Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
Mühasibat uçotu subyektlərində uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər Hesablar Planının 40-cı maddəsi üzrə açılmış hesablarda uçota alınır.
Faiz xərci yaradan öhdəliklər öhdəliklərin xüsusi növüdür. Bank kreditləri belə öhdəliklərə bariz nümunə ola bilər. Banklar, bank olmayan kredit təşkilatları borc pul verilməsi sahəsində lisenziya almış, real borc vermək potensialına malik, verilmiş borcların alınmasını həyata keçirə biləcək gücə malik şəxslərdir. Bankların olduqca fərqli fəaliyyət istiqamətləri olsa da, əsas fəaliyyətləri aşağı dərəcə ilə cəlb etdikləri əmanətləri yuxarı dərəcə ilə kredit kimi başqa şəxslərə verməklə faiz gəliri əldə etməkdir.
Azərbaycanda bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətçilərinin, kreditorlarının müdafiəsinin gücləndirilməsi, bütövlükdə bank sisteminin stabil, təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəetmə, fəaliyyətinin tənzimlənməsi, ləğv edilməsi prinsipləri, qaydaları, normaları “Banklar haqqında” AR qanunu ilə tənzimlənir.
Uzunmüddətli bank kreditləri hesabı üzrə uçotun tənzimlənməsi
Bank kreditləri üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir.
Qaydaların 34.1-ci maddəsinə görə 40 saylı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” maddəsi üzrə aşağıdakı hesablar açıla bilər.
401 №-li “Uzunmüddətli bank kreditləri” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan bank kreditləri haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
401 saylı “Uzunmüddətli bank kreditləri” hesabı öhdəlik hesabıdır.
Uzunmüddətli bank kreditləri yarandıqda, həmçinin uzunmüddətli bank kreditləri qısamüddətli bank kreditləri kimi təsnifləşdirildikdə həmin qaydaların 34.2.-ci bəndilə nizamlanır.
Uzunmüddətli bank kreditləri üzrə müsbət, mənfi məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 34.3.-cü bəndi ilə tənzimlənir.
Uzunmüddətli bank kreditləri:
- qısamüddətli bank kreditləri kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənildikdə həmin qaydaların 34.4.-cü bənd;
- üçüncü şəxs tərəfindən ödənildikdə isə 34.5.-ci bəndi tətbiq olunur.
Aşağıda 401 №-li “Uzunmüddətli bank kreditləri” hesabı ilə bağlı müxabirləşmə nümunələri verilib.
Bankdan uzunmüddətli kredit alındıqda və qaytarıldıqda müxabirləşmələr
“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. May ayında bankdan 80000 manatlıq kredit götürməklə pul problemi həll olunub. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 2 il, illik faiz dərəcəsi 17% – dir. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Bankdan uzunmüddətli kredit götürüldükdə | 223 – Bank hesablaşma hesabları | 401 – Uzunmüddətli bank kreditləri | 80000.00 |
2 | İlk ilin faiz borcları qeydə alındıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 6800.00 |
3 | İkinci ilin faiz borcları qeydə alındıqda | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 6800.00 |
4 | Bank krediti üzrə ilk ilin əsas məbləği ödənildikdə | 401 – Uzunmüddətli bank kreditləri | 223 – Bank hesablaşma hesabları | 40000.00 |
5 | Bank krediti üzrə ilk ilin faiz məbləği ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 6800.00 |
6 | Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 6800.00 |
7 | Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda | 801 – Ümumi mənfəət (zərər) | 751 – Maliyyə xərcləri | 6800.00 |
İkinci il uzunmüddətli bank krediti belə uçota alınır:
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | İkinci ilin faiz borcları uzunmüddətli öhdəliklərdən qısamüddətli öhdəliklərə aid edildikdə | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 6800.00 |
2 | İkinci ilin faiz xərcləri uzunmüddətli xərclərdən qısamüddətli xərclərə aid edildikdə | 242 – Gələcək hesabat dövrünün xərcləri | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 6800.00 |
3 | Bank krediti üzrə ikinci ilin əsas məbləği ödənildikdə | 401 – Uzunmüddətli bank kreditləri | 223 – Bank hesablaşma hesabları | 40000.00 |
4 | Bank krediti üzrə ikinci ilin faiz məbləği ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 6800.00 |
5 | Bank krediti üzrə ikinci ilin faizi xərcə aid edildikdə | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 6800.00 |
6 | Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda | 801 – Ümumi mənfəət (zərər) | 751 – Maliyyə xərcləri | 6800.00 |
Uzunmüddətli bank kreditlərinin qısamüddətli bank kreditləri kimi təsnifləşdirilməsi
“A” MMC istehsal prosesini fasiləsiz şəkildə davam etdirmək üçün pul vəsaitlərinin yetərsiz olduğu qənaətinə gəlmişdir. Fevral ayında bankdan 35000 manatlıq kredit götürməklə pul problemi həll olunub. Bankla müəssisə arasında bağlanan müqavilənin şərtlərinə əsasən kreditin müddəti 2 il, illik faiz dərəcəsi 15% razılaşdırılıb. Müəssisə kreditin 50%-ni birinci il, qalan hissəni növbəti il ödəməlidir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Bankdan uzunmüddətli kredit götürüldükdə | 223 – Bank hesablaşma hesabları | 401 – Uzunmüddətli bank kreditləri | 35000.00 |
2 | İlk ilin faiz borcları qeydə alındıqda | 242 – Gələcək hesabat dövrünün xərcləri | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 2625.00 |
3 | İkinci ilin faiz borcları qeydə alındıqda | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 2625.00 |
Lakin may ayında müqavilədə edilən dəyişikliyə əsasən bank krediti ilin sonuna qədər tamamilə ödənilməlidir.
Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
1 | Uzunmüddətli bank krediti qısamüddətli bank krediti kimi təsnifləşdirildikdə | 401 – Uzunmüddətli bank kreditləri | 501 – Qısamüddətli bank kreditləri | 35000.00 |
2 | Faiz xərclərində düzəliş edildikdə | 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 2625.00 |
3 | Faiz xərclərində düzəliş edildikdə | 242 – Gələcək hesabat dövrünün xərcləri | 191 – Gələcək hesabat dövrlərinin xərcləri | 2625.00 |
4 | Bank krediti üzrə əsas məbləğ ödənildikdə | 501 – Qısamüddətli bank kreditləri | 223 – Bank hesablaşma hesabları | 35000.00 |
5 | Bank krediti üzrə faiz məbləği ödənildikdə | 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 5250.00 |
6 | Bank krediti üzrə ilk ilin faizi xərcə aid edildikdə | 751 – Maliyyə xərcləri | 242 – Gələcək hesabat dövrünün xərcləri | 5250.00 |
7 | Xərc kimi tanınan faizlər Ümumi mənfəətə bağlandıqda | 801 – Ümumi mənfəət (zərər) | 751 – Maliyyə xərcləri | 5250.00 |
Bank kreditləri barədə daha ətraflı məlumat üçün buraya keçid ala bilərsiniz.