Daimi iş yerlərinin sayında dinamika var

posted in: Xəbər | 0

iş yerləriRegionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 2014-cü il yanvarın 1-dən bu il iyulun 1-dək olan düvr ərzində ümumilikdə 843,5 min olmaqla 595,1 min daimi iş yeri yaradılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında ölkədə 122,3 min yeni, o cümlədən 64,7 min daimi iş yeri açılıb. Bunların 44,2 faizi qeyri-dövlət sektorunda olub. Yeni iş yerlərinin 25 faizi Bakının, 1,1 faizi Naxçıvan Muxtar Respublikasının, 73,9 faizi regionların, o cümlədən 40,8 faizi Aran, 8,5 faizi Gəncə-Qazax, 6,8 faizi Lənkəran, 4,7 faizi Yuxarı Qarabağ, 4,5 faizi Abşeron, 3,1 faizi Şəki-Zaqatala, 2,7 faizi Dağlıq Şirvan, 2,6 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb. Daimi iş yerlərinin 8,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 34,3 faizi mövcud müəssisə və təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 56,7 faizi isə fərdi sahibkarlıq subyektləri tərəfindən yaradılıb.

Həmçinin bax: İstifadə olunmayan torpaqlar üçün vergi yükü

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 17,8 faizi tikinti, 17,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 16,1 faizi su təchizatı; tullantıların təmizlənməsi və emalı, 10,9 faizi emal sənayesi, 9,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,6 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,8 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Bununla yanaşı, birinci yarımildə ölkədə 22,6 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 74 faizi fərdi sahibkarlıq subyektlərinin, 5,7 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 20,3 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.

Mənbə: vergiler.az

Rusiyada bu verginin dərəcəsi 2 dəfə artırılıb

posted in: Vergi, Xəbər | 0

RusiyaRusiya Federasiyasının Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, oyun biznesindən tutulan vergilərin minimal və maksimal dərəcələri ikiqat artırılıb.

Oyun biznesinə görə vergi hər bir oyun masasından, oyun avtomatından, totalizatorun və bukmeyker kontorunun prosessinq mərkəzindən, eləcə də bukmeyker kontorunun və totalizatorun stavka qəbuletmə məntəqəsindən hər ay tutulur. Bu ildən başlayaraq bir oyun masası üçün aylıq vergi 50 min rubldan (1493 manat) 250 min rubla (7500 manat), hər oyun avtomatı üçün aylıq vergi isə 3 min rubldan (90 manat) 15 min rubla (450 manat) qədər müəyyənləşdirilib.

Həmçinin bax: Nağdsız ödənişlərin həcmi nəyin hesabına artır?

Bukmeyker kontorunun prosessinq mərkəzinin ödəyəcəyi aylıq verginin məbləği də oyun masası üçün müəyyənləşdirilmiş verginin məbləği ilə eynidir – 50 min rubldan 250 min rubla qədər. Stavkaları qəbul edən hər bir totalizator və ya bukmeyker kontoru ayda 10 min rubldan (298,7 manat) 14 min rubla qədər (418,2 manat) vergi ödəməlidir.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

Nağdsız ödənişlərin həcmi nəyin hesabına artır?

posted in: Xəbər | 0

Nağdsız ödənişAzərbaycan Respublikası Mərkəzi Bankının mətbuat xidmətindən bildirilib ki, 2018-ci ilin 7 ayı ərzində Mərkəzi Bankın Hökumət Ödəniş Portalı vasitəsilə toplanılan vergi və gömrük rüsumlarının həcmində ödəniş kartlarının payı ötən ilin analoji dövrü ilə müqayisədə 8% artıb. Ümumi ölkə üzrə isə 2018-ci ilin ilk yarısında ödəniş kartları ilə aparılan əməliyyatların həcmi ötən il ilə müqayisədə 20% artaraq 8,4 mlrd manata çatıb. Ödəniş kartları ilə ölkədaxili əməliyyatlarda nağdsız ödənişlərin payı 16% təşkil etmişdir ki, bu da keçən  ilin analoji dövrü ilə müqayisədə 44% artım deməkdir.


Nağdsız ödənişlərlə bağlı problemlərin həlli istiqamətində layihələr

Mərkəzi Bankın açıqlamasına görə, «Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi»ndən irəli gələn vəzifələrin icrası nəticəsində ölkə iqtisadiyyatında yüksək nağdlaşmanı şərtləndirən fundamental amillərin geniş diaqnostikası, qeyri-neft sektorunun aparıcı sahələri üzrə nağd iqtisadiyyatın həcminin ölçülməsi, iqtisadiyyatda nağd pul dövriyyəsinin azaldılması və nağdsız ödənişlərin inkişafı məqsədilə «MasterCard Worldwide» beynəlxalq kart təşkilatı ilə ötən il ərzində «Nağdsız Azərbaycan» layihəsi həyata keçirilmişdir.

