Yol vergisi üzrə kameral vergi məktubları barədə tövsiyələr

posted in: Xəbər | 0
birbank biznes

Yol vergisi üzrə kameral məktublar digər vergi növlərinin subyektləri kimi yol vergisinin ödəyicilərinə də gələ bilər. Kamarel məktublar barədə muhasibat.az saytında kifayət qədər yazılıb. Məsələn, bu məqalə ümumiyyətlə kameral vergi yoxlamasına həsr olunub. Kameral və səyyar yoxlama arasındakı fərq haqqında buradan oxuya bilərsiniz. ƏDV bəyannaməsi üzrə kameral vergi yoxlaması zamanı mümkün uyğunsuzluq nümunələri, onların cavablandırılması  barədə də yazmışıq.

Kameral uyğunsuzluq məktubları ilə bağlı tövsiyələr isə vergi.az saytında geniş şərh olunub. Bu məqalə də yol vergisi üzrə kameral vergi məktubları, mümkün uyğunsuzluqlar, onların cavablandırılması barədədir.

Kameral vergi məktubları

Kameral məktub vergi ödəyiciləri tərəfindən təqdim edilmiş yol vergisi bəyannaməsi üzərində aparılan kameral yoxlama əsasında hazırlanır və ödəyiciyə göndərilir. Bu zaman aşağıdakı risk meyarları əsas götürülür:

  • əvvəlki dövrlərin vergi bəyannamələrinin göstəriciləri ilə yoxlamaya təqdim edilmiş məlumatların müqayisə edilməsi;
  • əgər dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilərək məbləğlər azaldılma halları varsa, bu halların səbəblərini araşdırılması;
  • yol vergisinə cəlb edilən müəyyən məhsullar, həm də aksizli mallar ( məsələn, avtomobil benzini) qrupuna aid olduğundan aksiz və yol vergisi bəyannamələri üzrə göstəricilərin üzləşdirilməsi.

Qeyd edək ki, kameral məktubun hazırlanması zamanı istifadə edilən risk meyarları bunlarla məhdudlaşmır, yoxlayıcı orqan qanun çərçivəsində onların tərkibini genişləndirə bilər.

Onu da deyək ki, kameral yoxlama prosesində  hesabat dövründə vergitutma bazasına təsir edən vergi orqanında olan aşağıdakı məlumatlar da araşdırıla bilər:

  • digər səlahiyyətli orqanların təqdim etdiyi məlumatlar;
  • vergi orqanında olan mənbəyi məlum olan istənilən məlumat.

Kameral uyğunsuzluqlar

Yol vergisi üzrə kameral vergi yoxlaması zamanı aşkar edilən kameral uyğunsuzluqlar yuxarıda sadalanan risk meyarlarının mahiyyətindən doğur. Yol vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması müvafiq vergi hesabatının təqdim edildiyi tarixdən 30 iş günü müddətində keçirilir. Əgər məlumatlarda səhv və kənarlaşmalar aşkar olunarsa vergi ödəyicisinə vergi bəyannaməsində dəyişiklik edilməsi və uyğunsuzluqların səbəblərini aydınlaşdırılması barədə kameral məktub göndərir. Yol vergisi bəyannaməyəsinə düzəlişlər dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim etməklə həyata keçirilir. Dəqiqləşdirimiş hesabat və izahat 10 iş günü ərzində təqdim edilir (VM, maddə . 37.2-1).

Kameral məktubun cavablandırılması

Vergi ödəyicisi yol vergisi üzrə kameral uyğunsuzluq məktubu alıb. O, nə etməlidir? Hər hansı səhv aşkar edildikdə (istər kameral yoxlama zamanı, istərsə də sərbəst şəkildə, vergi ödəyicisinin özü tərəfindən)  “tapıldı – düzəldildi – əks olundu” prinsipi ilə dərhal hərəkət etmək lazımdır. Təşvişə düşmək lazım deyil, yadda saxlamaq lazımdır ki, heç nə etməyənlər səhv yol vermir.

İlk növbədə kameral məktubda vergi orqanının tələblərini doğuran səbəbləri araşdırmaq lazımdır. Aşağıdakıları buraya aid etmək olar:

  • Azərbaycan Respublikasının mühasibat uçotu haqqında qanunvericiliyinin, normativ hüquqi aktların düzgün tətbiq olunmaması;
  • uçot siyasətinin qeyri-düzgün tətbiqi;
  • hesablamalar zamanı qeyri-dəqiqliklər;
  • təsərrüfat fəaliyyəti faktlarının düzgün təsnif edilməməsi;
  • maliyyə hesabatlarının imzalanma tarixinə mövcud məlumatlardan düzgün istifadə olunmaması;
  • vəzifəli şəxslərinin məsuliyyətsiz hərəkətləri.

Uyğunsuzluğu yaradan ən xoşagəlməz səbəblər maliyyə sanksiyaları və cərimələrlə təhdid edən səhvlərdir. Buna daha çox hesablanmış vergi məbləğinin bilərəkdən yaxud bilməyərəkdən  yol vergisi bəyannaməsində az göstərilməsi zamanı rast gəlinir. Verginin azaldılması ilə bağlı maliyyə itkisindən necə qaçmaq olar? Gəlin fərqli hallarda düzəlişləri aparılması ardıcıllığına baxaq.

Bəyannamə son tarixdən əvvəl təqdim edildikdə

Yol vergisi məbləğinin az göstərilməsi zamanı maliyyə sanksiyasından qaçmaq üçün:

  • yol vergisi bəyannaməsinin son təqdim edilmə tarixinədək dəqiqləşdirilmiş bəyannaməni təqdim edin;
  • bu bəyannamə üzrə hesablanmış yol vergisi məbləğini vaxtında ödəyin.

Bu hala adətən kameral məktub gəlmədən, vergi ödəyicisinin özü tərəfindən səhvin aşkarlanması zamanı rast gəlinir.

Bəyannamənin son təqdim edilmə tarixi bitdikdə

Bu zaman iki hal ola bilər:

  1. yol vergisi bəyannaməsinin son təqdim edilmə tarixi bitib, amma verginin ödəmə müddətinin sonuna hələ var;
  2. yol vergisi bəyannaməsinin və vergi ödənişinin son tarixi bitib.

Birinci halda cərimədən qaçmaq üçün:

  • vergi ödənişinin son müddətinədək dəqiləşdirilmiş bəyannaməni təqdim edin;
  • bu bəyannamə üzrə hesablanmış məbləği vaxtında təyinatı üzrə ödəyin.

İkinci halda maliyyə sanksiyasından qaçmaq üçün:

  • azaldılan məbləğə üzrə cərimə faizini hesablayın;
  • azaldılan məbləği və faizi ödəyin;
  • dəqiqləşdirilmiş bəyannamə təqdim edin.

Yuxarıda sadaladığımız hallar uyğunsuzluğun vergi ödəyicisinin özü yaxud kameral məktubla müəyyən edilməsindən asılı olmayaraq müvafiq qaydada tətbiq edilə bilər.

Ümumiyyətlə, uyğunsuzluq məktublarındakı səbəblər  fərqli ola bilər, bir məqalədə onların hər birini əhatə etmək çətindir. Bizim saytın “Vergi” bölməsində müxtəlif vergi növləri üzrə kameral məktublar barədə tövsiyələri uyğun qaydada yol vergisinə də tətbiq edə bilərsiniz.


Print Friendly, PDF & Email