Aktivlərin təsnifatı
Aktivlər haqqında danışarkən, onları fiziki mövcud olan, real aktivlər və maddi cəhətdən mövcud olmayan, maliyyə alətləri formasında xarakterizə olunan aktivlər (bank hesablarında olan pullar, səhmlər, debitor borclar, sairləri) kimi xarakterizə etmişdik.
Real aktivlərə yaxud fiziki cəhətdən mövcud olan aktivlərə nümunə kimi bunları göstərə bilərik:
- torpaq, tikili, avadanlıqlar (əsas vəsaitlər);
- pul vəsaitləri;
- material ehtiyatları, yarımfabrikatlar, hazır məhsul;
- satış məqsədi ilə alınan mallar;
- qeyri-maddi aktivlər və s.
İkinci qrupa daxil olan aktivlərə, real aktivlərdən fərqli olaraq, toxuna bilmirik, görə bilmirik, amma onlar bizə məxsusdur, əsas etibarı ilə hüquqlarımız kimi çıxış edirlər. Belə aktivlərə nümunə kimi debitor borcları, verilmiş avansları, təhtəlhesab məbləğləri, təxirə salınmış vergi aktivlərini, verilmiş borclar (alınmış veksel) və sairləri göstərmək olar.
| Xatırlatma: Aktivlər (assets) – Müəssisənin keçmiş hadisələrinin nəticəsi olaraq ortaya çıxmış, hal-hazırda müəssisənin nəzarətində olan, gələcəkdə ona iqtisadi səmərə axını gətirən varlıqlardır. |
Mühasibat uçotu subyektlərində aktivləri müddətlərinə görə cari (qısamüddətli) aktivlər və uzunmüddətli aktivlər kimi təsnifləşdirilir.
Debitor nədir?
Hazırda, iqtisadi fəaliyyətin bugünkü səviyyəsində, satılan malların (göstərilən xidmətlərin) tam dəyərini dərhal alan müəssisəyə nadir hallarda rast gəlmək olur. Əməkdaşlığın beynəlxalq miqyası, müxtəlif bazarlarda güclü rəqabət müəssisələri dəyəri tam ödənilməyən, yəni nisyə satışlar etməyə məcbur edir. Bu onlara bazarda qalmağa kömək edir. Aktivlər nisyə qaydada satıldıqda debitorlar, yəni alacaqlar formalaşır.
Amma şirkətlər sağa-sola nisyə mal satarsa nağd pul çatışmazlığından əziyyət çəkə, bəzən müflis də ola bilərlər. Buna görə, təşkilatlanmış, düzgün idarəedilən müəssisələr nisyə satışlarına limitlər müəyyən edirlər. Limitlər həm ümumi nisyə satışlara, həm də konkret alıcı və sifarişçilərə tətbiq edilə bilər.
| Yeri gəlmişkən, debitorlarla hesablaşmaları düzgün aparmaq, müəssisənizi borclara görə risk qarşısında qoymaq istəmirsinizə Accounting.Az konsaltinq şirkətinə müraciət edin. Beynəlxalq arenada tanınan bu şirkət 112 ölkədən 300-dən çox müstəqil firmanı özündə birləşdirən Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür. |
Beləliklə, debitor borclar fiziki yaxud hüquqi şəxslərin tərəfdaş şirkət qarşısında sənədləşdirilmiş borc öhdəliklərinin toplusudur. Qabaqcadan ödəniş edilmədən, amma müəyyən edilmiş müddət ərzində pul ödənişlərini almaqla mal satmaq yaxud xidmət göstərmək işgüzar praktikada geniş tətbiq edilir. Vergi ödənişlərinin artıq ödənilməsi, şirkət işçilərinə borc verilməsi, təsisçinin nizamnamə kapitalına payının vaxtında ödənilməməsi debitor borc anlayışının əhatə dairəsinə düşür.
Kreditor kimdir?
Kreditor (latınca “creditor” – inanan, “credo” – inanıram) yaxud borc verən – mülki hüquq münasibətlərinin iştirakçılarından biri olan, belə hüquqi münasibətlərin digər iştirakçısından – borcludan (borcalandan, xidmət istehlakçısından) müəyyən davranış tələb etmək hüququna malik olan istənilən şəxsdir.
Borcun qaytarılmasını tələb etmək hüququ olan şirkət kreditor, borclu isə debitor hesab olunur. Buna görə də başqa şəxslərin şirkətə olan borcuna debitor borclar, şirkətin digər hüququ və fiziki şəxslər qarşısında öhdəliyinə isə kreditor borclar deyilir.
| Debitor borclar hüquqi və fizikin şəxsin digər şəxslərdən alacaqları, kreditor borclar isə əksinə, onların kreditorlar qarşısında öhdəlikləri, borclarıdır. |
Mühasibat uçotunun beynəlxalq standartları mühasibat uçotu subyektlərinin digər şəxslər qarşısında olan borclarını onların öhdəlikləri (məsələn, faiz xərcləri yaradan öhdəliklər, vergi, digər sair məcburi ödənişlər üzrə öhdəliklər, kreditor borcları və sair) müddətinə görə qısa və uzun müddətli öhdəliklər kimi iki qrupa ayırır. Həmin standartlar kreditor borclara aşağıdakıları aid edir:
- malsatan və podratçılara kreditor borclar
- əməyin ödənişi üzrə işçi heyətinə olan borclar
- təsisçilərə dividend ödənişi üzrə borcları
- törəmə(asılı) cəmiyyətlərə kreditor borclar
- icarə üzrə borclar
- tikinti müqavilələri üzrə borclar
- faizlər üzrə borcları
- digər kreditor borcları
Kreditor o zaman yaranır ki, qarşı tərəf öz öhdəliklərini yerinə yetirib, şirkət hələ yox.
