Peşəkar Mühasib Sertifikatı imtahanının I mərhələsində iştirak edəcək namizədlərin nəzərinə!

posted in: Xəbər | 0

PMS üzrə imtahan, PMS imtahanı, vergi orqanlarına işə qəbul,Dövlət İmtahan Mərkəzi tərəfindən 21 noyabr 2021-ci il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcəkdir.

COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. Bundan əlavə, imtahanın idarə olunması prosesinə ümumi imtahan rəhbəri, imtahan rəhbəri, nəzarətçi-müəllim, mühafizə əməkdaşı və s. qismində yalnız COVID-19 peyvənd sertifikatı (və ya immunitet sertifikatı) olan şəxslər cəlb olunacaqlar.

İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 396 nəfər müraciət edib.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədə biliklərin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim ediləcəkdir.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası” da yerləşdirilib. İmtahan iştirakçılarından xahiş edirik kitabça ilə mütləq tanış olsunlar.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və HB sərtliyində sadə karandaş, kalkulyator və aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

– imtahana buraxılış vərəqəsi;

– sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqəsi ilə birlikdə çap edirsiniz, imzalayırsınız və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verirsiniz).

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 2 binada təşkil olunacaq. İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi‑müəllim cəlb olunub.

Mənbə: dim.gov.az


İcarəyə götürən hansı halda xərc sənədi olmadan kommunal xərcləri gəlirdən çıxa bilər?

posted in: Vergi, Xəbər | 0

Sual: Hüquqi şəxs kommersiya fəaliyyətini həyata keçirmək məqsədilə fiziki şəxsdən icarəyə əmlak götürür. İcarə müqaviləsinin şərtlərinə görə kommunal xərcləri icarəyə götürən (hüquqi şəxs) ödəməlidir. Bütün kommunal müəssisələrdə kod fiziki şəxsin adına olduğuna görə onlar göstərilən xidmətlərə görə elektron qaimə faktura təqdim etmirlər. Belə olan halda hüquqi şəxs (icarəyə götürən) həmin xərcləri gəlirdən çıxılan xərclərə aid edə bilər?

Cavab: Bildiririk ki, mövcud qanunvericiliyə əsasən fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən kommunal xərclərin ödənilməsi yalnız nağdsız qaydada (bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilməlidir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 71-1.1- ci maddəsinə əsasən qanunla müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Müvafiq Məcəllənin 176.4-cü maddəsinə əsasən ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə qaimə-faktura və ya elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Vergi Məcəlləsinin digər bir 109.8-ci maddəsində qeyd edilir ki, nəzarət-kassa aparatının çeki və ya qəbz malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, sorğunuzda qeyd etdiyiniz məsələ ilə bağlı bildiririk ki, icarəçi bağlanılmış icarə müqaviləsini əsas götürməklə sahibkarlıq fəaliyyəti çərçivəsində istifadə etdiyi əmlakın sahibinin adına müvafiq kommunal müəssisələrin təqdim etdikləri xərclərin dövrlər üzrə bölgüsünün də əks olunduğu sənədlər əsasında, ödədiyi kommunal xərcləri gəlirindən çıxa bilər.

Mənbə: taxes.gov.az


Bax:


Şəhidlərin ailə üzvlərinə verilən maddi yardımların 10 min manatadət hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur

posted in: Xəbər | 0

Milli Məclisin iclasında Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi parlamentin noyabrın 17-də keçirilən iclasında qəbul edilib.

Məcəlləyə təklif olunmuş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, vergi uçotunun, vergitutma və vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə vergi təşviqlərinin verilməsi və sair istiqamətləri əhatə edir.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması istiqamətində verilmiş təkliflərdən biri şəhid olmuş şəxslərin ailə üzvlərinə və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara verilən maddi yardımın 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Məlum olduğu kimi, hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır və bu azadolma sosial statusundan asılı olmayaraq, maddi yardım alan bütün fiziki şəxslərə tətbiq edilir.

Şəhid olmuş şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçulara və mülki şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının davamı olaraq bu kateqoriyaya aid fiziki şəxslərə verilən və məqsədli təyinatından asılı olmayaraq, maddi yardımların 10.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsi təklif olunur.

Gəlir vergisi üzrə təklif edilən digər bir dəyişiklik ölkə daxilində müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40.000 manatadək olan hissəsinin gəlir vergisindən azad edilməsidir.

Vergi Məcəlləsi qüvvəyə mindiyi 2001-ci ildən etibarən müalicə haqlarının dəyərinin 1.000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın, müavinətin dəyərinin 2.000 manatadək olan hissəsi gəlir vergisindən azad edilib. Ötən dövr ərzində tibb sahəsində qiymət artımları, habelə cərrahiyyə əməliyyatlarının mövcud qiymətləri nəzərə alınaraq ölkə daxilində həmin məbləğlərin 1.000 manatdan 10.000 manata, xüsusilə xarici ölkələrdə müalicə haqlarının, o cümlədən cərrahiyyə əməliyyatlarının məbləği yüksək olduğundan 2.000 manatdan 40.000 manatadək artırılması təklif edilib.

Bu Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Mənbə: vergiler.az


Əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanırmı?

posted in: Xəbər | 0

İqtisadçı ekpert Anar Bayramov bildirib ki, əmək qabiliyyətinin itirilməsinə görə hesablanan müavinətlə bağlı Vergi Məcəlləsində hər hansı güzəşt nəzərdə tutulmayıb. Amma “Sosial Sığorta haqqında” Qanunun 15-ci maddəsinə əsasən, sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət və məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri sosial sığorta haqqı hesablanmasından azaddır. Həmçinin “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunların tələblərinə əsasən, əmək qabiliyyətini müvəqqəti itirməyə görə ödənişlərdən işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı hesablanmır.

Misal: Dövlət müəssisəsində işləyən işçiyə 600 manat müavinət hesablanıb. Həmin müavinət məbləğinin 380 manatı işəgötürən, 220 manatı isə DSMF tərəfindən ödəniləcək. İşəgötürən Vergi Məcəlləsinin 102.1.6-ci maddəsində nəzərdə tutulan güzəşti nəzər almaqla ödəyəcəyi müavinət məbləğinə 25,20 manat ((380-200) x 14 faiz) gəlir vergisi hesablayıb.

DSMF də öz növbəsində 220 manatdan 30,80 manat (220 manat x 14 faiz) gəlir vergisi hesablayaraq işçiyə ödəniləcək müavinətdən tutur və işçiyə 189,20 manat (220 manat – 30,80 manat) ödəniş həyata keçirir. DSMF hesabına ödəniləcək gəlir vergisi haqqında məlumat, onlar tərəfindən təqdim olunan “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində hesablanan vergi bəyannaməsi”ndə qeyd edilir.

Analıq məzuniyyətindən icbari ödənişlərin tutulmasına gəlincə isə, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri gəlir vergisindən azaddır. “Sosial sığorta haqqında” Qanuna əsasən, məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlirlərə aid edilib.

“İşsizlikdən sığorta haqqında” AR Qanunun tələblərinə əsasən, işsizlikdən sığorta ödənişləri müavinətlərə şamil edilmir.

Beləliklə, hamiləliyə və doğuma görə hesablanan müavinət məbləği DSMF tərəfindən tam şəkildə işçiyə ödənilməlidir.

Mənbə: vergiler.az


Bax:


1 792 793 794 795 796 797 798 2. 691