Emal məsrəfləri

posted in: Xəbər | 0

Ehtiyatların emal məsrəflərinə məhsul vahidləri ilə birbaşa bağlı olan məsrəflər daxildir. Əlavə olaraq, hazır məhsulun əldə edilməsi üçün xammalın emalı zamanı yaranan daimi və dəyişən istehsal qaimə xərclərinin müntəzəm şəkildə bölüşdürülməsi də emal məsrəflərinə aiddir. Daimi istehsal qaimə məsrəflərinə istehsal həcmindən asılı olmayaraq, nisbətən dəyişməz qalan, istehsalda istifadə olunan binalar və avadanlıqların amortizasiyası və onlara aid xidmətin göstərilməsi və inzibati-idarəetmə istehsal məsrəfləri kimi dolayı istehsal məsrəfləri aiddir. Dəyişən istehsal qaimə məsrəflərinə istehsal həcmindən birbaşa və ya təqribən birbaşa asılı olan, dolayı material məsrəfləri və dolayı əmək haqqları kimi dolayı istehsal məsrəfləri aiddir.


İstehsal qaimə məsrəflərinin emal məsrəfləri üzrə bölüşdürülməsi müəssisənin normal iş şəraitində mövcud olan istehsal gücünə əsasən həyata keçirilir. Normal istehsal gücü – planlı texniki qulluğun göstərilməsi nəticəsində istehsal gücü üzrə itkilər nəzərə alınmaqla, normal fəaliyyət zamanı bir neçə dövr və ya iş mövsümü üzrə orta göstəricilər əsasında hesablanaraq əldə edilməsi gözlənilən istehsal həcmidir. Müəssisənin faktiki istehsal dərəcəsi, onun normal istehsal gücünə təxminən uyğun olduğu halda istifadə edilə bilər. Məhsulun hər bir vahidinə aid edilən daimi qaimə məsrəflərin məbləği istehsal dərəcəsinin aşağı olması və ya avadanlığın işsiz dayanması nəticəsində artmır. Bölüşdürülməmiş qaimə məsrəfləri yarandığı dövr üzrə xərc kimi tanınır. İstehsalın son dərəcədə yüksək olduğu dövrlərdə məhsulun hər bir vahidinə aid edilən daimi qaimə məsrəflərin məbləği azalır və beləliklə ehtiyatlar öz ilkin dəyərindən artıq səviyyədə qiymətləndirilmir. Dəyişən istehsal qaimə məsrəfləri hər məhsul vahidinə istehsal obyektlərinin faktiki istismarı əsasında aid edilir.


İstehsal prosesi nəticəsində eyni vaxtda bir neçə məhsul istehsal edilə bilər. Belə hal, məsələn malların birgə istehsalı zamanı və ya əsas məhsulun istehsalı əlavə məhsulun istehsalı ilə əlaqəli olduqda yarana bilər. Hər bir məhsulun emal məsrəfləri ayrıca müəyyənləşdirilə bilmədikdə, onlar məhsullar arasında rasional və ardıcıl surətdə bölüşdürülür. Bölüşdürmə, məsələn hər məhsulun ya istehsal prosesinin məhsulların eyniləşdirilə bilən mərhələsində ya da istehsalın bitməsi mərhələsində nisbi satış dəyərinə əsaslana bilər. İkinci dərəcəli məhsullar, maddi dəyər baxımından təbiətcə əhəmiyyətli olmurlar. Belə hallarda, onlar adətən mümkün xalis satış dəyəri ilə qiymətləndirilir və bu məbləğ əsas məhsulun ilkin dəyərindən çıxılır.  Nəticədə, əsas məhsulun balans dəyəri onun ilkin dəyərindən əhəmiyyətsiz dərəcədə fərqlənir.


Təsərrüfatdaxili hesablaşmalar hesabı

posted in: Xəbər | 0

Ayrıca balansda olan filiallar, nümayəndəliklər, şöbələr və digər bölmələrlə ayrılmış əmlak, material qiymətlilərinin qarşılıqlı buraxılışı, məhsul satışı, ümumidarə fəaliyyətinə xərclərin verilməsi və s. bütün növ hesablaşmalar haqqında məlumatların ümumiləşdirilməsi üçün 79 N-li “Təsrrüfatdaxili hesablaşmalar” hesabından istifadə edilir.

Müvafiq hesabın tərkibində aşağıdakı subhesablar açmaq olar:

79-1 “Ayrılmış əmlak üzrə”

79-2 “Cari əməliyyatlar üzrə” və s.

Hesab üzrə analitik uçot müəssisənin hər bir filialı, nümayəndəliyi, şöbəsi, yaxud digər ayrı bölməsi üzrə aparılır.

Törəmə müəssisələrlə hesablaşmalar

posted in: Xəbər | 0

Törəmə müəssisələrlə bütün növ cari hesablaşmalar (balansarxası hesablaşmalar) haqqında məlumatların ümumiləşdirilməsi üçün 78 N-li “Törəmə (asılı) müəssisələrlə hesablaşmalar” hesablaşma hesabı nəzərdə tutulmuşdur. Hesab üzrə analitik uçot hər bir törəmə müəssisə üzrə aparılır.

Təsisçilərlə hesablaşmalar

posted in: Xəbər | 0

Hazırda bazar iqtisadiyyatına keçidlə əlaqədar, özəlləşdirmə və digər bu kimi səbəblərin nəticəsində çoxlu miqdarda birgə müəssisələr, səhmdar cəmiyyətləri yaranmışdır ki, nəticədə hüquqi, yaxud fiziki şəxslər olan təsisçilərin sayı xeyli artmışdır. Müəssisənin fəaliyyət istiqaməti, idarə edilməsi, təsisçilərin hüquqları, gəlirin bölüşdürülməsi, nizamnamədə dəyişikliklər edilməsi, yığıncaqların keçirilmə qaydası, rəhbər işçilərin təyin edilməsi, müəssisənin ləğv edilmə qaydası və s. təsis müqaviləsində öz əksini tapır. Müəssisənin ali orqanı təsisçilərin ümumi yığıncağıdır. Hər hansı bir qərarın qəbul edilməsi yığıncağın protokolunda qeyd olunur.

Müəssisənin nizamnamə kapitalına qoyuluşlar, gəlirlərin ödənilməsi və sairə üzrə təsisçilərlə bütün növ hesablaşmalar haqqında məlumatlar 75 N-li “Təsisçilərlə hesablaşmalar” hesabında əks etdirilir.

Aparılan hesablaşmaların xarakterindən asılı olaraq 75 N-li “Təsisçilərlə hesablaşmalar” hesabına aşağıdakı subhesablar açmaq olar:

75-1 “Nizamnamə kapitalına qoyuluşlar üzrə hesablaşmalar”

75-2 “Gəlirlərin ödənilməsi üzrə hesablaşmalar ” və s.

75 N-li “Təsisçilərlə hesablaşmalar” üzrə analitik uçot hər bir təsisçi üzrə aparılır.