Məzuniyyətin hesablanması və Excel proqramı
Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçinin məzuniyyəti hüququnu müəyyən edir, yəni işəgötürən birmənalı şəkildə işçini qanunvericiliklə müəyyən edilmiş müddətdə orta əməkhaqqı saxlanılmaqla əmək mezuniyeti ilə təmin etməlidir (ƏM, XVI fəsillər). Daha çox “məzuniyyət pulu kimi” tanınan məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması ardıcıllığı əmək stajının müəyyən olunmasından başlayır. Hesablama prosesində məzuniyyətin hesablanması kalkulyatoru, habelə müxtəlif formalı elektron cədvəllərdən istifadə mühasiblərin işini asanlaşdıran vasitələrdir.
Təqdim etdiyimiz elektron cədvəllər Excel proqramı vasitəsi ilə hazırlanıb. Birinci cədvəl iki tarix arasındakı intervalı hesablayır. Onun vasitəsi ilə işçinin əmək stajını il, ay və günlərlə tapmaq mümkündür. Düzdür, onu sözün hərtərəfli mənasında məzuniyyətin hesablanması kalkulyatoru adlandırmaq olmaz, amma əmək stajının hesablanması işini asanlaşdıra bilər.
İkinci elektron cədvəl də Excel vasitəsi ilə hazırlanıb, mezuniyetin hesablanması kalkulyatoru funksiyasını yerinə yetirə bilər.
Əmək stajının hesablanması cədvəli
Bu elektron cədvəl Excel proqramında DATEDİF funksiyası vasitəsi ilə hazırlanıb. İşçinin iş stajının hesablanması cədvəli ilə işləmək çox sadədir. Müəyyən edilmiş xanalara işçinin işə qəbul edildiyi tarixi və bizə lazım olan son tarixi daxil etmək kifayətdir ki, işçinin stajı hesablansın. Stajın hesablanması nə üçün lazımdır?
- İlk növbədə bu, məzuniyyətdən istifadə hüququ verən əmək stajını hesablamaq üçün önəmlidir-bildiyiniz kimi mezuniyetdən istifadə hüququ işçi altı ay işlədikdən sonra yaranır;
- işçinin stajdan asılı olaraq əlavə əmək məzuniyyət hüququ var;
- əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları stajdan asılı olaraq fərqlənir.
Qeyd edək ki, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər Məcəllənin 132-ci maddəsi əsasında müəyyən edilir. Məsələn, Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti, habelə əməkhaqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı müddət mezuniyet hüququ verən əmək stajına daxil edilmir.
| İki tarix arasındakı intervalı hesablamaq üçün elektron cədvəli (əmək stajının hesablanması kalkulyatoru) buradan yükləyin. |
Staja görə işçinin məzuniyyətdən istifadə hüququ və məzuniyyət müddəti müəyyən edildikdən sonra əmək mezuniyetinin hesablanması prosesinə başlamaq olar.
Məzuniyyətin hesablanması kalkulyatoru
Məzuniyyət pulu işçinin bir günlük qazancı əsasında tapılır. Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması ardıcıllığı, habelə məzuniyyət haqqı hesablanması zamanı nəzərə alınan əməkhaqqıları haqqında bizim eyni adlı yazılarda məlumat verilib.
Əmək məzuniyyətinin hesablanması məqsədi ilə orta gündəlik qazanc hesablaşma dövrü üçün gəlir məbləğinin həmin dövrdəki ayların sayına bölməklə tapılan orta aylıq qazancın ayın təqvim günlərinin orta illik miqdarına (30,4) nisbəti kimi hesablanır.
Məzuniyyət haqqı orta gündəlik qazancın mezuniyet günlərinin sayına vurulması yolu ilə tapılır. Günlərin sayı təqvim günləri kimi (lakin bayram günləri istisna olmaqla) götürülür. Bunun üçün istehsal təqvimindən istifadə etmək olar.
Hesablamalar Excel cədvəl formasında saytımızda yerləşdirilmiş məzuniyyətin hesablanması kalkulyatorunda istifadə etməklə də aparıla bilər. Bu elektron cədvəl həm eyni aya düşən, həm də fərqli aylara düşən günlər üçün məzuniyyət haqqını hesablamağa imkan verir.
| Eyni və fərqli aylara düşən məzuniyyətin hesablanması üçün elektron cədvəli buradan yükləyin. |
Məzuniyyətin hesablanması kalkulyatoru ilə iş qaydası dörd mərhələdən ibarətdir. Birinci mərhələdə işçi barədə, habelə cari ay, məzuniyyətin başlanma və bitmə tarixləri “gün.ay.il” formatında daxil edilir. Cəmi mezuniyet günü elektron cədvəl tərəfindən avtomatik hesablanır.
İkinci mərhələdə mezuniyet dövrünə düşən bayram günləri daxil edilir və əvvəlki məlumatlar əsasında cari və növbəti aylara düşən (əgər varsa) məzuniyyət günləri avtomatik tapılır.
Üçüncü mərhələdə işçinin son 12 ayda qazancı haqqında məlumatlar daxil edilir və onlar əsasında işçinin orta gündəlik qazancı tapılır.
Sonuncu mərhələdə məzuniyyətin hesablanması kalkulyatoru (elektron Excel cədvəl) cari və növbəti aya düşən mezuniyet pulunu tapır. Əgər məzuniyyət bir ayın daxilinə düşürsə, təbii ki, növbəti aya düşən günlər və məzuniyyət haqqı hesablanmayacaq.

