Təsisçi və direktor eyni şəxs olduqda müqavilə münasibətləri necə tənzimlənir?

posted in: Xəbər | 0

Hüquqi şəxsin təsisçisi ilə direktorunun eyni şəxs olduğu hallara təcrübədə tez-tez rast gəlirik. Bəs bu halda tərəflər arasında əmək müqaviləsinin bağlanmasını tələb edən əmək münasibətləri yaranırmı? Bu münasibətlər mülki hüquq normaları ilə tənzimlənməlidir? Suallara “Expert SM Bookkeeping and Consulting” MMC-nin əməkdaşı Afaq Əliyeva aydınlıq gətirir.

Bir sıra xarici ölkələrin qanunvericiliyində hüquqi şəxslə onun icra orqanının rəhbəri arasında yaranan münasibətləri tənzimləyən ayrıca müddəalar mövcuddur. Məsələn, Rusiya Federasiyasının Əmək Məcəlləsinin 43-cü fəsli “Təşkilatın rəhbəri və təşkilatın kollegial icra orqanı üzvlərinin əməyinin tənzimlənməsinin xüsusiyyətləri” adlanır. Həmin fəsildə təşkilat rəhbəri (o cümlədən kollegial icra orqanının üzvləri) ilə əmək müqaviləsinin bağlanması və xitamı, onların maddi məsuliyyəti, əmək müqaviləsinə xitamı halında verilən təminatlar və s. məsələlər tənzimlənir. Həmin Məcəllənin 273-cü maddəsinə görə, 43-cü fəslin müddəaları müəssisə rəhbərlərinə şamil edilsə də müəssisənin rəhbəri müəssisənin yeganə iştirakçısı (təsisçi), üzvü, onun əmlakının mülkiyyətçisi olduqda bu müddəalar ona şamil edilmir.

Oxşar yanaşma Litva Respublikasının Əmək Məcəlləsinin 7-ci fəslində (101-106-cı maddələr), Özbəkistan Respublikasının Əmək Məcəlləsinin 28-ci fəslinin 1-ci paraqrafında (485-490-cı maddələr) və bir sıra digər ölkələrin də qanunvericiliyində nəzərdə tutulub.

Ölkəmizin qanunvericiliyində isə bu hüquqi məsələni tənzimləyən hər hansı normativ mətn mövcud deyil, yaxud natamamdır ki, bu da müəyyən çətinliklərə səbəb olur.

Müşahidələrimiz göstərir ki, indiyədək bu cür hallarda hüquqi şəxsin yeganə təsisçisi və direktoru arasında əmək qanunvericiliyinin tələblərinə uyğun ikitərəfli əmək müqaviləsi bağlanır. Həmin əmək müqaviləsini bir tərəfdən işəgötürən qismində yeganə təsisçi, digər tərəfdən işçi qismində direktor imzalayır. Başqa sözlə, baxdığımız halda əmək müqaviləsini eyni şəxs özü ilə imzalayır.

Fikrimizcə, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmadığından, bu halda direktorla əmək müqaviləsinin bağlanması da tələb olunmur.
Bu fikrimizi məsələyə dair mövcud məhkəmə praktikasına müraciət etməklə əsaslandıraq.

Konstitusiya Məhkəməsi Plenumunun 19 fevral 2025-ci il tarixli iclasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və müvafiq qərar qəbul olunub. Qərarda qeyd olunur ki, hüquqi şəxsin təsisçisi ilə onun icra orqanı arasında olan münasibətlər daha çox mülki hüquqi xarakter daşısa da, aralarında əmək müqaviləsinin bağlanması yolveriləndir və təcrübədə bir çox hallarda tərəflər arasındakı münasibətlərin xarakteri onun məhz əmək münasibətləri olduğunu göstərir.

Odur ki, belə hallarda hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərinə daxil olan icra orqanının rəhbəri arasında əmək müqaviləsinin rəsmiləşdirilməsi mütləqdir.

Lakin hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbərinin eyni şəxs olması halında onlar arasında hər hansı müqavilənin bağlanması hüquqi məntiqə zidd olmaqla yanaşı, müqavilənin anlayışı və təbiəti ilə uyğunsuzluq təşkil edir.

Göstərilənlərdən çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qərara alıb ki:

1) Azərbaycan Respublikası Konstitusiyasının 15 və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də, hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir.

2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.

Beləliklə, yeganə təsisçisi həm də direktoru olan hüquqi şəxslərdə direktor vəzifəsinə təyinat haqqında müvafiq qərar (əmr, yaxud sərəncam) tərəflər arasındakı münasibətlərin hüquqi əsasını təşkil edir.
Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarı sosial ədalətin gücləndirilməsinə, işçilərin hüquqlarının qorunmasına və eyni şəxsin həm işəgötürən, həm də işçi funksiyalarını yerinə yetirdiyi hallarda hüquqi müəyyənliyin təmin edilməsinə yönəlib. Əmək qanunvericiliyi və mülki qanunvericiliyin tətbiq sərhədlərini dəqiqləşdirir, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda münasibətlərin rəsmiləşdirilməsindəkı hüquqi qeyri-müəyyənliyi aradan qaldırır, məhkəmə təcrübəsi, icra hakimiyyəti orqanları, işəgötürənlər və işçilər üçün hüquqi istiqamət müəyyən edir.

Qərar kiçik biznes subyektlərində əmək münasibətlərinin tənzimlənməsi sahəsində mühüm presedent hesab olunur.

Məsləhətçi: “Expert-SM Ltd” MMC-nin direktor müavini İlham Atayev

Mənbə: vergiler.az

Yığım sığortasından faydalanan işçilərə tətbiq olunan vergi güzəşti

Yığım sığortasından faydalanan işçilərə tətbiq olunan vergi güzəşti

posted in: Xəbər | 0

Dövlət qurumu ilə yerli sığorta şirkəti arasında bağlanılan həyatın yığım sığortası müqavilələri üzrə könüllü olaraq hər ay həmin qurumun işçilərinin aldığı əməkhaqqı məbləğinin müəyyən hissəsi işəgötürən tərəfindən sığorta şirkətinə ödənilir. Sığorta şirkəti ilə 01.01.2021-ci ildə 5 illik və 01.01.2024-cü ildə 5 illik müqavilə bağlanılıb. Həmin işçilərə vergi hesablayarkən, Vergi Məcəlləsinin 102.1.8-ci maddəsinə əsasən, vergi güzəşti tətbiq olunurdu. Vergi Məcəlləsində 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş dəyişiklikdən sonra sözügedən vergi güzəşti yenə tətbiq edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 102.1.8- ci maddəsində edilmiş dəyişikliyə əsasən, işəgötürən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə azadolma yalnız qeyri-dövlət sektoruna aid edilən işəgötürəndə çalışan fiziki şəxslərə münasibətdə tətbiq edilir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun keçid müddəalarına əsasən, sözügedən maddə 2025-ci il yanvarın 1-dən sonra bağlanmış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə ödənilən sığorta haqlarına münasibətdə tətbiq edilir. Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq edilir.

Qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan vergi güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq edilir.

Qeyd olunanlara əsasən, 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanılmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası müqavilələri (sorğuda göstərilən halda 01.01.2021-ci ildə 5 illik bağlanılmış müqavilə) üzrə dövlət sektorunda çalışan muzdlu işçilərin əməkhaqqından yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına münasibətdə vergi güzəşti tətbiq olunur və həmin müqavilə üzrə 2025-ci ilin yanvarın 1-dən sonrakı dövrlər üzrə ödənilmiş sığorta haqlarına vergi güzəşti tətbiq edilmir. 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanılmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası müqavilələri (sorğuda göstərilən halda, 01.01.2024-cü ildə 5 illik bağlanılmış müqavilə) üzrə isə dövlət sektorunda çalışan muzdlu işçilərin əməkhaqqından həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına vergi güzəşti tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 102.1.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 16 dekabr 2024-cü il tarixli 98-VIIQD nömrəli Qanunun keçid müddəaları

Mənbə: vergiler.az

Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək

Azərbaycanda fərdi kredit hesabatlarının məzmunu genişləndiriləcək

posted in: Xəbər | 0

Azərbaycan Kredit Bürolarına təqdim olunan fərdi kredit hesabatlarının məzmunu bu ilin sonuna qədər genişləndiriləcək.

