515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı üzrə uçotun əsasları

posted in: Xəbər | 0

Mühasibat uçotunda bəzən elə öhdəliklərlə qarşılaşırıq ki, onların yaranması haqqında dəqiq məlumatlar yoxdur, bu yalnız ehtimal edilir. Ehtiyatlılıq prinsipini rəhbər tutan müəssisələr, baş verməsi ehtimal olunan bu cür hadisələr nəticəsində yaranacaq öhdəlikləri də uçota alırlar.

Bu tip öhdəliklər haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirən hesablardan biri 515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabıdır. Zərdab Peşə iseynin müəllimi Cəmil Əsədov tərəfindən hazırlanmış bu məqalədə sözügedən hesab üzrə uçotun əsas prinsipləri izah edilir.

Qısamüddətli öhdəliklər nədir?

Mühasibat uçotunun əsas vəzifəsi müəssisənin maliyyə vəziyyəti, fəaliyyət nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında şəffaf və etibarlı məlumat təqdim edən bir sistem qurmaqdır. Bu sistemin mühüm elementlərindən biri öhdəliklərin uçotudur. Öhdəliklər, müəssisənin gələcəkdə digər şəxslərə pul, xidmət və ya digər iqtisadi faydalar təqdim etməsi ilə nəticələnəcək indiki borclarıdır. Öhdəliklər, adətən, uzun və qısamüddətli olmaqla iki əsas qrupa bölünür.

Qısamüddətli öhdəliklər müəssisənin bir il və ya bir normal əməliyyat dövründə icra edilməsi gözlənilən borclarıdır. Bunlara misal olaraq qısamüddətli bank kreditləri, istiqrazlar, zəmanət öhdəlikləri, işçilərlə bağlı müavinət və öhdəliklər nümunə göstərilə bilər. Qısamüddətli öhdəliklər şirkətin likvidliyini qiymətləndirmək, hərtərəfli təhlil etmək üçün vacib göstəricidir. Belə öhdəliklərin uçotu AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” ilə müəyyən edilmiş hesablar planının 5-cü bölməsinə (“Qısamüddətli öhdəliklər”)  aid olan mühasibat hesablarında aparılır. 515 saylı ” Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı da bu bölməyə aiddir.

Mühasibat xidmətləri

Hesablar planının uzunmüddətli öhdəliklər haqqında ümumiləşdirilmiş məlumatları əks etdirən uçot hesabları haqqında ətraflı məlumatı buradan almaq olar.

Qiymətləndirilmiş öhdəliklər konsepsiyası 

Qiymətləndirilmiş öhdəliklər (və ya ehtiyatlar/provision) – bu gün üçün keçmiş hadisənin nəticəsində yaranan və müəssisənin hazırda daşıdığı öhdəlikdir, lakin onun dəqiq məbləğini və ya ödənilmə tarixini müəyyənləşdirmək çətindir.

Beynəlxalq mühasibat standartlarına, xüsusilə  37 saylı MUBS: “Yaradılmış ehtiyat fondları, şərti öhdəliklər və şərti aktivlər” (IAS 37) standartına görə belə öhdəliklərə aşağıdakı əsas xüsusiyyətlər xasdır:

  • həm məbləğ, həm də vaxt baxımından qeyri müəyyəndir:.
  • müəssisə üçün hüquqi (qanunla və ya müqavilə ilə rəsmi şəkildə müəyyən edilir) və ya konstruktiv (müəssisənin öz davranışı, siyasəti və ya ictimai öhdəliyi nəticəsində yaranan bir gözləntidir) xarakter daşıyır;
  • keçmiş hadisədən doğur – məsələn, işdən çıxarma qərarı, məhkəmə iddiası, hər hansı zəmanət öhdəliyi, hüquqi müqavilə və s.
  • gələcəkdə ödəniş tələb edir: adətən pul vəsaiti və ya digər aktivin çıxışı ilə nəticələnir.