Nəticə olaraq «2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı»nın layihəsi hazırlanmış və razılaşdırılması üçün Azərbaycan Respublikasının Prezident Administrasiyasına təqdim edilmişdir. Proqram rəqəmsal ödənişlərin inkişafına mane olan institusional amillərin aradan qaldırılmasına, maliyyə vasitəçiliyinin inkişafına, innovativ ödəniş sistemlərinin tətbiqinə, maliyyə inklüzivliyinin gücləndirilməsinə yönəlmiş sistemli və kompleks islahat tədbirlərini əhatə edir.

Həmçinin bax: 2-ci qrup əlillər üçün hansı vergi güzəştləri tətbiq olunur?

Proqram üzrə artıq bir neçə tədbirin icrasına başlanılmışdır. Ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi çərçivəsində fiziki və hüquqi şəxslər arasında əməliyyatların 24/7/365 rejimində ödənişlərin həyata keçirildiyi anda başa çatdırılmasının təmin olunması məqsədilə «Ani ödənişlər sistemi»nin yaradılmasına start verilmişdir. Yaradılacaq infrastruktur imkanlar çərçivəsində istifadəçilər istənilən zaman və istənilən vasitələrlə bir-birlərinə ödəniş edə biləcəklər. Eyni zamanda, ölkənin təsərrüfat subyektlərində müasir ödəniş həlləri hesab olunan «QR code» kimi texnologiyaların və digər mobil həllərin tətbiqi mümkün olacaqdır. Nəticədə, iqtisadi subyektlər arasında rəqəmsal ödənişlərin genişləndirilməsinə, ölkədə nağd iqtisadiyyatın azalmasına və nağdsız ödənişlərin artmasına əlverişli mühit yaranacaqdır.

İkinci mühüm tədbir ölkənin bank sektorunda təklif olunan xidmətlərin yeni innovativ müstəvidə elektronlaşdırılması, elektron xidmətlərin miqyasının genişləndirilməsi üçün rəqəmsal identifikasiya sisteminin «Blockchain» platformasında yaradılmasıdır. Azərbaycanın bank sektorunda həyata keçirilən xidmətlərin keyfiyyətinin artırılması, müştəri məmnunluğunun yüksəldilməsi məqsədilə Mərkəzi Bank ölkədə ilk dəfə olaraq pilot «Blokchain» platforması üzərindən layihənin reallaşdırılmasına başlamışdır. Eyni zamanda, ölkənin maliyyə sektorunda «Blockchain» texnologiyasının şaxələnməsi məqsədilə Rəqəmsal Transformasiya Planı beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanacaqdır.

Əhalinin nağdsız ödənişlər üzrə məlumatlılığının artırılması və nağdsız ödənişlərdən istifadəyə təşviq edilməsi istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki,  qlobal ödəniş texnologiyalarının lideri olan «Mastercard» ilə birlikdə pilot olaraq seçilmiş Naxçıvan Muxtar Respublikasında ödəniş kartlarından istifadənin stimullaşdırılması məqsədilə istehlakçılar və təsərrüfat subyektləri üçün kampaniyaya start verilmişdir.

Həmçinin bax: “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilib

POS-terminalların  quraşdırılması və istifadəsi

Nağdsız ödəniş vasitələrindən biri də POS-terminallardır. Ölkəmizdə qəbul edilmiş müvafiq hüquqi-normativ sənədlərə əsasən, aşağıdakı obyektlərdə POS-terminallar quraşdırılmalıdır:

1) dövriyyəsindən və ərazisindən asılı olmayaraq Əlavə Dəyər Vergisi (ƏDV) ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alındığı tarixdən);

2) dövriyyəsindən və ərazisindən asılı olmayaraq avtomobil və mebel satışı üzrə ixtisaslaşmış müəssisələr, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələrilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən);

3) rüb üzrə orta aylıq dövriyyəsi 2000 (iki min) manatdan artıq olan vergi ödəyicilərinin bütün təsərrüfat subyektləri (obyektləri) (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) ;

4) hüquqi şəxslərə və fərdi sahibkarlara məxsus minik avtomobili ilə (taksi) sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) ;

5) vergilərin və göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənişini qəbul edən dövlət orqanları (ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiq edilməsi cədvəlinə uyğun olaraq) .

Vergilər Nazirliyinin İqtisadi Təhlil və ekspertiza departamentinin hesabatına görə, ölkə ərazisində POS terminalların qeydiyyatında ötən ilin yanvar-iyul ayları ilə müqayisədə artım var. 2017-ci ilin yanvar-iyul ayları üzrə 3871 POS-terminal qeydiyyatdan keçdiyi halda, cari ilin eyni dövrü ərzində bu rəqəm 5372 olub.

