APREL AYININ VERGİ TƏQVİMİ

posted in: muhasibat, Xəbər | 0

APREL 

B.e Ç.a. Ç. C.a. C. Ş B.
  1 2
3 4 5 6
7
8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
Qeyd: Verginin ödənilmə və bəyannamənin (o cümlədən arayışın) verilmə müddətinin sonuncu günü təqvimdə sarı rənglə qeyd edilmişdir. Həmin gün istirahət və ya bayram gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

Ödənilən vergi:

17 aprel – «(1) və (2)».

20 aprel – «(1-1)», «(1-2)», «3», «4», «7», «8», «9», «(9-1)», «10.1», «10.2», «10.3» və «11».

«(1) və (2)»Gəlir və Mənfəət vergisi: Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.

Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.

Birinci metod: Hər rüb üçün cari ödəmələrin məbləği əvvəlki vergi ilində hesablanmış verginin 1/4 hissəsi məbləğində müəyyən edilir.

İkinci metod: Cari rübdəki gəlirin məbləğini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyən edilir.

Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dən gec olmayaraq bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir.

Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir.

Əvvəlki vergi ilində fəaliyyəti olmayan və növbəti vergi ilndə fəaliyyət göstərən, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyiciləri mənfəət və ya gəlir vergisi üzrə cari vergi ödəməlrini təqvim ili ərzində rüblər üzrə artan yekunla hesablamalı, cari vergi ödəmələrinin məbləği mənfəətdən və ya gəlirdən verginin məbləğinin 75 faizindən az olmamalı, rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir.

«(1-1)» Gəlir vergisi (xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübüdür.

Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablamalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidir.

Xüsusi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) hesablanan gəlir vergisi barədə “Xüsusi notariusun gəlir vergisi bəyannaməsi” hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

(«1-2») – Gəlir vergisi (İdman mərc oyunları üzrə) İdman mərc oyunlarından uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır.

İdman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində vergini tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və “İdman mərc oyunlarından uduşlar əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

«3» Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.

«4» Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və vergi orqanına bəyannamə verilməlidir.

«7»Yol vergisi üçün hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

«8»Mədən vergisi: Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Mədən vergisinin ödəyicisi hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.

«9» Sadələşdirilmiş vergi: Sadələşdirilmiş vergi üzrə hesabat dövrü rübdür. Sadələşdirilmiş verginin ödəyicisi olan şəxs hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyir.

(«9-1») – Sadələşdirilmiş vergi (Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə) – Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilələri təsdiq edən notarius sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəməyə və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

«10.1» – Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi:

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutan ƏDV və sadələşdirilmiş vergi ödəyicilərinin bu ödəmələr üzrə hesabat dövrü vergi ili, digər vergi ödəyicilərinin hesabat dövrü isə rübdür.

Muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamalı və hesablanmış məbləği növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri hesabat ilindən sonrakı ilin yanvar ayının 31-dən  gec olmayaraq, digərləri isə hesabat rübü başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim etməlidirlər.

«10.2» – Ödəmə mənbəyində tutulan digər vergilər:

ƏDV və sadələşdirilmiş verginin ödəyicilərinin muzdlu işlə əlaqədar aparılan ödəmələri istisna olmaqla, ödəmə mənbəyində tutulan digər vergilər üzrə hesabat dövrü rübdür.

Hüquqi şəxslər və fərdi sahibkarlar qeyri-dövlət pensiyaları və ödəmə mənbəyində vergiyə cəlb olunmalı olan digər ödəmələri verərkən bu gəlirlərdən vergini tutmalı, tutulmuş məbləği gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə də bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

«10.3» – Sığorta müqaviləsi vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi:

Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə aparılan ödəmələrdən ödəmə mənbəyində tutulan verginin hesabat dövrü rübdür.

Həyatın yığım sığortası və pensiya sığortası üzrə bağlanılmış sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, sığorta haqları ödəyən sığortaçılar fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisi hesablamalı və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməli və gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

«11» – Dövlət rüsumu: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildilərək iki bank günü ərzində,  Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

«Dövlət rüsumu haqqında» Qanunda nəzərdə tutulmuş dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatları vergi orqanına təqdim etməlidirlər.

Mənbə: taxes.gov.az

Milli Mühasiblər Forumu

posted in: muhasibat, Xəbər | 0

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı , Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə 08 Aprel 2017-ci il tarixində Şamaxı rayonu Pirqulu qəsəbəsindəki Vergilər Nazirliyinin Tədris Mərkəzində “Milli Mühasiblər Forumu” keçiriləcəkdir.

Forumda iştirak etmək istəyən şirkətlərdən qeydiyyat forumunu doldurub bizə yollamağınız xahiş olunur. Forumda iştirak məhdud sayda olacaq  bunun üçün iştirakınızı qısa zamanda təsdiq etməyiniz xahiş olunur.

