Read More9
Read More9

Vergi ombudsmanı tərəfindən vergi ödəyicilərinin müraciətləri diqqətdə saxlanılır

posted in: Xəbər | 0

Vergi ödəyicilərinin hüquqlarının daha etibarlı qorunmasını təmin etmək, onların şikayət və müraciətlərinin məhkəmə müstəvisinə çıxmadan həllinə nail olmaq, qarşıqlılı münasibətlərin əməkdaşlıq formatında tənzimlənməsinə köməklik göstərmək üçün Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Belə ki, vergi ödəyicilərinin vergi və sığorta qanunvericiliyi və inzibatçılığı sahəsində rastlaşdıqları çətinliklərin öyrənilməsi, onlardan bu istiqamətlərdə təkliflərin alınması, o cümlədən vergi xidmətlərinin təkmilləşdirilməsi baxımından aktual məsələlərin müəyyənləşdirilməsi məqsədilə ötən il ərzində 9, 13 və 14 saylı Ərazi Vergilər İdarələrində, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyatda olan 370-dən artıq vergi ödəyicisi ilə görüşlər keçirilib.

2025-ci il ərzində aparılmış qiymətləndirmə və təhlillərin nəticələri əsasında 5 istiqamət üzrə şikayətləri yaradan səbəblər müəyyən edilib. Vergi ödəyicilərinin hüquqlarının qorunması baxımından Dövlət Vergi Xidmətində həyata keçirilən 8 iş prosesi üzrə təhlillər aparılıb, həmin proseslərin keyfiyyətinin monitorinqi əsasında təklif və tövsiyələr hazırlanıb.

Əvvəlki ildən araşdırması davam edən 4 müraciət də nəzərə alınmaqla 2025-ci il ərzində ümumilikdə 179 müraciət üzrə araşdırma aparılıb. Araşdırmalar nəticəsində 100 müraciət üzrə tövsiyə verilməsinə ehtiyac yaranmayıb, o cümlədən 72 halda hüquq pozuntusu müəyyən edilməyib, 16 halda məsələ araşdırma müddətində aradan qalxıb, 12 müraciət üzrə müvafiq izah verilib. Hüquq pozuntusu halı müəyyən edilən 76 müraciət üzrə aidiyyəti struktur bölmələrə tövsiyələr verilib və dövrün sonuna 3 müraciət üzrə araşdırma davam etdirilib. Aparılan araşdırma və aidiyyəti struktur bölmələrə verilən tövsiyələr nəticəsində 73 müraciət üzrə vergi ödəyicilərinin pozulmuş hüquqları bərpa edilib.

Vergi ombudsmanı xidməti baş idarəsi tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi, vergi ombudsmanının fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl təcrübənin tətbiqi istiqamətində işlər davam etdirilir.

Sınaq müddəti müəyyən edilməyən hallar hansılardır?

posted in: Xəbər | 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin izahına görə, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti aşağıdakı hallarda müəyyən edilmir:

– Yaşı 18-dən az olan şəxslərə;

– Müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlara;

– Hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

– Təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

– Ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

– İki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;

– Tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.

Mənbə: vergiler.az

335 saylı “Digər ehtiyatlar” hesabı: uçot qaydaları, IFRS standartları və mühasibat yazılışı nümunələri

335 saylı “Digər ehtiyatlar” hesabı: uçot qaydaları, IFRS standartları və mühasibat yazılışı nümunələri

posted in: Xəbər | 0

Mühasibat uçotu sistemində ehtiyatlar müəssisənin maliyyə dayanıqlığını və fəaliyyətinin davamlılığını təmin etmək üçün yaradılır. Kapital ehtiyatları – bölüşdürülməmiş mənfəətin və ya digər daxili resursların xüsusi məqsədlərlə ayrılması nəticəsində formalaşan vəsaitlərdir. Bu vəsaitlər risklərin qarşılanması, gələcək zərərlərin kompensasiyası, kapital strukturlarının tənzimlənməsi üçün istifadə olunur. Məqalədə kapital ehtiyatlarının tərkib hissəsi olan 335 saylı “Digər ehtiyat” hesabı araşdırılır, hesab üzrə uçot, tətbiq edilən beynəlxalq standartlar, eləcə də praktiki mühasibat nümunələri təqdim olunur.