Debitor borcların təsnifatı
İkitərəfli razılaşmada müəyyən edilmiş müddətin sonunadək ödənilməyən debitor borclarının vaxtı keçmiş olur. Yalnız bundan sonra kreditor onu almaq üçün hər hansı addım atmaq hüququna malikdir.
Ödəniş müddətinə görə debitor borcları aşağıdakı qruplara bölünür:
- uzunmüddətli – 12 aydan artıq müddəti olan debitor borclar;
- qısamüddətli – 12 aya qədər ödəmə müddəti olan debitor borclar.
Uzunmüddətli debitor borclarının uçotu Hesablar Planının “Uzunmüddətli aktivlər” bölməsinin 17-ci maddəsi, qısamüddətli debitor borcların uçotu isə “Qısamüddətli aktivlər” bölməsinin 21-ci, üzrə aparılır.
Müqavilə şərtlərinin yerinə yetirməsinə görə debitor borclar aşağıdakı kimi təsnif edilə bilər:
- normal debitor borclar – müqavilə üzrə ödəniş şərtləri pozulmayanlar;
- vaxtı keçmişlər – müqavilə müddətlər keçib, amma ödəniş edilməyənlər.
Eyni zamanda borc:
- şübhəli ola bilər – yəni bank təminatı, girov yaxud zaminliklə təmin olunmayıb, və;
- ümidsiz kimi tanına bilər – iddia müddəti keçib, borclu şirkət ləğv edilib, vergi ödəyicisi vahid dövlət reyestrindən silinib.
Debitorların qruplaşdırılması
Debitor məbləğləri borclunun kimliyindən asılı olaraq qruplaşdırmaq olar. Buna bir nümunə aşağıda verilib:
- təchizatçıların debitor borcları – avans daşımalara qarşı əvvəlcədən ödənişlər üzrə borc;
- alıcı və sifarişçilər – göndərilmiş mallara, işlərə, xidmətlərə görə borc;
- büdcə və büdcədənkənar fondlar – vergilərin, sosial yığımların artıq ödənilməsi nəticəsində dövlət büdcəsinin borcu;
- işçilər – alınan kreditlər, borc məbləğləri, artıq ödənilmiş əməkhaqqı borcları;
- təsisçilər – nizamnamə kapitalına ödəmələr üzrə borc.
Digər borclular əksikgəlmələr, artıq xərclər, vəsaitlərin, inventarların oğurlanması, zədələnməsi, dəymiş zərərin ödənilməsi üçün təqsirkar şəxslərlə hesablaşmalar üzrə borclar və sair.
Debitor və kreditor borcların idarə edilməsi
Debitor borcun hər manatı itirilmiş “real” dövriyyə vəsaiti – hesablardakı pul, anbarlardakı mallar, xammallar və s. deməkdir. Odur ki, debitor borcları düzgün idarə etmək vacibdir. Bunun üçün ilk öncə aşağıdakı addımları atmaq lazımdır:
- debitor borclarının ödənilmə tarixlərinə nəzarət – ;
- debitor borcların inventarizasiyası;
- borcluların yoxlanılması.
Kreditor borcların da vaxtında ödənilməməsi faiz və cərimələr şəklində maliyyə itkiləri, riskli ödəyici kimi tərəfdaşlar qarşısında etibarın itirilməsi deməkdi.
Bunları nəzərə alıb, həm ümumi nisyə satışlara, həm də malsatan və podratçılara limitlər tətbiq edilə bilər.
Şirkətlər səmərəli, davamlı fəaliyyəti təmin etmək üçün:
- debitor və kreditor borcları dəqiq izləməli;
- ödənişlərin razılaşmaya uyğun tələb etməli, habelə;
- qarşı tərəfə vaxtında köçürülməsinə nəzarəti düzgün təşkil etməlidirlər.
Müəssisələrdə ildə bir dəfədən az olmayaraq debitorlar və kreditorlarla hesablaşmaların (xüsusilə də alıcılar və malgöndərənlərlə) üzləşməsini keçirilməli, nəticəni aktlaşdırılmalıdır.
Qarşı tərəfdən məlumatları aldıqdan sonra debitorlar onları yoxlamalı, kreditorun borc qalığını təsdiq etməlidir və ya öz etirazlarını bildirməlidirlər.
Tərəflər fərqli rəqəmlərdən çıxış edərlərsə, təkrara yoxlama aparılır, sonuncu yekun bəyanını bildirir. Zərurət yaranarsa qarşılıqlı şəkildə aradakı uyğunsuzluğun səbəbləri aşkarlanmalıdır.
İddia müddəti keçən debitor borcları dövlət müəssisələrində müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə zərərə silinir. İddia müddəti keçməsində günahkar olan şəxslər məsuliyyətə cəlb olunur. Alınmasına ümid itirilmiş sair borclar adətən zərərə silinir.
Debitor borcların idarə edilməsi məqsədi ilə şirkət debitorlarla münasibətdə xüsusi plan hazırlamalı, möhlət müddətləri, təxirə salına biləcək məbləğlər dəqiqləşdirilməlidir.