QEYD : Sponsorluq üçün son tarix : 17.03.2017

İştirak üçün son tarix : 31.03.2017

Əlaqələndirici şəxs : Rauf Əliyev

Əlaqə tel : 070 290 99 11

E-mail :

Auditorlar Palatasının müstəqil audit rəyi tələb edəcəyi subyektlər

posted in: muhasibat, Xəbər | 0

Müstəqil audit xidmətlərindən istifadə etmək çağırışı ilə Auditorlar Palatası banklara, sığorta şirkərlərinə və digər təsərrüfat subyektlərinə müraciət edib.

müstəqil audit

Qanunvericiliyə görə təkcə bankların, holdinqlərin, iri müəssisələrin deyil həmçinin məhdud məsuliyyətli cəmiyyətlərinin, ictimai təşkilatların, bələdiyyələrin də 2016-ci il üzrə maliyyə hesabatlarını düzgünlüyünü auditor təsdiq etməlidir.

Həmin qurumlar müstəqil auditorları Palatanın internet saytından tapa bilərlər. Qeyd edək ki, qanunla tələb olunan qaydada auditdən keçməməyə görə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilər.

İnzibati Xətalar Məcəlləsi – Maddə 464. Məcburi auditdən yayınma

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə – vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Vergi Məcəlləsinə Vergi yoxlamaları ilə bağlı edilmiş dəyişikliklər barədə

posted in: muhasibat, Xəbər | 0

Vergi məcəlləsinə edilən dəyişikliklər

Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi yoxlamalarını əhatə edən əlavə və dəyişikliklər də mövcuddur ki, bu əlavə və dəyişiklər həmin yoxlamalar ilə bağlı bəzi çətinliklərin aradan qaldırılması və onlarla bağlı bir sıra məsələlərin təkmilləşdirilməsi məqsədi daşıyır.

Kameral vergi yoxlamalarının 30 gün müddətində başa çatdırılması

2017-ci ilin 1 yanvar tarixinədək qüvvədə olan qanunvericiliyə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilirdi. Vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə sənədləşmənin aparılmaması bəzən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnirdi.

Belə halların aradan qaldırılması məqsədi ilə kameral vergi yoxlamasının vergi bəyannaməsinin təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə yenidən kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəa Vergi Məcəlləsinin 37-ci maddəsinə daxil edilmişdir. Vergi orqanlarında risklərin avtomatlaşdırılmış qaydada emalı sisteminin tətbiqinə başlanılmışdır ki, bu da bəyannamələrin 30 gün müddətində kameral qaydada yoxlanılmasına imkan verəcəkdir.

Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində dəqiqləşdirilmiş vergi bəyannaməsinin 10 iş günü müddətində təqdim edilməsi üçün müəyyən edilmiş forma üzrə müvafiq bildiriş göndərəcəkdir.

Elektron auditin tətbiqi dairəsinin genişləndirilməsi

Dövlət vergi siyasətinin əsas hədəflərindən biri olan sahibkarlarla vergi orqanı arasında birbaşa təmasın minimuma endirilməsi və əlaqələrin elektron qaydada həyata keçirilməsindən ibarətdir. Bununla əlaqədar Vergi Məcəlləsinin 13.2.68-ci maddəsinə “elektron audit” anlayışı daxil edilmişdir ki, həmin anlayışa əsasən elektron audit vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması deməkdir. Eyni zamanda elektron auditin vergi orqanının qərarına əsasən Vergilər Nazirliyinin müəyyən etdiyi qaydada aparılması ilə bağlı Vergi Məcəlləsinə 38.8-ci maddə daxil edilmiş, 38.1-ci maddədə “Səyyar vergi yoxlaması” sözlərindən sonra “, o cümlədən elektron audit” sözləri əlavə edilmiş, 38.2-ci maddənin ikinci bəndində isə “ildə” sözü “təqvim ili ərzində” sözləri ilə əvəz edilmişdir.

Vergi Məcəlləsinin IV və V Fəsilləri vergi nəzarətini və vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət tədbirlərini əhatə edir. Yuxarıda göstərilənlər və vergi yoxlamaları ilə bağlı digər məslələrin təkmilləşdirilməsi və tənzimlənməsi məqsədilə Vergi Məcəlləsinin IV və V Fəsillərinə bir sıra əlavə və dəyişikliklər edilmişdir ki, bunlar da aşağıdakılardan ibarətdir:

Vergi Məcəlləsinin “Sənədlərin tələb edilməsi”nə aid 42.1-ci maddəsinə yeni bənd əlavə edilmişdir ki, həmin bəndə əsasən səyyar vergi yoxlaması ilə yanaşı, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı da sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Məcəllənin 42.4-cü maddəsində isə vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlər və ya onların lazımi qaydada təsdiq edilmiş surətləri vergi orqanının müraciətinə əsasən 20 gün əvəzinə 10 iş günü müddətində təqdim edilməsi barədə dəyişiklik edilmişdir.

