Qısaldılmış iş vaxtı necə tətbiq olunur

posted in: Xəbər | 0

Azərbaycanda standart iş vaxtı  gündəlik 8 saatdan, həftədə 40 saatdan artıq ola bilməz. Hər bir işçi kateqoriyası üçün illik iş vaxtı norması Əmək Məcəlləsinin müddəalarına uyğun təyin edilir, əmək müqaviləsində həftəlik normal iş vaxtı qeyd edilir. Qanunvericilikdə təşkilatın, onun ayrı-ayrı struktur bölmələrinin iş rejimindən asılı olaraq onun aşağıdakı növləri tətbiq edilir:
• tam iş vaxtı;
• qısaldılmış iş vaxtı;
• natamam iş vaxtı.
Standart iş həftəsinin 40 saata qədər davam edə bilməsinə baxmayaraq, müəyyən kateqoriya işçilərin, əməkhaqqı azaldılmadan, iş saatlarının azaldılması hüququ var.

Qısaldılmış iş vaxtı nədir?

Bu, tərkibi normativ hüquqi aktlarda nəzərdə tutulmuş bəzi işçi kateqoriyaları üçün müəyyən edilmiş əmək zəmanətidir. Qısaldılmış iş vaxtı işçiləri peşə fəaliyyəti ilə bağlı əlverişsiz amillərdən qorumaq üçün tətbiq edilir və onun müddəti şəxsin yaşından, vəzifəsindən, səhhətindən, ailə vəziyyətindən  ailə şəraitindən asılı ola bilər.

Qısaldılmış iş vaxtı – qanunla müəyyən edilmiş normal iş vaxtı ilə müqayisədə daha qısa iş vaxtı rejimidir.

Qısaldılmış iş vaxtı işçi adi 40 saatlıq həftə ilə müqayisədə daha az saat işləyir. Belə işçi kateqoriyalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  • yaşa görə;
  • sağlamlıq durumuna (səhhətə) görə;
  • əmək şəraitinə görə.

Yaşa görə qısaldılmış iş vaxtı aşağıdakılar tətbiq olunur:

  • 16 yaşa çatmamış işçilərə – həftəlik 24 saatdan çox olmamaqla; 
  • 16  yaşdan 18 yaşadək işçilərə –  həftəlik 36 saatdan çox olmamaqla.

Aşağıdakı işçilərin sağlamlıq durumuna görə qısaldılmış iş vaxtı belə tətbiq olunur:

  • əlilliyi orqanizmin funksiyalarının 61-100 faiz pozulduğu üçün müəyyən edilən şəxslərə;
  • hamilə qadınlara;
  • yaş yarımadək uşağı olan qadınlara;
  • təkbaşına 3 yaşadək uşağını böyüdən valideynlərə.

Əmək şəraiti və əmək funksiyalarının xarakterindən asılı olaraq qısaldılmış iş vaxtı Əmək Məcəlləsinin aşağıdakı maddələrinə uyğun şərtlər çərçivəsində tətbiq olunur:

  • Maddə 92: “Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilər – həftədə 36 saatdan çox olmamaqla”;
  • Maddə 93: “Yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən amillər olan əmək şəraitli iş yerlərində çalışanlar (həkimlər, müəllimlər, elektroteхniki qurğularda, cihazlarda və qanunvericilikdə nəzərdə tutulan digər iş yerlərində işləyənlər) – həftə ərzində 36 saatdan çoх olmamaq şərti ilə”.

Əmək şəraitinə görə qısaldılmış iş vaxtı müəyyən edilən  peşə və vəzifələrin tərkibi Azərbaycan Respublikası Nazirlər Kabinetinin uyğun qərarı ilə tənzimlənir.

Qısaldılmış iş vaxtı natamam iş vaxtından nə ilə fərqlənir?

Həm qısaldılmış, həm də natamam rejimdə iş saatlarının tam iş vaxtına nisbətən azaldılmasına baxmayaraq, qısaldılmış iş vaxtı natamam iş vaxtı hesab edilmir. Belə ki, birinci halda iş vaxtı qanunvericiliyin tələblərinin icrası üçün tətbiq edilir, məcburidir. İkinci halda isə tərəflərin razılığı ilə, könüllük əsasında müəyyən edilir; bunu əmək müqaviləsi bağlanarkən yaxud onun qüvvədə olduğu sonrakı müddətdə razılaşdırmaq olar. Yəni:

  • natamam iş vaxtına keçid könüllü təşəbbüsdür;
  • işəgötürən mütəxəssisin istəklərini nəzərə almalıdır, lakin istehsal şəraitinə zərər verməməlidir.