Mənbə: vergiler.az

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

“Məşğulluq haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

posted in: Xəbər | 0

Məşğulluq “ Məşğulluq haqqında ” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 31.2-ci maddəsinə uyğun olaraq, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 4.3-cü maddəsinə uyğun olaraq, məşğul şəxslər barəsində məlumatların əldə olunmasını və reyestrə daxil edilməsi, reyestrin aparılması və ondan istifadə qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 5.1-ci maddəsinə uyğun olaraq, işaxtaran və işsiz şəxslərin qeydiyyata alınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.7. həmin Qanunun 18.3-cü maddəsinə uyğun olaraq, yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.8. həmin Qanunun 23.3-cü maddəsinə uyğun olaraq, əmək birjalarının və əmək yarmarkalarının təşkili və fəaliyyəti qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.9. həmin Qanunun 24.11-ci maddəsinə uyğun olaraq, işsiz şəxslərin özünüməşğulluğunun təşkili qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.10. həmin Qanunun 26.2-ci maddəsinə uyğun olaraq, sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin standartlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.11. həmin Qanunun 30.3-cü maddəsinə uyğun olaraq, qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarət tədbirlərinin keçirilməsi və əlaqələndirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.12. həmin Qanunun 35.2-ci maddəsinə uyğun olaraq, məşğulluq sahəsində nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. dörd ay müddətində:

1.2.1. həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, işədüzəlmədə vasitəçilik fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin reyestrinin aparılması qaydasını və həmin hüquqi şəxslərə dair tələbləri təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.2. həmin Qanunun 15.2-ci maddəsinə uyğun olaraq, əlaqələndirmə komitələrinin əsasnaməsini təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.3. həmin Qanunun 20.4-cü maddəsinə uyğun olaraq, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.4. həmin Qanunun 22.3-cü maddəsinə uyğun olaraq, peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.5. həmin Qanunun 24.6-cı maddəsinə uyğun olaraq, özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2.6. həmin Qanunun 29.3-cü maddəsinə uyğun olaraq, peşə hazırlığına cəlb olunan işsiz şəxsə verilən təqaüdün ödənilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  1. Müəyyən edilsin ki:

2.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı, 1.1.7-ci, 1.1.8-ci, 1.1.12-ci, 1.1.16-cı, 1.1.21-ci, 1.1.23-cü, 4.2-ci (hər iki halda), 4.3-cü, 4.4.1-ci, 4.4.2-ci (hər iki halda), 4.4.3-cü, 4.4.4-cü (hər iki halda), 4.4.5–4.4.9-cu, 4.4.10-cu (hər iki halda), 4.5-ci, 4.6-cı, 4.7-ci (hər iki halda), 5.1-ci (hər iki halda), 5.3-cü, 5.5-ci, 5.8.3-cü, 5.9.1-ci, 5.13-cü, 6.2-ci, 6.4.3-cü, 7.1-ci, 7.3-cü, 9.1.2-ci, 9.1.3-cü, 9.1.6-cı, 10.2.1-ci, 10.2.2-ci, 10.2.6-cı, 10.2.7-ci, 11.2-ci, 11.4-cü, 12.1–12.3-cü, 14.2-ci, 14.3-cü, 14.4-cü (hər iki halda), 14.5-ci, 15.1-ci, 15.2-ci, 16.2-ci, 17.3-cü, 18.2–18.6-cı, 18.7-ci (hər iki halda), 20.1-ci (hər iki halda), 20.2-ci, 20.4-cü, 21.1-ci, 21.3-cü, 21.5-ci, 22.1-ci, 22.3-cü, 23.1 – 23.3-cü, 24.1–24.4-cü, 24.5-ci (hər iki halda), 24.6-cı (hər iki halda), 24.8-ci, 24.11-ci, 25.1-ci (hər iki halda), 25.2-ci (hər iki halda), 25.3-cü, 26.1-ci, 26.2-ci, 27.1–27.3-cü, 28.1.8-ci, 29.1-ci (hər iki halda), 29.3-cü, 30.1–30.3-cü, 30.4-cü (hər iki halda), 31.1–31.3-cü maddələrində, 33.2-ci maddəsinin birinci (hər dörd halda) və ikinci cümlələrində, 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 4.4.2-ci (birinci halda), 21.3-cü, 25.2-ci (ikinci halda), 29.1-ci (ikinci halda) və 31.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 33.2-ci maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə vəsaitlərin orqanlar arasında bölgüsü hissəsində Azərbaycan Respublikasının Prezidenti, vəsaitlərdən istifadə qaydası hissəsində isə Azərbaycan Respublikasının Prezidenti (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularına münasibətdə) və Azərbaycan Respublikasının Nazirlər Kabineti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə münasibətdə) nəzərdə tutulur;

