhvil verildiyi zaman bağlanıla bilər.

Mühasibat xidmətləri

Tam maddi məsuliyyət müqaviləsinin növləri

Maddi məsuliyyət müqaviləsinin iki növü mövcuddur:

  • fərdi;
  • kollektiv.

Əmlakın saxlanması və istifadəsi ilə bağlı müəyyən işləri birgə yerinə yetirən işçilərə kollektiv məsuliyyət tətbiq etmək mümkündür.  İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın, maddi yaxud digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv məsuliyyət haqqında müqavilə bağlanıla bilər. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektiv üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

İşçinin müqavilə üzrə öhdəliyi

Maddi məsuliyyət müqaviləsi üzrə işçinin əsas öhdəliyi (həm fərdi, həm də kollektiv) ona həvalə edilmiş əmlakın təhlükəsizliyini təmin etməkdir. Yəni işçi ona həvalə edilmiş əmlakla ehtiyatlı davranmağa və mümkün zərərin qarşısını almaq üçün tədbirlər görməyə borcludur. İşəgötürən də öz növbəsində işçilərin normal işləməsi üçün lazımi şərait yaratmalı, işçilərə həvalə edilmiş əmlakın təhlükəsizliyini təmin etməlidir. Əmək müqaviləsində müvafiq müddəanın olmasına baxmayaraq, işçinin tam maddi məsuliyyət haqqında müqavilə imzalamaqdan imtina etməsi onun əmək vəzifələrini yerinə yetirməməsi kimi qiymətləndirilə bilər. Əgər işçi müqaviləni imzalamaqdan imtina edərsə, işəgötürən ona başqa bir vəzifə təklif etməyə borcludur. Müvafiq vəzifə olmadıqda yaxud işçi ona təklif olunan işdən imtina etdikdə, işəgötürən onun əmək müqaviləsinə xitam verə bilər.

Tam maddi məsuliyyət müqaviləsi bağlanan işçilər

Tam maddi məsuliyyət barədə müqavilələr bağlanılmalı olan işçilərin və işlərin siyahısı işəgötürən tərəfindən müəyyən olunur. Həmin işçilər aşağıdakılardır:

  • nağd əməliyyatlar aparan işçilər ( kassir, nəzarətçi və s.);
  • inkasso funksiyalarını, pul vəsaitlərinin və digər qiymətlilərin daşınmasını həyata keçirən işçilər;
  • əskinasların, qiymətli kağızların, qiymətli metalların alqı-satqısı və tədavülünün digər növləri üzrə əməliyyatlarda iştirak edən rəhbər şəxslər və mütəxəssislər;
  • nağd pul və ödəniş kartları ilə digər əməliyyatlar aparanlar;
  • bankomatlara xidmət göstərərkən kassa əməliyyatlarını həyata keçirən və anbarda qiymətlilərin, digər əmlakın saxlanma yerində fərdi seyfləri olan müştərilərə xidmət göstərən işçilər;
  • bank, kredit kartlarının emissiyası, uçotu, saxlanması üzrə əməliyyatları həyata keçirən işçilər;
  • pərakəndə satış müəssisələrinin, ictimai iaşə, məişət xidmətləri, mehmanxanaların işçiləri;
  • tikinti-quraşdırma işlərini yerinə yetirən işçilər;
  • anbar müdirləri, təsərrüfat müdiri, təchizat rəhbərləri, təchizatçılar, uçot aparan və maddi sərvətləri saxlayan digər işçilər;
  • yükün, baqajın, poçt göndərişlərinin və digər maddi sərvətlərin qəbulu və emalı;
  • təhsil müəssisələri və kitabxana işçiləri (laborant, kitabxana sektorlarının müdirləri) və s.

Tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmadıqda və işçinin təqsirində cinayət tərkibli yoxdursa, işəgötürənə dəyən ziyana görə əməkdaş orta əməkhaqqı məbləğində maddi məsuliyyət daşıyır.

Zərərin ödənilməsi qaydası

Müəssisə və təşkilatlarda işəgötürən zərərin ödənilməsi barədə qərar qəbul etməzdən əvvəl yoxlama aparmağa borcludur. Belə bir yoxlamanın məqsədi zərər faktını, onun həcmini  və  baş vermə səbəblərini müəyyən etməkdir.  İşəgötürən zərərin vurulması faktı ilə bağlı işçidən yazılı izahat tələb edə bilər. Əgər işçi onu verməkdən imtina edərsə, bu barədə müvafiq akt tərtib edilməlidir. Araşdırmaların  gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşçi yoxlamanın nəticələri işəgötürən tərifindən mütləq tanış edilir.

İşçi vurulan ziyanı:

  • könüllü tam yaxud qismən ödənilir, həmçinin;
  • işəgötürənin razılığı olarsa korlanmış, itirilmiş əmlak başqası ilə əvəzlənə bilər;
  • habelə şəxsən özü yaxud öz vəsaiti hesabına onu təmir edə bilər.

Cinayət, inzibati və digər məsuliyyətə cəlb olunmasından asılı olmayaraq maddi ziyanın məbləği müəyyən olunmuş qaydada işçi tərəfindən ödənilir. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

Tam maddi məsuliyyət haqqında müqavilə nümunəsinə buradan baxa bilərsiniz.

Xaricə elektron kitab satışı üçün vergi öhdəlikləri