33-cü “Kapital ehtiyatları” maddəsinin uçot hesabları

Mühasibatlıqda kapital ehtiyatları üzrə uçot AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”  əsasında aparılır. Bu qaydalarla müəyyən edilmiş hesablar planında kapital ehtiyatları eyni adlı 33-cü maddəyə aid edilən aşağıdakı hesablar üzrə aparılır:

Bu hesablar kapitalın bir hissəsi olmaqla müəssisənin passivlərində əks olunur və birbaşa mənfəətin idarə olunması və risklərin tənzimlənməsi məqsədi daşıyır. Xüsusilə, 335 saylı hesab konkret məqsədi müəyyən edilməmiş, lakin gələcək ehtimalları nəzərə alan ehtiyatların toplanması üçün nəzərdə tutulur.

Digər ehtiyatların tərkibi və təyinatı

335 saylı “Digər ehtiyatlar” hesabı mühasibat uçotunda müəssisə tərəfindən qanunvericiliklə və ya təsis sənədlərində nəzərdə tutulmamış, müəssisənin öz istəyi ilə yaradılan ehtiyatları əks etdirir. Bu ehtiyatlar çox vaxt qeyri-müəyyən risklərə və ya qeyri-müntəzəm əməliyyatlara qarşı maliyyə buferi kimi istifadə olunur.

Belə ehtiyatların tərkibində aşağıdakılar yer ala bilər:

  • fövqəladə hallarla bağlı risklərə qarşı ehtiyatlar;
  • gələcək layihələr və innovasiyalar üçün yaradılmış daxili fondlar;
  • strateji investisiyalar üçün ayrılmış daxili resurslar;
  • kredit və ya valyuta risklərinin yumşaldılması məqsədilə yaradılmış bufer vəsaitlər;
  • ictimai layihələrə, sosial məsuliyyət proqramlarına dəstək ehtiyatları.

Bu ehtiyatlar müəssisənin idarəetmə heyətinin qərarı ilə formalaşdırılır və ehtiyac yarandıqda müəyyənləşdirilmiş istiqamətlərdə istifadə olunur.

335 saylı hesabın xüsusiyyətləri və istifadəsi

335 saylı hesab aşağıdakı əsas xüsusiyyətlərə malikdir:

  • passiv hesabdır, kapitalın tərkib hissəsi kimi balansda yer alır;
  • formalaşması müəssisənin sərbəst qərarına əsasən həyata keçirilir;
  • ehtiyatın məqsədi və istifadəsi daxili siyasətlə tənzimlənir;
  • müxtəlif ehtiyatlar bu hesab altında qruplaşdırıla bilər;
  • müəssisənin risk idarəetməsi və uzunmüddətli sabitliyinə dəstək verir.

Bu hesabın istifadəsi zamanı müəssisə bölüşdürülməmiş mənfəətdən ehtiyatlar ayırmaqla 335 saylı hesabı artırır. Sonradan bu ehtiyatlardan istifadə olunduqda hesab azaldılır.

335 saylı “Digər ehtiyatlar” hesabında uçotun tənzimlənməsi

Tənzimləmələr yuxarıda qeyd edilən Qaydaların 31.14-31.16-cı maddələrinə uyğun aparılır. Digər ehtiyatın yaradılması üzrə müxabirləşmələr hesabın krediti üzrə, ehtiyatdan istifadə isə debiti üzrə əks olunur. Əməliyyat müəssisənin qərarı ilə müəyyən edilmiş məbləğ çərçivəsində aparılır.

335 saylı hesab beynəlxalq mühasibat standartları baxımından əsasən aşağıdakı normativ sənədlərlə tənzimlənir:

Bu standartlar ehtiyatların tanınması, ölçülməsi, təqdimatı və açıqlanması məsələlərini əhatə edir və müəssisələrin hesabatlarının şəffaflığını təmin edir.

