Hamiləlik və doğuma görə müavinət almaq hüququ olan şəxslər

posted in: Müavinət, Xəbər | 0

Sosial müavinətlər

Hamiləlik və doğum Azərbaycan qanunvericiliyinə görə (“Sosial sığorta haqqında” AR qanunu, maddə 4) sosial sığorta hadisəsi sayılır. Bu zaman müəyyən gəlirlərin itirilməsi və mümkün xərclər sosial sığorta tərəfindən sosial müavinət şəklində kompensasiya edilir. Sosial müavinətlər müxtəlif kateqoriyadan olan şəxslərə sosial yardım göstərilməsi üçün aylıq yaxud birdəfəlik ödənilən pul vəsaitidir. Hamiləliyə və doğuma görə müavinət belə sosial müavinət növündən biridir.

Aşağıdakılar da sosial sığorta hadisəsi sayılır və müavinətlə kompensasiya edilir:

  • əmək qabiliyyətinin itirilməsi;
  • ölüm hadisəsi;
  • uşaq doğulması;
  • uşağa qulluq.

Hamiləliyə və doğuma görə müavinət hesablanması və ödənilməsi qaydası AR NK-nın uyğun qanunvericilik aktı ilə tənzimlənir.

Müavinət, o cümlədən hamiləliyə və doğuma görə müavinət DSMF tərəfindən sosial sığorta hadisəsi zamanı işçiyə verilən ödəncdir.

Kimlər hamiləliyə və doğuma görə müavinət ala bilər?

Bəzən “analıq məzuniyyəti üçün ödəniş” də (yaxud dekret pulu) adlandırılan bu müavinəti işləyən qadınlara doğuşdan əvvəl və sonrakı günlərdə məzuniyyətdə olduqları dövr üçün verilir.

Hamiləliyə və doğuma görə müavinət almaq hüququnun yaranması üçün şəxsin 6 aydan az olmayan sosial sığorta stajı olması vacibdir. Müavinətin yuxarı həddi əmək pensiyasının minimum məbləği ilə tənzimlənir və onun 25 mislindən çox olmamalıdır (“Sosial sığorta haqqında” qanun, maddə 6).

Nümunə 1: Aylıq qazancı 1000 manat olan şəxsə 22 iş günündən ibarət ay üçün müavinət təyin olunmalıdır. 01.02.2023-cü ildən yaşa görə əmək pensiyasının minimum məbləği 280 manatdır. Bu şərtlər daxilində müavinətin gündəlik maksimal həddi 318,18 ((280*25)/22) manatdan artıq ola bilməz.

Qanunvericilik bəzi işəgötürənləri əməyin ödənişi fonduna görə məcburi dövlət sosial sığorta ayırmalarından azad edib. Belə işəgötürənlərin işçilərinin hamiləliyə və doğuma görə müavinət və müavinətin yuxarı həddi, hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğinin azadolmalar nəzərə alınmadan hesablanmalı  olan məcburi dövlət sosial sığorta haqqının məbləğinə nisbətində almaq hüququ vardır.

Nümunə 2: Yuxarıdakı nümunədə verilmiş məlumatlar əsasında dövlət sosial sığorta ayırmalarından azad edilmiş işəgötürənlərdə müavinətin gündəlik yuxarı  38,26 ((280*25)/22)*12%) manatdan artıq ola bilməz.

Qeyd: Sosial sığortadan azad olunan işəgötürəndə işçi 3 faiz sığorta haqqı ödəyir. Odur ki, nisbət belə hesablanır: 25/100=3/x, 25x=300, x=12%

Hamiləliyə və doğuma görə müavinətin müddəti

Müavinətin təyin olunduğu məzuniyyətin müddəti iki hissəyə ayrılır:

  • hamiləlik dövrü;
  • doğumdan sonrakı dövr.

İşləyən qadınlar üçün hamiləlik dövrü məzuniyyətinin müddəti 70, doğumdan sonrakı dövr üçün 56 təqvim günü müəyyən edilib. Doğum çətin olduqda, sonuncu 70 təqvim gününə çatdırıla bilər. Bundan başqa kənd təsərrüfatında çalışanlar üçün müddət daha çoxdur (uyğun olaraq 70/70, doğum çətin olduqda isə 70/86 təqvim günü).

Məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır. Bu məzuniyyətin ikinci hissəsinə təsir etmir.

Tibb müəssisəsinin verdiyi arayışı əsasında kişilər də uşağının doğulması ilə əlaqədar ödənişli məzuniyyət götürə bilər. Müddəti 14 təqvim günü olan bu məzniyyət doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə verilir.

Hamiləliyə və doğuma görə müavinətin müddəti haqqında buradan daha geniş məlumat almaq olar.

Daha nəyi bilmək vacibdir?

  • Hamiləliyə və doğuma görə müavinət yalnız faktiki analıq məzuniyyətində olunan müddət üçün ödənilir. Gələcək ana xəstəlik vərəqini təqdim edərək işləməyə davam edirsə, müavinət əvəzinə əməkhaqqı alacaq. Müavinət yalnız qadının analıq məzuniyyətində olduğu günlər üçün ödənir. Natamam iş günü yaxud yarımştat işləsə belə ona müavinət düşmür. Müavinət ödənişi yalnız onun işini dayandırıb məzuniyyətə getdikdə bərpa oluna bilər;
  • Hamiləliyə və doğuma görə məzuniyyətin uzadılması mümkündür. Məzuniyyətə 14 gün əlavə oluna bilər (kənd təsərrüfatında çalışanlar üçün 16 yaxud 40 gün). Bunun üçün doğumun baş verdiyi tibb müəssisəsinə müraciət etmək lazımdır. Doğuş çətin keçibsə yaxud iki və ya daha çox uşaq dünyaya gəlibsə, əlavə məzuniyyət verə bilər;
  • Hamiləliyə və doğuma görə müavinət təyin olunması üçün ümumi əsaslarla verilmiş xəstəlik vərəqəsinin olması vacibdir;
  • Məzuniyyəti vaxtından tez bitirmək olar. Qadın, işəgötürənlə razılaşdırıb, öz istəyi ilə vaxtından tez işə qayıda bilər;
  • Analıq məzuniyyətin sonunda qadının əvvəlki iş yerinə qayıtmaq hüququ var.

Müavinətlər haqqında bizim digər elektron resursumuzdan məlumat ala bilərsiniz.


 

Əmək qabiliyyətinin itirilməsinə görə müavinətin təyin edilməsi

 

Hamiləliyə və doğuma görə müavinət hansı dövr üçün verilir?

posted in: Xəbər | 0

Hamiləliyə və doğuma görə müavinət kimə verilir?

Bəzən analıq pulu adlanan bu müavinət uşağa qulluqla əlaqədar müavinətdən fərqli olaraq yalnız qadınlara verilir. Sosial müavinətlərin bir növüdür, əhalinin aşağıdakı işləyən kateqoriyalarının sosial sığorta hadisəsi yarandığı halda bu müavinəti almaq hüququ var:

  • AR vətəndaşları;
  • daimi yaşamaq hüququ olan əcnəbilər;
  • daimi yaşamaq hüququ olan vətəndaşlığı olmayan şəxslər;
  • habelə, qaçqınlar.

Müavinətin təyin edilməsi üçün altı aydan az olmayan sosial sığorta stajı lazımdır. Hamiləliyə və doğuma görə müavinət sığortaolunan qadınlara hamiləliyə və doğuşa görə məzuniyyətdən (yaxud dekretdən) istifadə müddətində hesablanaraq ödənilir. Müavinətin təyin edilməsi xəstəlik vərəqi əsasında aparılır. Digər sənədlər müavinətin təyin olunması üçün əsas vermir. Xəstəlik vərəqi işçinin əsas iş yerində (əmək kitabçasının saxlandığı yerdə) rəhbərliyə təqdim olunur. Rəhbərlik uyğun bölmələrdə qeydlər apardıqdan sonra, müdiriyyətin müavinət təyin edən komissiyası (yaxud səlahiyyətli komissiya üzvü) müavinətin təyin edilməsi məsələsinə baxır.

