407 saylı “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə uçot: prinsiplər, standartlar və nümunələr

posted in: Xəbər | 0

Müəllif: Cəmil Əsədov / accounting.az saytının redaktoru

407 saylı hesab — törəmə (asılı) müəssisələrə faiz xərcləri yaradan borcların uçotu üçün istifadə olunan mühasibat hesabıdır. Faiz xərcləri yaradan öhdəliklər adətən kreditlər, istiqrazlar, uzunmüddətli borc müqavilələri və ya digər maliyyə vasitələri formasında olur və onların əsas xüsusiyyəti – faizlə maliyyələşmə və bir ildən çox müddətə aid olmasıdır. 407 saylı “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı yalnız törəmə və ya asılı müəssisələrlə qarşılıqlı münasibətlərdə istifadə olunur və belə borcların əlaqəli tərəf öhdəlikləri kimi tanınması, maliyyə hesabatlarında açıqlanma zərurətini artırır.

Gəlin ilk növbədə hesabın tətbiqi zamanı istifadə edilən bəzi anlayışlara beynəlxalq uçot standartları baxımından aydınlıq gətirək.

Törəmə müəssisə (Subsidiary)

Törəmə müəssisə, başqa bir şirkətin (ana şirkətin) tam və ya nəzarət edən səviyyədə sahib olduğu müəssisədir. Ana şirkət törəmə müəssisənin maliyyə və fəaliyyət qərarlarına nəzarət edə bilir. Açar şərt-nəzarət etməkdir.
Ana şirkət aşağıdakı hallarda törəmə müəssisəyə nəzarət edir:

Mühasibat xidmətləri
  • səhm və ya səsvermə hüququnun əksəriyyətinə sahibdirsə (adətən >50%);
  • idarəetməni müəyyənləşdirə bilirsə (məsələn, direktorlar şurasının təyinatı);
  • gəlirlər və aktivlər üzərində dominant söz sahibidirsə.

Mənbə: 10 saylı MHBS: “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları” (IFRS 10).

Asılı müəssisə (Associate)

Asılı müəssisə, başqa bir şirkətin tam nəzarət etmədiyi, lakin əhəmiyyətli təsirə malik olduğu şirkətdir. Yəni, onu idarə etmir, amma qərarların qəbuluna müəyyən təsir gücünə malikdir.

Ən çox rast gəlinən hal – bir şirkət digərinin səhm və ya səsvermə hüququnun 20%-dən çoxuna, lakin 50%-dən azına sahibdirsə, bu, asılı müəssisə sayılır.

Mənbə: 28 saylı MUBS:  “Asılı müəssisələrə və birgə müəssisələrə investisiya qoyuluşları” (IAS 28).

407 saylı “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında uçot zamanı əhəmiyyətli təsiri sübut etmək üçün bəzi məqamlar nəzərə alınmalıdır. Bu “Asılı müəssisələrə investisiyalar – 151-ci hesab üzrə uçot” adlı məqalədə şərh olunub.

Əhəmiyyətli təsir (Significant influence)

Əhəmiyyətli təsir, bir şirkətin digərinin maliyyə və fəaliyyət siyasətlərinin formalaşmasında iştirak edə bilməsi deməkdir. Ancaq bu, tam nəzarət və ya birgə nəzarət demək deyil.

Əlamətləri:

  • direktorlar şurasında yer alma;
  • siyasət qərarlarına təsir etmək hüququ;
  • əhəmiyyətli səhm payı (20%-dən çox).

Nümunə – əgər “A” şirkəti “B” şirkətinin 30%-nə sahibdirsə və şuranın qərarlarında iştirak edirsə, “B” şirkəti “A” üçün asılı müəssisədir və “A” şirkəti “B”-yə əhəmiyyətli təsir göstərir.

Mənbə: IAS 28 və MHBS12: “Digər müəssisələrdə iştirak paylarının açıqlanması” (IFRS 12).

Milli qanunvericilikdə 407 saylı hesabın mövqeyi

Hesabın mahiyyəti və təyinatı “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunu, habelə AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilib. Qaydaların 34.34-cü bəndi hesabın mahiyyətini izah edir: “407 №li “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında mühasibat uçotu subyekti törəmə və ya asılı müəssisələrindən faiz xərcləri yaradan borclar aldığı zaman, onlar barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.“

Bu hesab yuxarıda qeyd edilən qaydaların 4-cü “Uzunmüddətli öhdəliklər” bölməsində əks olunur və faiz xərcləri və əsas borc ayrı-ayrılıqda uçota alınmalıdır.

Hesab aşağıdakı uçot hesabları ilə birgə 40-cı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsinə aiddir:

Törəmə və ya asılı müəssisələrindən faiz xərcləri yaradan borclar alındığı zaman, hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan borclar barədə ümumiləşdirilmiş məlumatlar 506 №li “Törəmə (asılı) müəssisələrə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında əks etdirilir.

