Vergilər Naziri: Qloballaşma prosesi vergi orqanları üçün çətinlik yaradır

posted in: Xəbər | 0

“Qlobal şirkətlərin vergiləri minimallaşdırmaq məqsədi ilə müxtəlif sxemlərdən istifadə etməsi, yekun mənfəəti əldə etmək üçün qarşılıqlı asılı olan şəxslər arasında əməliyyatları və qiymətləri sövdələşmə yolu ilə planlaşdırması vergi orqanları üçün bir çox çətinliklər yaradır”.

Bunu “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Vergilər Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin təqdimat mərasimində vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun fikrincə, belə davranışdan yaranan vergi riskləri bu gün geniş yayılmış vergidən yayınma formalarından biridir: “Qloballaşma prosesinin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Azərbaycan da bu baxımdan müəyyən çağırışlarla üzləşir”.

Nazir həmçinin qeyd edib ki, tvinninq layihəsi üzrə keçirilmiş tenderin qalibi Yunanıstanın Vergi Administrasiyası və Beynəlxalq Avropa İqtisadi Hüquq Mərkəzidir.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergilər Naziri: Vergi Məcəlləsinin təkmilləşdirilməsi işləri aparılıb

posted in: Vergi, Xəbər | 0

“Ölkə prezidentinin tapşırığı ilə Azərbaycanın Vergi Məcəlləsinin və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi işləri aparılıb”.

Bunu jurnalistlərə vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, əsas məqsəd kiçik və orta sahibkarlığa tətbiq edilən vergi yükünün və vergi inzibatçılığının yüngülləşdirilməsidir: “Orta və iri müəssisələrdə daxili hesabatlılığın və şəffaflıq səviyyəsinin artırılması, onların vergi qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması qarşıya məqsəd kimi qoyulub. Son nəticədə həmin müəssisələrin rəqabət qabiliyyətliliyi təmin olunacaq, digər tərəfdən isə sabit vergi ödənişi hesabına dövlət büdcəsi gəlirlərinin təminatı olacaq. Bu da öz növbəsində dövlətin müvafiq sosial, infrastruktur və cari xərclərinin vaxtında yerinə yetirilməsi üçün zəmin yaradacaq. Sadə dillə desək vicdanlı vergi ödəyicisi ilə qanunu pozmağa çalışan vergi ödəyicisi arasında həm qanunvericilikdə, həm də inzibatçılıqda fərq getdikcə artacaq”.

Mənbə: report.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Aİ və Vergilər Nazirliyi vergidən yayınma hallarına qarşı tədbirlər hazırlayacaq

posted in: Vergi, Xəbər | 0

Bu gün Bakıda “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsinin açılış mərasimi keçirilib.

Vergilər naziri Mikayıl Cabbarov bu layihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Avropa İttifaqının nümayəndələrinə minnətdarlığını bildirib. Qeyd olunub ki, Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübənin ölkəmizin vergi sistemində tətbiqinə çalışır: “Vergi sahəsində aparılan islahatlar əlverişli sahibkarlıq və investisiya mühitinin yaradılması, vergitutmanın optimallaşdırılması, vergi sisteminin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması Vergilər Nazirliyinin fəaliyyətində prioritet istiqamətlər sırasındadır”.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas Vergilər Nazirliyi ilə Aİ arasında ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektiv planları barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycanda onlarla tvinninq layihəsinin icrası uğurla başa çatıb, bəzi layihələr üzrə işlər isə davam etdirilir. Bildirilib ki, “Transfer qiymətlərinin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” üzrə Tvinninq layihəsi Aİ ilə Azərbaycan arasında səmərəli əməkdaşlığa daha bir mühüm töhfə olacaq.

Açılış mərasimində Yunanıstanın Azərbaycan Respublikasındakı səfiri Nikolaos Kanellos, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndəsi Elisavet Adamantidou, həmçinin Tvinninq layihəsinin rezident müşavirləri və layihə rəhbərləri çıxış ediblər.