335 saylı hesabın tətbiqi üzrə praktik nümunələr

Nümunə 1: Gələcək texnoloji avadanlığın alınması üçün ehtiyat yaradılması

“ABC MMC” rəhbərliyi 2024-ci ilin mənfəətindən gələcəkdə texnoloji avadanlıqların alınması üçün 12000 manat, sosial təyinatlı tədbirlər üçün 2000 manat ehtiyat yaratmaq qərarı verir (31.14-ci bəndin tətbiqi).

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Hesabat dövrünün sonuna formalaşan xalis mənfəəti 801-“Ümuni mənfəəət” 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” 100000.00
Gələcək layihələr üçün daxili ehtiyat fondunun yaradılması 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” 335 -1– “Digər ehtiyatlar: gələcək layihələr ” 12000.00

 

Sosial təyinatlı tədbirlərin maliyələşməsi üçün fondun yaradılması 341 – “Hesabat dövründə xalis mənfəət (zərər)” 335 -2– “Digər ehtiyatlar: sosial fond ” 2000.00

Nümunə 2: Ehtiyatın istifadə edilməsi

2025-cı ildə bu fondlardan 10.000 manatı avadanlıq alınmasına,  1000.00 manat isə müəssisədə Novruz bayramı şənliyinin keçirimlisinə işçilərin yönəldilir (31.15-ci bəndin tətbiqi).

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Daxili ehtiyat fondu hesabına avadanlığın alınması 335 -1:  “Digər ehtiyatlar” 538 – “Digər qısamüddətli kreditor borcları” 10000.00

 

Alınmış avadanlıq üçün vəsaitin ödənilməsi 538 – “Digər qısamüddətli kreditor borcları” 223 – “Bank hesablaşama hesabları” 10000.00
Novruz bayramı şənlikləri daxili ehtiya fondu  hesabına ödənilir 335 -2:  “Digər ehtiyatlar” 538 – “Digər qısamüddətli kreditor borcları” 2000.00

Nümunə 3: Ehtiyatın geri qaytarılması

“ABC MMC” rəhbərliyi ilin sonunda gələcək layihələr üçün daxili ehtiyat fondunda qalan vəsaiti 343 saylı hesaba qaytarılması qərarını verir (31.16-ci bəndin tətbiqi).

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manatla)
Digər ehtiyatlar hesabındakı vəsait geri qaytarılır 335 -1: “Digər ehtiyatlar” 343 – “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 2000.00

Beləliklə, 335 saylı “Digər ehtiyatlar” hesabı müəssisələrin daxili risklərə qarşı maliyyə buferi yaratmasına və gələcək məqsədlər üçün vəsait toplamasına şərait yaradır. Bu hesab uçot sistemində çeviklik və idarəetmədə strateji qərarların dəstəklənməsi baxımından önəmli rol oynayır. Müəssisələr 335 saylı hesabdan istifadə etməklə maliyyə sabitliyini gücləndirə və investorlar qarşısında etibarlılığını artıra bilər.

Azərbaycanda transfer qiymətləndirilməsi: hüquqi və praktik tərəflər

posted in: Xəbər | 0

Mövzunu hüquqşünas, “Allied Legal Partners hüquq şirkəti” MMC-nin partnyoru Elxan Əskərov şərh edir.

Transfer qiymətləndirilməsi (transfer pricing) beynəlxalq vergitutma sistemində mənfəətin ədalətli bölgüsünü təmin edən və vergitutma bazasının süni şəkildə azaldılmasının qarşısını alan əsas mexanizmlərdən biridir. Qlobal iqtisadiyyatın inteqrasiyası, transmilli şirkətlərin və çoxsəviyyəli korporativ qrupların artması transfer qiymətləndirilməsini vergi inzibatçılığının prioritet istiqamətlərindən birinə çevirib.