Qısaldılmış iş vaxtı rejimində işçilərə də qanunvericiliklə müəyyən edilmiş şərtlər daxilində natamam iş vaxtı rejimi tətbiq edilə bilər. Bu halda natamam iş vaxtı və uyğun əməkhaqqı işçinin çalışdığı qısaldılmış iş vaxtına nəzərən hesablanır. 

Qısaldılmış iş vaxtının xarakterik əlamətləri

Beləliklə:

  • onun müddəti tam iş vaxtına nisbətən azdır;
  • müvafiq əsaslar mövcud olduqda qanunun xüsusi göstərişinə əsasən işçilərin qısaldılmış iş vaxtında işləmək hüququ yaranır;
  • onun müddəti, təyin edilməsi şərtləri normativ hüquqi aktlarda, məcburi hal kimi müəyyən edilib;
  • qısaldılmış iş vaxtı normativ aktlarda (əmək müqaviləsi, kollektiv müqavilə və sair) nəzərdə tutula bilər.
  • onun tətbiqi işəgötürənin vəzifəsidir, ondan imtina edilə yaxud müddəti artırıla bilməz;
  • onun tətbiqi zamanı  əməkhaqqı normal iş vaxtı üçün nəzərdə tutulmuş məbləğdə müəyyən edilir, amma 18 yaşına çatmamış işçilər istisnadır; lakin onlara  işəgötürən öz hesabına onlara gündəlik işin tam müddəti üçün müvafiq kateqoriyadan işçilərin əməkhaqqı səviyyəsinə qədər əlavə ödənişlərin edilməsi mümkündür.

Onu da qeyd edək ki, işə başlayan işçinin  qısaldılmış iş vaxtı hüququ varsa, onunla əmək müqaviləsində bu iş qrafiki ilə bağlı müddəa olmalıdır.

Əmək məzuniyyəti əmri necə rəsmiləşdirilir

Azər Qənbərov: “Vergi auditi qanunvericiliyə uyğun aparılır”

posted in: Xəbər | 0

İstifadə olunan ən müasir texnologiyalar və proqramlar mühasibat və  vergi uçotunun əhəmiyyətini azaltmır. Bir çox mütəxəssislər də auditin aparılması və hesabatların hazırlanmasında bu məqamın vacibliyini xüsusi vurğulayırlar. Sahibkarlar üçün vergi auditinin əhəmiyyəti, onun həyata keçirilməsi metodları və formaları barədə suallara vergi eksperti Azər Qənbərov cavablandırır:Sahibkarlar üçün vergi auditinin əhəmiyyəti, onun həyata keçirilməsi metodları və formaları barədə suallara vergi eksperti Azər Qənbərov cavablandırır:

– Azər müəllim, gəlin burdan başlayaq, vergi auditi nədir və bu, tərəflərə nə verir?

– Bildiyimiz kimi, sahibkarlıq fərdi sahibkarın, hüquqi şəxsin malların, işlərin, xidmətlərin təqdim edilməsi ilə bağlı mənfəət əldə etməsi üçün bir fəaliyyətdir. Sahibkarlıq fəaliyyətinin yerinə yetirilməsi zamanı müəyyən məcburi tələblər qoyulur. Sahibkar qanuni sahibkarlığı həyata keçirməli, qaydalara riayət etməlidir. Vergi hesabatlarını vaxtında təqdim etməli, öhdəliklərini yerinə yetirməlidir və s. Bu tələblərə əməl edilməsinə nəzarət isə vergi auditi vasitəsilə həyata keçirilir. Bu, sahibkarları öz işlərini qanunvericilik çərçivəsində qurmağa, uçotu doğru aparmağa, hesablarını tələb olunan çərçivədə tərbit edib göndərməyə təşviq edir.

– Vergi auditi zamanı hansı metodlardan istifadə edilə bilər? Bunun sahibkara və büdcəyə nə kimi faydaları toxunur?

