Müəssisələrin səmərəli idarə olunması, davamlı inkişafı və rəqabət qabiliyyətinin təmin edilməsi üçün borc öhdəliklərinin uçotu vacibdir. Belə uçot həm də likvidlik və ödəmə qabiliyyətini qiymətləndirmək üçün əhəmiyyətlidir. Bu kontekstdə, qısamüddətli kreditor borcları, o cümlədən faizlərə bağlı öhdəliklərin uçotu mühasibatlığın mühüm sahəsini təşkil edir. Sizə təqdim edilən məqalədə 537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabı üzrə belə öhdəliklərin uçotunun əsas aspektləri şərh olunur.
Faizlər üzrə kreditor borclar
Müxtəlif məqsədlər üçün borc vəsaitləri cəlb edən müəssisələr əsas borc məbləği ilə yanaşı, müəyyən faiz nisbətində əlavə məbləğlər ödəmək öhdəliyi götürürlər. Belə öhdəliklər istiqrazların alınması və ya maliyyə icarəsi əməliyyatları zamanı da yarana bilər. Ödəniş müddətinə görə bu öhdəliklər qısamüddətli və uzunmüddətli olaraq təsnif edilir;
- qısamüddətli öhdəliklər hesabat tarixindən sonra 12 ay ərzində ödənilməsi tələb olunan borclardır;
- uzunmüddətli öhdəliklər hesabat tarixindən sonra 12 aydan daha çox müddətdə ödənilməsi tələb olunan borclardır.
Faizlər üzrə qısamüddətli kreditor borclar AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəssisələr üçün müəyyən edilmiş Hesablar Planının 53-cü “Qısamüddətli kreditor borcları” maddəsinə aid olan 537 saylı hesab üzrə uçota alınır.
Faizlər üzrə uzunmüddətli kreditor borcları ilə bağlı ümumiləşdirilmiş məlumatlar 434 saylı hesabda əks etdirilir.
537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabının təyinatı
Hesabın təyinatı AR MN-nin yuxarıda qeyd edilən qaydalarının 43.46-cı bəndində verilib. Həmin bəndə görə bu hesabda “hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan faizlər üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”
Yuxarıda qeyd etdiyimiz kimi 537-ci hesab “Qısamüddətli kreditor borcları” maddəsinə aid olan hesablardan biridir. Digər hesablar aşağıdakılardır:
- 531-ci hesab: “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”;
- 532-ci hesab: “Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları”;
- 533-cü hesab: “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar”;
- 534-cü hesab: “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları”;
- 535-ci hesab: “İcarə üzrə qısamüddətli kreditor borcları”;
- 536-cı hesab:” Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları”;
- 538-ci hesab: “Digər qısamüddətli kreditor borcları”.
537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesab öhdəlik (passiv) hesabıdır.
Hesab üzrə tənzimləmələr
537 saylı hesab üzrə mühasibat yazılışları zamanı yuxarıda qeyd edilən qaydaların 43.46-43.51 bəndlərinin aşağıdakı tələbləri nəzərə alınmalıdır.
- faizlər üzrə qısamüddətli kreditor borcları yarandıqda həmin qaydaların 43.46.-ci, onlar uzunmüddətli kimi təsnifləşdirildikdə 43.47.-cı bəndi tətbiq edilir.
- belə kreditor borclara görə məzənnə fərqi yarandıqda mühasibat yazılışları həmin qaydaların 43.48.-ci bəndi əsasında aparılır.
- faizlər üzrə qısamüddətli kreditor borclar ödənilməsi halları həmin qaydaların 43.49-cu bəndi, üçüncü şəxs tərəfindən ödənilməsi halları 43.50-ci bəndi ilə nizamlanır;
- borcların bağışlanılması və ya qanunvericiliklə müəyyən edilmiş qaydada silinməsi zamanı qaydaların 43.51-ci bəndi
537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabında tənzimləmələr zamanı mühasibat uçotunun beynəlxalq standartlarının tələbləri də nəzərə alınmalıdır. Aşağıdakı standartlar faiz öhdəliklərinin uçotu ilə bilavasitə əlaqəlidir :
- 9 nömrəli “Maliyyə Alətləri” MHBS (IFRS 9) – faiz öhdəlikləri maliyyə öhdəlikləri kimi bu standartın tələbləri çərçivəsində qiymətləndirilir;
- 7 nömrəli “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat” MUBS (IAS 7) – faiz ödənişlərinin investisiya, maliyyələşdirmə və digər uyğun fəaliyyətlərdən irəli gələn pul axınları kimi təqdim olunmasın tənzimləyir;
- 23 nömrəli “Borclar üzrə məsrəflər” MUBS (IAS 23) – borclanma xərclərinin tanınması və kapitalizasiyası ilə bağlı mühasibat uçotu qaydaları müəyyən edilir.
