75 faizlik güzəşt ötən ilin gəlirlərinə şamil edilə bilərmi?

posted in: Xəbər | 0

Vergi orqanlarında qeydiyyata alınmaqla memar-dizayner sahəsində fərdi qaydada fəaliyyət göstərirəm. Məlum olduğu kimi, Vergi Məcəlləsinə yeni əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, gəlirim 45.000 manatı keçmədiyi təqdirdə, 75 faiz güzəşt hüququndan istifadə edə bilərəm. Bilmək istəyirəm ki, həmin güzəşt 2024-cü ilin gəlirlərinə də tətbiq oluna bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır.

2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddəyə əsasən, layihə-dizayn və dekorasiya xidmətləri ilə məşğul olan və həmin fəaliyyətdən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinin 2025-ci il yanvarın 1-dən qüvvəyə mindiyini nəzərə alaraq, həmin maddədə qeyd olunan güzəşt hüququ 2024-cü il üzrə göstərilmiş fəaliyyətdən əldə olunan gəlirlərə şamil edilmir.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsi

Mənbə: vergiler.az

225 saylı “Pul vəsaitlərinin ekvivalentləri” hesabı: mühasibat uçotu, standartlar və tətbiqi nümunələr

Blogerlərin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Mövzunu Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev şərh edib.

Blogerlər hər hansı bir məhsulu və ya xidmət sahəsini reklam edirlərsə, bu reklamlardan əldə etdikləri gəlirdən mütləq vergi ödəməlidirlər. Məhsulun reklam və ya tövsiyə xarakterli olması blogerin bu fəaliyyət üzrə davamiyyətinə görə təhlil edilə bilər. Əgər bloger eyni və ya eynicinsli məhsulları və ya xidmətləri mütəmadi olaraq tövsiyə edirsə, bu iş artıq reklam xarakterli qəbul olunur və vergiyə cəlb edilir. Həmçinin, vergi orqanları tərəfindən əlaqəli (analoji) məlumatlar əsasında blogerin fəaliyyətinin reklam xarakterli olduğu aşkar edilə bilər. Bəs bu halda bloger fəaliyyəti göstərən şəxslər nə etməlidirlər?

İlk növbədə, onlar vergi uçotuna alınmalı, yəni VÖEN əldə etməlidirlər. Daha sonra göstərdikləri xidməti rəsmiləşdirməli (müqavilə bağlamaq, elektron qaimə göndərmək) və gəlirlərinin, xərclərinin uçotunu apararaq vergi ödəməlidirlər.

Bloger fəaliyyəti göstərən şəxslər gəlir vergisinin ödəyicisi hesab edilirlər. Vergi Məcəlləsinin 102.1.30 və 102.1.30-1 ci maddələrinə əsasən, bloger fəaliyyəti göstərən şəxslərin illik gəliri 200.000 manatı keçmədikdə onlar mikrosahibkarlıq subyekti hesab edilir və vergi güzəştlərindən yararlana bilərlər. Belə ki, blogerin reklam fəaliyyəti üzrə illik gəliri 45.000 manatı keçmədikdə onun 75% güzəştdən istifadə etmək hüququ vardır.

Misal 1

Bloger fəaliyyəti göstərən şəxsin bu fəaliyyət üzrə illik gəliri 40.000 manat, xərcləri isə 15.000 manat olub. Bu halda onun gəlir vergisi belə hesablanacaq:

40.000 – 15.000 = 25.000 manat;

25.000 – (25.000 x 75%) = 6.250 manat;

6.250 x 20% = 1.250 manat.

Beləliklə, həmin gəlirdən verginin məbləği 1.250 manat təşkil edəcək.

Əgər bloger fəaliyyəti göstərən şəxsin illik gəliri 45.000 manatdan çox və 200.000 manata qədər olarsa, bu halda onun vergi güzəştindən istifadə etmək üçün orta aylıq işçi sayı azı 3 nəfər olmalıdır. Əks halda, güzəşt hüququndan məhrum olmaqla 20% dərəcə ilə vergi ödəməlidir.

Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, blogerləri yayındırılmış və ya bəyan edilməmiş vergi məbləğlərinin 50%-i miqdarında maliyyə sanksiyası (cərimə) gözləyir.

Misal 2

Blogerin illik gəliri 50.000 manat, xərcləri isə 10.000 manat olub. Ancaq buna baxmayaraq, o, gəlirini bəyan etməyib və vergidən yayınıb. Bu halda həmin bloger aşağıdakı qaydada cərimə ilə üzləşəcək:

İlk növbədə vergi öhdəliyi yaranır:

(50.000-10.000) x 20% = 8.000 manat.

İkinci növbədə sanksiya (cərimə) tətbiq olunur:

8.000 x 50% = 4.000 manat.

Üçüncü növbədə isə vergi ödənişini gecikdirdiyi üçün ona əlavə faizlər hesablanacaq.

Mənbə: vergiler.az

Tütün məmulatı idxal və istehsal edən sahibkarlıq subyektlərinin Reyestri aparılacaq

Tütün məmulatı idxal və istehsal edən sahibkarlıq subyektlərinin Reyestri aparılacaq

posted in: Xəbər | 0

Nazirlər Kabinetinin Qərarına əsasən, “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin Əsasnaməsi” təsdiq edilib. Qərarla “Tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrinin aparılması Qaydası” da təsdiq edilib.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Reyestrin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün. İqtisadiyyat Nazirliyi, həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə Reyestrin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Reyestrin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Qeyd edək ki, Reyestr rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə yolu ilə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi fəaliyyətinin, habelə digər fiziki və hüquqi şəxslərlə əlaqələrinin operativliyini, səmərəliliyini, şəffaflığını, eləcə də göstərilən xidmətlərin, həmin informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların sistemliliyini və əlçatanlığını təmin edən dövlət informasiya ehtiyatıdır. Reyestrdə tütün məmulatının idxalının və istehsalının həyata keçirilməsi məqsədilə qeydiyyata alınmış sahibkarlıq subyektləri, eləcə də qeydiyyatın dayandırılması, bərpa edilməsi, yenidən rəsmiləşdirilməsi və ləğvi barədə məlumatlar əks olunur.

Reyestrin aparılmasının məqsədi tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektləri ilə bağlı dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

Mənbə: vergiler.az

“Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Kapital Bank 2025-ci ilin 2-ci rübü üzrə maliyyə nəticələrini elan edib

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 iyul 2025-ci il tarixinə 12.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.3 milyard manat olub.

1 iyul 2025-ci il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 9.4 milyard manat təşkil edib. Bankın 1 iyul 2025-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1.1 milyard manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 153.9 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank “Moody’s” və “Standard & Poor’s” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Əvəzləşdirilməyən ƏDV məbləği gəlirdən çıxıla bilərmi?

1 166 167 168 169 170 171 172 2. 681