Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası

posted in: Vergi, Xəbər | 0

Torpaq vergisinin hesablanmasıKənd təsərrüfatı torpaqlarına görə torpaq vergisi onların təyinatı üzrə istifadə edilməsindən asılı olaraq aşağıdakı qaydada hesablanır.

Təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti 6 qəpikdir (şərti ballar Nazirlər Kabineti tərəfindən müəyyən edilir).

Qeyd edilən kənd təsərrüfatı torpaqları Nazirlər Kabineti tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.

Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadratmetrinə görə 2 manat müəyyən edilir.

Məsələn Yevlax rayonunda kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulan, lakin istifadə olunmayan 2 hektar torpaq sahəsinə görə torpaq vergisi aşağıdakı qaydada hesablanır:

(20,000/100) * 2 = 400 manat.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Verginin ödənilməsi müddəti

Fiziki şəxslərə torpaq vergisi torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən müvafiq ərazinin bələdiyyəsi tərəfindən hər il iyulun 1-dək hesablanılır.

Torpaq sahəsi bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikilinin altında olduqda və ya torpaq sahəsi onlara xidmət üçün ayrıldıqda, vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır və bələdiyyə tərəfindən hesablanmış torpaq vergisinin məbləği və ödənilmə müddəti barədə «Tədiyyə bildirişi» tərtib olunur və avqust ayının 1-dən gec olmayaraq fiziki şəxslərə çatdırılır. Torpaq vergisi fiziki şəxslər tərəfindən bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq müvafiq bələdiyyənin büdcəsinə ödənilir. Vergi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.

Torpağın alğı-satqısı üzrə əməliyyatın hansı tarixdə aparılmasından asılı olmayaraq, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi həmin torpağı almış fiziki şəxs tərəfindən ödənilir. Torpağın alğı-satqısı üzrə əməliyyat 15 avqust və 15 noyabr tarixlərindən sonra aparıldıqda, torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilir.

Misal 1. Kürdəmir rayonunun Muradxan kəndində fiziki şəxsin mülkiyyətində II keyfiyyət qrupuna aid olan 2,5 ha əkin sahəsi vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 29 dekabr tarixli 230 ¹-li qərarı ilə təsdiq edilmiş «Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla müəyyənləşdirilmiş şərti balları»na əsasən Kürdəmir rayonuna daxil olan Aran-Şirvan kadastr qiymət rayonunun II keyfiyyət qrupu üzrə torpaqların 1 ha üçün şərti bal 75 müəyyən edilmişdir.

Bu halda fiziki şəxsin 2,5 ha torpaq sahəsinə 11,25 manat (1 ha əkin sahəsinin şərti balı 75 x 0,06 manat  x 2,5 ha)  torpaq vergisi hesablanır.

Misal 2. Hacıqabul rayonunun düzən torpağında fiziki şəxs 50 ha otlaq sahəsini istifadəyə götürmüşdür. Muğan-Salyan kadastr qiymət rayonu üzrə Hacıqabulun düzən torpağında 1 ha otlaq sahəsinin şərti balı 9,8 (I keyfiyyət qrupunun şərti balı 98-in 1/10 hissəsi) təşkil edir.

Bu halda fiziki şəxsə 50 ha otlaq sahəsi üçün 29,4 manat (1 ha otlaq sahəsinin şərti balı 9,8 x 0,06 manat  x 50 ha) torpaq vergisi hesablanır.

Həmçinin bax: Torpaq vergisinin ödəyiciləri

Mənbə: vergiler.az


Whatsapp qrupumuza daxil olmaqla sizin üçün qaranlıq qalan suallarınıza təcili cavab ala bilərsiniz
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *