Vergi ödəyicilərinin elektron kabineti

posted in: Vergi, Xəbər | 0

Vergi inzibatçılığının təkmilləşdirilməsinin əsas elementlərindən birini vergi orqanı ilə vergi ödəyiciləri arasında birbaşa təmasın minimuma endirilməsi təşkil edir. Vergi ödəyicilərinin vergi orqanları ilə əlaqələrinin bütün mərhələlərdə elektron texnologiyalar üzərindən aparılması ilə bağlı sistemli, planlı, vahid mərkəzdən idarə olunan tədbirlər vergi ödəyicilərinin işini asanlaşdırmaqla bərabər, vaxt itkisinin də aradan qaldırılmasına şərait yaradıb. Elektron xidmətlərin tətbiqi vergi ödəyicisinin öz fəaliyyəti ilə bağlı istənilən məlumatı istənilən yerdən əldə etmək və ötürmək imkanına malik olmasına imkan verib. Bu baxımdan, vergi ödəyiciləri üçün yaradılmış elektron kabinetdən istifadə mühüm yer tutur. (Elektron kabinet)

Elektron kabinet nədir?

Elektron kabinet vergi ödəyicisinin Vergilər Nazirliyinin informasiya sistemində yaradılmış fərdi elektron səhifəsidir. Vergi ödəyicisi vergi orqanı tərəfindən verilən kod-parol və ya gücləndirilmiş elektron imza ilə bu səhifəyə daxil olaraq ona ünvanlanmış akt, protokol, qərar, müraciət (ərizə, sorğu, təklif və şikayət), tələbnamə, bildiriş, xəbərdarlıq, bəyannamə (hesabat), arayış, çıxarış və digər sənədləri oxuyur. Elektron kabinet vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edir. Bu sistem vasitəsilə vergi ödəyicisinə ünvanlanmış sənədlər və məlumatlar kağız daşıyıcıda olan sənədə bərabər tutulur və hər iki sənəd eyni hüquqi qüvvəyə malikdir. Vergi Məcəlləsinə əsasən, sənədlər vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərildikdə, göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Sənədlər vergi ödəyicisi tərəfindən təqdim edildikdə isə sənədin elektron üsulla göndərildiyi gün sənədlər tərəflərə çatdırılmış sayılır.

Elektron kabinetin üstünlükləri nədir?

Vergi ödəyiciləri elektron kabinet vasitəsilə vergi orqanına sənəd və məlumatları elektron üsulla göndərmək imkanı əldə edir. Bu, vaxt itkisini aradan qaldırır və ödəyiciyə istənilən məkandan operativ formada sənədlərini təqdim etmək imkanı yaradır. Bundan başqa, vergi ödəyicisi istənilən yerdə səhifəsinə daxil olaraq elektron kabinetdə uçot məlumatlarına, özünə məxsus olan sənəd və məlumatlara, habelə büdcə qarşısındakı öhdəliklərinə baxmaq və s. üstünlüklər əldə edir. Bu, həm də vətəndaşın rahatlığını təmin edir.

Elektron kabinet istifadə etmədikdə hansı risklər yaranır?

Vergi ödəyicisi elektron kabinetinə göndərilən sənədlərlə vaxtında tanış olmadığı halda vergi qanunvericiliyində və inzibatçılığında baş verən dəyişikliklər, vergi orqanı tərəfindən ondan tələb olunan sənədlər, habelə bəyannamələr və ya bəyannamələrin kameral vergi yoxlamasının aparılması üçün təqdim olunmalı sənədlər və s. barədə məlumatlardan xəbərdar olmur. Vergi ödəyicisi tərəfindən məktublara operativ reaksiya verilməməsi isə gələcəkdə əlavə vergilərin hesablanması, bank hesablarına sərəncamların göndərilməsi, maliyyə sanksiyalarının və digər məsuliyyət tədbirlərinin tətbiq edilməsi ilə nəticələnə bilər. Buna görə də mütəmadi olaraq vergi ödəyicilərinin elektron kabinetlərinə daxil olmuş sənədləri oxumaları tövsiyə edilir.

Mənbə: vergiler.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
vergi, Elektron kabinet, 

Əmək haqqından hansı tutulmalar aparıla bilər?

posted in: Xəbər | 0

regionlarBu yazımızda hər bir işçi ilə bağlı işəgötürən tərəfindən həyata keçirilməsi mümkün olan tutulmalar barədə məlumat verəcəyik. (Əmək haqqı, əmək haqqından tutulmalar, emek)

Əvvəlki yazılarımızda artıq bir neçə bu mövzuya aid hissəni geniş izah etdiyimiz üçün bu yazıda həmin tutulmalarda ilkin məlumat olaraq bəhs edəcəyik.

Əmək qanunvericiliyinə əsasən demək mümkündür ki, hər bir işçinin əmək haqqından işəgötürən tərəfindən aşağıdakı tutulmalar aparıla bilər:

1) Gəlir vergisi, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı və məcburi dövlət sosial sığorta haqqı (bu barədə ətraflı oxumaq üçün 2020-ci ildə əmək haqqından tutulmalar yazımızı oxuya bilərsiniz).

2) Məhkəmə aktları və ya notariusun icra qeydi, yaxud səlahiyyətli qurumların qərarlarına əsasən tətbiq edilən icra ödənişləri. Bu məbləğlərin ödənilməsi üçün ilk növbədə müvafiq qurumların tutmanı mümkün edən sənədləri işəgötürənə təqdim etmək öhdəliyi mövcuddur.

