Ezamiyyə zamanı kimlər təhtəlhesab şəxs sayılır

posted in: Xəbər | 0

Kimə təhtəlhesab şəxs kimi pul avansı verilə bilər? Ezamiyyə zamanı işçinin xərcləri üçün vəsait necə verilir? Avans hesabatı təhtəlhesab şəxs tərəfindən necə təqdim olunur? Bu və digər sualların cavabını təqdim edilən məqalədən tapa bilərsiniz.

İşçiyə pul avansı nə vaxt verilir?

Müəssisə və təşkilatlar uyğun sərəncamla (ezamiyyə əmri) öz işçilərini daimi iş yerindən başqa yerə müəyyən müddətə ezamiyyətə göndərə bilər. İşçilərin başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün ezam olunması Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təsdiq etdiyi “İşçilərin ezamiyyə qaydaları” ilə tənzimlənir.

Qeyd edilən qaydaların birinci, “Ümumi müddəalar” bölməsinin 5-ci maddəsinə görə “Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir”. Belə işçilər təhtəlhesab şəxslər hesab olunur.

Pul avansı həm kassadan nağd şəkildə, həm də işçinin kart hesabına köçürülməklə ödənilə bilər.

Pul avansı ezamiyyə xərclərindən başqa həm də:

  • təsərrüfat xərcləri;
  • nümayəndəlik xərcləri üçün verilə bilər.

Verilmiş vəsait təyinatı üzrə xərclənir, sonra isə mühasibatlığa avans hesabat təqdim olunur. Avans məbləğ üzrə əməliyyatlar kassa əməliyyatlarının aparılması qaydaları ilə tənzimlənir.

Kimlər təhtəlhesab şəxs ola bilər?

Müəssisənin maraqları naminə malların, iş və xidmətlərin (məsələn, ezamiyyə zamanı mehmanxana xidmətləri) ödənilməsi üçün vəsait verilmiş şəxslər təhtəlhesab şəxslər hesab edilir. Hüquqi şəxsin yaxud fərdi sahibkarın istənilən işçisi təhtəlhesab şəxs ola bilər. Bunun üçün menecer ona əmrlə müvafiq səlahiyyətlər verir və gələcək xərcləri təsdiq edir.

Rəsmi olaraq müəssisədə işləməyən şəxs yaxud təsisçi təhtəlhesab şəxs kimi pul götürə bilməz. Bu fərdi sahibkara da aiddir, çünki o, öz sahibkarlıq subyektinin işçisi deyil. Amma bu, sahibkara problem yaratmır, çünki xərc istiqamətlərini göstərməklə, o, cari hesabındakı vəsaitdən yaxud kassadakı puldan istifadə edə bilər.

Təhtəlhesab şəxs maddi-məsul işçidir, müvafiq qaydada avans hesabatı vermədikdə və sənədlərlə təsdiq olunmayan xərcləri qaytarmadıqda, avans məbləği işəgötürən tərəfindən:

  • işçinin əməkhaqqısından tutacaq, yaxud;
  • bərpası məhkəmə vasitəsi ilə təmin ediləcək.

Ezamiyyə üçün avans necə verilir?

Təhtəlhesab məbləğlər işçinin ərizəsi, yaxud da kassa məxaric orderi vasitəsilə verilir. Hər iki halda sənədlərdə müəssisə rəhbərinin razılığını təsdiq edən imza, habelə baş mühasibin imzası mütləqdir.

Təhtəlhesab şəxslərin xərcləri şirkətin işi ilə bağlı olmalıdır. Bu formada əməkhaqqı vermək, nağdlaşdırma, maddi yardım vermək olmaz.

Xərcləri kim təsdiqləyir?

Ezamiyyə yaxud digər hallarda avans vəsaitin verilməsi təşəbbüskarı rəhbərlik yaxud işçi ola bilər. Birinci halda rəhbərlik tərəfindən verilən əmrdə pulun:

  • kimə;
  • nəyə;
  • nə qədər müddətə;
  • hansı məbləğdə verilməsi müəyyən edilir.

