Maliyyə Nazirliyi xəbərdarlıq etdi

posted in: Maliyyə, Xəbər | 0
2017-ci il üzrə illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim və dərc edilməsi barədə
İctimai əhəmiyyətli qurumların, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarının və publik hüquqi şəxslərin nəzərinə!

Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları və publik hüquqi şəxslər  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 12.2-ci və 12-1.8-ci maddələrinə əsasən illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə Maliyyə  Nazirliyinə təqdim edirlər.Adıçəkilən Qanunun 12.3-cü və 12-1.9-cu maddələrinin tələblərinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan, habelə bu Qanunun 12.2-ci maddəsində qeyd olunan kommersiya təşkilatlarından və müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan publik hüquqi şəxslərdən internet səhifəsi olduqda, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının, qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə, həmin təşkilatın internet səhifəsində və mətbu orqanda dərc etdirməsi tələb olunur.

Sözügedən Qanunun 12-1.5-ci maddəsinə əsasən publik hüquqi şəxslər və adıçəkilən Qanunun tələblərinin yerinə yetirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş)maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci maddəsinə uyğun olaraq kommersiya təşkilatları hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Həmin Qaydaların 3.4-cü bəndinə əsasən kommersiya təşkilatının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi barədə məlumatlar onların tabe olduqları yuxarı təşkilat və ya təsisçi (təsisçilər) tərəfindən bu hesabatların sonuncu təqdimetmə günündən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə verilir.

Əlavə məlumat üçün aşağıdakı əlaqə telefonları ilə müraciət edə bilərsiniz:

Tel: 404 46 99,  daxili nömrələr 519, 126 , 163.

Mənbə: maliyye.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2017-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib

posted in: Audit, Maliyyə, Xəbər | 0

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2017-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

“Nexia EA” beynəlxalq audit şirkəti tərəfindən Beynəlxalq Audit Standartları əsasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2017-ci il üzrə maliyyə hesabatlarının auditi keçirilib.

“Nexia EA” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun aparıldığı müəyyən edilib.

Qeyd edək ki, artıq 10 ildir beynəlxalq audit şirkətləri tərəfindən İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun maliyyə hesabatlarının auditi aparılır.

Mənbə: apa.az

Bu bank yeni “Online hüquq məsləhətçisi” məhsulunu təklif edir

posted in: bank, Xəbər | 0

Azərbaycanda ilk dəfə bank VTB (Azərbaycan) müştərilərinə online rejimdə hüquq məsləhəti almağa imkan verən “Online hüquq məsləhətçisi” adlı  məhsul təklif edir.

Məhsul Avropa Hüquq Xidməti ilə birgə hazırlanıb və 8 ölkə – Azərbaycan, Rusiya, Ukrayna, Qazaxıstan, Belarus, Gürcüstan, Polşa və Almaniya qanunvericiliyini nəzərə alaraq müştərilərə istənilən vaxtı və onlayn rejimdə bir sıra məsələlər üzrə hüquq məsləhəti almağa imkan verir.

Təklif olunan xidmətlər sırasına standart sənədlərin və onların tərtib edilməsi üzrə təlimatların verilməsi, müxtəlif sənədlərlə bağlı məsləhətlər, biznes-layihələrin hazırlanmasında kömək, danışıqların aparılması, eləcə də bir sıra məsələlər üzrə, o cümlədən sahibkarlıq məsələləri üzrə şifahi hüquqi  məsləhətlər daxildir.

“Gündəlik həyatda tez-tez  hüquqi yardım və ya məsləhət tələb edən hadisələrlə rastlaşırıq. “Online hüquq məsləhətçisi” paketini əldə edərək bizim müştərilər şəxsi hüquqşünasları vasitəsi ilə həm ölkə daxilində, həm də xaricdə istənilən hüquqi məsələni həll edə bilər. Hüquqşünas müştərinin təmsilçisi kimi çıxış edərək onun yerinə danışıqlar da apara bilər” deyə – bank VTB (Azərbaycan)-ın Təhlil, metodologiya və bank məhsullarının hazırlanması şöbəsinin müdiri Rasim Xammədov qeyd edib. Müştərilərə “Online hüquq məsləhətçisi” məhsulunun 4 paketi təklif olunur, xidmətlərdən asılı olaraq paketin qiyməti 60 manatdan 125 manatadək dəyişir. Məhsuldan bir il ərzində istifadə etmək olar (əldə edən gündən etibarən).

“Online hüquq məsləhətçisi” xidmətinə bank VTB (Azərbaycan)-ın istənilən filialında qoşulmaq mümkündür. Hüquqşünasla əlaqə saxlamaq üçün aşağıdakı kommunikasiya kanallarından istifadə etmək olar: www.huquq24.az saytında şəxsi kabinet, elektron poçtu, Skype, 088 800 2323 nömrəli pulsuz telefon (Azərbaycan üçün).

Mənbə: apa.az

Bu dövlət qurumlarında işləyənlər üçün 5 gün qeyri-iş günü olacaq

posted in: Xəbər | 0

Bakıda keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Hökumət Evində yerləşən dövlət qurumları bir neçə gün işləməyəcək.

Orada fəaliyyət göstərən nazirlik, komitə və digər dövlət müəssisələrinin əməkdaşları 5 günlük tətilə buraxılacaqlar.

İşçilərin tətili aprelin 25-dən 30-nə qədər davam edəcək. Bu müddət ərzində Hökumət Evinə giriş qadağan olunacaq. Artıq dövlət qurumlarının əməkdaşlarına aprelin 25-dən işə gəlməməklə bağlı tapşırıq verilib. Hökumət Evində yerləşən qurumların əməkdaşları üçün son iş günü aprelin 24-ü olacaq. Aprelin 30-dan Hökumət Evində iş bərpa ediləcək.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi aprelin 27-dən 29-dək keçiriləcək. Hökumət Evi yarışların keçirildiyi əsas zonada yerləşir. Qran-pri həmin binanın qarşısından start götürəcək.

Xatırladaq ki, Hökumət Evində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və digər qurumlar yerləşir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.