Qiymətləndirilmiş öhdəliklərə bunları nümunə göstərmək olar

  • məhkəmə iddiaları – məhkəmə işinin şirkətin əleyhinə yekunlaşma ehtimalı olduqda;
  • ətraf mühitin bərpası – sənaye fəaliyyəti nəticəsində torpağın bərpası zərurəti;.
  • təmir xərcləri – zəmanət müddətində məhsullar üçün təmir məsuliyyəti;
  • işdən azad olunma müavinətləri – işçi ixtisarı ilə bağlı ödəniş gözlənilirsə, ehtiyat yaradıla bilər.

Qiymətləndirilmiş öhdəliklərin mühasibat uçotunda tanınması üçün aşağıdakı üç meyarın hər birinin  mövcud olunması zəruridir:

  1. Keçmiş hadisədən yaranan mövcud borc: öhdəlik keçmişdə baş vermiş bir hadisə nəticəsində yaranmış hazırkı borc olmalıdır.
  2. İqtisadi fayda axını ehtimalı: öhdəliyin yerinə yetirilməsi üçün gələcəkdə iqtisadi faydaların müəssisədən çıxması ehtimalı yüksək olmalıdır.
  3. Etibarlı dəyərləndirmə: öhdəliyin məbləği etibarlı şəkildə qiymətləndirilə bilməlidir.

Azərbaycan Respublikasının mühasibat uçotu sistemində qiymətləndirilmiş öhdəliklərin uçotunun, o cümlədən 515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” üzrə uçotun tənzimlənməsi, “Mühasibat uçotu haqqında” AR Qanunu, Maliyyə Nazirliyinin yuxarıda qeyd edilən qaydaları və digər qanunvericilik aktları əsasında aparılır.

515 saylı hesabın təyinatı və əhatə dairəsi

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər üzrə ümumiləşdirilmiş məlumatlar yuxarıda qeyd edilən hesablar planının 50-cı maddəsinə aid olan hesablarda əks etdirilir. Bunlar aşağıdakılardır:

“Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” ifadəsi zamanı və ya məbləği dəqiq bilinməyən, lakin gələcəkdə iqtisadi faydaların çıxışına səbəb olacaq müxtəlif növ qısamüddətli borcları əhatə edir, məsələn:

  • əməyin təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar xəsarət almış işçilərin 12 ay ərzində müalicə xərcləri və müavinətləri;
  • məhsul satışı üçün şirkət aşağı keyfiyyətli məhsullar üçün ödənmiş pulun 1 il ərzində geri qaytarılması haqqında elan verir; düzdür hüquqi müqavilə yaxud qanunla rəsmiləşdirilməyib, lakin şirkət imicini itirməmək üçün buna gedir;
  • hüquqi öhdəlik olmasa da müəssisəyə qarşı açılmış və ya açılma ehtimalı yüksək olan, nəticəsi qeyri-müəyyən, lakin məhkəmə tərəfindən müəssisənin əleyhinə qərar veriləcəyi təqdirdə 12 ay ərzində böyük məbləğdə ödəniş tələb edə biləcək məhkəmə işləri bağlı potensial zərərlər;
  • qısa müddətli sığorta müqavilələri ilə bağlı öhdəliklər və digər bu kimi hallarda.

515 saylı hesab 511- 514-cü hesablarda uçota alınmayan qısamüddətli və qiymətləndirilə bilən öhdəlikləri uçota almaq üçün istifadə olunur. Bu hesab passiv hesabdır və müəssisənin balansının öhdəliklər bölməsində əks olunur. Hesab üzrə 515-1 saylı “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” adlı subhesab açılır.

Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər eyni adlı 414 saylı hesabda uçotu aparılır. 

