741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabında uçotun əsas prinsipləri

posted in: Xəbər | 0

Bu məqalədə iri şitkətlərin, holdinqlərin ayrı-ayrı seqmentlərində fəliyyətin dayandaırlıması zamanı yaranan xərclərin Hesablar Planının 741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabında uçotunun əsas prinsipləri şərh olunur.

Şirkətin fəaliyyət seqmentləri

Şirkətin fəaliyyət seqmentləri – müəssisənin müxtəlif istiqamətlər üzrə gördüyü işlərin ayrı-ayrılıqda təsnifidir. Bu seqmentlər məhsul və xidmət növlərinə, fəaliyyət regionlarına və ya müştəri qruplarına görə müəyyən edilə bilər.

Mühasibatlıqda fəaliyyət seqmentləri üzrə uçot hər bir sahənin gəlirliliyini, xərclərini və risklərini ayrıca qiymətləndirməyə imkan verir. Nəticədə rəhbərlik hansı istiqamətin daha səmərəli olduğunu görərək düzgün qərarlar qəbul edə bilir.

Fəaliyyətin seqmentləşməsinə aşağıdakı nümunələri göstərmək olar:

Mühasibat xidmətləri
  • istehsal seqmenti – məhsul istehsalı və istehsal xərclərinin uçotu;
  • satış seqmenti – məhsulların topdansatış və pərakəndə satışından gəlir və xərclər;
  • xidmət seqmenti – müştərilərə göstərilən əlavə xidmətlər (məsələn, servis, texniki dəstək);
  • regional seqment – Bakı, Gəncə və ya digər regionlarda fəaliyyət nəticələrinin ayrıca uçotu.

8 saylı “Əməliyyat seqmentləri” adlı MHBS  (IFRS8) şirkətlərdən maliyyə hesabatlarında əsas seqmentlərin maliyyə göstəricilərini açıqlanmasını tələb edir. Bu, həm daxili idarəetmə, həm də investorlar üçün şəffaflıq üçün lazımdır. Hesabatlarda əks etdirmək məqsədi ilə mühasibatlıqda belə məlumatların ümumiləşdirilməsi üçün bir sıra hesablardan istifadə edilir ki, onlardan biri də 741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabıdır.

Mühasibat uçotu baxımından

Şirkətlərin fəaliyyətində müəyyən seqmentin dayandırılması həm strateji idarəetmə, həm də mühasibat uçotu baxımından vacib prosesdir. Belə qərarın verilməsinə bir sıra səbəblərdən ola bilər, məsələn;

  • seqmentin rentabelliyinin azalması;
  • bazar şərtlərində dəyişiklik;
  • rəqabət üstünlüklərinin itirilməsi;
  • sahənin şirkətin uzunmüddətli strategiyasına uyğun olmaması.

İstehsal, satış və xidmət istiqamətlərində fəaliyyət göstərən bir şirkət xidmət seqmentində gəlirlərin azalması və xərclərin artması səbəbindən həmin sahəni dayandıra bilər. Bu zaman əsas resurslar istehsal və satış seqmentlərinin gücləndirilməsinə yönəldilir. Mühasibat uçotu baxımından dayandırılmış seqment üzrə gəlir və xərclər ayrıca uçota alınmalı, maliyyə hesabatlarında davam edən fəaliyyətlərdən aydın şəkildə ayrılmalıdır. Bunun üçün Hesablar Planın aşağıdakı hesablar nəzərdə tutulub:

Seqmentin fəaliyyətinin  dayandırılması şirkətin ümumi fəaliyyətinə təsir göstərdiyindən, bu addım şəffaf hesabat və düzgün uçot tələbləri ilə müşayiət olunur.

Fəaliyyətin dayandırılmasından yaranan xərclər

Şirkətin hər hansı fəaliyyət seqmentinin dayandırılması bir sıra əlavə xərclərlə müşayiət olunur. Bu xərclərə aşağıdakıaları aid etmək olar:

  • işçilərə ödənilən kompensasiyalar;
  • müqavilələrin vaxtından əvvəl ləğvinə görə cərimələr;
  • aktivlərin satış və ya utilizasiya xərcləri;
  • inventar qalıqlarının silinməsi və sair bu kimi digər xərclər.

Mühasibat uçotu baxımından bu tip xərclər 741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabında ayrıca uçota alınır və maliyyə hesabatlarında davam edən fəaliyyətlərin nəticələrindən fərqli göstərilir.