– Öncə onu qeyd edim ki, vergi orqanının məqsədi sahibkarı cəzalandırmaq deyil. Əgər həqiqətən də sahibkar vergi qanunvericiliyinin tətbiqində nöqsanlara yol veribsə, əvvəlcə ona xəbərdarlıq edilir, digər məlumatlandırıcı məktublar göndərilir və s. Vergi auditi bunun üçün nəzərdə tutulub. Vergi auditinə səyyar vergi yoxlaması ilə yanaşı, kameral yoxlamalar, xronometrajın və operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi də daxildir. Vergi orqanı həm də investisiya fəaliyyətini təşviq edir. Eyni zamanda sahibkarların qanunvericiliyə riayət edərək fəaliyyət göstərmələrinə və vergiləri düzgün hesablayıb ödəmələrinə çalışır. Lakin sahibkarlıq fəaliyyətində hər hansı bir qanun pozuntusuna yol verilərsə, vergi orqanı, təbii ki, səyyar vergi yoxlaması təyin edir və yaxud kameral qaydada yoxlayaraq əlavə vergilər hesablayır. Bunun üçün də müəyyən əsaslar, səbəblər olmalıdır. Məsələn, vergi ödəyici vergiləri düzgün hesablamırsa, dövriyyəni azaldırsa, xərcləri sünu şəkildə artırırsa, əməkhaqqının hesablanmasında qanun pozuntularına yol verirsə, vergilərin hesablanması və ödənilməsi baxımından ardıcıl olaraq gecikmələrə yol verirsə, vergi orqanı onun barəsində tədbir görməli olur. Digər tərəfdən, vergi auditinin keçirilməsi ilə bağlı fərqli seçimlər də var. Məsələn, proqram təminatına əsasən seçim ola bilər. Süni intellekt özü müəyyən nüansları nəzərə alaraq vergi ödəyicisində yoxlama aparmağa müsbət və ya mənfi cavab verə bilər. Ona görə də burada vergi ödəyicisinin özünün də vergi qanunvericiliyinə düzgün riayət etməsi məsələsi önə çıxır. Yəni onlar vergi hesabatlarını elə göndərməli, yaxud mühasibat uçotlarını elə qurmalıdırlar ki, sabah onlara maliyyə sanksiyası tətbiq olunmasın.

– Eyni zamanda vergi auditinin aparılması üçün risklər də müəyyənləşdirilir. Bunlar hansılardır?

– Vergi auditinin aparılması üçün risklər sahəvi və universal olmaqla 2 hissəyə ayrılır. Universal risklər yuxarıda qeyd etdiyim hallardır – əməkhaqqının, vergilərin hesablanması və gec ödənilməsi, dövriyyənin azaldılması, xərclərin artırılması, rentabelliyin azalması. Sahəvi risklər isə təsərrüfat fəaliyyəti və obyektlər üzrə eyni biznes ölçülü, eyni fəaliyyət sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinda aparılan audit zamanı vergi ödəyicilərinin müqayisəsi nəticəsində yeni risklərin yaranması ilə bağlıdır. Bu risklər vertikal və mütənasib qaydada təhlil olunur. Vertikal təhlildə vergi ödəyicisinin gəlirləri, xərcləri və onun vergi göstəriciləri digər eyni biznes ölçülü, eyni fəaliyyət sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri ilə müqayisə edilir və onun əsasında risklər ortaya çıxarılır. Digər təhlil növündə isə vergi ödəyicisinin özünün əvvəlki hesabat dövrlərində verdiyi vergi hesabatları, yəni dövriyyənin azalma səbəbləri, vergi ödənişinin az olması səbəbləri araşdırılır. Elə vergi ödəyiciləri var ki, kifayət qədər dövriyyəsinin olmasına baxmayaraq, az məbləğdə vergi ödəyib. Təbii ki, bu, sual yaradır və vergi auditi məhz bu istiqamətdə tətbiq oluna bilir.

– Təcrübədə hansı hallarla rastlaşırsınız? Sahibkarlar vergi auditinə cəlb olunmamaları üçün nə etməlidirlər?

– Vergi ödəyicilərinin auditə münasibəti müxtəlif ola bilər. Məsələn, kameral vergi yoxlamaları zamanı müəyyən anlaşılmazlıqlar yaşanır. Bəzən vergi ödəyicilərindən eşidirəm ki, “mənfəət vergisi bəyannaməsinə kameral gəlib, nə qədər izah veririk, ancaq bu, anlaşılmır”. Mən onlara izahatın doğru formada verilməsini tövsiyə edirəm. Çünki vergi orqanı işçilərinin sayı az, vergi ödəyicilərinin sayı isə çoxdur. Ona görə də məktublarda qısa formada izahedici cədvəllər yerləşdirilməlidir ki, vergi orqanının əməkdaşı onu oxumaqda çətinlik çəkməsin və məsələni sizin xeyrinizə həll etsin. Dəfələrlə şahidi olmuşuq ki, izahedici məktublar aydın şəkildə yazılanda kameral vergi məbləği ləğv edilib. Ancaq ümumi cümlələrlə yazılanda anlaşılmazlıq yaranır və vergi orqanı onu ləğv etmir.