Əks halda işçi sərbəst formada ərizə yazır, rəhbər yuxarıdakı məlumatları təsdiq etməklə imzalayır.

Avans hesabatı

Avans hesabatı təyinatından asılı olaraq 5 iş günü ərzində mühasibatlığa təqdim edilməlidir. Məbləğin xərclənməyən hissəsi isə kassaya qaytarılmalıdır. Eyni şəxsə təkrar pul avansının verilməsi keçmiş avans hesabatının təqdim edilməsindən sonra təmin edilə bilər. Təhtəlhesab şəxslərlə hesablaşmalarda ezamiyyə xərcləri xüsusi yer tutur. Ezamiyyət zamanı işçiyə nəqliyyat, kommunal və gündəlik yeməklə əlaqədar bütün xərclər müəssisə rəhbəri tərəfindən ödənilir. Təhtəlhesab şəxs ezamiyyətdən qayıtdıqdan sonra 3 iş günü ərzində avans hesabatını hazırlayaraq mühasibatlığa təhvil verməlidir. Həmin avans hesabatı, ona əlavə edilmiş ezamiyyə vəsiqəsi, digər lazımi sənədlər mühasibatlıq tərəfindən yoxlanılır və müəssisə rəhbəri tərəfindən təsdiq edilir. Hazırlanmış avans hesabatı əsasında təhtəlhesab şəxslə haqq-hesab aparılır. Ola bilər ki, məbləğ xarici valyuta ilə verilsin. Bu halda haqq-hesabın aparılması AR Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla həyata keçirilir.

Təhtəlhesab şəxs tərəfindən avans hesabatının müəyyən olunmuş vaxtda təqdim edilməsi, həmçinin verilmiş pul avansının istifadə edilməmiş hissəsinin kassaya geri qaytarılması zəruridir. Əks halda qanunvericiliyə uyğun olaraq həmin borc işçinin əməkhaqqısından tutula bilər. Əgər işçi sənədlərlə təsdiq olunmaq şərtilə ona verilmiş avans məbləğindən artıq xərcləmiş olarsa, yenidən haqq-hesab aparılaraq qalıq məbləğ işçiyə ödənilməlidir. Avans hesabatında:

  • müəssisənin adı;
  • işçinin, adı, soyadı və atasının adı;
  • hesabatın N-si, tarixi, təyinatı;
  • avans məbləği;
  • xərclənən məbləğ (ezamiyyə zamanı yaxud digər məqsədlərə) və s. qeyd edilməlidir.

Təhtəlhesab şəxslərlə hesablaşmaların uçotu hesablar planının “Təhtəlhesab şəxslərlə hesablaşmalar” adlı hesabında aparılır.

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

Dəfn üçün müavinət necə təyin edilir?

posted in: Müavinət, Xəbər | 0

Yaxın bir insanın vəfatı zamanı dəfn xərclərini ödəmək üçün birdəfəlik ödəniş nəzərdə tutulub. Çox zaman dəfn pulu adlanan bu vəsait “Sosial müavinətlər haqqında” AR qanunu ilə müəyyən olunub və dəfn üçün müavinət adlanır.

Dəfn üçün müavinət kimə verilir?

Sığortaolunan, əmək pensiyaçısı vəfat etdikdə onun dəfnini öhdəsinə götürənlərə dəfn pulu ödənir. Həmçinin:

  • işsizlikdən sığorta ödənişini alan şəxs;
  • dövlət qulluqçularına ömürlük, yaşa görə, əlillik, ailə başçısının itirilməsi, əlilliyi olan 18 yaşı tamam olmayan uşaqlara verilən müavinətlərdən hər hansı birini alan şəxslər vəfat etdiyi zaman da dəfn xərclərini çəkmiş şəxslərə birdəfəlik dəfn üçün müavinət verilir.

Müavinətin mənbəyi və məbləği

Dəfn pulunun ödənişi məcburi dövlət sosial sığorta vəsaitləri hesabına həyata keçirilir. Sosial müavinətin məbləği Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə 500 manat müəyyən edilib.