Yeniliklər Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə hazırlanan 2025-ci il Yol Xəritəsində öz əksini tapıb.

Kredit hesabatlarına çərçivə sazişləri və birgə borcalanlarla bağlı yeni məlumat bölmələrinin əlavə olunması nəzərdə tutulur.

Bundan başqa, hesabatların tərkibində zaminlik öhdəliklərinə dair məlumatların artırılması planlaşdırılır. Bu dəyişikliklər kredit tarixçələri üzrə məlumatların daha dolğun toplanmasına, risklərin qiymətləndirilməsinin dəqiqləşməsinə və maliyyə təşkilatları üçün şəffaflığın yüksəldilməsinə xidmət edəcək.

Mənbə: vergiler.az

Sabit qəbz onlayn qaydada necə əldə olunur?

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə müxabirləşmə nümunələri

posted in: Xəbər | 0

Qısamüddətli debitor borclar üzrə uçot

Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə mühasibat uçotu zamanı aşağıdakı beynəlxalq standartlardan istifadə olunur:

  • “Maliyyə Alətləri” adlı 9 saylı MHBS (IFRS 9);
  • “Maliyyə alətləri: Tanınma və ölçülmə” adlı 39 saylı MUBS (IAS 39);
  • “Müştərilərlə müqavilələrdən gəlir” adlı 5 saylı MHBS (IFRS 15)

Mühasibat uçotu subyektlərində qısamüddətli debitor borcları üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir (kredit təşkilatları istisnadır).

Aktiv 211 saylı hesabı alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları üzrə əməliyyatların hərəkəti üçün nəzərdə tutulub. Həmin hesab hesablar planının 2-ci bölməsinin (“Qısamüddətli aktivlər”) 21-ci maddəsinə (“Qısamüddətli debitor borcları”) aiddir. Mühasibat uçotu subyektləri  211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı öz fəaliyyətinin həyata keçirilməsilə əlaqədar malların (işlərin, xidmətlərin) satışı prosesində alıcılar, sifarişçilər tərəfindən ödənilməli olan qısamüddətli debitor borcların hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Hesab üzrə uçot haqqında buradan daha çox məlumat almaq olar.

211 saylı “Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları” hesabı üzrə bəzi müxabirləşmə nümunələri aşağıda verilib.

Uzunmüddətli debitor borcları qısamüddətli debitor borcları kimi təsnifləşdirildikdə

Nümunə 1:“A” MMC ofis avadanlıqlarının satışı fəaliyyətini həyata keçirir. ƏDV ödəyicisi olan cəmiyyət anbarındakı 13000 manatlıq malları 2022-ci ilin may ayında “B” MMC-ə 16000 manata satmışdır. Tərəflər arasında olan razılaşmaya əsasən “B” MMC ödənişi hissə-hissə olmaqla 2023-cü ilin dekabr ayına qədər ödəmək imkanına malikdir.

Nümunədən göründüyü kimi nəzərdə tutulan ödəmə müddəti hesabat tarixindən sonrakı 12 aylıq dövrdən artıqdır.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 13000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 601 – Satış 16000.00
3 ƏDV hesablandıqda 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 2880.00

“B” MMC iyun ayında malların 1500 manatlıq hissəsinin ödənişini həyata keçirmişdir. Belə olduğu təqdirdə 1500 manatlıq uzunmüddətli debitor borcları qısamüddətli debitor borclar olaraq uçota alınacaq, silinəcəkdir.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 1500.00
2 Uzunmüddətli debitor borclar qısamüddətli debitor borcları kimi nəzərə alındıqda (ƏDV məbləği) 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 171 – Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları 270.00
3 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1500.00
4 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 270.00
5 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 270.00
6 Hesabat dövrü üzrə yaranmış vergi öhdəliyi büdcəyə ödənildikdə 521 – Vergi öhdəlikləri 226 – ƏDV-nin Depozit hesabı 270.00