Mənfəət vergisi bəyannaməsini təqdim edərkən onun 1 saylı əlavəsində də belə problemlər ortaya çıxır. Vergi ödəyicisi onu tam şəkildə izah edə bilmir. Ancaq düzgün izah olunursa, həmin uyğunsuzluq məktubunun bağlanması ilə nəticələnir. Bəzən isə vergi ödəyicisi özü bilərək səhv edir. Tutaq ki, vəsaitdən başqa məqsədlər üçün istifadə edib, dövlət büdcəsinə olan vergi borcunu ödəmir, gecikdirir. Bu zaman, təbii ki, vergi orqanı güzəştə getmir. Kameral məbləğ hesablanır, bank hesabına sərəncam verilir. Bundan sonra vergi ödəyicisi dəqiqləşdirilmiş hesabat verməyə məcbur olur.

– Vergi auditinin uğurlu keçməsi həm də uçotun düzgün qurulmasına bağlıdır. Bununla bağlı sahibkarlara nə tövsiyə edərdiniz?

– Əvvəlki dövrlərlə müqayisədə indi vergi auditi çox dəyişib, qanunvericiliyin tələblərinə uyğun audit aparılır, məktublara obyektiv baxılır. Vergi ödəyicilərinə tövsiyə edərdim ki, peşəkar mühasiblərlə işləməyə üstünlük versinlər. Bir müəssisədə peşəkar mühasibin olması həm də qanunvericiliyin tələbidir. Onlar olmadıqda fərdi sahibkarlar və hüquqi şəxslər üçün növbəti problemlərin yaranmasına gətirib çıxarır. Hazırda texnologiyanın inkişafı uçot sisteminə də müsbət təsir edir, mühasiblərin istifadə etdiyi bir sıra müasir proqram təminatları mövcuddur. Bunlar mühasiblərin işini yüngülləşdirir, bəzi hallarda onların sayının azalmasına səbəb olur. Lakin mühasibat uçotunda insan amilini danmaq olmaz, hər bir müəssisə üçün peşəkar mühasib vacibdir. Xüsusilə, kənd təsərrüfatı sektorunda uçotun aparılması çox vacibdir. Bu sektorda müəyyən vergi güzəştləri və azadolmalar tətbiq olunur. Bu, bəzən onlarda arxayınçılıq yaradır ki, müəssisə vergidən azaddırsa, uçot aparmalı deyil. Ancaq bu, yanlış yanaşmadır. Çünki bu güzəştlər müəyyən müddət üçün nəzərdə tutulub. Həmin müddət bitdikdən sonra hesabatların verilməsi və vergilərin düzgün hesablanması üçün mal qalığının çıxarılması, digər xəclərin hesablanması və s. lazımdır. Ona görə də bütün dövrlərdə uçotun düzgün aparılması zərurəti yaranır.

Mənbə: vergiler.az

Öz hesabına (ödənişsiz) məzuniyyət əmrinin ləğvi: forma nümunəsi

Əmək məzuniyyəti əmri necə rəsmiləşdirilir

posted in: Xəbər | 0

Əmək məzuniyyəti necə verilir?

AR Əmək Məcəlləsinə uyğun olaraq, işəgötürən işçilərə iş yerini (vəzifəsini) və əməkhaqqını saxlamaq şərtilə illik məzuniyyətlər verməyə borcludur. İşçinin ilk iş ili üçün məzuniyyətdən istifadə hüququ bu müəssisədə altı ay fasiləsiz işlədikdən sonra yaranır. Lakin bəzi hallarda işçiyə tərəflərin razılığı ilə altı aydan əvvəl ödənişli məzuniyyətin verilməsi mümkündür (ƏM, maddə 131). Növbəti iş dövrləri üçün məzuniyyət ilin istənilən vaxtında məzuniyyət cədvəlinə uyğun olaraq verilə bilər və əsas məzuniyyətin müddəti 21 təqvim günündən az olmamalıdır. Məzuniyyət müddətinə düşən qeyri-iş günləri məzuniyyətin təqvim günlərinin sayına daxil edilmir və ödənilmir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək də verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 14 təqvim günündən az olmasın. Məzuniyyətin verilməsi qaydası aşağıdakı ardıcıllıqla aparılır:

  • təqvim ili üçün məzuniyyət cədvəli yaradılır;
  • işçilərə qarşıdan gələn məzuniyyət barədə məlumat verilir;
  • işçinin ərizəsi qəbul edilir, bəzi hallarda isə əlavə sənədlər tələb olunur;
  • əmək məzuniyyəti əmri verilir;
  • müvafiq mühasibat sənədləri hazırlanır.