Layihə ilə bağlı təqdimatda bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən tvinninq layihəsi transfer qiymətləndirməsinə dair qanunvericiliyin və praktiki məsələlərin inzibatçılığı, habelə transfer qiymətləndirməsi üzrə auditin tətbiqi və icra edilməsi sahələrində Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənməyə və gələcəkdə mövcud qaydaların daha da təkmilləşdirilməsinin təmin olunmasına xidmət edəcək. Layihənin məqsədi transfer qiymətləndirməsi sahəsində audit prosesləri üçün effektiv resursların yaradılması və səmərəli auditin tətbiqi  məqsədilə Vergilər Nazirliyinə dəstək  verilməsidir.

Layihə üzrə 3 əsas nəticənin əldə olunması qarşıya məqsəd qoyulub. Bu məqsədlərə transfer qiymətləndirməsi sahəsində qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması, “vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi” sisteminin hazırlanması, inzibati nəzarət mexanizmlərinin yaradılması və bu sahədə Vergilər Nazirliyinin institusional potensialının artırılması daxildir.

Vurğulanıb ki, müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir. Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər tərəfindən həyata keçirilən  əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.

Tədbirdə Avropa İttifaqının və müxtəlif ölkələrin səfirləri, Vergilər Nazirliyinin, digər dövlət qurumlarının, Yunanıstan Milli gəlirlər üzrə müstəqil orqanının, Beynəlxalq və Avropa İqtisadi Hüquq Mərkəzinin nümayəndələri, ölkəmizdə həyata keçirilən digər tvinninq layihələrinin rezident tvinninq müşavirləri iştirak ediblər.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

İşdən çıxarıldığından xəbərsiz 1 ildən çox işləməyə davam edən əlil mühasib

posted in: muhasibat, Məqalə, Xəbər | 0

Salexardda (Rusiya) əlil mühasib işdən çıxarıldığını bilmədən bir ildən çox işləməkdə davam edibmiş.

Dairə prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Salexard sakini olan bir qadın 2015-ci ilin noyabr ayında şəhər Məşğulluq mərkəzi ilə müqavilə əsasında şirkətlərdən birində işə qəbul edilib. İmzalanmış müqavilə çərçivəsində cəmiyyətin direktoru əlil üçün evindən çalışmaqla onu daimi işə qəbul edib.

Lakin, sonradan məlum olub ki, sözügedən şirkət onunla müqavilə imzalamayıb və adına əmək kitabçası belə açmayıb. Bundan əlavə, işə düzəldiyindən iki ay sonra direktor qadını qeyri-qanuni işdən çıxarıbmış. Bu azmış kimi, mühasibi heç işdən çıxarılma aktı ilə tanış belə etməyiblərmiş. Bunlardan xəbərsiz olan əlil qadın əmək haqqı almasa da, 2017-ci ilin martına kimi işləməkdə davam edib.

Yalnız il yarım sonra qadın prokurorluğa hüquqlarının pozulması faktı ilə müraciət edib.

1-ci qrup əlil olan qadının maraqlarını müdafiə edən prokuror məhkəməyə müraciət edib. Məhkəmə sözügedən şirkətin işdən çıxarma əmrini qeyri-qanuni hesab edib və həmin müəssisəyə əlil qadınla qeyri-müəyyən müddətə əmək müqaviləsi bağlamağı, onun üçün əmək kitabçası açılmasını və orada işə qəbul və işdən çıxarılma ilə bağlı qeydlərin aparılmasını tələb edib.

Bundan əlavə, şirkət əlilə əmək haqqı borclarını ödəməklə yanaşı, dəymiş maddi zərərlə də bağlı ödəniş etməlidir.

Cavabdeh məhkəmə qərarından apellyasiya şikayəti versə də, ikinci instansiya məhkəməsi də hökmü qüvvəsində saxlayıb.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.