Azərbaycan Respublikasında transfer qiymətqoyması institutu 2017-ci ildən sistemli şəkildə tətbiq olunur və milli normativ baza beynəlxalq standartlara uyğunlaşdırılıb. Hazırkı yanaşma İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Transfer Qiymətləri üzrə Təlimatları, Birləşmiş Millətlər Təşkilatının inkişaf etməkdə olan ölkələr üçün praktiki təlimatı və BEPS təşəbbüsünün 13-cü fəaliyyət planı əsasında formalaşdırılıb.

Hüquqi tənzimləmə

Azərbaycan Respublikasında transfer qiymətinin anlayışı Vergi Məcəlləsinin 13.2.65-ci maddəsində müəyyən edilib. Həmin maddəyə əsasən, transfer qiyməti qarşılıqlı surətdə asılı şəxslər arasında aparılan əməliyyat zamanı tətbiq edilən qiymət olaraq qəbul edilir. Məcəllənin 14-1-ci maddəsi isə transfer qiymətlərinin tətbiqinə aid halları tənzimləyir, həmçinin vergi orqanına nəzarət olunan əməliyyatlarda qiymətlərin uyğunluğunu yoxlamaq və zəruri hallarda yenidən hesablama aparmaq hüququnu verir. Qarşılıqlı asılı şəxslərin dairəsi 18-ci maddədə, transfer qiymətləri ilə bağlı sənədləşmə və hesabat pozuntularına görə tətbiq olunan maliyyə sanksiyaları isə 57.4-cü maddədə göstərilib. Bununla yanaşı, 27 yanvar 2017-ci il tarixli “Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi Qaydaları” Azərbaycan Respublikasında transfer qiymətlərinin metodoloji əsaslarını formalaşdırır və qiymətlərin müəyyən edilməsində vahid yanaşmanı təmin edir.

Əsas prinsiplər

Transfer qiymətləndirilməsinin əsasını “qol uzunluğu prinsipi” təşkil edir. Bu prinsipə görə, bağlı tərəflər arasında tətbiq edilən qiymətlər müstəqil tərəflər arasında eyni və ya oxşar iqtisadi şəraitdə formalaşan bazar qiymətlərinə uyğun olmalıdır.

Digər fundamental yanaşma isə məzmunun forma üzərində üstünlüyü prinsipidir. Yəni qiymətləndirmə zamanı müqavilənin formal şərtləri deyil, əməliyyatın real iqtisadi mahiyyəti, tərəflərin faktiki funksiyaları, istifadə etdikləri aktivlər və daşıdıqları risklər əsas götürülür. Müasir transfer qiymətləndirilməsində risk yalnız müqavilədə göstərildiyi üçün deyil, faktiki olaraq kim tərəfindən idarə edilirsə, həmin tərəfə aid edilir.

Qarşılıqlı asılılıq və nəzarət olunan əməliyyatlar

Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən, bir şəxsin digər şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayı şəkildə ən azı 20 faiz iştirak payına malik olması qarşılıqlı asılılıq yaradır. Eyni zamanda, birbaşa və ya dolayı nəzarət münasibəti, üçüncü şəxsin hər iki tərəfə nəzarəti və ya birgə nəzarət halları da asılılıq kimi qiymətləndirilir. Bu münasibətlər bazar şərtlərindən kənar qiymətlərin tətbiqi riskini artırdığı üçün həmin əməliyyatlar nəzarət olunan əməliyyatlar hesab edilir.

Vergi Məcəlləsinin 14-1.2-ci maddəsində göstərilib ki, transfer qiymətləndirilməsi Azərbaycan rezidenti ilə onun qarşılıqlı asılı olduğu qeyri-rezident arasında aparılan əməliyyatlara tətbiq edilir. Qeyri-rezidentin Azərbaycandakı daimi nümayəndəliyi ilə digər bağlı şəxslər arasındakı əməliyyatlar da bu rejimə daxildir. Bundan əlavə, güzəştli vergi rejimli ölkələrdə qeydiyyatlı subyektlərlə əməliyyatlar, beynəlxalq birja malları üzrə əməliyyatlar və illik gəliri 30 milyon manatdan artıq olan rezidentlərin müəyyən həddi aşan xarici əməliyyatları nəzarət olunan əməliyyatlar kimi qiymətləndirilir. Hər bir qeyri-rezidentlə aparılan əməliyyatların həcmi ümumi gəlir və ya xərclərin 30 faizindən artıq olduqda, transfer qiymətləndirilməsi qaydaları tətbiq edilir. Qiymətlər bazar səviyyəsindən kənara çıxarsa, vergi orqanı əlavə vergi hesablayaraq düzəliş aparmaq səlahiyyətinə malikdir.