Məzuniyyət cədvəli hər təqvim ili üçün yanvar ayının sonuna qədər tərtib olunur. Müəssisənin rəhbəri və həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiq edildikdən sonra cədvəl bütün işçilərin nəzərinə çatdırılmalıdır. İşəgötürən qrafik üzrə məzuniyyətin başlamasına ən azı on gün qalmış işçini xəbərdar etməli və məzuniyyət üçün ərizə yazmağı ona təklif etməlidir. Ərizə əsasında işçiyə əmək qanunvericiliyinə uyğun əmək məzuniyyətinin verilməsi üçün əmr hazırlanır.

Əmək məzuniyyəti əmri işçinin məzuniyyətə başlaması üçün əsas sənəddir. Məzuniyyət növünün əhəmiyyəti yoxdur: illik əsas məzuniyyət, əlavə məzuniyyət, təhsil, analıq məzuniyyəti, öz hesabına, fərq etməz, istənilən halda məzuniyyət əmri işçinin istirahətə başlaması üçün əsasdır.

Məzuniyyət üçün ərizə formasını yüklə

Məzuniyyət əmrinə hansı məlumatlar daxil edilir?

Əmək məzuniyyəti əmri (sərəncam, qərar) məzuniyyətin başlamasına azı 5 gün qalmış verilir və işçi onunla tanış edilir. Buradan da aydın olur ki,  işçi ərizəni ən azı 5 gün əvvəldən yazıb təqdim etməlidir. İşçiyə məzuniyyət vaхtı üçün orta əməkhaqqının verilməsi qanunvericiliklə müəyyən olunmuş təminatlardan biridir və o, məzuniyyətin başlamasına ən geci 3 gün qalmış ödənilir.

Əmrdə (sərəncamda, qərarda):

  • təşkilatın adı;
  • əmrin nömrəsi və onun hazırlanma tarixi;
  • işçinin adı, atasının adı və soyadı;
  • işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
  • verilən məzuniyyətin növü, müddəti;
  • müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
  • məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
  • işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
  • işçinin imzası göstərilməlidir.

Əmək məzuniyyəti əmri işçilərə qanuna, əmək və kollektiv müqaviləyə, təşkilatın yerli normativ hüquqi aktlarına  uyğun olaraq  verilən məzuniyyətlərin qeydiyyatı və uçotu üçün əsas hesab olunur. Əmrin forması kadrlar şöbəsinin əməkdaşı və ya səlahiyyətli şəxs tərəfindən tərtib edilir, müəssisənin rəhbəri və ya onun səlahiyyətli şəxsi tərəfindən imzalanır. Təsdiq edilmiş sənədin surəti mühasibatlığa göndərilir və işçiyə məzuniyyət haqqı hesablanaraq ödənilir. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.

İllik ödənişli əmək məzuniyyəti əmri hazırlamaq üçün əlavə sənədlər tələb olunmur. Adətən əlavə sənədlər aşağıdakı hallarda zəruridir:

  • hamiləlik və doğuma görə məzuniyyət – tibb müəssisəsi tərəfindən verilən xəstəlik haqqında arayış;
  • qismən ödənişli məzuniyyət – uşağın doğum haqqında şəhadətnaməsi və ikinci valideynin belə məzuniyyətdə olmadığını təsdiq edən arayış.

Məzuniyyət əmri rəhbər yaxud digər səlahiyyətli şəxs tərəfindən imzalanır. Məsələn, bu insan resursları şöbəsinin rəhbəri də ola bilər. Bundan sonra işçinin özü məzuniyyət əmri ilə tanış olmalı və imzalamalıdır.

Əmək məzuniyyət əmri üçün formanı yüklə

Məzuniyyət hüququ yaranan iş ili necə müəyyən edilir?

