431 saylı “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Kreditor borcları (liabilities)

Uzunmüddətli kreditor borclar Hesablar Planının 43-cü maddəsi üzrə açılmış hesablarda uçota alınır. 431 saylı “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı onlardan biridir.

Malsatanlar, podratçılar dedikdə müqavilə (sifariş) əsasında mal-material sərvətləri göndərən, müxtəlif növ işləri yerinə yetirən, xidmətlər göstərən müəssisələr başa düşülür. İnşaat üzrə podratçılar da belə təşkilatlardandır.

Beynəlxalq standartlara uyğun olaraq kreditor borcları maliyyə hesabatlarında aşağıdakı standartların tələblərinə uyğun əks etdirilir:

MUBS (IAS) 39 – “Maliyyə Alətləri: Tanınma və ölçülmə”

MHBS (IFRS) 9 – “Maliyyə Alətləri”;

MHBS (IFRS) 7 – “Maliyyə Alətləri: Məlumatların açıqlanması”.

Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları da maliyyə öhdəlikləri kimi xarakterizə olunur.

“Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı tənzimləmələr

431-ci hesab üzrə müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları  ilə tənzimlənir. Qaydaların 37.1-ci maddəsinə görə uzunmüddətli kreditor borcların uçotu məqsədi ilə aşağıdakı hesablar da açıla bilər:

431 saylı “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabı uzunmüddətli kreditor borclarının uçotu üçün mühasibat uçotu subyektlərində açılan hesablardan biridir.

Öhdəlik (passiv) hesabı  olan 431 №li “Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunmayan əsas fondlar, qeyri-maddi aktivlər və ehtiyatların əldə edilməsi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.

Malsatan və podratçılar üzrə uzunmüddətli kreditor borcları yarandıqda yuxarıda qeyd edilən qaydaların 37.2.-ci bəndi, belə öhdəliklə qısamüddətli kimi təsnifləşdirildikdə isə 37.5.-ci bəndi tətbiq edilir.

Malsatan, podratçılar üzrə uzunmüddətli kreditor borclarına görə yaranmış məzənnə fərqi üzrə mühasibat yazılışları yarandıqda həmin qaydaların 37.6.-cı bəndinə uyğun aparılır.

Malsatan, podratçılar üzrə uzunmüddətli kreditor borcları ödənildikdə müxabirləşmələr həmin qaydaların 37.7.-ci bəndilə nizamlanır.

Mallar (iş, xidmət) alındıqda 431 saylı hesab üzrə müxabirləşmə nümunələri

 “A” MMC iyun ayında “B” MMC-dən 35000 manatlıq mal almışdır. Tərəflər arasında bağlanan müqaviləyə əsasən ödənişin cari ildə edilməsi nəzərdə tutulmayıb. Odur ki, “A” MMC-nin ödənişi həyata keçirmək üçün növbəti ilin dekabr ayına qədər vaxtı var.

Alınan mallara görə yaranan uzunmüddətli kreditor borclarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 205 – Mallar 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 35000.00
2 Qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) 241 – Əvəzləşdirilən ƏDV 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 6300.00

12 aydan uzun müddət keçdikdən sonra ödəniş edildikdə:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların əsas məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 35000.00
2 Malların ƏDV məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 6300.00

Uzunmüddətli kreditor borclar qısamüddətli kreditor borclara aid edildikdə

“A” MMC istehsal fəaliyyətini davam etdirmək üçün malların alışını həyata keçirmək məqsədilə “B” MMC ilə 2 illik müqavilə bağlamışdır. 105000 manat dəyərində mallar yanvar ayında təhvil alınmışdır. Borcun 50000 manatlıq hissəsi cari ildə ödənilmişdir.

