Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi

posted in: Xəbər | 0
birbank biznes

Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi

Təcrübədə elə hallar olur ki, əmlakın mövcud qiymətləri əsaslı şübhə yaradır və əsas vəsaitlərin yenidən qiymətləndirilməsi zərurəti yaranır. Bizim tez-tez qeyd etdiyimiz ədalətli dəyər əslində budur. Yenidən (təkrar) qiymətləndirmə üçün konkret vaxt mövcud deyil. Müəssisədə torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi, bir qayda olaraq, heç bir səbəb olmadan ilin sonu yaxud əsaslı zərurətin olduğunu hesab etdiyi aşağıdakı hallarda apara bilər:

  • əsas vəsaitin zədələnməsi və ya buna bənzər hallar;
  • bazarda analoji, lakin daha təkmil əsas vəsaitin peyda olması;
  • inflyasiya və digər bu kimi hallarda da aparıla bilər.

Proses ona görə yenidən qiymətləndirmə adlanır ki:

  • əsas vəsaitin mövcud qiyməti, dəyəri bəllidir, lakin onun ədaləti əks etdirmədiyinə əsaslar və ya şübhələr var;
  • və müəssisə bu şübhəni aradan qaldırmaq istəyir.

Torpaq, tikili və avadanlıqların qiyməti bəlli deyildirsə, onun dəyərləndirilməsi yenidən qiymətləndirilmə deyil, sadəcə qiymətləndirmə adlanacaqdır.

Qanunvericilik bazası

Qiymətləndirmə 25 iyun 1998-ci il tarixli, 510-IQ saylı8 dekabr 2023-cü il tarixli, 1052-VIQ saylı “Qiymətləndirmə fəaliyyəti haqqında” AR qanunları ilə tənzimlənir. Sonuncunun 6-cı fəslində ayrı-ayrı maddələrin qüvvəyə minməsi haqqında keçid müddəalar nəzərdə tutulduğundan, hələ ki, hər iki qanundan paralel istifadə edilir.

Qanunvericilik qiymətləndirilmə fəaliyyətinin obyektini aşağıdakı kimi qruplaşdırır:

  • mülki qanunvericiliyə əsasən məcburi qiymətləndirilən əmlak;
  • qiymətləndirilməsi sifarişçi tərəfindən zəruri hesab edilən əmlak.

Qanunvericilidə əmlakın qiymətləndirilməsinin məcburi aparıldığı hallar da nəzərdə tutulub.

Obyektin qiymətləndirilməsi, o cümlədən torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi sifarişçi və qiymətləndirici arasında bağlanmış müqavilə əsasında aparılır. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyatdan keçmiş peşəkar qiymətləndirmə şirkətlərinə müraciət etmək lazımdır.

Obyektin qiymətləndirilməsi məhkəmə qərarı əsasında (əgər bu, mülki qanunvericilikdə nəzərdə tutulubsa) aparılırsa, məhkəmə müstəqil şəkildə qiymətləndirici seçə bilər.

Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsinin uçotu

Təkrar dəyərləndirmə zamanı, çox vaxt torpaq, tikili, avadanlıqların qalıq dəyəri artır. Buna səbəb, bir qayda olaraq, ölkələrdə baş verən inflyasiyadır.

Qeyd etdiyimiz kimi, hər cür əmlak yenidən qiymətləndirməsinin predmeti ola bilər, lakin ehtiyatların yalnız xüsusi hallarda qiymətləndirilməsi tövsiyə edilir. Əsas vəsaitlərin qiymətləndirilməsi daha məqsədəuyğundur, çünki ehtiyatlardan fərqli olaraq əsas vəsaitlər uzunmüddətli istifadə üçün nəzərdə tutulub.

Mühasibat uçotunun beynəlxalq standartlarına görə, əgər torpaq, tikili, avadanlıqlar kateqoriyasına aid olan hər hansı bir aktiv təkrar qiymətləndirilirsə, onun aid olduğu bütün kateqoriya yenidən qiymətləndirilməlidir.

Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsindən yaranmış artım “Yenidən qiymətləndirmədən artım”, zərər isə “Yenidən qiymətləndirmədən zərər”  adlı kapital hesabında toplanmalıdır.