Vergi Məcəlləsinin “Operativ vergi nəzarəti”nə aid 50-ci maddəsinə

-“Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsinə,

– nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına,

– pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məqsədilə 50.1.10 – 50.1.13-cü maddələr əlavə edilmişdir.

Vergi Məcəlləsinin “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları”na aid 53.8-ci maddəsinə edilmiş dəyişikliyə əsasən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq həyata keçirilir.

Vergi Məcəlləsinə yeni 55.1.3-1-ci maddə əlavə edilmişdir ki, həmin maddə ilə “Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar” sırasına vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusunun vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərara əsaslanmaqla və ya onun icrası nəticəsində törədilməsi də əlavə edilmişdir.

vergi məcəlləsinə edilən dəyişikliklər mühasibat

Vergi Məcəlləsinin “Hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları”a aid 57.3-cü maddəsinə edilən əlavəyə əsasən

“vergi nəzarətinin həyata keçirilməsi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən daxil olmuş sorğuların icrası ilə bağlı zəruri olan sənədlərin və ya onların lazımi qaydada təsdiq edilmiş surətlərinin vergi orqanının müraciətinə əsasən 10 iş günü müddətində təqdim edilməməsi”nə görə 100 manat məbləğində, 57.4-cü maddəyə əlavə edilmiş yeni bəndə əsasən isə “Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında, qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi arasında və Azərbaycan Respublikasının rezidenti və (və ya) qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara dair arayışın hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec təqdim edilməsinə görə” 500 manat məbləğində maliyyə sanksiyasının tətbiqi nəzərdə tutulur.

Vergi Məcəlləsinin “Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları”na aid 58.7-ci maddəsinə “topdansatış ticarət fəaliyyətinin (malların alıcıya onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirildiyi ticarət fəaliyyətinin) həyata keçirilməsi halı istisna olmaqla” sözləri əlavə edilmişdir.

Eyni zamanda Vergi Məcəlləsinə əlavə edilmiş 58.7-1-ci maddəyə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala

– birinci dəfə yol verdikdə 10 faizi miqdarında;

– ikinci dəfə yol verdikdə 20 faizi miqdarında;

– üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiqi edilməsi nəzərdə tutulur.

vergi məcəlləsinə edilmiş dəyişikliklər manat

Vergi Məcəlləsinin 58.8-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən aşağıda qeyd edilən hallar üzrə maliyyə sanksiyalarının tətbiq edilməsi nəzərdə tutulur:

Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda:

– pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında;

– malların alışını və ya mədaxilini təsdiq edən sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında.

Vergi Məcəlləsinə əlavə edilmiş 58.12-ci maddəyə əsasən vergi orqanından “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə aşağıda qeyd edilən maliyyə sanksiyalarının tətbiqi edilməsi nəzərdə tutulur:

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 40 faizi miqdarında;

– təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə həmin fəaliyyət növünə görə müəyyən olunmuş aylıq sabit vergi məbləğinin 100 faizi miqdarında.

Vergi Məcəlləsinə əlavə edilmiş 60.3-cü maddəyə əsasən Maliyyə institutlarına aşağıda qeyd edilən hallar üzrə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur:

– maliyyə institutları tərəfindən hüquqi və fiziki şəxslərə hesab açıldıqda və ya maliyyə xidmətləri göstərildikdə, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməməsinə görə – hər belə hesab və ya əməliyyat üçün 100 manat məbləğində;

– vergi nəzarəti zamanı vergi orqanları tərəfindən kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə yazılı bildiriş göndərilməklə tələb edilən həmin bankın xidmət etdiyi vergi ödəyicisinin (şəxsin) bank hesabı və əməliyyatları barədə məlumatın əks olunduğu forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilən elektron hesabatların müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə – 1000 manat məbləğində;

– vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, bu dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikası ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatların Nazirlər Kabinetinin müəyyən etdiyi hədlərdə və qaydada Vergilər Nazirliyi vasitəsilə həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilməməsinə görə aparılmış əməliyyatın ümumi məbləğinin 30 faizi miqdarında, bu hesablar üzrə əməliyyat aparılmadıqda isə hər belə hesab üçün 400 manat məbləğində;

– vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin pozulması həmin müqavilələrin tərəfi olan digər dövlətin səlahiyyətli orqanının bildirişinə əsasən aşkar olunduqda – hər belə hesab üçün 100 manat məbləğində.

Mənbə: Azərbaycan Respublikası Vergilər Nazirliyi

1 2. 676 2. 677 2. 678 2. 679