Müqaviləyə əsasən uzunmüddətli kreditor borclarının uçotu:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların alışı həyata keçirildikdə 205 – Mallar 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 105000.00
2 ƏDV hesablandıqda 241 – Əvəzləşdirilən ƏDV 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 18900.00

Cari il ərzində ödənilmiş kreditor borcları qısamüddətli kreditor borclar kimi uçota alınaraq silindikdə:

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Uznmüddətli kreditor borcları qısamüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 50000.00
2 Uzunmüddətli kreditor borcları qısamüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 9000.00
3 Malların bir hissəsinin əsas məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 223 – Bank hesablaşma hesabları 50000.00
4 Malların bir hissəsinin ƏDV məbləği ödənildikdə 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 9000.00

Məzənnə fərqi üzrə uzunmüddətli kreditor borclarının 431 saylı hesabda uçotu 

“A” MMC satdığı məhsulların çeşidlərini artırmaq, fərqli keyfiyyətdə mallar əldə etmək məqsədilə xaricdən malları idxal edir. Malları satan ölkə Rusiya olduğundan malların alış qiyməti dollarla təyin olunmuşdur. Tərəflər arasında bağlanan müqaviləyə əsasən malların qiyməti 26000 dollar təyin olunmuşdur. Müqavilədə nəzərdə tutulan digər şərt isə ödənişi malları təhvil aldıqdan 1 il sonra etmək idi.

Qeyd etmək istəyirik ki, malların ödənişinin həyata keçirildiyi gün valyuta məzənnəsinə əsasən ödənilən pulların miqdarında artma yaxud azalma halları müşahidə oluna bilər.

Alış tarixinə 1 $ = 1.70 ₼

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Malların idxalı həyata keçirildikdə 205 – Mallar 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 44200.00
2 Gömrük yığımı, rüsumu malların dəyərini artırdıqda 205 – Mallar 538 – Digər qısamüddətli kreditor borcları 200.00
3 ƏDV hesablandıqda: (44200+200) × 18% 241 – Əvəzləşdirilən ƏDV 538 – Digər qısamüddətli kreditor borcları 7992.00
4 Gömrükdə hesablanan ƏDV ödənildikdə 538 – Digər qısamüddətli kreditor borcları 226 – ƏDV-nin Depozit hesabı 7992.00

1-ci hal üzrə görürük ki, dolların məzənnəsi aşağı düşüb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər satışdankənar gəlir əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.67 ₼  →  26000 × 1.67 = 43420

Müsbət məzənnə fərqi  →  44200 – 43420 = 780

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 43420.00
2 Valyuta hesabına 26000hdollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 43420.00
3 Malların əsas məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 43420.00
4 Məzənnə fərqindən gəlir nəzərə alındıqda 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 611 – Sair əməliyyat gəlirləri 780.00

2-ci hal üzrə görürük ki, dolların məzənnəsi qalxıb. Bu o deməkdir ki, müəssisə malların alış anına olan məbləği ilə ödəniş anına olan məbləğ arasındakı fərq qədər zərər əldə edib.

1 $ = 1.70 ₼  →  26000 × 1.70 = 44200

1 $ = 1.72 ₼  →  26000 × 1.72 = 44720

Mənfi məzənnə fərqi    44720 – 44200 = 520

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (AZN)
1 Xaricə ödəniş üçün konvertasiya əməliyyatı aparıldıqda 222 – Yolda olan pul köçürmələri 223-1 – Bank hesablaşma hesabları 44720.00
2 Valyuta hesabına 26000 dollar mədaxil edildikdə 223-2 – Bank hesablaşma hesabları 222 – Yolda olan pul köçürmələri 44720.00
3 Malların əsas məbləği ödənildikdə 431 – Malsatan və podratçılara uzunmüddətli kreditor borcları 223-2 – Bank hesablaşma hesabları 44200.00
4 Məzənnə fərqindən zərər nəzərə alındıqda 731 – Sair əməliyyat xərcləri 223-2 – Bank hesablaşma hesabları 520.00

413 saylı “Uzunmüddətli hüquqi öhdəliklər” hesabı üzrə uçot

Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib

posted in: Xəbər | 0

maliyyə nəticələriÖlkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2024-cü il tarixinə 10.3 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.1 milyard manat olub.

1 oktyabr 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8  milyard  manat təşkil edib. Bankın 1 oktyabr 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 166 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Kimlərə əmlak vergisindən güzəştlər tətbiq edilir?