Əmək pensiyaçısının vəfatı zamanı pensiyaçının vəfatı tarixə əmək pensiyasının minimum məbləğinin 3 misli məbləğində dəfn üçün müavinət verilir.

Əmək Məcəlləsinin 77.7-ci maddəsinə əsasən ölüm səbəbindən əmək müqaviləsinə xitam verilən zaman mərhumun varisinə ölən şəxsin aldığı orta aylıq əməkhaqqının 3 mislindən az olmayan dəfn pulu ödənilir.

Mərhum həm sığortaolunan, həm də əmək pensiyaçısı olarsa məbləğcə daha böyük olan dəfn üçün müavinət ödənir.

Müavinətin təyin edilməsi üçün müraciət

Dəfn üçün birdəfəlik müavinətin alınmasına müraciət müddətinə məhdudiyyət yoxdur. Mərhumun dəfni ilə bağlı xərcləri çəkmiş xərc zəruri sənədlərlə birgə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün sayılır.

Ölümlə bağlı əmək müqaviləsinə xitam verilmiş sığortaolunan üzrə dəfn üçün müavinətin təyin edilməsi işəgötürən (sığortaedən), sosial müavinətin təyin olunması hüququ yaranan digər hallarda isə yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə,“DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” vasitəsi ilə təyin olunur.

Sığortaedənə təqdim edilən sənədlər

Sığortaolunan öldükdə dəfn üçün müavinət verilməsi işəgötürənə aşağıdakı sənədlər təqdim edilir:

  • ölüm haqqında arayış (vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan tərəfindən verilir);
  • dəfni öhdəsinə götürən şəxs haqqında bələdiyyənin arayışı.

Bu sənədlər əsasında müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən etməklə müvafiq qərar qəbul edir. Bunlar müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilir.

Ölüm haqqında arayışın arxasında isə komissiyanin səlahiyyətli üzvü tərəfindən müavinətin müəyyən olunması və miqdarı barədə məlumatlar qeyd edilir.

Müavinətin alınması üçün təqdim edilən sənədlər

Sığortaedən dəfn pulunun alınması üçün tələb edilən sənədləri rəsmiləşdirdikdən  sonra  DSMF-nin yerli qurumlarına məktub vasitəsilə müraciət etməlidir. Həmin sənədlər aşağıdakılardır:

  • DSMF-yə məktub;
  • Müavinəti təyin edən komissiyanın protokolunun surəti;
  • ölüm haqqında arayış;
  • bələdiyyənin verdiyi arayış;
  • haqq-hesab cədvəli;
  • müavinəti alanların bank rekvizitləri (yaxud faktiki yaşayış ünvanı).

DSMF sənədləri 2 gün ərzində araşdıraraq müavinətin ödənişini təmin etməlidir.  Qanunvericiliyə uyğun olaraq dəfn üçün müavinətdən vergi və məcburi sosial sığorta haqqı tutulmur.

Müavinətlər

Daha yüngül işə keçirilmə zamanı əməkhaqqının ödənilməsi qaydası

posted in: Xəbər, Əməkhaqqı | 0

Səhhətinə görə daha yüngül əməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. Bəs bu halda həmin işçilərə ödəniləcək əməkhaqqı necə hesablanır? Bu suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir:

Əmək Məcəlləsinin 232-ci maddəsində işçinin sağlamlığının mühafizəsi məqsədilə başqa yüngül işə keçirildiyi və əməkhaqqının saxlandığı hallar müəyyənləşdirilib. İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçinin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əməkhaqqı saxlanılır.

Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əməkhaqqı saxlanılır. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş, müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyətı orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.

Misal

Dəmir məmulatlarının istehsalı müəssisəsində çalışan işçinin ərizəsi və tibbi rəyə uyğun olaraq, 01.04.2023-cü il tarixdən onun daha yüngül işə keçirilməsinə qərar verilib. İşçinin fevral və mart aylarında aldığı əməkhaqqı, müvafiq olaraq, 1.135 manat və 1.350 manat təşkil edib. Həmin aylarda iş günlərinin sayı, müvafiq olaraq, 20 və 17 gün olub. Bu halda, işçi yeni işində 800 manat məbləğində maaş alacaq, 01.05.2023-cü il tarixədək isə əvvəlki işi üzrə orta əməkhaqqı hesablanacaq:

1.135 + 1.350 = 2.485 manat;
20 + 17 = 37 gün;
2.485 : 37 = 67,16 manat (bir iş gününə düşən orta əməkhaqqı);
17 x 67.16 = 1.141,72 manat.