Qısamüddətli debitor borcları kreditor borclarla əvəzləşdirildikdə

Nümunə 2: “A” MMC 5 ildir ki, “B” MMC ilə qarşılıqlı surətdə mal (iş, xidmət) alqı-satqısı ilə məşğuldur. Vəziyyət elə bir hal aldı ki, tərəflər malların və xidmətlərin mübadiləsini (barter) həyata keçirmək qərarına gəldilər. Maya dəyəri 6500 AZN olan malları təqdim edən tərəf “A” MMC, onun əvəzində xidmətləri təqdim edən tərəf “B” MMC olaraq qərarlaşdırılmışdır. Bazar qiyməti nəzərə alınaraq mübadilə (barter) olunan malların və xidmətlərin dəyəri 8000 AZN təyin edilmişdir. “A” MMC-nin uçot məlumatları aşağıdakı kimi olacaqdır:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 6500.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 8000.00
3 ƏDV nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 545 – Digər qısamüddətli öhdəliklər 1440.00
4 Mübadilə (barter) nəticəsində xidmət alışı həyata keçirildikdə 721 – İnzibati xərclər 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 8000.00
5 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 1440.00
6 Satılmış malların ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda 226 – ƏDV-nin Depozit hesabı 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1440.00
7 Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) 545 – Digər qısamüddətli öhdəliklər 521 – Vergi öhdəlikləri 1440.00
8 Alınmış xidmətin ƏDV ödənişi həyata keçirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 1440.00
9 Mübadilə nəticəsində yaranan borclar qarşılıqlı olaraq əvəzləşdirildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 8000.00
10 Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə 241 – Əvəzləşdirilən ƏDV 521 – Vergi öhdəlikləri 1440.00
11 Əldə edilən gəlir ümumi mənfəətə aid edildikdə 601 – Satış 801 – Ümumi mənfəət (zərər) 8000.00
12 Maya dəyəri xərci ümumi mənfəətə silindikdə 801 – Ümumi mənfəət (zərər) 701 – Satışın maya dəyəri üzrə xərclər 6500.00

 

Məzənnə fərqi yarandıqda qısamüddətli debitor borcları

Nümunə 3: “A” MMC daha çox gəlir əldə etmək, əlaqələri genişləndirmək məqsədilə mallarını ixrac edir, yəni ölkə hüdudlarından kənarda da malların satışını həyata keçirir. Malları alan ölkə Rusiya olduğundan malların satış qiyməti dollarla təyin olunmuşdur. Maya dəyəri 48000 manat hesablanmış mallar 42000 dollara satılmışdır. Satış tarixinə 1$ = 1.70₼ manat olaraq dəyərləndirilmişdir. Ona görə də malların satış qiyməti 71400 manat olmuşdur.

Qeyd  etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən gələn pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

1-ci hal: 1 $ = 1.72 ₼

2-ci hal: 1 $ = 1.67 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılan malların maya dəyəri nəzərə alındıqda 701 – Satışın maya dəyəri üzrə xərclər 205 – Mallar 48000.00
2 Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 601 – Satış 71400.00

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların satış anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  42000 × 1.70 = 71400

1 $ = 1.72 ₼  →  42000 × 1.72 = 72240

Müsbət məzənnə fərqi  →  72240 – 71400 = 840

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 611 – Sair əməliyyat gəlirləri 840.00
2 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 72240.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların satış anına olan məbləğlə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  42000 × 1.70 = 71400

1 $ = 1.67 ₼  →  42000 × 1.67 = 70140

Mənfi məzənnə fərqi    71400 – 70140 = 1260

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Satılmış malların əsas məbləği bank hesabına daxil olduqda 223 – Bank hesablaşma hesabları 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 70140.00
2 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları 1260.00

Debitor və kreditorlarla hesablaşmalar haqqında eyni adlı səhifədən tanış olmaq olar.

Müharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur?

1 110 111 112 113 114 115 116 2. 693