Transfer qiymətinin müəyyən edilməsi metodları

Transfer qiymətlərinin müəyyən edilməsi üçün beş əsas metod tətbiq edilir.

– Müqayisə edilə bilən qiymət üsulu nəzarət olunan əməliyyat çərçivəsində təqdim edilən və ya alınan malın (işin, xidmətin) qiymətinin nəzarət olunmayan əməliyyat çərçivəsində olan qiymətlə müqayisə edilərək transfer qiymətinin müəyyən olunmasıdır.

– Sonrakı (təkrar) satış qiyməti üsulu nəzarət olunan əməliyyat çərçivəsində alınan və sonradan müstəqil şəxslərə satılan malın alış qiymətinin, yaxud müstəqil şəxslərdən alınan malın sonradan nəzarət olunan əməliyyat çərçivəsində satış qiymətinin müstəqil şəxslərin arasında satış qiyməti ilə müqayisə olunaraq transfer qiymətinin müəyyən edilməsidir.

– Dəyərin toplanması üsulunda nəzarət olunan əməliyyatlar üzrə təqdim edilən malların (işlərin, xidmətlərin) istehsalı ilə bağlı çəkilmiş faktiki xərclərin üzərinə əlavə edilən gəlir marjası nəzarət olunmayan əməliyyat üzrə tətbiq edilən eyni göstərici ilə müqayisə olunur.

– Rentabellilik üsulunda (TNMM) nəzarət olunan əməliyyatlar çərçivəsində əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin onun ümumi xərclərində, gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisi nəzarət olunmayan əməliyyatlar çərçivəsində müstəqil tərəfin eyni göstəricisi ilə müqayisə edilir.

– Mənfəətin bölgüsü üsulu isə müəssisələr qrupuna daxil olan müəssisələrdən birinin əldə etdiyi mənfəətinin qrupun məcmu mənfəətdəki xüsusi çəkisi müstəqil müəssisələr qrupunda olan xüsusi çəki ilə müqayısə edilərək, transfer qiymətinin müəyyən edilməsidir.

Metod seçimi funksional təhlilə əsaslanmalıdır və seçilmiş metod iqtisadi baxımdan əsaslandırılmalıdır.

Funksional təhlil və müqayisəli məlumat bazaları

Funksional təhlil (FAR analizi) transfer qiymətləndirilməsinin əsas mərhələsidir. Bu təhlildə tərəflərin icra etdiyi funksiyalar, istifadə etdikləri maddi və qeyri-maddi aktivlər, eləcə də daşıdıqları iqtisadi risklər sistemli şəkildə qiymətləndirilir. Qeyri-maddi aktivlərin – patentlərin, texnologiyaların, brendlərin gəlir formalaşdırmadakı rolu xüsusi diqqət mərkəzindədir. Müasir yanaşmada yalnız formal müqavilə deyil, real qərarvermə mexanizmi, riskin maliyyə resursları ilə təmin edilməsi və faktiki idarəetmə strukturu əsas götürülür.

Azərbaycanda transfer qiymətlərinin müqayisəli təhlili üçün Dövlət Vergi Xidməti (DVX) “Moody’s”, “TP Catalyst”, “Orbis” və “Argus” kimi beynəlxalq məlumat bazalarından istifadə edir. Bu bazalar şirkət göstəriciləri, “benchmarking” və beynəlxalq əmtəə qiymətləri üzrə məlumat təmin edərək transfer qiymətlərinin düzgün müəyyən olunmasına kömək edir.

