Tikinti müqavilələri
Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları 536 saylı hesabda uçota alınır. Bu hesab Hesablar Planının 53-cü maddəsinə aiddir.
Tikinti obyektlərinin inşa edilməsi, təmiri, bərpası, yenidən qurulması, sökülməsi tikinti fəaliyyəti sayılır. Şəhərsalma, tikinti fəaliyyətinin hüquqi əsasları, prinsipləri, həmçinin dövlət, bələdiyyə, fiziki yaxud hüquqi şəxslərin şəhərsalma, tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri AR “Şəhərsalma və tikinti qanunvericiliyi” əsasında tənzimlənir.
Bu bölmədə tez-tez istifadə edəcəyimiz podratçı, sifarişçi terminləri, tikinti müqavilələri, müqavilə formaları, tənzimlənmə şərtləri “Əsaslı tikintidə podrat müqavilələri haqqında qaydaların təsdiq edilməsi barədə” AR NK-nin qərarına əsasən tənzimlənir.
“Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabı
536-cı hesab üzrə müxabirləşmələr AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları” əsasında müəyyən edilir.
Öhdəlik (passiv) hesabı olan “Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları” hesabında mühasibat uçotu subyektinin hesabat tarixindən sonra 12 ay ərzində ödənilməli olan əsas fondlarının, investisiya mülkiyyətinin tikintisi üzrə yaranan kreditor borcları barədə ümumiləşdirilmiş məlumatlar əks etdirilir.
Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları yarandıqda həmin qaydaların 43.39-cu, onlar uzunmüddətli kimi təsnifləşdirildikdə yuxarıda qeyd edilən qaydaların 43.41.-ci bəndi tətbiq edilir.
Tikinti müqavilələri üzrə görülmüş işlərin qəbulu nəticəsində yaranan ƏDV həmin qaydaların 43.40.-cı bəndilə nizamlanır.
Belə borclar ödənildikdə həmin qaydaların 43.43-cü bəndi, onlar bağışlanıldıqda yaxud iddia müddətinin keçməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada silindikdə müxabirləşmələr həmin qaydaların 43.43-cü bəndi əsasında verilir.
Tikinti müqavilələri bağlandıqda müxabirləşmə nümunələri
“A” MMC istehsal fəaliyyətini genişləndirmək məqsədilə fəaliyyət göstərdiyi ərazidə ikinci istehsal binasını inşa etmək qərarına gəlmişdir. Bunun üçün tikinti işlərilə məşğul olan “B” MMC-ə müraciət edərək fevral ayında müqavilə bağlamışdır. Müqaviləyə əsasən podratçı şirkət 10 ay müddətində ikimərtəbəli binanı tam hazır formada sifarişçi şirkətə təhvil verməlidir.
Gedişata əsasən, binanın bir hissəsi may ayında, digər hissəsi isə noyabr ayında “A” MMC-ə təhvil verilmişdir. Birinci hissənin dəyəri 120000 manat, ikinci hissənin dəyəri 105000 manat olaraq hesablanmışdır.
Mayda təhvil alınan hissənin uçotu aşağıdakı kimidir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İstehsal binasının hazır olan birinci hissəsi təhvil alındıqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 120000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 21600.00 |
| 3 | Təhvil alınmış birinci hissənin ödənişi edildikdə | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 120000.00 |
| 4 | ƏDV ödənildikdə | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 21600.00 |
| 5 | ƏDV əvəzləşdirildikdə | 521 – Vergi öhdəlikləri | 241 – Əvəzləşdirilən ƏDV | 21600.00 |
Noyabrda təhvil alınan digər hissənin uçotu da eyni qaydada həyata keçirilir:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İstehsal binasının hazır olan ikinci hissəsi təhvil alındıqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 105000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 18900.00 |
| 3 | Təhvil alınmış ikinci hissənin ödənişi edildikdə | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 223 – Bank hesablaşma hesabları | 105000.00 |
| 4 | ƏDV ödənildikdə | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 226 – ƏDV-nin Depozit hesabı | 18900.00 |
| 5 | ƏDV əvəzləşdirildikdə | 521 – Vergi öhdəlikləri | 241 – Əvəzləşdirilən ƏDV | 18900.00 |
536 saylı hesabda uçota alınmış borclar uzunmüddətli kimi təsnifləşdirildikdə
“A” MMC istehsal fəaliyyətini genişləndirmək məqsədilə fəaliyyət göstərdiyi ərazidə ikinci istehsal binasını inşa etmək qərarına gəlmişdir. Bunun üçün tikinti işlərilə məşğul olan “B” MMC-ə müraciət edərək fevral ayında müqavilə bağlamışdır. Müqaviləyə əsasən podratçı şirkət 10 ay müddətində ikimərtəbəli binanı tam hazır formada sifarişçi şirkətə təhvil verməlidir.
Lakin noyabr ayının sonunda məlum oldu ki, binanın tam hazır olması üçün lazım olan müddət 15 aydır.
Müqaviləyə əsasən kreditor borclarının qısamüddətli olaraq uçota alınması:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | İstehsal binasının hazır olan birinci hissəsi təhvil alındıqda | 113 – Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 225000.00 |
| 2 | ƏDV hesablandıqda | 241 – Əvəzləşdirilən ƏDV | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 40500.00 |
Razılaşmaya əsasən ödəmə müddətinin uzadılması nəticəsində tikinti müqavilələri üzrə qısamüddətli kreditor borclarının uzunmüddətli kreditor borcları kimi uçota alınması:
| Sıra №-si | Əməliyyatın adı | Debet | Kredit | Məbləğ (AZN) |
| 1 | Tikinti üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (Əsas məbləğ) | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 433 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları | 225000.00 |
| 2 | Tikinti üzrə qısamüddətli kreditor borcları uzunmüddətli kreditor borcları kimi nəzərə alındıqda (ƏDV məbləğ) | 536 – Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları | 433 – Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları | 40500.00 |