Azərbaycanda “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilib

posted in: Xəbər | 0

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nın təsdiq edilməsi haqqında” 18 yanvar 2012-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı nazir Samir Şərifov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra ölkə daxilində dəvət edən tərəf ezam olunan işçini yaşayış yeri və yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 5 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 30 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 75 %-i qədər vəsait ödənilir.

Dəvət edən tərəfin xərcləri tam və yaxud qismən öz üzərinə götürməsi hər bir halda müvafiq sənədlər əsasında müəyyən edilir.

Bundan başqa, ölkə xaricində dəvət edən tərəf ezam olunan işçini yalnız yaşayış yeri ilə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının yenə də 40 %-i qədər, dəvət edən tərəf ezam olunan işçini yalnız yeməklə təmin etdiyi hallarda işçiyə hər gün üçün ezamiyyə xərclərinin 1 günlük normasının 60 %-i deyil, 65 %-i qədər vəsait ödənilir.

Nazirliyin Dövlət aparatının maliyyəsi şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.

Mənbə: report.az

Ezamiyyət

Kimlərə əmlak vergisindən güzəştlər tətbiq edilir?

posted in: Xəbər | 0

Mövzunu vergi eksperti İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 199.1-ci maddəsinə əsasən, aşağıdakı hüquqi şəxslər əmlak vergisini ödəməkdən azaddır:

  • Dövlət hakimiyyəti orqanları;
  • Büdcə təşkilatları;
  • Yerli özünüidarəetmə orqanları;
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı və onun qurumları;
  • Dövlətin adından yaradılan publik hüquqi şəxslər (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan əmlaka görə ödənilməli vergi istisna olmaqla);
  • Dövlət fondları;
  • Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları.

Vergi Məcələsinin 199.2-ci maddəsində göstərilib ki, misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallardan məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir.

Misal 1

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs emalatxanasında misgərlik fəaliyyəti ilə məşğul olur. Bu maddəyə əsasən həmin emalatxana əmlak vergisinə cəlb edilmir.

Qeyd edək ki, göstərilən fəaliyyət növü ilə hüquqi şəxs məşğul olsaydı, emalatxana əmlak vergisinə cəlb olunacaqdı.

Vergi Məcəlləsinin 199.3-cü maddəsinə əsasən, binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, Vergi Məcəlləsinin 102.1-1-ci və 102.2-ci maddələrində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisinin məbləği 30 manat azaldılır.

Bu maddəyə əsasən, pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin, habelə aşağıdakı fiziki şəxslərin (Vergi Məcəlləsi 102.1-1-ci və 102.2-ci) mülkiyyətində olan binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər azaldılır.

  • Şəhid statusu almış şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının;
  • Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının;
  • Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
  • Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
  • müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin;
  • həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının;
  • 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  • Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində, habelə nüvə qurğularının hər hansı növləri, o cümlədən nüvə silahı və kosmik texnika ilə bağlı olan sınaqlar, təlimlər və başqa işlər nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

Müddətli hərbi xidmət hərbi qulluqçuları dedikdə kimlərin nəzərdə tutulduğunu “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq müəyyən etmək olar. Həmin qanunun 28.2-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər.

Pensiyaçılar dedikdə isə kimlərin nəzərdə tutulduğunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq müəyyən etmək olar. Bu qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalara bölünür. Vergi Məcəlləsinin 199.3-cü maddəsində pensiyaçılar dedikdə heç bir istisna nəzərdə tutulmadığından, 30 manat güzəşt hüququ əmək pensiyalarının bütün növlərinə şamil edilir.

Misal 2

Naxçıvan şəhərində yaşayan və oğlu orduda əsgər olan fiziki şəxsin xüsusi mülkiyyətində 230 kvadratmetr sahəsi olan mənzili vardır. Əmlak vergisinin məbləğini hesablayaq.