Hamiləliyə və doğuma görə müavinət, doğuma görə müavinət, müavinət

Hamiləliyə və doğuşa görə məzuniyyətin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir.

Hamiləliyə və doğuma görə müavinət hansı müddət üçün verilir?

Həmin məzuniyyətlərin müddəti hamilə qadınların işlədiyi sahədən, həmçinin doğuşun normal, ya da çətin keçməsi, iki, daha çox uşağın doğulmasından asılı olaraq müəyyən olunur (Əmək Məcəlləsi, maddə 125). Kənd təsərrüfatında çalışan hamilə qadınlar istisna olmaqla analıq məzuniyyətinin müddəti:

  • doğuşa qədər – 70 gün;
  • doğuşdan sonra – 56 gün olmaqla 126 gün müddətində təyin edilir.

Əgər doğuş çətin şəraitdə keçərsə, doğumdan sonrakı məzuniyyətin 70 günə qədər uzadılması mümkündür.

Kənd təsərrüfatında fəaliyyət göstərən  qadınlarda hamiləliyə və doğuma görə müavinət dövrü aşağıdakı kimidir:

  • normal keçən doğuma görə 140 günlük (doğuma qədər və doğumdan sonra 70 gün);
  • ağır keçən doğum üçün 156 günlük (doğuma qədər – 70, doğumdan sonra – 86 gün);
  • 2, yaxud daha çox uşaq olduqda 180 günlük (doğuma qədər – 70 gün, doğumdan sonra – 110)  məzuniyyətlər tətbiq olunur.

Buradan hamiləlik, doğuşa görə məzuniyyətlər haqqında  ətraflı məlumatın əldə edilməsi mümkündür.

Erkən doğuş zamanı məzuniyyətin müddəti

Qeyd etdiyimiz kimi, məzuniyyət doğuşa qədər və doğuşdan sonrakı kimi iki dövrdən ibarətdir. Əgər doğuş, məsələn 20 gün tez baş veribsə, işçi daha tez işə çıxır. Hamiləliyə və doğuma görə müavinət faktiki məzuniyyət günlərinə görə hesablandığından, erkən doğuş zamanı artıq hesablanmış müavinət məbləği yaranır. Həmin məbləğ Əsasnamənin (Nazirlər Kabinetinin 189 saylı qərarı) 116-cı maddəsinə görə işçidən tutulur. Müavinətin hesablamasına məsul işəgötürən olduğundan, DSMF orqanlarına rəsmi məlumat verməli, onların rekvizitlər barədə yazılı məktubu əsasında müvafiq ödəniş edilir.

Müavinət dövrünün təyini zamanı xüsusi hallar

Müəyyən səbəblərdən doğuş normal olmaya bilər. Uşaq salınması zamanı hamiləliyə və doğuma görə müavinət ümumi əsaslarla təyin olunur.

Uşağın doğulması doğuş gözlənilən gündən daha uzun müddətə baş verə bilər. Belə halda məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti uşağın doğulduğu günədək ötən günlər qədər uzadılır. Həmin günlər üçün ödənişli edilir və bu müddət məzuniyyətin ikinci hissəsinə təsir etmir.

Kişilər də uşağının doğulması ilə əlaqədar doğuşdan əvvəl və doğuşdan sonra olan dövrdə ödənişli məzuniyyət götürə bilər. Bu məzniyyətin müddəti 14 təqvim günüdür.

Əmək müqaviləsinin düzgün xitam verilməməsi nəticəsində işçi və işəgötürən arasında fərdi əmək mübahisəsi yarana və proses bir müddət uzana bilər. Sığortaolunanın işdən azad olunmasının düzgünlüyü mübahisələndiyi dövrə düşən hamiləliyə və doğuma  görə müavinət bütün hallarda verilir. Hesablanma hamiləliyə və doğuşa görə məzuniyyətin bütün dövrünə düşən iş günləri üçün aparılır.