Müasirləşəmə nümunələri
“A” MMC-nin ilin əvvəlində bankdan 48000 manat bir il müddətinə qısamüddətli kredit götürüb. Kreditin əsas borcuna görə aylıq ödəniş 4000 manat, aylıq faiz ödənişi 600 manat müəyyən edilib. Cari ilin iyun ayının sonunda bankla kredit müqaviləsi yenilənərək ödənişin son müddəti növbəti ili sonu müəyyən edilir. Yeni razılaşmanın şərtlərinə görə sonuncu ayda 1050 manat, qalan 17 ayın hər birində 1350 manat əsas kredit borcundan ödəniş ediləcək. Əvvəlki razılaşma ilə müəyyən edilmiş faiz borcunun ümumi məbləği dəyişmədən, qalan 18 ayın hər birində 200 manat kreditə görə faiz ödəniləcək.
Müvafiq mühasibat yazılışları aşağıdakı kimi aparılır:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (manat ) |
| 1 | Qısamüddətli bank krediti uçota alınır | 223: “Bank hesablaşma hesabları” | 501: “Qısamüddətli bank kreditləri” | 48000 |
| 2 | Kredit üzrə faiz borcları uçota alınır (600manat *12 ay) | 242: “Gələcək hesabat dövrünün xərcləri” | 537: “Faizlər üzrə qısamüddətli kreditor borcları” | 7200 |
| 3 | Yanvar ayı üçün əsas kredit borcu ödənir | 501: “Qısamüddətli bank kreditləri” | 223: ”Bank hesablaşma hesabları” | 4000 |
| 4 | Yanvar ayı üçün faiz borcu ödənir | 537: “ Faizlər üzrə qısamüddətli kreditor borcları” | 223: “ Bank hesablaşma hesabları” | 600 |
| 5 | Faiz borcu xərcə aid edilir | 751: “Maliyyə xərcləri” | 242: “Gələcək hesabat dövrünün xərcləri” | 600 |
| Son 3 müasirləşəmə (sətir 3-5) fevral-iyun ayları üçün də təkrar olunur | ||||
| 6 | Qısamüddətli kredit borcunun bir hissəsi uzunmüddətli kimi təsnifat edilir (1350*5+1050) |
501: “Qısamüddətli bank kreditləri” | 401:”Uzunmüddətli bank kreditləri” | 7800 |
| 7 | Qısamüddətli faiz borcunun bir hissəsi uzunmüddətli kimi təsnifat edilir (200*6 ay) |
537: “Faizlər üzrə qısamüddətli kreditor borcları” | 434: “Faizlər üzrə uzunmüddətli kreditor borcları” | 1200 |
| 8 | İyul ayı üçün əsas kredit borcu ödənir | 501: “Qısamüddətli bank kreditləri” | 223: ”Bank hesablaşma hesabları” | 1350 |
| 9 | İyul ayı üçün faiz borcu ödənir | 537: “ Faizlər üzrə qısamüddətli kreditor borcları” | 223: “ Bank hesablaşma hesabları” | 200 |
| 10 | Faiz borcu xərcə aid edilir | 751: “Maliyyə xərcləri” | 242: “Gələcək hesabat dövrünün xərcləri” | 200 |
| Son 3 müxabirləşəmə (sətir 8-10) avqust-dekabr üçün də təkrar olunur | ||||
| 11 | İlin sonunda faiz xərci mənfəətə bağlanır (600*6+200*6) | 801: “Ümumi mənfəət (zərər)” | 751: “Maliyyə xərcləri” | 4800.00 |
| Növbəti ilin əvvəlinə əsas kredit borcu və faizlər üzrə qalıq məbləğlər qısamüddətli öhdəliklər kimi təsnif edilərək nümunəyə uyğun müxabirləşmələri verilir. | ||||
Yuxarıda aparılan təhlil göstərir ki, 537 saylı “Faizlər üzrə qısamüddətli kreditor borcları” hesabı müəssisənin maliyyə vəziyyətinin düzgün əks etdirilməsi üçün mühüm rol oynayır. Bu hesab, müəssisənin cari öhdəliklərini dəqiq təsnif etməyə imkan verir ki, bu da maliyyə hesabatı istifadəçiləri üçün qərar qəbuletmə prosesində vacibdir. Azərbaycan Respublikasının qüvvədə olan mühasibat uçotu qaydaları və beynəlxalq standartlar bu sahədəki uçot prinsiplərini dəqiq müəyyən edərək, mühasibat uçotu subyektlərinə fəaliyyətlərini beynəlxalq normalara uyğunlaşdırmağa kömək edir.
