514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Müasir biznes dünyasında şirkətlər işçilərini cəlb etmək, motivasiya etmək və saxlamaq üçün müxtəlif mükafatlandırma planlarından istifadə edirlər. İşçilərin mükafatlandırma planları arasında “Mənfəətdə iştirak planı” və “Müavinət planları” xüsusi yer tutur. Mühasibat uçotu baxımından bu planların düzgün idarə edilməsi mühüm əhəmiyyət daşıyır. 514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları üzrə öhdəliklər” hesabı bu məqsədlə istifadə olunur.

İşçilərin mükafatlandırma planı nədir?

Mükafatlandırma planı, işçilərin şirkətə verdiyi töhfələrə görə mükafatlandırılması üçün sistemli bir yanaşmadır. Bu planın məqsədi işçilərin motivasiyasını, məhsuldarlığını və yüksək ixtisaslı kadrların şirkətdə saxlanmasın təmin etməkdir. O, bonuslar, mükafatlar, vəzifədə irəliləyiş, xidmətlərin tanınması, həmçinin peşəkar inkişaf imkanları kimi müxtəlif maddi və qeyri-maddi mükafatlandırma formalarını əhatə edir.

İşçilərin maddi mükafatlandırma planları maliyyə dəstəyi formasında həyata keçirilir və o, aşağıdakıları əhatə edə bilər:

  • bonuslar;
  • mükafatlar;
  • əməkhaqqının artırılması;
  • şirkət səhmləri;
  • mənfəətdə iştirak planları və sair.

Mənfəətdə iştirak planı və müavinət planları işçilərin müəssisənin mənfəətində iştirakını təmin edir. Pul və ya səhm şəklində olan belə iştirakı şərti olaraq iki qrupa bölmək olar:

Mühasibat xidmətləri
  • qısamüddətli mükafatlandırma planları (Short-Term Incentive, STI), həm də işçilərə qısa müddətli müavinət planları kimi tanınır, həm də işçilərin mənfəətdə iştirakını təmin edir. Belə planlar işçiləri konkret qısamüddətli məqsədlərə (məsələn, rüblük və ya illik) çatmağa həvəsləndirir (məsələn, satış planının yerinə yetirilməsi və ya layihənin tamamlanması üçün bonuslar). Qısamüddətli mükafatlandırma planlarının uçotu 514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabında aparılır.
  • uzunmüddətli mükafatlandırma planları (Long-Term Incentive, LTI): işçilərin uzunmüddətli müəssisədə saxlanmasına yönəlib, adətən top-menecerlərə və əsas mütəxəssislərə verilir. Bura səhmlər və uzunmüddətli bonuslar daxil ola bilər. Müəssisənin işçiləri qarşısında uzunmüddətli pensiya öhdəliklərini də buraya aid etmək mümkündür. Belə öhdəliklərin uçotu 441 saylı “Uzunmüddətli pensiya öhdəlikləri” hesabında aparılır.

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı aşağıdakı hesablarla birgə AR Maliyyə Nazirliyinin “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 5-ci bölmənin 51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsinin tərkibinə daxildir:

  1. 511-ci hesab: “İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər”;
  2. 512-ci hesab: “Qısamüddətli zəmanət öhdəlikləri”;
  3. 513-ci hesab: “Qısamüddətli hüquqi öhdəliklər”;
  4. 515-ci hesab: “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər”.

Hesabın təyinatı AR MN-in yuxarıda qeyd edilmiş qaydaların 41.19-cu bəndində aşağıdakı kimi şərh olunub:

“514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan mənfəətdə iştirak planı və müavinət planları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.”

Mənfəətdə iştirak planı və müavinət planları üzrə öhdəliklərinin formalaşması 514 saylı hesabın krediti, ödənilməsi isə debeti üzrə əks olunur.

Hesabın mahiyyəti

Yuxarıda qeyd edildiyi kimi, şirkətin öz  işçilərinə gələcəkdə ödənilməli olan, lakin cari dövrdə işçi xərcləri kimi tanınan öhdəlikləri yarana bilər. Bu öhdəliklər adətən birbaşa əməkhaqqı deyil, əlavə mükafatlandırma formalarıdır. Bura işçilərə mənfəətindən ayrılan bonuslar, illik həvəsləndirmə planları və ya təqaüd, tibbi sığorta kimi müavinət planları daxildir. Bu planlar qısamüddətli və ya uzunmüddətli xarakter daşıyır. Məsələn, qısamüddətli mükafatlandırma planları (STI) bir il və ya daha qısa müddətdə müəyyən edilmiş məqsədlərə çatmaq müqabilində verilir və adətən pul şəklində ödənilir.  514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı belə öhdəlikləklərin uçotu üçün bir alətdir.