Hamiləliyə və doğuma görə məzuniyyət müddəti növbəti (əsas və ya əlavə) məzuniyyət və ya uşağa qulluq edilməsi üçün verilən məzuniyyət (həmçinin əməkhaqqı saxlanılmadan) dövrünə təsadüf edərsə, bu zaman xəstəlik vərəqəsinə əsasən hamiləliyə və doğuşa görə məzuniyyətin bütün günləri üçün müavinətin ödənilməsi təmin edilməlidir.

2 aylıq yaş həddinə qədər uşaqları övladlığa götürən, övladlığa qəbul etmədən uşaq böyüdən qadınlar da doğumdan sonrakı 56 günlük məzuniyyətlərdən istifadə hüququna malikdir.

Həbsdə olan vaxt, məhkəmə-tibb ekspertizası zamanı, habelə məhkəmənin qərarına görə məcburi müalicə (ruhi xəstələrdən başqa) zamanı hamiləliyə və doğuma görə müavinət verilmir.

 Müavinətin məbləği

“Əmək pensiyaları haqqında” AR qanununa əsasən müavinətlərin maksimum həddi əmək pensiyasının minimum məbləğinin 25 mislinə qədər olmalıdır.

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanı müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarı nəzərə alınmaqla verilir və müraciət müddəti məhdudlaşdırılmadan ödənilir.

Hamiləlik, doğuma görə müavinətlər əmək münasibətlərində olan işçinin faktiki gəlirindən hesablanaraq sosial sığorta haqqı hesabına ödənilir.

Müavinətin ümumi məbləği orta gündəlik müavinət məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

Müavinət məbləği = (((əvvəlki 12 ayın qazancı) / (əvvəlki 12 aydakı iş günləri) x (məzuniyyət müddətindəki iş günlərinin sayı)

Məzuniyyət müddətində sığortaolunanın vəzifə maaşında hər hansı bir dəyişiklik olduğu halda, müavinətin məbləği əməkhaqqının artmış miqdarı nəzərə alınaraq təzədən hesablanmalıdır.

Analıq məzuniyyətinin müddəti bitdikdə nə etməli?

Ana işə getməyə yaxud qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatanadək uşağa qulluğa görə müavinət almağa özü qərar verir. Əgər işə getməyə qərar versə, uşağa qulluğa görə müavinət faktiki uşağa baxacaq ailə üzvünə verilə bilər. Müavinətin bu növü hamiləliyə və doğuma görə müavinətdən fərqli olaraq, işçinin əməkhaqqısına görə deyil, qanunvericilikdə müəyyən olunmuş məbləğdə verilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verilməsi dövrü

Uşağın anadan olmasına görə müavinət hansı halda verilir?

posted in: Müavinət, Xəbər | 0

Ailədə uşaq dünyaya gəlib!

Uşağın doğulması hər ailədə vacib hadisədir. Çox vaxt deyirlər ki, uşağın gəlişi ilə əsl ailə yaranır, ana və ata arasındakı münasibət yeni səviyyəyə yüksəlir, hörmət, anlayış, qayğı və etibar yaranır. Təbii ki, ailənin yeni məqsədi cəmiyyətin yeni üzvünü sağlam və uğurlu yetişdirməkdir! Bu işdə valideynlərə dövlət də kömək edir. Əhali arasında “süd pulu” kimi tanınan uşağın anadan olmasına görə müavinət belə köməkdən biridir.

Dövlət üçün digər prioritet məsələ doğum səviyyəsini lazımi həddə saxlamaqdır. Bunun üçün dövlət müəyyən layihələr həyata keçirir, qanunvericilik aktları qəbul edir. Belə layihələrdən biri əhalinin fərqli təbəqələri üçün nəzərdə tutulan sosial müavinətlərdir. Uşaq doğuşu zamanı və bundan sonrakı dövrdə valideynlərə dövlət tərəfindən verilən belə müavinətlər gələcək ana və ataların mümkün qədər həvəslə vacib qərar qəbul etmələrin təmin etmək üçün nəzərdə tutulub.

Dövlətdən hansı sosial müavinətlər alına bilər?

