“Peşəkar mühasib” səviyyəsi: PMS imtahanı, 1-ci mərhələ

posted in: Xəbər | 0

Peşəkar mühasib kimdir?

Peşəkar mühasib qanunvericiliyə uyğun təşkil edilmiş PMS imtahanı uğurla verərək müvafiq sertifikat almış və peşəkar mühasib təşkilatının üzvü olan fiziki şəxsdir.

Peşəkar mühasib sertifikatı (PMS) mühasiblərin peşəkar sertifikatlaşdırılması üçün akkreditə olunmuş təşkilat tərəfindən verilən, mühasibin peşə keyfiyyətlərini və  “Peşəkar mühasib”  səviyyəsinə uyğunluğunu təsdiqləyən sənəddir. Bu sənəd PMS imtahanı verərək alınır.

Peşəkar mühasib səviyyəsi dedikdə mühasibin MHBS, MUBS  əsasında maliyyə hesabatlarını tərtib etmək, habelə yerli qanunlarına uyğun vergi və digər hesabatların hazırlayıb təqdim etmək bacarığını təsdiq edən peşəkarlıq səviyyəsi başa düşülür.

“Mühasibat uçotu haqqında” AR qanunun 2.1.22 maddəsinə görə peşəkar mühasib təşkilatı:

Mühasibat xidmətləri
  • qeyri-kommersiya təşkilatıdır;
  • ətrafına peşəkar mühasibləri toplayıb;
  • akkreditasiyası qanunla tənzimlənir.

Akkreditasiya AR NK-nın 2.5. 2019-cu il tarixli 204 saylı  Qərarı ilə təsdiq edilmiş “Peşəkar mühasib təşkilatının akkreditasiya olunması qaydası” əsasında aparılır.

PMS imtahanı qanunvericilikdə necə tənzimlənir?

Sertifikatın verilməsinin hüquqi əsasları “Mühasibat uçotu haqqında” Qanunun V-I fəsli ilə tənzimlənir. Peşəkar mühasib sertifikatının alınması üçün qanunla müəyyən edilmiş qaydada PMS imtahanı verilməlidir. İmtahanda iştirak üçün ödənişin məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir (bax: AR Prezidentinin 16 iyul 2024-cü il tarixli 148 saylı 148 fərmanı). Peşəkar mühasib sertifikatı imtahanın keçirilməsi, sertifikat almış mühasiblərin dövlət reyestri AR Nazirlər Kabinetinin tərəfindən qəbul edilmiş qaydalar əsasında aparılır. PMS imtahanları Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir.

Peşəkar mühasiblərin işlə təminatı “Mühasibat uçotu haqqında” Qanunun 3.4-cü maddəsi ilə tənzimlənir. Sertifikatın tələb olunduğu qurumların tərkibi ilə buradan tanış olmaq olar.

Peşəkar mühasib sertifikatı imtahanı necə keçirilir?

PMS imtahanı iki mərhələdən ibarətdir. Birinci mərhələdə namizədlər mühasibat uçotu, ikinci mərhələdə isə sertifikat növündən asılı olaraq büdcə, vergi, mülki və əmək qanunvericiliyindən sualları cavablandırırlar. Hər bir mərhələdə iştirakçılara 40 test tapşırığı təqdim edilir, sualların həlli üçün 3 saat vaxt ayrılır. Toplanılması mümkün maksimum bal hər mərhələ üçün 100 baldır. Hər bir suallın qiymətləndirilmə balı (sualın çəkisi) təşkilatçı tərəfindən, qaydalara uyğun müəyyən edilir.

Test tapşırıqlarının aşağıdakı növləri vardır:

  • qapalı test tapşırıqları – cavab variantlrından bir doğru olan seçilir;
  • açıq tipli test tapşırıqları- cavab variantları verilmir, doğru cavab iştirakçı tərəfindən müəyyən edilərək yazı ilə ifadə olunur.

PMS imtahanı üçün testlər hər il azı 20 faiz yenilənir, mütəmadi olaraq ekspertizadan keçirilir.

Sənəd qabulu üçün elan imtahan tarixindən ən azı bir ay əvvəldən verilir. Hər bir namizəd imtahanın vaxtına 10 gün qalmış bu haqda məlumatlandırılır.

İmtahanda iştirak üçün ərizə imtahan gününə ən azı 15 gün qalanadək təqdim olunur.

PMS imtahanı, 1-ci mərhələ

Peşəkar mühasib sertifikatı imtahanın birinci mərhələsi mühasibat uçotu üzrə aşağıdakı standart və qaydaları əhatə edir:

  • “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”;
  • “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları”;
  • “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları”;
  • “Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”;
  • “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”;
  • “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”.

PMS imtahanın 1-ci mərhələsindən müəyyən kateqoriya mühasiblər azad edilir.

a) Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını və ya Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatını əldə etmək istəyən şəxs, aşağıdakı sertifikatlardan hər hansı birinə malik olduğu hallarda:

  • İmtiyazlı və Sertifikatlaşmış Mühasiblər Assosiasiyasının FR – “Financial Reporting” imtahanını müvəffəqiyyətlə keçməsi barədə sənədə və ya “DipIFR” sertifikatına;
  • İmtiyazlı İdarəedici Mühasiblər İnstitutunun (CİMA – Chartered Institute of Management Accountants) F2 “Advanced Financial Reporting” sertifikatına;
  • Sertifikatlaşmış İctimai Mühasib (CPA – Certified Public Accountant) təşkilatının sertifikatına;
  • İmtiyazlı Mühasiblər Assosiasiyasının sertifikatına;
  • Serifikatlı Maliyyə Menecerləri İnstitutunun sertifikatına (ICFM (Institute of Certified Financial Managers) – “Diploma in IFRS”.

b) İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək istəyən şəxs:

  • İctimai Sektor üçün İmtiyazlı Maliyyə və Mühasibatlıq İnstitutunun (CİPFA- Chartered Instıtute Of Publıc Fınance & Accountancy) sertifikatına malik olduğu halda.

İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I səviyyə peşəkar mühasib sertifikatı almaq istəyən şəxslər PMS imtahanının 1-ci mərhələsindən 35 və daha çox bal toplamalıdırlar.

Sertifikatların digər növlərini almaq istəyən namizədlər birinci mərhələdən ən azı 50 bal toplamalıdırlar.

PMS imtahanına səmərəli hazırlığı təmin etmək üçün DİM hər bir sertifikat növü üzrə imtahan proqramlarını təqdim edir.

Sadələşdirilmiş vergi ödəyiciləri mallarının maya dəyərini necə hesablamalıdır?