515 saylı “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabı üzrə tənzimləmələr

515 saylı hesab üzrə mühasibat uçotu yazılışlarının tənzimlənməsi yuxarıda qeyd edilən qaydaların 41.24-41.32-ci  bəndləri əsasında aparılır:

Əməliyyatın məzmunu Debit Kredit
Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər yarandıqda (41.26) 731: “Sair əməliyyat xərcləri” 515 saylı hesab
Öhdəlik uzunmüddətli kimi təsnifləşdirildikdə (41.26) 515 saylı hesab 414 saylı hesab
Hesab üzrə müsbət məzənnə fərqi yarandıqda (41.27) 515 saylı hesab 611-8: “Məzənnə fərqləri üzrə gəlirlər”
Hesab üzrə mənfi məzənnə fərqi yarandıqda (41.27) 731-8: “Məzənnə xərcləri” 515 saylı hesab
Öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər (41.28) 515 saylı hesab Digər uzun və qısamüddətli borc və öhdəliklər (435, 538, 545)
Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklərin üçüncü şəxs tərəfindən ödənişi (41.31) 515 saylı hesab Uzun və qısamüddətli debitor borcları- uyğun hesabları, Sair qısamüddətli aktivlər –  243, 244 saylı hesabları, 538 -“Digər qısamüddətli kreditor borcları” və 545 “Digər qısamüddətli öhdəliklər” hesabları
Əvvəllki dövrdə digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər kimi tanınıb xərcə aid edilən öhdəlik geri qaytarıldıqda (41.32) 515 saylı hesab 611: “Sair əməliyyat gəlirləri”

 

Praktik müxabirləşmə nümunələri

Müəssisə cari ilin yanvar ayında öz işçiləri üçün bədbəxt hadisələrin könüllü sığortası ilə bağlı sığorta şirkəti ilə 1 illik müqavilə bağlayıb. Müqavilənin dəyəri 24000 manatdır. Bu məbləğ hər ay bərabər hissələrlə ödəniləcək. Müqavilənin qüvvədə olduğu dövrdə   baş vermiş sığorta hadisəsi nəticəsində işçilərinin birinə 1000 manat sığorta ödənişi edilb. Bu məbləğ sığorta şirkəti tərəfindən müəssisənin hesablaşma hesabına köçürülərək müəssisənin kassasından nağd şəkildə ödənib.

Əməliyyatın məzmunu Debit Kredit Məbləğ (AZN)
Sığorta müqaviləsi üzrə  qısamüddətli qiymətləndirilmiş öhdəlik xərc kimi tanınır. 731: “Sair əməliyyat xərcləri” 515-1: “Sığorta müqavilələri üzrə qısamüddətli öhdəliklər” 24000
Sığorta şirkətinə cari ayın sığorta haqqı ödənilir 515 -1 saylı hesab 223 “Bank hesablaşma hesabları” 2000
Baş verən sığorta hadisəsinə görə işçiyə hesablanmış sığorta məbləği 515-1 saylı hesab 538 “Digər qısamüddətli kreditor borcları” 1000
Sığorta hadisəsinə görə işçiyə veriləcək sığorta pula müəssisəyə köçürülür 223 “Bank hesablaşma hesabları” 515-1 saylı hesab 1000
Müəssisə işçiyə sığorta hadisəsinə görə təzminat ödəyir 538 “Digər qısamüddətli kreditor borcları” 221 “Kassa” 1000
Sığorta şirkətinə növbəti ayın sığorta haqqı ödənilir 515 -1 saylı hesab 223 “Bank hesablaşma hesabları” 2000
Sonuncu müxabirləşmə il ərzində hər ay təkrarlanır

Bütün yuxarıda deyilənləri ümumiləşdirib deyə bilərik ki, 515 saylı  “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” hesabından düzgün idarə edilməsi, müəssisənin maliyyə şəffaflığını gücləndirməklə yanaşı, həm də onun strateji planlaşdırma qabiliyyətini və likvidliyini qiymətləndirmək, hərtərəfli təhlil etmək üçün vacib bir alətdir.