Dövlətin uşağın doğulması zamanı və ondan sonrakı dövrlərdə ailənin üzvlərinə etdiyi ödənişlər, müavinətlərin verilmə qaydası AR Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Sosial müavinətlər müxtəlif kateqoriyadan olan şəxslərə dövlət tərəfindən sosial yardım göstərilməsi məqsədilə verilən vəsaitdir. Aylıq, yaxud da birdəfəlik qaydada ödənilən müavinətlərin  müxtəlif növləri var:

  • əmək qabiliyyəti itirildikdə;
  • dəfnə görə;
  • uşaq anadan olduqda verilən müavinət;
  • uşağa qulluğa görə müavinətlər;
  • hamiləlik, doğum üçün.

Yuxarıda sadalanan müavinətlərdən üçü birbaşa uşağın doğulması ilə bağlıdır. Hamiləlik dövründə səhhətində yaranan müəyyən problemlərin aradan qaldırılması, habelə  cəmiyyətə sağlam vətəndaş gəlməsi üçün gələcək anaya hamiləlikdən əvvəlki və sonrakı dövrləri əhatə edən məzuniyyət verilir. Məzuniyyət müddətində ona hamiləliyə və doğuma görə müavinət ödənir.

Uşaq doğuşundan sonra valideynlərdən biri, yaxud ailənin uşağa bilavasitə baxan başqa üzvü uşağa qulluq etmək üçün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edə bilər. Məzuniyyət müddətində ona qanunvericiliklə müəyyən olunan məbləğdə uşağa qulluğa görə müavinət ödənir.

Uşağın doğulması ilə bağlı verilən digər sosial ödəniş uşağın anadan olmasına görə müavinətdir (yaxud süd pulu).

 İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir.

Uşağın anadan olmasına görə müavinət

Sosial sığorta üzrə ödəmələrin bir növü kimi qəbul olunan uşağın doğulmasına görə müavinət süd pulu da adlanır, birdəfəlik verilir, müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. AR vətəndaşları, respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa) uşağın anadan olmasına görə müavinət almaq hüququ olan şəxslərdir.

Müavinətin təyini birdəfəlik, elektron qaydada həyata keçirilir, işləyən valideynlərdən birinə verilə bilər.

Müavinət 01.01.2021 tarixdən əvvəl doğulan uşaqlara sığortaedənin müraciəti əsasında, həmin tarixdən sonra doğulanlara isə avtomatlaşdırılmış qaydada müəyyən olunur. Bu zaman uşağın doğulması qeydiyyatının dövlət qeydiyyat orqanlarında aparılmasına dair məlumatlar elektron informasiya sistemində öz əksini tapmalıdır.

Uşağın doğulmasına görə müavinətin məbləği 1 yanvar 2023-cü il tarixdən 600 manatdır. Bəzən elə hallar olur ki, uşaq doğuşundan bir müddət sonra dünyasını dəyişir, yaxud ölü doğulur. Uşaq ölü doğulduğu halda müavinət verilmir. Lakin uşaq doğulduqdan sonra yaşadığı müddətdən asılı olmayaraq müavinət verilməlidir.

Doğulmuş uşaqların sayı iki yaxud daha çox olduqda uşağın anadan olmasına görə müavinət onların sayına uyğun hesablanaraq ödənilir. Övladlıq olaraq götürülmüş uşaqlar üçün isə müavinətlər ümumi əsaslarla müəyyən olunur.


Altıgünlük iş həftəsində gündəlik iş vaxtının müddəti

posted in: Xəbər | 0

Əmək Məcəlləsinə əsasən, tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.
Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.

Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz.

Məcəllənin 90-cı maddəsinə görə, normal iş vaxtına uyğun olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

Bəs altıgünlük iş həftəsində gündəlik iş vaxtının müddəti necə tənzimlənir? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bildirib ki, həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtı 7 saatdan çox ola bilməz.

Həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtı 6 saatdan çox ola bilməz.

Həftəlik norma 24 saat olduqda isə gündəlik iş vaxtı 4 saatdan çox ola bilməz.

Mənbə: vergiler.az

Taksi fəaliyyəti göstərmiş şəxs kuryer işləyərsə hansı vergini ödəyəcək?

1 7 8 9 10 11 12 13 2. 699