“Satış üçün saxlanılmış uzunmüddətli aktivlər və dayandırılmış əməliyyatlar” adlı (IFRS 5) 5 saylı MHBS-a görə də dayandırılmış fəaliyyətlər müstəqil açıqlanmalı və onların maliyyə nəticələri hesabatlarda ayrıca göstərilməlidir. Bu, həm investorlar, həm də kreditorlar üçün şəffaflıq təmin edir və şirkətin gələcək inkişaf istiqamətlərinə dair dəqiq təsəvvür yaradır.

741 saylı hesabı üzrə tənzimləmələr

Davam edən və dayandırılmış fəaliyyətin nəticələrini fərqləndirmək üçün istifadə edilə 741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabı “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” (bundan sonra -“Qaydalar”) ilə kommersiya müəssisələri üçün müəyyən edilmiş Hesablar Planının 7-cı “Xərclər” bölməsinin 74-cü maddəsinə aiddir. Qaydaların 56.1 bəndinə görə bu maddə üzrə 741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabı açılır və “mühasibat uçotu subyektinin fəaliyyətinin dayandırılması ilə əlaqədar ya silinmiş, ya da satış üçün saxlanılmış kimi təsnifləşdirilmiş komponentləri üzrə yaranmış xərcləri barədə ümumiləşdirilmiş məlumatlar” bu hesabda əks etdirlir.

Hesab üzrə təzimləmələr Qaydaların 56.2-56.5 bəndlərinin tələblərinə uyğun aparılır. Həmin tələblərə görə:

  • əgər fəaliyyətin dayandırılması üzrə əməliyyatlar zərərlə nəticələnərsə, bu maliyyə hesabatlarında netto əsasında (fəaliyyətin dayandırılmasından yaranan xərclərdən gəıir çıxılmaqla) təqdim edilir;
  • fəaliyyətin dayandırılması zamanı uzunmüddətli aktivlər satış məqsədi ilə saxlanılan digər aktivlər kimi təsnifləşdirilərək satıldıqda mühasibatlıqda uçot əməliyyatları Qaydalrın 56.2.1- 56.2.9-cu bəndlərinin tələblərinə uyğun aparılır;
  • fəaliyyətin dayandırılması zamanı maliyyə alətlərinin satışı üzrə uçot əməliyyatları Qaydalrın 56.3.1- 56.3.7 bəndlərinin tələblərinə uyğun aparılır.

Hər iki halda satış əməliyyatları üçün çəkilən xərclər 741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabın debiti üzrə uçota alınır;

Fəaliyyətin dayandırılmasından yaranan xərclər üzrə məbləğə Dt801/Kr 641 kimi mühasibat yazılışı verilir (Qaydaların 56.5-ci bəndi).

741 saylı hesab üzrə müxabirləşmə nümunəsi

Aşağıdakı nümunədə şirkətin hər hansı biznes seqmenin fəaliyyətinin dayandırılması zamanı mümkün mühasibat yazılışları, o cümlədən 741 saylı “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” hesabı üzrə  müxabirləşmələr əks olunub.

Nümunə: “ABC” şirkəti qida məhsullarının istehsalı və satışı, kənd təsərrüfatı məhsullarının satışı ilə məşğuldur. Araşdırmalar göstərib ki, şirkət kənd təsərrüfatı məhsullarının satışı seqmentində mənfəət əldə edə bilmir. Odur ki, bu sahə üzrə fəaliyyətin dayandırılmasına qərar verilir. Fəaliyyətin dayandırılmasından yaranan xərclərin uçotu üzrə aşağıdakı müxabirləşmələr verilir.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
 K/t məhsullarının satışı fəaliyyətindən gəlirlır 601: “Satış” 150 000
K/T məhsullarınln satışı fəaliyyəti üzrə xərclər 701: “Satışın maya dəyəri” 170 000
K/t məhsullarının satışı sektoru üzrə xərclər bağlanır 601: “Satış” 701: “Satışın maya dəyəri” 170 000
Fəaliyyətin dayandırılmasından zərərlər uçota alınır 741: “Fəaliyyətin dayandırılmasından yaranan gəlirlər” 601: “Satış” 20000
Hesabat ilinin sonunda fəaliyyətin dayandırılması üzrə xərclər ümumi mənfəətlə bağlanır 801: “Ümumi mənfəət (zərər)” 741: “Fəaliyyətin dayandırılmasından yaranan xərclər” 20 000