2.4. həmin Qanunun 1.1.8-ci, 4.3-cü, 5.1-ci (ikinci halda), 11.2-ci, 14.3-cü, 15.2-ci, 18.3-cü, 20.4-cü, 21.5-ci, 22.3-cü, 23.3-cü, 24.6-cı (birinci halda), 24.11-ci, 25.1-ci (ikinci halda), 26.2-ci, 29.3-cü, 30.3-cü və 35.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.5. həmin Qanunun 1.1.6-cı, 1.1.7-ci, 1.1.21-ci, 1.1.23-cü, 4.2-ci (hər iki halda), 4.4.1-ci, 4.4.2-ci (ikinci halda), 4.4.4-cü (ikinci halda), 4.4.5 – 4.4.7-ci, 4.4.10-cu (ikinci halda), 4.6-cı, 4.7-ci (birinci halda), 5.1-ci (birinci halda), 5.3-cü, 5.5-ci, 5.8.3-cü, 5.9.1-ci, 5.13-cü, 6.4.3-cü, 7.1-ci, 7.3-cü, 9.1.2-ci, 9.1.3-cü, 9.1.6-cı, 10.2.1-ci, 10.2.2-ci, 10.2.6-cı, 10.2.7-ci, 11.4-cü, 14.2-ci, 14.4-cü (hər iki halda),14.5-ci, 15.1-ci, 16.2-ci, 18.2-ci, 18.4–18.6-cı, 18.7-ci (hər iki halda), 20.1-ci (hər iki halda), 20.2-ci, 21.1-ci, 22.1-ci, 23.1-ci, 24.1–24.4-cü, 24.5-ci (birinci halda), 24.8-ci, 25.1-ci (birinci halda), 25.3-cü, 26.1-ci, 27.1–27.3-cü, 28.1.8-ci, 29.1-ci (birinci halda), 30.1-ci, 30.2-ci, 30.4-cü (hər iki halda), 31.1-ci maddələrində, 33.2-ci maddəsinin birinci cümləsində (birinci və ikinci hallarda) və 35.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 1.1.12-ci və 31.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi nəzərdə tutulur;

2.7. həmin Qanunun 4.4.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

2.8. həmin Qanunun 4.4.4-cü (birinci halda) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.9. həmin Qanunun 4.4.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi nəzərdə tutulur;

2.10. həmin Qanunun 4.4.9-cu və 4.4.10-cu (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

2.11. həmin Qanunun 4.5-ci və 4.7-ci (ikinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.12. həmin Qanunun 6.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;

2.13. həmin Qanunun 12.1-ci və 17.3-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.14. həmin Qanunun 12.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;

2.15. həmin Qanunun 12.3-cü maddəsində “orqan (qurum)” dedikdə respublika məşğulluq proqramlarına münasibətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti və ərazi məşğulluq proqramlarına münasibətdə isə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.16. həmin Qanunun 23.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

2.17. həmin Qanunun 24.5-ci (ikinci halda) və 25.2-ci (birinci halda) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;

2.18. həmin Qanunun 24.6-cı maddəsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;

2.19. həmin Qanunun 33.2-ci maddəsinin birinci cümləsində (üçüncü halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

2.20. həmin Qanunun 33.2-ci maddəsinin birinci cümləsində “orqanların (qurumların) işçiləri” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri nəzərdə tutulurlar.

Həmçinin bax: “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilib
  1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.16-cı maddəsinə uyğun olaraq, konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələbləri üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qanunun 5.3-cü maddəsinə uyğun olaraq, elektron ərizənin formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. həmin Qanunun 14.4-cü maddəsinə uyğun olaraq, işaxtaran və işsiz şəxslərin işədüzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslər tərəfindən iş üçün müraciət edən və işlə təmin olunan şəxslərin sayı haqqında məlumatların təqdim edilməsi qaydasını və formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. həmin Qanunun 18.5-ci maddəsinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi ilə işə qəbul edilənlər, o cümlədən kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqqında aylıq hesabatın təqdim edilməsi qaydasını və formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.5. həmin Qanunun 30.4-cü maddəsinə uyğun olaraq, qeyri-formal məşğulluq halları ilə bağlı aşkar edilmiş məlumatlara dair hesabatın formasını üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.6. həmin Qanunun 31.1-ci maddəsində nəzərdə tutulmuş “Qeyri–formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının “Elektron hökumət” portalı üzərindən yaradılmasını təmin etsin.

  1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 31.3-cü maddəsinə uyğun olaraq, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədi ilə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq risk qruplarının müəyyən edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağı preventiv tədbirlər görülməsinə və risk qiymətləndirilməsi sisteminə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsinlər.
  2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.