Öhdəliyin yaranma mənbəyi

Mənfəətdə iştirak planı və müavinət planları üzrə ödənişlər, bir qayda olaraq, vergiyə cəlb olunan mənfəəti azaltmır, şirkətin xalis mənfəətindən müvafiq ehtiyatlar yaradılmaqla həyata keçirilir.

Xalis mənfəət, bütün vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra təşkilatda qalan mənfəətin bir hissəsidir. Şirkətlər xalis mənfəəti müxtəlif məqsədlər üçün, o cümlədən işçilərə əlavə ödənişlər etmək üçün istifadə edə bilərlər, amma bu ödənişlər mənfəət vergisi üzrə vergiyə cəlb olunan bazanı azaltmır.

Normativ baza və beynəlxalq standartlarla əlaqə

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesab üzrə uçot “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu,  Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydaları və digər yerli qanunvericilik aktları əsasında aparılır.

Beynəlxalq standartlar insan kapitalının dəyərini aktiv kimi tanımağa imkan vermir (38 saylı MUBS (IAS38). Odur ki, bu xərclər, adətən, birbaşa mənfəət və zərər hesabatında əks etdirilir. Lakin bu cür planlar mənfəətdə iştirak planı və müavinət planları kimi müəyyən edilibsə 514 saylı hesabda uçota alınıb “İşçilərin mükafatlandırılması” adlı 19 saylı MUBS (IAS19)  əsasında tanına bilər.

İşçilərin mükafatlandırılması planında səhmlər və ya səhm kimi kapital alətləri ilə bağlı ödənişləri tənzimləyənməsi zamanı istifadə edilən əsas normativ baza 2 saylı “Pay alətləri əsasında ödəmə” (IFRS2) beynəlxalq standartıdır.

Hesab üzrə uçotun tənzimlənməsi

514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabı üzrə tənzimləmə Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydalarının 41.19-41.23-cü bəndləri əsasında aparılır.

Əməliyyatın məzmunu Debit Kredit
Mənfəətdə iştirak planı və müavinət planları yarandıqda (41.19) 202, 203, 711, 721, 731 saylı hesablar 514 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (41.20) 514 saylı hesab 611-8 saylı hesab
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (41.20) 731-8 saylı hesab 514 saylı hesab
Hesab üzrə vəsaitlər istifadə edildikdə (41.21) 514 saylı hesab 221, 223-225, 521, 531 saylı hesablar
Mənfəətdə iştirak planı və müavinət planlarının üçüncü şəxs tərəfindən ödənilməsi (41.22) 541 saylı hesab 171- 177, 211- 217, 243, 244, 538-ci hesablar
Əvvəllki dövrlər üzrə mənfəətdə iştirak planı və müavinət planları kimi tanınmaqla xərcə aid edilmiş öhdəliyin geri qaytarılması  (41.23) 514 saylı hesab 611 saylı hesab

Mühasibat yazılışlarına nümunə

“ABC” MMC mənfəətdə iştirak planına görə hər hesabat ilinin sonunda əldə etdiyi xalis mənfəətdən işçilərə 10000 manat əlavə ödəniş kimi ödəyir. Müəssisə ilin sonunda 100000 manat xalis mənfəət əldə edib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (manat)
Hesabat ilinin sonuna xalis mənfəətin məbləği 341: “Hesabat dövründə xalis mənfəət” 100000
İşçilər üçün xalis mənfəətdən hesablama aparılmışdı 341: “Hesabat dövründə xalis mənfəət” 514: ““Mənfəətdə iştirak planı və müavinət planları” 10000
İşçilərə mənfəətdə iştirak planına uyğun əlavə ödənişin hesablanması 514: ““Mənfəətdə iştirak planı və müavinət planları” 533: “İşçi heyətinə qısamüddətli kreditor borcları” 10000
İşçilərə əlavə ödəniş həyata keçirilir 533: “İşçi heyətinə qısamüddətli kreditor borcları” 223: “Bank hesablaşma hesabları” 10000

Bu mühasibat yazılışları 514 saylı “Mənfəətdə iştirak planı və müavinət planları” hesabının bonuslar və digər müavinətlər üzrə öhdəliklərin idarə edilməsində necə istifadə olunduğunu əks etdirir. Bu proses, şirkətin maliyyə hesabatlarında işçi ödənişlərinin düzgün və şəffaf əks etdirilməsin təmin edir.