Nümunə 1: Torpaq, tikili, avadanlıq kateqoriyasına aid olan nəqliyyat vasitəsinin maya dəyəri 75 000 manat həcmindədir. Aktivin yenidən qiymətləndirilməsindən sonra onun qiyməti 90 000 manat təşkil edir.
Müxabirləşmə bu cür verilməlidir :
DT 111 KT 331 15000

 

Nümunə 2: Torpaq, tikili, avadanlıq kateqoriyasına aid olan nəqliyyat vasitəsinin maya dəyəri 85 000 manat həcmindədir. Torpaq, tikili və avadanlıqların qiymətləndirilməsi başa çatdıqdan sonra onun qiyməti 55 000 manat təşkil edir.
Müxabirləşmə belə olacaq:
DT 331 KT 111 30000

Yenidən qiymətləndirilmə zamanı amortizasiya

Torpaq, tikili, avadanlıqların yenidən qiymətləndirilməsi zamanı yığılmış amortizasiyada da uyğun düzəliş edilməlidir. Mühasibat uçotunun beynəlxalq standartları (IAS 16) yenidən qiymətləndirmə tarixinə yığılmış amortizasiyaya düzəlişin iki üsullunu müəyyən edir.

Birinci metodda indeksləşdirmə hesabına aktiv amortizasiya olunan bərpa dəyərinədək təkrar qiymətləndirilir. Təkrar dəyərləndirmə tarixinə yığılmış amortizasiya aktivin balans dəyərindəki dəyişikliklərə mütənasib olaraq yenidən qiymətləndirilir. Torpaq, tikili və avadanlıqların yenidən qiymətləndirilməsi başa çatdıqdan sonra balans dəyəri aktivin yenidən qiymətləndirilən dəyərinə bərabər olur.

Nümunə 3: İstismar müddəti 5 il olan əsas vəsaitin dəyəri 100 000 manat kimi uçot alınıb. Bir neçə ildən sonra qiymətləndirmə zamanı onun ilkin dəyərinin 200 000 manat olduğu aydınlaşıb. Biz onu 3 il amortizasiya etmişdik, yığılmış amortizasiya məbləğimiz 60 000, qalıq dəyəri isə 40 000 manatdır. Deməli həm qalıq dəyəri, həm də yığılmış amortizasiya 2 dəfə artmalıdır.
Yəni biz aşağıdakı müxabirləşməni verməliyik:
DT 111 KT 331 40000 (qalıq dəyərinin artırılması)
DT 111 KT 112 60000 (amortizasiyanın artırılması)

Yığılmış amortizasiyanın düzəlişinin ikinci üsulu binaların qiymətləndirilməsində tez-tez istifadə olunur. Bu halda yığılmış amortizasiya ümumi balans dəyərinin əksinə eliminasiya olunur (yəni yığılmış amortizasiya ümumi balans dəyərindən çıxdaş edilir), xalis kəmiyyət isə aktivin təkrar qiymətləndirilən kəmiyyətinədək yenidən hesablanılır.

Nümunə 4: Binanın maya dəyəri 100 000 manatdır. Yığılmış amortizasiya məbləği qiymətləndirmənin keçirildiyi günə 60 000 manata bərabərdir. Əsas vəsaitin yenidən qiymətləndirilməsi həyata keçirildikdən sonra binanın balans qiyməti 70 000 manat təşkil edir. Yığılmış amortizasiya istisna oluna bilər.
Diqqət etdinizsə, yenidən qiymətləndirdiyimiz əsas vəsaitin dəyəri azalmışdır. Belə olan hallarda amortizasiya məbləği ilə heç nə edilmir və o, əsas vəsaitin dəyərindən çıxıldıqdan sonra, əsas vəsait qiymətləndirmə nəticəsində tapılmış ədalətli dəyərinə çatdırılır. Əsas vəsaitin növbəti amortizasiyaları həmin andan etibarən sanki sıfırdan olmaqla hər il üzrə adi qaydada hesablanır. Yəni, müxabirləşmələr aşağıdakı qaydada verilməlidir :
DT 112 KT 111 60000
DT 111 KT 331 30000

Torpaq, tikili və avadanlıqların istismarı dövründə bölüşdürülməmiş mənfəətə onun yenidən qiymətləndirilməsindən artımın yalnız bir hissəsi köçürülə bilər. Artımın köçürülən məbləği aktivin təkrar qiymətləndirilən balans qiyməti əsasında hesablanan amortizasiya məbləğiylə onun ilk dəyəri əsasında hesablanılan amortizasiya məbləği arasındakı fərqi təcəssüm etdirir.

Nümunə 5: İstismar vaxtı 5 il olan cihazın maya dəyəri 100 000 manatdır. Təkrar qiymətləndirmə bitdikdən sonra cihazın qiyməti 120 000 manat təşkil edir.
“Kapital-yenidən qiymətləndirmədən artım” hesabından “Bölüşdürülməmiş mənfəət” hesabına illik köçürmə məbləği 4000 manat təşkil etməlidir.

Xitam prosesində son haqq hesabın hesablanma qaydası

Print Friendly, PDF & Email