3) işçi işəgötürənə ziyan vurarsa, onun 1 aylıq orta aylıq əmək haqqı məbləğində tutulma aparıla bilər.

4) İşçi iş ili başa çatmamış məzuniyyət haqqından tam istifadə edərsə və iş ili başa çatmamış işdən çıxarsa, başa çatmayan müddətə görə ona ödənilmiş məzuniyyət haqqı tutulur.

5) İşçi xidməti üzrə ezamiyyət olarkən ona avans verilibsə və bu avansdan artıq qalarsa, həmin məbləğ tutulur.

6) İşçiyə mühasib tərəfindən səhv hesablama nəticəsində artıq ödəniş olarsa, yalnız ödənişdən sonrakı 1 ay müddətində bu məbləğ işçidən tutulur.

7) Təsərrüfat ehtiyacları ilə bağlı verilmiş pulun artıq qalan, yaxud vaxtında xərclənməyən pul tutulur.

8) Kollektiv müqavilələrdə nəzərdə tutulan  ya müəssisənin həmkarlar ittifaqlarına ödənilən üzvlük haqları da əmək haqqından tutulur.

9) İşçi tərəfindən işəgötürənə onun əmək haqqından kommunal ödənişlər, bank ssuda və ya kreditləri tutmağa icazə verən ərizə verilərsə, bu halda tutulmalar aparıla bilər.

Qanunvericilik bu tutulmalarla bağlı ilkin olaraq 20%, bir neçə icra sənədi varsa 50%, bəzi hallarda (aliment ödənişi, sağlamlığa ziyan vurulması və d) isə 70% tutulmalara yol verilməsinin mümkün olduğunu bildirmişdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
Əmək haqqı, əmək haqqından tutulmalar, emek

Dekabr ayında alınmış əsas vəsaitə amortizasiya necə hesablanmalıdır?

posted in: Xəbər | 0

Sual: ARVM 114.3. maddəsinə əsasən Amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normaları aşağıdakı kimi müəyyən edilir: (əsas vəsait)

– 114.3.2. bəndində qeyd edilmişdir ki, maşınlar və avadanlıq – illik 20%-dək amortizasiya edilə bilər. Deyək ki, istehsal avadanlığı 20 Dekabr 2018 tarixində alınmış və həmin tarixdə də istismara verilmişdir.

Sual olunur ki,

1) belə olan halda 2018 -ci il üçün həmin avadanlığa bütün il üçün 20 faiz həddində amortizasiya xərci silinə bilər yoxsa

2) yalnız 2018 ci il 11 gün üçün xərcə silinə bilər. (avadanliq dəyəri 20 % illik amort. normasi / 365 gün 11 gün).

Çünki ARVM-də illik amortizasiya xərcini gəlirdən çıxmamaq üçün hansısa məhdudiyyət yoxdur. Əgər illik amortizasiya normasını gəlirdən çıxmaq olarsa ARVM 108-ci maddəsi ilə ziddiyyət təşkil etmir ki? Belə ki, il sonunda alınan avadanlıq il ərzində istehsal edilən malların istehsalında iştirak etmir.

Cavab: Bildiririk ki, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır.

Göründüyü kimi, hesabat ilində əldə olunan əsas vəsaitin dəyəri amortizasiya hesablanması məqsədilə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əlavə edilir, hesabat ili ərzində alınmış əsas vəsaitlər gəlirin əldə edilməsi məqsədləri üçün istifadə edildiyi halda hesablanmış amortizasiya ayırmaları tam olaraq gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 114.6-cı, 115-ci və 143-cü maddələri.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
amortizasiya, əsas vəsait

İşəgötürənlərə iş vaxtının növləri və rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları barədə məlumat verilib

posted in: Uncategorized | 0

İşəgötürənlərə iş vaxtının növləri və rejimi, iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları barədə məlumat verilib

Peşə standartları, işəgötürənlər, cinayət işi, uşaq pulu, Əmək haqqı, emek, Məşğulluq, Mikro və kiçik sahibkarlıqƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ucar rayonunda “İş vaxtının növləri, iş vaxtının rejimi və iş vaxtından artıq vaxtda işin tənzimlənməsi qaydaları” və “Qeyri-formal məşğulluğun qarşısının alınması” mövzularında maarifləndirici tədbir keçirib. Tədbirdə bölgədə fəaliyyət göstərən işəgötürənlərin nümayəndələri iştirak edib.

Bildirilib ki, işçi işəgötürənlə bağlanan əmək müqaviləsi əsasında qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq, qanunvericiliklə müəyyən olunmuş həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. Həmçinin, işçi qanunvericiliklə müəyyən olunmuş hallarda qısaldılmış iş vaxtında çalışmaq hüququna malikdir. Gündəlik normal iş vaxtının müddəti 8 saat, həftəlik normal iş vaxtının müddəti isə 40 saatdır. Lakin işçi işəgötürənin əmri (sərəncamı, qərarı) və onun razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, bu vaxt da o həmin artıq iş saatlarına görə əlavə əmək haqqı almaq hüququ əldə edir.

Tədbir zamanı qeyri-formal məşğulluğun mənfi nəticələri barədə də ətraflı məlumat verilib. Hər bir işçi ilə əmək müqaviləsi bağlanılmasının işəgötürənlərin əsas vəzifələrindən biri olduğu qeyd edilib.

İşəgötürənlər “Məşğulluq” altsistemi, onun üstünlükləri, işçi və işəgötürənlər üçün  faydaları haqqında məlumatlandırılıb, bu altsistemdən istifadə qaydaları izah edilib.

Mənbə: sosial.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
iş vaxtının növləri, İşəgötürən