Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Cash flow)

posted in: Xəbər | 0

Maliyyə hesabatlarının tərkibi

Maliyyə hesabatları üzrə konsepsiya sənədinin  3-cü bölməsi hesabat formalarını və hesabat verən qurumları şərh edir. Bu sənəddə hesabatlar 3 qrupa bölünür:

  1. MVHH (maliyyə vəziyyəti haqqında hesabat (statement of financial position) yaxud balans hesabatı);
  2. MGHH (maliyyə nəticələri haqqında hesabat (statement of financial performance) yaxud mənfəət və ya zərərlər və digər məcmu gəlirlər haqqında hesabat);
  3. Digər hesabatlar.

Digər hesabatlara pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Cash flow), aktivlər haqqında məlumatlar, kapitalda dəyişikliklər və s. aiddir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat

Bu hesabat müəssisənin ən likvid aktivlərinin – pul vəsaitlərinin hərəkətini öyrənməyə imkan verir. İlk iki maliyyə hesabatı (MVHH, MGHH) pulun daxilolma mənbələri, xərclənmə istiqamətlərini əks etdirmir. Çünki biz əməliyyatları mühasibat uçotunda hesablama metodu ilə qeydə alırıq, yəni:

  • gəlir üçün ödənişi almasaq belə, gəliri almaq hüququmuz tanındıqda onu gəlir kimi;
  • xərc üzrə ödəniş edilməsə belə, öhdəliyimiz dəqiqləşdikdə onu mühasibat uçotunda xərc kimi tanıyırıq.

Ona görə mənfəət-zərər hesabatındakı gəlir və xərclər müəssisədə real pul hərəkətini yaxud axınını əks etdirmir. Pulun real axınları MGHH-ın göstəricilərindən fərqlənərək çox yaxud az ola bilər.

Mühasibat xidmətləri

Pula axınları yaxud pulun hərəkəti müəyyən müddətdə müəssisəyə pul vəsaitlərinin daxilolması və çıxışını xarakterizə edir. Savadlı və təcrübəli biznesmenlər müəssisələrin əksəriyyətinin iflasının səbəbinin gəlirlərin azlığı deyil, pul likvidliyi problemi, puldan düzgün istifadə etmədiyi olduğunu çoxdan bilir.

Hesabatın tərtibinə tələblər

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat müəyyən bir müddət ərzində (məsələn, bir ay, rüb və ya il) alınan və xərclənən pul vəsaitlərini əks etdirən üç əsas maliyyə hesabatından biridir. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (Cash flow) mənfəət və zərər hesabatı ilə balans hesabatı arasında körpü rolunu oynayır və pulun biznesə daxil olmasını yaxud axınını göstərir.

Digər maliyyə hesabatları ilə birgə pul vəsaitlərinin hərəkəti haqqında hesabatın mühasibat uçotu məlumatlarının istər daxili, istərsə də kənar istifadəçilərinin informasiya təlabatının ödənilməsində önəmi böyükdür. Onun hazırlanması beynəlxalq standartların (IAS 7) tələblərinə uyğun olmalıdı.

Hesabatdan necə istifadə etmək olar?

Hesabat əsasında müəyyən dövr ərzində pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərindəki dəyişiklikləri anlamaq olar.

Pul vəsaitlərinin ekvivalentləri tələb olunan depozitlər, qısamüddətli, yüksək likvidli, asanlıqla məlum məbləğdə nağd pula çevrilə bilən və dəyərdə cüzi dəyişikliklər riskinə məruz qalan investisiyalardır. Buraya satılması 3 aydan çox olmayan səhmlər, maliyyə vekselləri, istiqrazları, digər müəssisələrə verilmiş  3 aydan çox olmayan müddətdə qaytarılması nəzərdə tutlan borcları aid etmək olar.

Hesabatı təhlil edərək müəssisədə:

  • pul vəsaitlərinin yaranma mənbəyi və istifadə istiqamətlərini;
  • kifayət qədər pul vəsaitlərinin qazanılmasının mümkünlüyünü;
  • pul vəsaitləri ilə öhdəliklərin ödəmək imkanını;
  • səhmdarlara dividendlərin verilməsi imkanını;
  • pul vəsaitlərinin dəyişkən şəraitə uyğunlaşmasını qiymətləndirmək mümkündür.

Həmçinin hesabatın məlumatları əlavə maliyyələşdirmə cəlb edilməsi, dividend siyasətinin dəyişdirilməsi haqqında qərarların qəbulunda da istifadə edilə bilər.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda (Cash flow) kifayət qədər pul vəsaitinin olduğunu görməklə, məsələn, riskli maliyyə öhdəliklərinin ödənilmə vaxtı olduğunu təsbit edə bilərsiniz.

Pul axınları konsepsiyası

Pul axınları haqqında konsepsiya ABŞ-da ötən əsrin ortalarında irəli sürülüb. Konsepsiyanın əsas müddəaları iqtisadçılar L.A.Bernstayn, U.Briqhem, J.Rişar və digərləri tərəfindən hazırlanıb. Bu sahədə çalışan rus alimlərindən V.Q.Artemenkonun, V.V.Kovalyovun, A.D.Şeremetin adlarını çəkə bilərik.

Son onillikdə Q.Abbasov, V.Quliyev, H.Cəfərli, S.Qasımov, S.Abbasova və digər azərbaycanlı alimlər öz elmi işlərində bu məsələyə toxunmuşlar. Həmin elmi işlər pul vəsaitləri axınının:

  • müəyyənləşdirilməsi;
  • qiymətləndirilməsi;
  • təhlili problemlərinin araşdırılmasına yönəlmişdir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın Maliyyə Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənmiş nümunəvi forması  burda verilib.

Hesabatın tərkib hissələri

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın üç bölmədən ibarətdir:

  • əməliyyat fəaliyyəti;
  • investisiya fəaliyyəti;
  • maliyyələşdirmə fəaliyyəti.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın (Cash flow) bölmələrini düzgün təhlil edərək müəssisənin maliyyə, investisiya və əməliyyat fəaliyyətində baş verən dəyşkiliklər barədə məlumat toplamaq olar.

Hesabatın hazırlanmasında iki metoddan istifadə edilə bilər:

  • birbaşa metod;
  • dolayı metod.

Bu metodlar əsasən pul vəsaitlərinin hərəkəti haqqında hesabat əməliyyat fəaliyyəti üzrə pul axınlarının göstəricilərinə görə fərqlənir, investisiya və maliyyə pul axınları demək olar ki oxşardır.

Ehtiyat sığorta fondlarına ayırmaların gəlirdən çıxılması necədir?