Məzuniyyətin verilməsi əmrində “iş ili üçün” sütununda həmişə işçinin fərdi iş ili göstərilir. İşçinin hər iş ili üçün məzuniyyət hüququ vardır (AR Əmək Məcəlləsi, 113.3-ci maddəsi). Əmək məzuniyyəti əmrində işçinin bu hüquqdan istifadə etdiyi iş ili göstərilir. Bu, cari iş ili və ya işçinin istifadə olunmamış məzuniyyətlərini topladığı təqdirdə, əvvəlki dövrlər ola bilər.

İş ili, bir qayda olaraq, təqvim ili ilə üst-üstə düşmür. Onun başlanğıcı işçinin işə qəbul edildiyi andan sayılır. Məsələn, bir işçi 1 dekabr 2021-ci ildə işə düzəlibsə, onun ilk iş ili 1 dekabr 2021-ci ildən 30 noyabr 2022-cü il tarixinədək olan dövrdür. İkinci iş ili 2022-cü il dekabrın 1-dən 2023-cu il noyabrın 30-dək və s. olacaq.

Bir neçə iş ili üçün əmək məzuniyyəti necə rəsmiləşdirilir?

Əgər əmək məzuniyyəti iki iş ili üçün verilirsə, hər iki dövr əmək məzuniyyəti əmrində əks etdirilir. Bu, istifadə olunan məzuniyyət günlərinin uçotunu düzgün aparmağa, ən əsası Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddialarından qaçmağa kömək edəcək. Əmək məzuniyyəti əmrinin hazırlanması zamanı iş ilinin göstərilməsi üçün üç variantdan istifadə edilə bilər:

  1. Birinci variantda “iş ili üçün” sətrində birinci iş ilinin başlama tarixini və ikinci ilin bitmə tarixini yaza bilərsiniz, məsələn, “13/06/2020-cı il tarixdən 13/06/2022-cı il tarixədək iş ili üçün”. Əgər iş illərinin qalaqlarının uçotu üçün ayrı-ayrı cədvəllərdən yaxud hansısa başqa üsuldan istifadə edilirsə, bu seçim əlverişlidir.
  2. İkinci variantda əmr formasına ikinci iş ilini daxil etmək üçün daha bir sətir əlavə etmək olar.
  3. Üçüncü variantda müxtəlif iş ili üçün məzuniyyətə görə iki ayrı əmr vermək olar. Adətən şirkətlər kadr uçotunun aparılması üçün tətbiq etdikləri kompüter proqramını yenidən konfiqurasiya edə bilmədikdə ayrıca məzuniyyət əmri hazırlanması variantından istifadə edirlər.

İkinci və üçüncü üsullar istifadə edilmiş əmək məzuniyyəti günlərinin dəqiq uçotunu aparmağa, bu barədə məlumatları işçinin şəxsi uçot kartına daxil etməyə imkan verir.

İşçi illik məzuniyyətin yalnız bir hissəsindən istifadə etsə belə, əmək məzuniyyəti əmrinə həmişə tam iş ilini daxil etmək lazımdır.

Konsalidə edilmiş maliyyə hesabatları

Azərbaycanda vergi ödəyicilərinin sayı 6 %-ə yaxın artıb

posted in: Xəbər | 0

Bu il noyabrın 1-nə Azərbaycanda 1 583 592 vergi ödəyicisi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verir ki, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 5,6 % çoxdur.

Vergi ödəyicilərinin 87,1 %-i fiziki şəxslər, 12,9 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 5,4 %, hüquqi şəxslərin sayı isə 7,3 % artıb.

Oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 187 674 vahid təşkil edib və bu, 1 il əvvələ nisbətən 8 % çoxdur.

Təkcə bu ilin yanvar-oktyabr aylarında 11.670 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 89,3 %-i yerli investisiyalı, 10,7 %-i xarici investisiyalıdır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 82,8 %-i elektron qaydada, 17,2 6%-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. Kommersiya qurumlarının 9 658-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 7 841-i “ASAN İmza”, 1 783-ü finkod+mobil üsulu, 34-ü isə “SİMA” rəqəmsal imza vasitəsilə müraciətlər əsasında qeydiyyatdan keçib.

Noyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 39 399 vahid təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 15,4 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,2 % təşkil edib.

Son 1 ildə aktiv kommersiya qurumlarının sayı isə 10,8 % artıb.

Mənbə: report.az

Vergi ödəyicilərinin dövlət qeydiyyatı və vergi uçotu

1 261 262 263 264 265 266 267 2. 683