Beləliklə, işçi 01.05.2023-cü il tarixədək 1.141,72 manat, ondan sonra isə 800 manat əməkhaqqı alacaq.

Mənbə: vergiler.az

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

Təmirlə bağlı xərclərin gəlirdən çıxılması

posted in: Xəbər | 0

Qanunvericiliyə əsasən, əsas vəsaitlərə çəkilən təmir xərcləri müəyyən şərtlərlə vergi ödəyicisinin gəlirlərindən çıxıla bilər. Maliyyə-mühasibat üzrə ekspert Xalid Cəfərov bunun hansı qaydalarla reallaşdırılması yollarını açıqlayıb: 

Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği məhdudlaşdırılır. Bu məbləği tapmaq üçün torpaq, tikili və avadanlıqların hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərini müvafiq faiz dərəcəsinə görə hesablamaq lazımdır.

Vergi Məcəlləsinin 115.1-ci maddəsinə əsasən, faiz dərəcələri aşağıdakı kimi müəyyən olunub:

  • binalar, tikinti və qurğular – ilin sonuna qalıq dəyərinin 2 faizi;
  • maşınlar, avadanlıq və hesablama texnikası – ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • yüksək texnologiyalar məhsulu olan hesablama texnikası – ilin sonuna qalıq dəyərinin 3 faizi;
  • nəqliyyat vasitələri – ilin sonuna qalıq dəyərinin 5 faizi;
  • digər torpaq, tikili və avadanlıqlar – ilin sonuna qalıq dəyərinin 3 faizi;
  • köhnəlmə (amortizasiya) hesablanmayan torpaq, tikili və avadanlıqlar üzrə – 0 faiz.

Təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır. Bu halda növbəti vergi illərində təmir xərclərinin gəlirdən çıxılan həddi təmir xərclərinin faktiki məbləği ilə müəyyənləşdirilmiş hədd hesablanmış məbləği arasındakı fərq qədər artırılır.

Müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna torpaq, tikili və avadanlıqların (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Vergi Məcəlləsinin 152-ci maddəsinə əsasən, bu Məcəllənin 115.1-ci maddəsində müəyyən edilmiş məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir. Amortizasiya olunmayan, köhnəlmə (amortizasiya) hesablanmayan əsas vəsaitlərin təmirinə çəkilmiş xərclər gəlirdən çıxılmır və onların balans dəyərini artırır.

İcarəyə götürülmüş torpaq, tikili və avadanlıqların təmiri üzrə xərclərin gəlirdən çıxılan məbləği torpaq, tikili və avadanlıqların hər bir kateqoriyasının əvvəlki ilin sonuna qalıq dəyərinin yuxarıda qeyd olunan faiz həddi ilə məhdudlaşdırılır.

Misal:

İlin əvvəlinə “XX” MMC-yə məxsus avtomobilin 2022-ci ilin əvvəlinə qalıq dəyəri 5.000 manat olub. Vergi Məcəlləsinin şərtlərinə əsasən, bu avtomobilə il ərzində 250 (5000 manat x 5%) manat təmir xərci gəlirdən çıxıla bilər, yəni gəlirdən çıxılan xərcə silinə bilər:

5000 x 5% = 250 manat.

Avtomobilin təmirinə il ərzində faktiki olaraq kassadan 500 manat, yəni normadan 250 manat artıq xərclənib. Bu zaman norma daxilindəki təmir xərci birbaşa xərclər maddəsinə, normadan artıq xərc isə avtomobilin qalıq dəyərinin üstünə silinməlidir.

Mənbə: vergiler.az

İşəgötürən işçini ixtisar etdiyi halda müavinət

1 456 457 458 459 460 461 462 2. 700