Əmək müqaviləsi
“Muhasibat.az”-ın səhifələrində kadr uçotu haqqında çoxsaylı məqalələr tapmaq olar. Əmək müqaviləsinin mahiyyəti burada hərtərəfli şərh edilib. Bu məqalədə Əmək Məcəlləsinə uyğun əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydaları ilə tanış olacağıq.
Əmək müqaviləsi işci və işəgötürən arasında əmək münasibətlərini rəsmiləşdirən sənəddir. Müqavilənin bağlanması iki mühüm mərhələdən keçir:
- müqavilənin məzmununu təşkil edən şərtlər barədə tərəflərin razılığı;
- əldə olunan razılığın qanuna uyğun şəkildə rəsmiləşdirilməsi.
Əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası (ASAN imza, SİMA imza və ya E-imza) ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
Vətəndaşlar əmək müqaviləsinin tərəfi olaraq – işçi kimi çıxış etdikdə mobil tətbiqi yükləməklə əldə olunan “SİMA İmza” ilə əmək müqavilələrini və ya ona dəyişiklikləri imzalaya bilərlər.
Qeyd edək ki, AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə:
- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə,
- vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə,
- hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Əmək müqaviləsinin bağlanması, tələb olunan sənədlər
Müqavilə bağlanan zaman yeni işə başlayan işçi aşağıdakı sənədləri təqdim etməlidir:
- şəxsiyyət vəsiqəsi;
- əmək kitabçası (elektron informasiya sistemində məlumatları mövcud olmayan şəxslər üçün);
Məcburi köçkün və ya qaçqınlar, yeni işə başlayan işçilər, əcnəbilər, vətəndaşlığı olmayanlar əmək kitabçası olmadan da müqavilə bağlaya bilərlər. İlk dəfə isə başlayanlar 5 gündən artıq işlədikdə onlar üçün əmək kitabçası açılır.
- Təhsil haqqında sənədlər
İşçinin peşə hazırlığı və təhsilinin olması zəruri olan hallarda tələb edilir.
- Sağlamlıq haqqında tibbi arayış
İşçinin sağlamlığına təsir edən iş yerlərində, həmçinin yeyinti sənayesi, ictimai iaşə, səhiyyə və bu kimi digər yerlərdə müqavilə bağlanarkən tələb olunur. Həmin iş yerlərinin siyahısı AR Nazirlər Kabinetinin uyğun qərarı ilə təsdiq edilib.
İşçi qeyd edilən bu sənədləri təqdim etdikdən və daxili əmək qaydaları ilə tanış olduqdan sonra əmək müqaviləsinin bağlanma mərhələsi başlayır. Bu zaman əlavə sanksiyalarla üzləşməmək üçün düzgün kadr uçotunun aparılması, potensial işçinin vaxtında məlumatlandırılması vacibdir. Tərəflər arasında əmək münasibətləri elektron informasiya sistemində əmək müqaviləsinin elektron sənəd formasında bağlandıqda yaranır (ƏM-nin 7-ci maddəsinin 1-ci və 2-2-ci hissələrində müəyyən edilmiş şəxslər istisna olmaqla).
İmzalanma prosesi onlayn formada elektron imzadan istifadə edilərək həyata keçirilir. Bunun üçün işə qəbul ediləcək şəxsin 3 elektron imzadan birinin (ASAN imza, SİMA rəqəmsal imza, Elektron imza-token) olması vacibdir.
Əmək müqaviləsində yaş həddi
Əmək müqaviləsini bağlayarkən yaşa diqqət etmək lazımdır.
Onu vurğulayaq ki, işçi 15-18 yaş aralığındadırsa, valideynlərdən birinin, yaxud qəyyumlardan birinin yazılı razılığı bəs edir.
Bundan əlavə, müqaviləni bağlamaq üçün işəgötürənin tam fəaliyyət qabiliyyəti olmalıdır. Əks təqdirdə sənəd tərtib oluna bilməz. İstisna halları çıxmaq şərti ilə, 18 yaşına çatmamış şəxs tam fəaliyyət qabiliyyətli şəxs sayılmır (istisna Mülki Məcəllə 28-ci maddə).
Əmək müqaviləsinin etibarsız hesab edilməsi
Əmək Məcəlləsi 43-cü maddədə müqaviləyə daxil ediləcək məlumatların, şərtlərin siyahısı verilib. Əgər göstərilən şərtlərdən ən azı 1-i qeyd edilməyibsə, müqavilə tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə bilər. Yenidən tərtib etməyə görə tələb də qoyula bilər. Ancaq yeni daxil edilmiş şərtin olmasına baxmayaraq ilk bağlandığı, yazılı formada tərtib edildiyi gündən etibarlı sayılır.
Əmək müqaviləsinə edilən dəyişikliklər
Əmək müqaviləsi, o cümlədən kollektiv əmək müqaviləsi bağlanandan sonra, ona hansısa səbəbdən yenidən dəyişiklik etmək mümkündür. Belə olan halda tərəflərin razılığı tələb olunur. Məcəllənin 46-cı maddəsinin 5-ci bəndinə əsasən dəyişikliklər həcmcə az olsa müqaviləyə daxil edilir, həcmcə çox olduqda isə əlavə etmək mümkün olmadığı üçün sənəd yenidən tərtib olunmalıdır. Həmin dəyişikliklər kadr uçotu mütəxəssisləri tərəfindən ayrıca olaraq tərtib edilib, müvafiq qaydada təsdiqlənməlidir.


