Torpaq vergisi ödəyiciləri

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Torpaq vergisinin hüquqi bazası

Respublika ərazisində mülkiyyətində yaxud istifadəsində torpaq sahəsi olan fiziki şəxslər, habelə müəssisələr torpaq vergisinin ödəyiciləri, həmin sahələr isə vergitutma obyekti sayılır. Vergi məbləğinin hesablanması bələdiyyə qurumları yaxud ödəyicinin özü tərəfindən həyata keçirilir. Məsələn, Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi bilavasitə onların özü tərəfindən hesablanır.

Azərbaycan vergi qanunvericiliyinə görə torpaq vergisi həm dövlət, həm də yerli vergi sayılır. Torpaq vergisi üzrə hüquqi müddəalar Vergi Məcəlləsinin XIV fəslində, vergi ödəyiciləri isə həmin fəslin 204-cü maddəsində şərh olunub.

Fiziki şəxslər və bələdiyyə arasındakı torpaq vergisi üzrə münasibətlər bu akta uyğun qurulur.

Yerli vergilər haqqında daha çox məlumatı bizim saytın “Bələdiyyə vergiləri“ bölməsindən ala bilərsiniz.

Torpaq vergisinin ödəyiciləri kimlərdir?

Torpaq vergisi ödəyicisi olan hüquqi şəxslər qrupuna aşağıdakılar nümunə göstərilə bilər:

  • qanunvericiliyə əsasən hüquqi şəxs sayılan müəssisə və təşkilatlar;
  • həmin müəssisə və təşkilatların müstəqil balansla, bank hesablaşma hesabı açmış struktur vahidləri;
  • xarici hüquqi şəxslər, onların nümayəndəlikləri;
  • xarici investisiyalı müəssisələr və sairlər.

Azərbaycan Respublikasının vətəndaşları, xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərə aiddir.

Azərbaycan Respublikası başqa dövlətlə respublika ərazisində torpaq sahəsini birgə ehtiyacları üçün istifadə edə bilər. Bu zaman vergi tutulması dövlətlərarası müqavilələrlə, belə müqavilə yoxdursa ümumi qaydada tənzimlənir.

Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə hesablamalar, fiziki şəxslərdə verginin yerli büdcəyə ödənmə qaydaları, ümumiyyətlə torpaq vergisinin ödəyiciləri üzrə belə məsələlərin rəsmi izahı burada verilib.

Torpaq vergisi öhdəliyinin yaranma şərtləri

Torpaq vergisi sabit tədiyyə formasında hər il ödənilir. Ödəniləcək məbləğ hesablanarkən torpağın bazar dəyəri, satıla biləcəyi dəyər, yaxud balans dəyəri rol oynamır. Ümumiyyətlə, torpaq vergisi üzrə öhdəliyin yaranması:

  • torpaqdan istifadə edilib-edilməməsindən;
  • ondan effektiv istifadədən;
  • əldə edilən səmərədən asılı deyildir.

Torpaq vergisinin ödəyiciləri vergini sırf sahibi olduqları torpağa görə ödəyirlər. Siz sahibkarlıq fəaliyyətinizi dayandırmış olsanız belə, onu ödəməli, bəyannaməni təqdim etməlisiniz (Vergi Məcəlləsi, maddə 16.4). Bəyannamə Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi üzrə əsas hesabat sayılır. Torpaq sahəsi üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışla (kupça) təsdiq olunur.

Ümumən, belə sahələr sizə:

  • vərəsəlik qaydasında;
  • alqı-satqı qaydasında;
  • bağışlanma, dəyişmə, hərrac yolu ilə;
  • renta müqaviləsi və s. formada keçə bilər.

Həmçinin, torpaq sahəsində məhkəmənin qərarı əsasında da yaşamaq olar. İstənilən halda, şəxslər, bu sənədləri əsas götürməklə, torpaq vergisinin ödəyiciləri sayılır. Tikili, qurğu altındakı torpaqların, obyektlərin sanitariyası məqsədi üçün mühafizəsi vacib torpaq sahəsinin mülkiyyətçiləri yaxud istifadəçiləri də bu kateqoriyaya aid edilir. Məsələn, sizin eviniz var, lakin həyətyanı sahəniz yoxdur. Bu halda evin üzərində yerləşdiyi torpaq vergitutma obyekti hesab olunur və siz torpaq vergisinin ödəyicisi sayılırsınız. Bu, çoxmərtəbəli binada mənzili olan şəxslərə aid deyil.

Torpaq vergisi ödəyicilərinə güzəştlər

Vergi məcəlləsində torpaq vergisi ödəyiciləri üzrə bir sıra güzəştlər nəzərdə tutulub. Vergi güzəştləri aşağıdakı formalarda tətbiq edilə bilər:

  • vergidən tam azadolma;
  • vergitutma bazasının azaldılması;
  • müəyyən dövr üçün vergidən azad edilmə.

Vergidən tam azad edilən torpaq vergisinin ödəyicilərinin siyahısı genişdir (bax: AR VM, maddə 207). Məsələn, dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları, AR Mərkəzi Bankı və onun qurumları torpaq vergisi üzrə ödənişlərdən tam azaddır (VM, maddə 207.12).

Bəzi kateqoriyalı fiziki şəxslərin mülkiyyətindəki torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır (VM, maddə 207.3). Geoloji – kəşfiyyat işləri aparılan torpaq sahələri üçün vergitutma bazası 75% azaldıla bilər. Azaldılma şərtləri Məcəllənin 207.8-ci maddəsində şərh edilib.

İstehsalı təşviq etmək məqsədi ilə Azərbaycanda hüquqi şəxslərin torpaq vergisi müəyyən dövr üçün vergidən azad edilə bilər (VM, 207.3, 207.5-207.7, 207.10, 207.11 maddələr). 207.3, 207.5 maddələr hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (fərdi sahibkarlara) – torpaq vergisinin ödəyicilərinə da aid edilir.


Print Friendly, PDF & Email