407 saylı “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı üzrə tənzimləmələr

Hesab üzrə uçot qeydlərinin tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 34.34-34.38 bəndləri əsasında aparılır. Tənzimləməlin mahiyyəti aşağıdakı cədvəldə verilib:

Əməliyyatın məzmunu Debit Kredit
Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər yarandıqda (34.34) 223 (“Bank hesablaşma hesabları”) yaxud 224 (“Tələblərə əsasən açılan digər bank hesabları”) 407 saylı hesab
Öhdəlik qısamüddətli kimi təsnifləşdirildikdə (34.34) 407 saylı hesab 506 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (34.35) 407 saylı hesab 631-4: Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə gəliri
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (34.35) 751-4: “Faiz xərcləri yaradan öhdəliklər üzrə məzənnə xərcləri” 407 saylı hesab
Öhdəlik qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa ödənildikdə (34.36) 407 saylı hesab “Pul vəsaitlri və onların ekvivalenti” bölməsinin hesabları (221, 223, 224, 225)
Öhdəlik üçüncü şəxs tərəfindən ödənilməsi (34.37) 407 saylı hesab Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər –  243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 “Digər qısamüddətli öhdəliklər” hesabları
Öhdəliyin bağışlanılması və ya qanunvericiliyə uyğun silinməsi(34.38) 407 saylı hesab 631-5 saylı “Digər maliyyə gəlirləri” hesabı

Beynəlxalq mühasibat standartları ilə əlaqə

407 saylı hesabın uçotu zamanı bir neçə beynəlxalq mühasibat standartının tələbləri nəzərə alınmalıdır:

  • Maliyyə öhdəliklərinin ilkin tanınması və qiymətləndirilməsi (“Maliyyə alətləri: IFRS 9)
  • Törəmə müəssisələrə olan borcların açıqlanması (“Əlaqəli tərəflərlə bağlı məlumatların açıqlanması.IAS 24)
  • Konsolidasiya və açıqlama standartları ( “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları: IFRS 10”, “Digər müəssisələrdə iştirak paylarının açıqlanması: IFRS 12”)

Bu standartlara əsasən:

  • törəmə müəssisəyə verilmiş və ya ondan alınmış borclar ayrıca göstərilməli;
  • faiz xərcləri və risk dərəcələri açıq şəkildə təqdim edilməlidir.

Həmçinin, borcun məbləği və valyutası, faiz dərəcəsi və ödəniş cədvəli, əlaqəli tərəf olması və struktur baxımından təsviri maliyyə hesabatlarında xüsusi qeydlərlə verilməlidir.

407 saylı “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabında uçotun tənzimlənməsi zamanı aşağıdakı risklər və uçota təsir edən amillər də nəzərə alınmalıdır:

  • valyuta riski – əgər borc xarici valyutadadırsa, məzənnə dəyişməsi uçotda yenidən qiymətləndirməyə səbəb olur.
  • kredit riski – əlaqəli tərəf öhdəliyinin ödənməməsi müəssisənin likvidlik göstəricilərinə təsir edə bilər.
  • yığım riski: Əlaqəli tərəf uçotunda xərclərin vaxtında tanınmaması audit zamanı problemlər yarada bilər.

Praktik nümunə

“ABC” şirkəti öz törəmə (asılı) müəssisəsindən ilin əvvəlində 3 il müddətinə illik 8 faizlə 50000 manat borc alıb. Müddətin ikinci ilinin noyabr ayının sonunda borc tamamilə qaytarılır. Mühasibat yazılışları aşağıdakı cədvəldə verilib. 

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Törəmə müəssisədən uzunmüddətli borc götürülüb 223: “Bank hesablaşma hesabları” 407 saylı hesab 50 000
1-ci il üçün faiz xarici hesablanıb 751: “Maliyyə xərcləri” 537: “Faizlər üzrə qısamüddətli borclar” 4 000
1-ci il üçün faiz borcu ödənilir 537: “Faizlər üzrə qısamüddətli borclar” 223: “Bank hesablaşma hesabları” 4 000
İlin sonunda faiz xərcləri mənfəətlə bağlanır 801: “Ümumi mənfəət (zərər) 751: “Maliyyə xərcləri” 4 000
2-ci il noyabr ayında borc qaytarılır 407 saylı hesab 223: “Bank hesablaşma hesabları” 50 000
2-ci il üçün faiz xarici hesablanıb 751: “Maliyyə xərcləri” 537: “Faizlər üzrə qısamüddətli borclar” 3 667
2-ci il üçün faiz borcu ödənilir 537: “Faizlər üzrə qısamüddətli borclar” 223: “Bank hesablaşma hesabları” 3 667
İlin sonunda faiz xərcləri mənfəətlə bağlanır 801: “Ümumi mənfəət (zərər) 751: “Maliyyə xərcləri” 3667

Nəzərə almaq lazımdır ki, 407 saylı “Törəmə (asılı) müəssisələrə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” hesabı mühasibat uçotunun həm milli, həm də beynəlxalq səviyyədə mühüm elementidir. Törəmə müəssisələrlə əlaqəli borcların düzgün sənədləşdirilməsi, vaxtında uçota alınması və doğru açıqlanması müəssisənin maliyyə şəffaflığına və audit proseslərinə birbaşa təsir edir.