Yol vergisi kimlər tərəfindən ödənilir?
“Vergi ödəyicisi” anlayışı ümumiyyətlə vergi ödəyənləri xarakterizə edir. Azərbaycan qanunvericiliyi, Vergi Məcəlləsi əsasında müəyyən olunan vergitutma obyektlərindən hesablanmış vergini ödəmək həvalə olunmuş fiziki və ya hüquqi şəxsləri vergi ödəyicisi hesab edir (maddə 13.2.4.).
Yol vergisinin ödəyicilərini (VM, maddə 209) sxematik olaraq aşağıdakı kimi təsvir edə bilərik:
Fiziki və hüquqi şəxs anlayışlarının əhatəsini nəzərə alsaq deyə bilərik ki, yol vergisi:
- hüquqi şəxslər;
- fiziki şəxslər, o cümlədən,
- fərdi sahibkarlar tərəfindən ödənilir.
Digər ölkələrin fiziki, hüquqi şəxsləri, onlara məxsus avtonəqliyyat vasitələrilə AR ərazisinə daxil olmaqla sözügedən ərazidə sərnişin, yük daşınmasıyla məşğuldursa, yol vergisinin ödəyicisi olur. Həmçinin, Azərbaycanda avtomobil benzini, maye qaz, dizel yanacağı istehsal edən yaxud idxalıyla bağlı fəaliyyət göstərən şəxslər yol vergisi ödəyiciləridir.
Nümunə 1: Almaniya vətəndaşı özünün adına qeydiyyatda olan “Mercedes” markalı minik avtomobili vasitəsilə Azərbaycan ərazisinə daxil olmuşdur. Bu zaman Almaniya vətəndaşı yol vergisinin ödəyicisi sayılır.
Qeyd etdiyimiz kimi, şəxsi maşını ilə Azərbaycan Respublikasına daxil olan qeyri-rezident şəxlər yol vergisini ödəməyə borcludurlar.
Nümunə 2: “A” MMC Azərbaycanda avtomobil benzinin istehsalını həyata keçirir. İstehsal etdiyi benzini daxili istehlaka yönəldir. Deməli “A” MMC yol vergisinin ödəyicisi hesab edilir.
Yol vergisi ödəyicisi olmaqdan ötrü hansısa qeydiyyata ehtiyac yoxdur.
Onu da qeyd edək ki, əvvəllər, daha dəqiq desək 2015-ci il tarixinə qədər benzin, dizel yanacağın, maye qazın istehsalı yaxud idxalını həyata keçirən şəxslərin yol vergisi ödəyicisi olmaq öhdəliyi yox idi. Azərbaycan Respublikasında bu vergi avtomobil nəqliyyatının mülkiyyətiçilərindən və ya istifadəçilərindən tutulurdu.
Yol vergisində vergitutma obyekti nədir?
Yol vergisinin əhatə dairəsinə düşən xarici qeydiyyatlı avtonəqliyyatlar daxil olarkən, həmçinin çıxarkən yol vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir. Habelə, Respublika ərazisində istehsal nəticəsində əldə olunmaqla daxildə istehlak üçün ayrılmış (yəni topdan satılması nəzərdə tutulan), ölkəyə idxalı həyata keçirilən:
- benzin (avtomobil üçün nəzərdə tutulan);
- maye qaz;
- dizel yanacağı vergitutma obyekti sayılır.
Həmçinin, xarici dövlətlərin hüquqi şəxslərinə, fiziki şəxslərinə məxsus avtonəqliyyat vasitələri AR ərazisinə daxil olduqda yaxud həmin ərazidən çıxdıqda bu zaman sözügedən avtonəqliyyat vasitələri vergitutma obyektidir.
Nümunə 3: Gürcüstan vətəndaşı özünə məxsus “Toyota” markalı minik avtomobili ilə Azərbaycana daxil olmuşdur. Bu halda Gürcüstan vətəndaşına məxsus olan “Toyota” markalı minik atomobili yol vergisi məqsədləri üçün vergitutma obyekti hesab edilir.
Nümunə 4: “A” MMC Azərbaycanda daxili istehlak üçün nəzərdə tutulmuş maye qazın və dizelin idxalı ilə məşğul olur. İdxal olunan həmin maye qaz və dizel vergitutma obyektidir.
Bu vergi növü üzrə tutulmalar VM-nin 212-ci maddəsinə uyğun həyata keçirilir. Uyğun vergi dərəcələri ilə buradan tanış olamaq olar. Vergilərin tutulmasına nəzarət vergi və gömrük orqanları həyata keçirilir.