Ağır və zərərli iş şəraiti
Ağır və zərərli iş şəraitində işləmək zərərli istehsal amilləri ilə xarakterizə olunan peşə fəaliyyətidir. Bu cür amillərin çoxlu kateqoriyaları var ki, onlar həm ayrılıqda, həm də birləşərək iş yerində mövcud ola bilər. Ağır və zərərli iş şəraitinin mövcudluğu müəyyən problemlər yaradır. Əsas problem onların işçinin sağlamlığına təsiridir ki, bu da işəgötürən tərəfindən əməkhaqqı artımı, əlavə məzuniyyət, habelə sanatoriyalarda müalicə formasında kompensasiya edilməlidir.
Ağır iş şəraitindən danışarkən, bir mütəxəssisin fəaliyyətinin ağırlığına birbaşa təsir edən fiziki, kimyəvi, bioloji və əmək prosesinin amillərinə diqqət etməliyik. Əgər bu amillərin heç olmasa bəziləri normaya uyğun gəlmirsə, o zaman ağır iş şəraitindən danışmaq olar.
Əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi
Əmək şəraitinin zərərlilik dərəcəsinin müəyyən edilməsi xüsusi qiymətləndirmə yolu ilə baş verir. Qiymətləndirmə zamanı aşağıdakı qanunvericilik aktlarından istifadə olunur:
- AR NK-nın “İş yerlərinin attestasiyasının keçirilməsi” qaydaları;
- AR ƏƏSMN “İş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikası”;
Zərərli iş şəraiti, standartlara əməl edilməməsi xəstəliklərin inkişafına və orqanizmin funksiyalarının pozulmasına, müvəqqəti, xüsusi hallarda isə tam əmək qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Yeraltı işlərin aparılması zamanı işəgötürən görüləcək işlərin təsdiq edilmiş texniki sənədlərə, texnoloji standartlara və istehsalatda istifadə olunan avadanlıqlara, texnoloji proseslərə, xammallara və materiallara müəyyən edilmiş tələblərə uyğun təşkilini təmin etməyə borcludur.
Zərərli və ya təhlükəli iş şəraiti ilə işləyən işçilərə güzəşt və təminatların verilməsi qaydası Əmək Məcəlləsinə uyğun tənzimlənir. Əmək şəraitinin xüsusi qiymətləndirilməsinin nəticələrinə əsasən müəyyən edilmiş zərərli əmək şəraiti olan iş yerlərində işləyən işçilərə Məcəlləsə müəyyən təminatlar nəzərdə tutulub.
Məhdudlaşdırmalar
Ağır və zərərli işlərdə çalışanların əmək hüququnu qorumaq məqsədi ilə müəyyən məhdudiyyətlər tətbiq edilir. Belə hallar aşağıdakılardır:
- əsas iş yerində zərərli və ağır əmək şəraitində işləyən işçinin eyni əmək şəraitli əlavə iş yerində çalışması yolverilməzdir (ƏM maddə 58);
- ağır və zərərli sahələrdə işləyən işçilərin iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir (ƏM maddə 99)
- zərərli və təhlükəli iş şəraitində, yeraltı işlərdə, habelə sağlamlığa xələl gətirə bilən işlərdə 18 yaşı tamam olmayan şəxslərin əməyinin tətbiqi qadağandır (ƏM maddə 250);
Əmək müqaviləsi ilə bağlı tələblər
Ağır və zərərli işlərdə çalışanların əmək hüququnin təmin edilməsi məqsədi ilə əmək müqaviləsində müəyyən şərtlər nəzərdə tutulmalıdr:
- ağır və zərərli iş yerlərində əmək müqaviləsi bağlanan zaman işçilər hökmən ilkin tibbi müayinədən keçməlidir. Sonralar isə onların vaxtaşırı icbari tibbi müayinədən keçməsi işəgötürənin hesabına təmin edilir (ƏM maddə 226);
- əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsi təmin edilir (ƏM maddə 215);
- zərərli və təhlükəli iş yerlərində çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilməsi nəzərdə tutulmalıdır (ƏM maddə 222);
İş vaxtının tənzimlənməsi ilə bağlı tələblər
- ağır və zərərli iş yerlərində çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. İş vaxtının qısaldılmış müddəti kollektiv müqavilələrlə, həmin müqavilələr bağlanmadığı hallarda isə işəgötürənlə Hİ təşkilatı arasında razılaşmaya əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan peşə və vəzifələrin siyahısı nəzərə alınmaqla müəyyən olunur (ƏM maddə 92);
- ağır və zərərli iş yerlərində çalışan işçilərin gündəlik iş vaxtının ən azı yarısı gecə vaxtına düşərsə, iş vaxtının gecə vaxtına düşən hissəsi 1 saat azaldılır. Nəzərə almaq lazımdır ki, saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı hesab olunur; (ƏM maddə 97)
Əmək məzuniyyəti ilə bağlı tələblər
- yeraltı işlərdə çalışan, əmək şəraiti ağır və zərərli olan işçilərə 6 təqvim günündən az olmayan müddətdə əlavə məzuniyyətlər verilir (ƏM maddə 115);
- əmək şəraiti zərərli və ağır olan işçilərə əlavə məzuniyyət iş ili ərzində faktik işlədiyi vaxta mütənasib olaraq verilir. Bu məzuniyyət hüququ işçi həmin iş yerində azı altı ay işlədikdə yaranmış olur (ƏM maddə 131).
Əməkhaqqına artım əmsalları
Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir (ƏM maddə 159). Əmək haqqına belə artımların məbləğinin minimum miqdarı AR NK-nın 22 avqust 2002-ci il tarixli 137 nömrəli qərarına uyğun hesablanır. Müəssisə, idarə və təşkilatlarda iş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin tarif (vəzifə) maaşlarına edilən artımın minimum miqdarı aşağıdakı kimi müəyyən edilir:
- əmək şəraiti ağır və zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
- aşağı səviyyəsində – 1,04;
- orta səviyyəsində – 1,08;
- yuxarı səviyyəsində – 1,12.
- əmək şəraiti xüsusilə ağır və xüsusilə zərərli işlərdə əmək şəraitinin ağır və zərərliliyinin:
- aşağı səviyyəsində – 1,16;
- orta səviyyəsində – 1,20;
- yuxarı səviyyəsində – 1,24.
Əmək şəraiti zərərli və ağır olan işlərdə vəzifə maaşının artım əmsalının miqdarı əmək və kollektiv müqavilələrlə, kollektiv müqavilənin bağlanmadığı halda isə əmək müqaviləsi və ya işəgötürənlə həmkarlar ittifaqı təşkilatı arasındakı razılaşmaya əsasən müəyyən olunur. Büdcədən maliyyələşən müəssisə və təşkilatlarda əmək şəraiti ağır və zərərli olan iş yerlərində tarif (vəzifə) maaşlarına artım əmsalı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş peşə və vəzifələrin siyahısına əsasən müəyyən edilir.
İşğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsin təmin edən əmsalların məbləği də Nazirlər Kabinetinin qeyd edilən 137 saylı qərarı əsasında tənzimlənir.