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, yaşayış sahələrinin 30 kvadratmetrindən vergi hesablanmadığı üçün fiziki şəxsin xüsusi mülkiyyətində olan mənzilin 30 kvadratmetrindən vergi tutulmur, 30 kvadratmetrdən çox olan hissəsindən isə hər kvadratmetrinə görə 0,2 manat vergi hesablanır. Belə olan halda əmlak vergisinin məbləği 40 manat olacaq:

230 – 30 = 200 kvadratmetr;
200 x 0,2 = 40 manat.

Fiziki şəxsin övladı müddətli hərbi xidmət hərbi qulluqçusu olduğuna görə ödəməli olduğu əmlak vergisininin məbləği 30 manat azaldılır. Bu halda fiziki şəxs 10 manat əmlak vergisi ödəyəcək:

40 – 30 = 10 manat.

Misal 3

Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan pensiyaçının xüsusi mülkiyyətində 180 kvadratmetr sahəsi olan mənzili kirayəyə verib. Əmlak vergisinin məbləğini hesablayaq:

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, yaşayış sahələrinin 30 kvadratmetrindən vergi hesablanmadığı üçün pensiyaçının xüsusi mülkiyyətində olan mənzilin 30 kvadratmetrindən vergi tutulmur. Ondan çox olan hissəsindən isə hər kvadratmetrinə 0,1 manat vergi hesablanır. Belə olan halda əmlak vergisinin məbləği 15 manat olacaq:

180 – 30 = 150 kvadratmetr;
150 x 0,1 = 15 manat.

Baxmayaraq ki, fiziki şəxs pensiyaçıdır mənzilini kirayəyə verdiyi üçün ona əmlak vergisində 30 manat güzəşt tətbiq olunmayacaq. Deməli, pensiyaçı 15 manat əmlak vergisini ödəyəcək.

Qeyd edək ki, güzəşt hüququ olan fiziki şəxsin bir neçə bələdiyyənin ərazisində binaları olduqda, 30 manat məbləğində güzəşt fiziki şəxsin seçiminə uyğun olaraq bir bələdiyyə ərazisində hesablanmış əmlak vergisi məbləğindən çıxılır.

Misal 4

Müharibə veteranı fiziki şəxsin Bakı şəhərinin Azadlıq prospektində (3-cü zona) yerləşən çoxmənzilli binada sahəsi 120 kvadratmetr olan və Naxçıvan şəhərində sahəsi 70 kvadratmetr olan mənzili vardır. Fiziki şəxsin əmlak vergisini hesablayaq:

Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən, yaşayış sahələrinin 30 kvadratmetrdən vergi hesablanmadığı üçün müharibə veteranının xüsusi mülkiyyətində olan mənzillərin hər birinin 30 kvadratmetrdən vergi tutulmur. Bundan çox olan hissəsindən Naxçıvan şəhəri üçün hər kvadrat metrinə görə 0,2 manat, Bakı şəhəri üçün hər kvadratmetrinə görə 0,4 manat vergi hesablanır. Nazirlər Kabinetinin Qərarında 3-cü zonanın əmsalı 1,3 müəyyən olunduğundan Bakı şəhəri üçün hesablanan vergi 1,3 əmsala vurulur.

Belə olan halda Bakı şəhəri üçün əmlak vergisinin məbləği 46,8 manat ((120 – 30) x 0,4 x 1,3 = 46,8 manat ) , Naxçıvan şəhəri üçün əmlak vergisinin məbləği isə 8 manat ((70 – 30) x 0,2 = 8 manat) olacaq. Fiziki şəxs müharibə veteranı olduğu üçün cəmi ödəməli olduğu əmlak vergisininin məbləği 30 manat azaldılır. Bu halda fiziki şəxs 24.8 manat əmlak vergisi ödəyəcək:

(46.8 manat + 8 manat) – 30 manat = 24.8 manat

Onu da qeyd edək ki, güzəşt hüququ olan fiziki şəxsin bir neçə mənzili olduqda, 30 manat məbləğində güzəşt hər mənzilə ayrılıqda verilmir, cəmi ödəməli olduğu əmlak vergisi məbləği 30 manat azaldılır.

Mənbə: vergiler.az

İnternet üzərindən gəlir əldə edən fiziki şəxslərin öhdəlikləri

1 280 281 282 283 284 285 286 2. 683