Hesabatlılıq və sənədləşmə

Hesabatlılıq tələbləri üçpilləli sistem əsasında qurulub. Nəzarət olunan əməliyyatlar barədə arayış əməliyyatın həcmi 500.000 manatdan artıq olduqda növbəti ilin 31 mart tarixinədək təqdim edilməlidir. Əsas Fayl qrupun qlobal strukturu, fəaliyyət modeli, qeyri-maddi aktivləri və risk bölgüsü barədə məlumatları əhatə edir. Lokal Fayl isə Azərbaycan rezidentinin konkret əməliyyatlarını, funksional təhlili, seçilmiş metodun əsaslandırılmasını və maliyyə göstəricilərini əks etdirir. Qrupun konsolidə olunmuş illik gəliri 750 milyon avrodan artıq olduqda Ölkələrarası Hesabat (Country-by-Country Report) təqdim edilir; bildiriş 30 iyun, hesabat isə 31 dekabr tarixinədək verilməlidir. Vergi orqanının tələbi ilə sənədlər 60 gün müddətində təqdim edilməlidir.

Sanksiyalar və hüquqi nəticələr

Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən, sənədləşmə və hesabatlılıq tələblərinin pozulması maliyyə sanksiyalarına səbəb olur. Nəzarət olunan əməliyyatlar barədə arayışın təqdim edilməməsinə və ya yanlış məlumat verilməsinə görə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. “Master File” və “Local File” sənədlərinin 60 gün müddətində təqdim edilməməsi də 6.000 manat cərimə ilə nəticələnir. CbC hesabat və ya bildirişin təqdim edilməməsinə görə isə 10.000 manat məbləğində maliyyə sanksiyası nəzərdə tutulub. Bundan əlavə, bazar qiymətlərindən kənarlaşma aşkar edildikdə əlavə vergi, faiz və digər hüquqi nəticələr tətbiq oluna bilər.

Risklərin azaldılması: APA mexanizmi

Risklərin azaldılması üçün əvvəlcədən razılaşdırma mexanizmi (APA – Advance Pricing Agreement) mövcuddur. Bu mexanizm çərçivəsində vergi ödəyicisi əməliyyat başlanmazdan ən azı üç ay əvvəl müraciət edərək tətbiq olunacaq metod və göstəriciləri vergi orqanı ilə razılaşdıra bilər. Baxılma müddəti 30 gündür və müəyyən hallarda razılaşma əvvəlki dövrlərə də şamil edilə bilər. APA mexanizmi vergi mübahisələrinin qarşısının alınması və sabit vergi mühitinin təmin edilməsi baxımından effektiv alət hesab olunur.

Müasir yanaşmalar və əhəmiyyəti

Son illərdə transfer qiymətləndirilməsi üzrə yanaşma daha çox iqtisadi mahiyyətə əsaslanan təhlilə, dəyər zəncirinin qiymətləndirilməsinə və qeyri-maddi aktivlərin real töhfəsinin müəyyən edilməsinə yönəlib. Beynəlxalq məlumat mübadiləsinin genişlənməsi və qlobal nəzarət mexanizmlərinin güclənməsi şəraitində transfer qiymətləndirilməsi artıq yalnız texniki vergi aləti deyil, həm də korporativ idarəetmənin və reputasiya təhlükəsizliyinin mühüm elementi kimi qəbu edilir.

Nəticə etibarilə, transfer qiymətləndirilməsi Azərbaycan Respublikasında beynəlxalq standartlara uyğun, sistemli və sanksiya mexanizmləri ilə gücləndirilmiş vergi institutudur. Şirkətlər üçün əsas prioritet düzgün sənədləşmə, əsaslandırılmış metod seçimi, funksional təhlilin keyfiyyətli aparılması və risklərin qabaqlayıcı şəkildə idarə edilməsidir. Proaktiv yanaşma və normativ tələblərə tam riayət olunması transfer qiymətləndirilməsi sahəsində hüquqi təhlükəsizliyin və vergi sabitliyinin təmin edilməsinin əsas şərtidir.

Mənbə: vergiler.az

“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti varmı?

1 48 49 50 51 52 53 54 2. 693
error: Content is protected !!