Əvəzləşdirilən vergilər hansılardır?
Əvəzləşdirilən vergilər sizin ödəməli olduğunuz vergidən çıxılan məbləğdir. Əvəzləşdirmə vergi ödəyicisinin vəzifəsi deyil, hüququdur. Bu hüquqdan istifadənin bəlli şərtləri vardır.
241 saylı “Əvəzləşdirilən vergilər” hesabı mühasibat uçotu subyektlərində əvəzləşdirilməli ƏDV və aksiz vergisi üzrə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi üçün ilk növbədə ƏDV ödəyicisi olmalısınız. Əlavə Dəyər Vergisinin ödəyicisi kimi qeydiyyata alınmamış vergi ödəyiciləri istər alınmış elektron qaimə fakturalar üzrə, istər idxalda ödənilmiş ƏDV-ləri əvəzləşdirə bilməzlər.
Aksizli mal alanda, ya da aksizli malı digər vergisi olan aksizli mal istehsalında istifadə etdikdə xammalları, eləcə də materialları alanda ödənilmiş aksizin məbləği miqdarında geri almaq ya da əvəzləşdirmək hüququ vardır.
241 saylı “Əvəzləşdirilən vergilər” hesabı mühasibat uçotunun hesablar planının 24-cü maddəsinə (“Sair qısamüddətli aktivlər”) daxildir.
241 saylı hesab üzrə uçot
Əvəzləşdirilən vergilər üzrə subhesabların açılması, müxabirləşmələrin verilməsi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə tənzimlənir. Bu qaydaların 26.3-cü maddəsinə əsasən 241 saylı hesab üzrə aşağıdakı subhesablar açılır:
- 241-1 saylı “Əvəzləşdirilən əlavə dəyər vergisi”;
- 241-2 saylı “Əvəzləşdirilən aksiz vergisi”.
Bu hesablarda:
- mühasibat uçotu subyektinin əldə etdiyi aktivlər və xidmətlər üzrə əlavə dəyər vergisi məbləğlərinin, habelə;
- habelə aksiz vergisi tətbiq edilən məhsul istehsalında istifadə olunan aksiz vergili xammal və materialların əldə edilməsi zamanı həmin xammal və materiallar üzrə hesablanılan aksiz vergisi məbləğlərinin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
241 saylı “ Əvəzləşdirilən vergilər ” hesabı aktiv hesabdır.
Aksiz vergisi tətbiq edilən məhsul istehsalında istifadə olunan aksiz vergili xammal, materialların əldə edilməsi zamanı sözügedən xammal, materiallara görə aksiz vergisi hesablandıqda, əldə olunmuş aktivlər, xidmətlərlə əlaqədar ƏDV hesablandıqda, əvəzləşdirildikdə, həmçinin, əvəzləşdirilmədikdə həmin qaydaların 26.4.-cü bəndilə nizamlanır.
Əldə edilən digər qısamüddətli aktivlərlə əlaqədar əlavə dəyər vergisi hesablandıqda həmin qaydaların 26.19.-cu bəndi tətbiq edilir.
Əldə edilən digər qısamüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilən zaman qaydaların 26.20.-ci bəndinin tələbləri nəzərə alınır.
Digər qısamüddətli aktivlər üzrə əlavə dəyər vergisi əvəzləşdirilmədikdə həmin qaydaların 26.20.-ci bəndi tətbiq olunur.
Aşağıda əvəzləşdirilən ƏDV məbləği ƏDV öhdəliyindən artıq olduğu hal üçün müxabirləşmə nümunəsi verilib. Digər hallar üçün mühasibat yazılışlarına nümunələrlə buradan tanış olmaq olar.
Əvəzləşdirilən ƏDV məbləği ƏDV öhdəliyindən artıq olduqda müxabirləşmə nümunəsi
ƏDV ödəyicisi olan “A” MMC iyun ayında “B” MMC-dən 91000 manatlıq mal almışdır. Borcun əsas, ƏDV məbləği həmin ay tam şəkildə ödənilmişdir. Eyni zamanda, 65000 manatlıq malları 84000 manata satılmışdır. Satılan malların ödənişi də iyun ayında qəbul edilmişdir.
İlk öncə malların alışının uçotu aparıldıqda:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Malların alışı həyata keçirildikdə | 205 – Mallar | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 91000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən vergilər | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 16380.00 |
| 3 | Əsas məbləğ ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 91000.00 |
| 4 | ƏDV məbləği ödənildikdə | 531 – Malsatan və podratçılara qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 16380.00 |
Malların satışının uçotu aparıldıqda:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Satılan malların maya dəyəri nəzərə alındıqda | 701 – Satışın maya dəyəri üzrə xərclər | 205 – Mallar | 65000.00 |
| 2 | Satışın həyata keçirilməsi nəticəsində debitor borcları formalaşdıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 601 – Satış | 84000.00 |
| 3 | ƏDV hesablandıqda | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 545 – Digər qısamüddətli öhdəliklər | 15120.00 |
| 4 | Əsas məbləğ bank hesabına daxil olduqda | 223 – Bank hesablaşma hesabları | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 84000.00 |
| 5 | ƏDV məbləği ƏDV Depozit hesabına daxil olduqda | 226 – ƏDV-nin Depozit hesabı | 211 – Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları | 15120.00 |
| 6 | Daxil olan ödənişə əsasən büdcə qarşısında vergi öhdəliyi yarandıqda (ƏDV) | 545 – Digər qısamüddətli öhdəliklər | 521 – Vergi öhdəlikləri | 15120.00 |
Göründüyü kimi, iyun ayında “A” MMC-nin aldığı mallara görə ödədiyi ƏDV, satılmış mallara görə qazanılan ƏDV-dən çoxdur:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Ödənilən ƏDV daxil olan ƏDV məbləği ilə əvəzləşdirildikdə | 521 – Vergi öhdəlikləri | 241 – Əvəzləşdirilən vergilər | 15120.00 |
| 2 | Əvəzləşdirmə edildikdən sonra artıq qalan məbləğ uçota alındıqda | 217 – Digər qısamüddətli debitor borcları | 241 – Əvəzləşdirilən vergilər | 1260.00 |
Artıq ödəmə kimi uçota alınan 1260 manat növbəti aylarda yaranan ƏDV öhdəliyi zamanı nəzərə alınır.
Tutaq ki, iyul ayında əvəzləşdirilən ƏDV nəzərə alındıqdan sonra yaranan ƏDV öhdəliyi 1600 manat olmuşdur. Artıq ödəmə məbləği nəzərə alındıqdan sonra qalan 340 manat ödənilərək büdcə qarşısında olan borc bağlanmışdır:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Artıq ödəmə nəzərə alındıqda | 521 – Vergi öhdəlikləri | 217 – Digər qısamüddətli debitor borcları | 1260.00 |
| 2 | Qalan ƏDV borcu ödənildikdə | 521 – Vergi öhdəlikləri | 226 – ƏDV-nin Depozit hesabı | 340.00 |
Əvəzləşdirilən ƏDV ilə bağlı daha ətraflı məlumat almaq üçün buraya keçid ala bilərsiniz.
Əvəzləşdirilən aksiz vergisi ilə bağlı daha ətraflı məlumat burada verilib.

