Uçot subyektlərində mühasibat uçotu xidməti, daxili mühasibatlıq

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu xidməti nədir?

Mühasibatlıq uçot subyektlərinin əmlakı və öhdəlikləri haqqında davamlı məlumat toplamaq üçün nəzərdə tutulmuş struktur bölməsidir. Amma bu anlayışı “mühasibat  uçotu xidməti” ilə eyniləşdirmək olmaz, sonuncu daha geniş, daha əhatəlidir. AR MN Kollegiyasının təsdiq etdiyi “Maliyyə hesabatlarının beynəlxalq standartlarına və kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”- na görə:

“Mühasibat uçotu xidməti – mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir.”(maddə 2.1.17).

Yəni uçot subyektlərində mühasibat uçotu xidməti:

  • həm daxili mühasibatlıq yaratmaqla öz işçiləri tərəfindən;
  • həm də autsorsinq əsasında, kənar mütəxəssisləri cəlb etməklə təşkil edilə bilər.

İctimai sektor və  kiçik və orta sahibkarlıq subyektlərində mühasibat uçotu xidmətinin təşkili aşağıdakı sənədlər əsasında aparılır:

Mühasibat xidmətləri

“İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”;

“Kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə hesabatlarının beynəlxalq standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”

Mühasibat uçotu xidmətinin təşkili

Uçot subyektlərində mühasibat uçotu xidməti “Maliyyə hesabatlarının beynəlxalq standartlarına və kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”-nın 4-cü fəslinin tələbləri nəzərə almaqla təşkil edilir.

Mühasibat uçotunun aparılması üçün:

  • xüsusi struktur bölməsi yaradılır (muhasibatlıq yaxud mərkəzi mühasibatlıq), yaxud;
  • mühasibat uçotu xidmətini göstərən sahibkarlıq subyektləri (hüquqi yaxud fiziki şəxs) cəlb edilir.

Onlar qarşısında duran məsələlər aşağıdakılardır:

  • mühasibat uçotu üzrə qanunvericiliyinin tələblərinə əməl etmək;
  • mühasibat uçotunu aparmaq;
  • ilkin uçot sənədləri əsasında, uçotu registrləri tərtib etməklə uçotun fasiləsizliyin təmin etmək;
  • hesabatların ( maliyyə, vergi və sair) tam və vaxtında təqdim etmək;
  • kommersiya sirri sayılan məlumatların məxfiliyini təmin etmək;
  • uçot subyektlərində vəsaitlərin təyinatı üzrə istifadəsini həyata keçirmək;
  • aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotunu təmin etmək.

Uçot subyektlərinin mühasibat uçotu xidmətinə mühasibat uçotu xidmətinin rəhbəri (baş mühasib) rəhbərlik edir.

Daxili mühasibatlığın təşkili variantları  

Uçot funksiyalarının cəmləşmə səviyyəsindən asılı olaraq müəssisədaxili mühasibat uçotu xidmətinin təşkili üçün mərkəzləşdirilmiş mühasibatlıq (mərkəzi muhasibatlıq) və qeyri-mərkəzləşdirilmiş (mühasibatlıq) variantları fərqləndirilir.

Mühasibat uçotu prosesinin mərkəzləşdirilməsi zamanı mühasibat uçotu xidməti mərkəzi mühasibatlıqda cəmlənir, burada uçot subyektinin bölmələrindən daxil olan ilkin və icmal sənədlər əsasında sintetik və analitik uçot aparılır.

Bölmələrdə yalnız təsərrüfat fəaliyyəti faktları üzrə ilkin qeydiyyat aparılır.

Qeyri-mərkəzləşdirilmiş variantda mühasibat uçotu xidmətinin işçiləri təşkilatın analitik və sintetik uçotu istehsal bölmələri üzrə aparır, sexlər, filiallar və struktur bölmələr üçün ayrıca balans və hesabatlar tərtib edilir. Baş mühasibatlıq ayrı-ayrı istiqamətlər mühasibat uçotunun işinə nəzarət edir, hesabatları birləşdirir, ümumi hesabatlar hazırlayır.

Mühasibat uçotu xidmətinin təşkilati strukturu

Mühasibat uçotu xidmətinin (mühasibatlığın) strukturu uçot subyektinin fəaliyyət istiqamətindən, həcmindən, qarşıya qoyulmuş məqsədlərdən və sairdən asılıdır.

Müasir şəraitdə müəssisələrdə mühasibat uçotu xidmətinin təşkilati strukturunun üç əsas növü formalaşıb:

  • xətti (iyerarxik);
  • şaquli (xətti- funksional);
  • funksional (kombinə olunmuş).

Mühasibatlığın strukturunun xətti (ierarxik) təşkili zamanı bütün mühasibat işçiləri baş mühasibdən tapşırıqlar alır və birbaşa ona hesabat verirlər. Belə təşkilati quruluş kiçik təşkilatlarda istifadə olunur.

Funksional (kombinə olunmuş) təşkilat struktur konkret məsələləri icra edən ixtisaslaşmış sektorlar üzrə  (məsələn, satışlar, insan resursları, marketinq və sair) üzrə mühasibatlığın xüsusi təşkilati bölməsi yaradılır. Bu halda baş mühasibin bəzi hüquqları müəyyən edilmiş səlahiyyətlər daxilində həmin mühasibatlıq şöbələrinin rəhbərlərinə verilir.

Şaquli təşkilati struktur

Mühasibatlığın şaquli (xətt-funksional) təşkili baş mühasiblərin rəhbərlik etdiyi aralıq idarəetmə zəncirinin (şöbələr, sektorlar, qruplar) yaradılmasını nəzərdə tutur. Mühasibat işçiləri müvafiq idarəetmə səviyyələrinin böyük mühasiblərindən tapşırıqlar alır və bilavasitə onlara hesabat verir.

Orta və böyük təşkilatlarda istifadə olunan mühasibat uçotu xidmətinin təşkilati strukturunun bu modelinin tətbiqi zamanı aşağıdakı şöbələr yaradıla bilər:

  • hesablaşmalar– işçi heyəti, sosial sığorta orqanları, təchizatçılar, alıcılar və müştərilər və s. ilə hesablaşmaları uçotu üçün;
  • mal-material ehtiyatlarının daxil olması və istifadəsinin uçotunu aparan material uçotu bölməsi;
  • pul vəsaitləri ilə hesablaşmalar -nağd pul əməliyyatlarının, bank hesablaşma hesabları üzrə əməliyyatları uçota alır;
  • istehsal – məsrəflərin, məhsulun uçotunu aparan, məhsulun maya dəyərini hesablayan, məsrəflər və məhsul haqqında hesabatlar tərtib edir;
  • anbarlarda hazır məhsulların və onların satışının uçotunu aparan hazır məhsulların uçotu bölməsi;
  • vergitutma – vergi ödənişlərinin uçotunu aparan və vergi bəyannamələrini tərtib edilməsi;
  • ümumi mühasibatlıq – digər əməliyyatları həyata keçirir, onları Baş kitabda əks etdirir, mühasibat uçotu və statistik hesabatları tərtib edir.

İri təşkilatlarda sadalanan struktur bölmələri ilə yanaşı, kapital qoyuluşlarının uçotu, əsas vəsaitlərin uçotu və digərləri də açıla bilər. Bundan başqa daxili audit, idarəetmə uçotu, vergi uçotu sektorları da mühasibat uçotu xidmətinin strukturuna daxil edilə bilər.

Güzəşt nəticəsində gəliri 2.500 manatdan aşağı düşən işçinin gəlir vergisi necə hesablanmalıdır?