405 saylı “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Adi və imtiyazlı səhmlər

Maliyyə hesabatlarının 4-cü “Uzunmüddətli öhdəliklərbölməsi mühasibat uçotunun Hesablar Planının 40-44-cü maddələrini özündə birləşdirir. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 40-cı maddəsi üzrə açılmış hesablar üzrə uçota alınır.

Müəssisələr məhdud müddətə, ancaq hesabat tarixindən sonra 12 aydan daha çox olmaqla geri alınan imtiyazlı səhmlər buraxa bilər. Belə səhmlərlə bağlı məlumatlar “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” hesabında öz əksini tapır.

Səhmlər növünə görə iki qrupa ayrılır:

  • adi səhmlər;
  • imtiyazlı səhmlər.

İmtiyazlı səhm, adından da göründüyü kimi, sahibinə bəzi imtiyazlar verir. Bu da onları adi səhm sahiblərindən fərqləndirən xüsusiyyətdir, məsələn:

Mühasibat xidmətləri
  • dividend ödənilərkən öncə ödəniş imtiyazlı səhm sahiblərinə edilməlidir;
  • müəssisədə səsvermə keçirilərsə imtiyazlı səhm sahiblərinin həmin səsvermədə iştirak etmək hüququ olmur;
  • müəssisə ləğv edildikdə ödənişlər qanunvericiliyə uyğun olmaqla, imtiyazlı səhm sahiblərinə adi səhm sahiblərindən öncə icra olunmalıdır;
  • geri alına bilən imtiyazlı səhmlər müəyyən vaxt keçdikdən sonra geri alınır, bu səhmlər bank krediti kimi, öhdəliklərdə əks etdirilir və ödənilmiş dividentlər faiz xərcləri şəklində qeydə alınır və mənfəət (zərər) hesabında uçota alınır.
  • geri alına bilməyən imtiyazlı səhmlər emissiya edildikdən sonra geri alınmır, bu səhmlər xüsusi kapital bölməsində öz əksini tapır və xalis mənfəət bölüşdürülərkən sahiblərinə ödənilən dividend təmin olunur.

“Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)”

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər qrupuna daxil olan geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli) üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-ın 34-cü maddəsinin tələbləri əsasında tənzimlənir.

Qeyd edilən Qaydaların 34.1-ci maddəsinə görə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə  aşağıda göstərilən hesablar açıla bilər:

Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə (40-cı maddə) bir-neçə uçot hesabı açıla bilər. Onlardan biri 403 saylı “Uzunmüddətli konvertasiya olunan istiqrazlar” hesabıdır.

405 saylı “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” hesabı öhdəlik hesabıdır.

405 №li “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 aydan çox müddət ərzində geri alınacaq məhdud tədavül müddətli imtiyazlı səhmləri barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

İmtiyazlı səhmlərin (uzunmüddətli) buraxılması halı Qaydaların 34.23-cü bəndinə əsasən tənzimlənir.

Belə səhmlə qısamüddətli kimi təsnifləşdirildikdə 405 №li hesabın müvafiq subhesablarının debetində və 505 №li hesabın müvafiq subhesablarının kreditində müvafiq uçot yazılışları aparılır.

İmtiyazlı səhmlər (uzunmüddətli) üzrə məzənnə fərqləri yarandıqda Qaydaların 34.24-cü bəndi tətbiq olunur.

İmtiyazlı səhmlərin (uzunmüddətli) qısamüddətli kimi təsnifləşdirilmədən birbaşa olaraq ödənilməsi zamanı mühasibat yazılışları qaydaların 34.25-ci, üçüncü şəxs tərəfindən ödənilməsi zamanı isə 34.26-cı bəndi ilə tənzimlənir.

İmtiyazlı səhmlərin buraxılması ilə bağlı 405-ci hesabla bağlı müxabirləşmə nümunələri

“A” səhmdar cəmiyyəti bir ədədi 5 AZN, ümumilikdə dəyəri 5000 AZN, olan 1000 ədəd imtiyazlı səhm buraxmışdır. Bununla bağlı hər il səhm sahiblərinə 10%  həcmində pul vəsaitinin ödənilməsi planlaşdırılır. Razılaşmaya əsasən sözügedən səhmlər 4 il müddətinə alınmışdır və bu müddət bitdikdən sonra müəssisə tərəfindən geri alınacaqdır. Birinci il icra ediləcək əməliyyatlara əsasən müxabirləşmə bu şəkildədir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İmtiyalı səhmlər satıldıqda 223 – Bank hesablaşma hesabları 405 – “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” 5000.00
2 İmtiyazlı səhmlə bağlı ödəniləcək faiz xərci hesablandıqda 242 – Gələcək hesabat dövrünün xərcləri 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 500.00
3 İmtiyazlı səhmlə bağlı ödəniləcək 3 illik faiz xərci hesablandıqda 191 – Gələcək hesabat dövrlərinin xərcləri 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 1500.00
4 Birinci ilin hesablanan faizi ödəndikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 500.00
5 Birinci ilin faiz xərci uçota alındıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 500.00
6 Birinci hesabat ilinin  sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına tanındıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 500.00

İkinci il icra ediləcək əməliyyatlara əsasən müxabirləmə bu şəkildədir:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İkinci ilin faiz borcu uzunmüddətli  xarakterdən qısamüddətli xarakterə aid edildikdə 434 – Faizlər üzrə uzunmüddətli kreditor borcları 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 500.00
2 İkinci ilin faiz üzrə

xərcləri uzunmüddətli  xarakterdən qısamüddətli xarakterə aid edildikdə

242 – Gələcək hesabat dövrünün xərcləri 191 – Gələcək hesabat dövrlərinin xərcləri 500.00
3 Faiz borcu ödənildikdə 537 – Faizlər üzrə qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 500.00
4 Faiz xərci maliyyə xərcinə bağlandıqda 751 – Maliyyə xərcləri 242 – Gələcək hesabat dövrünün xərcləri 500.00
5 İkinci hesabat ilinin  sonunda faiz xərcləri ümumi mənfəət(zərər) hesabına tanındıqda 801 – Ümumi mənfəət (Zərər) 751 – Maliyyə xərcləri 500.00

Sonrakı illər ərzində müxabirləşmə aşağıda göstərildiyi kimi olacaqdır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 İmtiyazlı səhmlər geri alındıqda 405 – “Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)” 223 – Bank hesablaşma hesabları 500.00

403 saylı “Uzunmüddətli konvertasiya olunan istiqrazlar” hesabı üzrə uçot