Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya təsdiq edilib

posted in: Xəbər | 0

Dövlət borcuPrezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Strategiyanın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə Prezidentin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməsi tapşırılıb.

Həmçinin sənəddə bildirilir:

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

– Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

– Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyada nəzərdə tutulan tədbirlərin icrasını təmin etsin;

– Həmin tədbirlərin icrası barədə ildə iki dəfə (yarımillik və illik) Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim etsin.

– Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər, səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlətin yaratdığı qeyri-kommersiya hüquqi şəxsləri dövlət borcalmaları, dövlət zəmanəti ilə borcalmalar və dövlət zəmanəti olmadan borcalmalarla əlaqədar fəaliyyətdə bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Strategiyanın müddəalarını rəhbər tutsunlar.

Mənbə: report.az

Həmçinin bax: “Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilib

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Büdcə sistemi haqqında” Qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Büdcə sistemi“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 584; 2003, № 6, maddə 267; 2004, № 12, maddə 979; 2005, № 5, maddə 393, № 12, maddə 1083; 2006, № 2, maddə 67, № 3, maddə 225, № 12, maddə 1012; 2007, № 12, maddə 1202; 2008, № 12, maddə 1049; 2009, № 7, maddə 505; 2012, № 6, maddə 528; 2014, № 8, maddə 958; 2016, № 11, maddə 1777; 2017, № 1, maddələr 18, 32) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1.24-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.25 – 1.1.37-ci maddələr əlavə edilsin:

“1.1.25. vahid xəzinə hesabı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemi;

1.1.26. vahid xəzinə hesabının qalığı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində vəsait qalığı;

1.1.27. vahid xəzinə hesabının sərbəst qalığı – dövlət xəzinədarlığının bank və maliyyə institutlarındakı hesablar sistemində ötən illərin dövlət büdcələrinin icrası nəticəsində cari büdcə ilinin əvvəlinə qalan vəsaitin məbləği;

1.1.28. xalis maliyyə aktivləri – Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin qalığı, vahid xəzinə hesabının qalığı, vahid xəzinə hesabının idarəetməyə verilmiş vəsaitləri, Azərbaycan Respublikasının adından bağlanılmış müqavilələrin öhdəlikləri üzrə xarici dövlətlər tərəfindən ödənilməli olan borc və dövlət müəssisələrinin dövlət büdcəsi qarşısında öhdəliklərinə xidmət üzrə cari ilə düşən məbləğin cəmi ilə daxili və xarici dövlət borcunun ümumi məbləğinin fərqi;

1.1.29. büdcə qaydası – orta və uzunmüddətli makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivə;

1.1.30. dövlət müəssisəsi – paylarının (səhmlərinin) 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət, digər təşkilati formada fəaliyyət göstərən hüquqi şəxslər və publik hüquqi şəxslər;

1.1.31. qeyri-neft ümumi daxili məhsul – ümumi daxili məhsulun məcmu dəyəri ilə neft-qaz sektorunda formalaşan ümumi daxili məhsulun məcmu dəyərinin fərqi;

1.1.32. neft gəlirləri – Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri və neft-qaz sahəsində fəaliyyətdən dövlət büdcəsinə daxil olan gəlirlərin (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) məcmusu;

1.1.33. xərclənə bilən neft gəlirləri – proqnozlaşdırılan büdcə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30 faizi ilə neft gəlirləri arasında yaranan fərqin 20 faizinin həmin göstəricilərin kiçiyinin üzərinə gəlinməklə formalaşan məbləği;

1.1.34. icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi – büdcə ili üçün təsdiq olunan neft gəlirləri və Azərbaycan Respublikası Dövlət Neft Fondunun xərclərinin məcmusu ilə bu Qanunun 11-1.2.1 – 11-1.2.5-ci maddələrində qeyd olunmuş qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəmi;

1.1.35. icmal büdcənin baza xərcləri – dövlət borcu üzrə faiz ödənişləri istisna olmaqla, icmal büdcənin digər xərcləri;

1.1.36. icmal büdcənin qeyri-neft baza kəsiri – xərclənə bilən neft gəlirləri istisna olmaqla, icmal büdcənin digər gəlirləri ilə baza xərclərinin fərqi;

1.1.37. ortamüddətli dövr – 5 ilədək olan dövr.”.

1.2. 11.3-cü maddənin ikinci cümləsinə “dəqiqləşdirilir” sözündən sonra “və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir” sözləri əlavə edilsin.

1.3. Aşağıdakı məzmunda 11.3-1-ci maddə əlavə edilsin:

“11.3-1. Dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün bu Qanunun 11-1-ci maddəsinə əsasən tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edirlər.”.

1.4. 11.5-ci maddəyə “büdcə proqnozu” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcənin xərclərinin yuxarı həddi də daxil olmaqla)” sözləri əlavə edilsin.

1.5. 11.15-ci və 11.16-cı maddələrə “Növbəti büdcə ili üzrə” sözlərindən sonra “büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi də daxil olmaqla,” sözləri və “sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” sözlərindən sonra “(büdcə qaydasına uyğun hesablanmış icmal büdcə xərclərinin yuxarı həddi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

1.6. Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

“Maddə 11-1. Büdcə qaydası

11-1.1. Növbəti il və sonrakı üç il üçün icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi bu maddəyə uyğun olaraq hesablanan icmal büdcə xərclərinin yuxarı həddindən artıq ola bilməz.

11-1.2. İcmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə aşağıdakı qeyri-neft gəlirləri və digər daxilolmaların proqnozunun cəminə əsasən müəyyən edilir:

11-1.2.1. dövlət büdcəsinə neft-qaz sahəsi istisna olmaqla, digər sahələrdən ödənilən dövlət vergiləri və rüsumları, habelə bu Qanunla müəyyən edilən büdcə gəlirlərinin təsnifatına uyğun digər daxilolmalar;

11-1.2.2. dövlət büdcəsindən verilən dotasiya istisna olmaqla, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri;

11-1.2.3. sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait və dövlət büdcəsindən maliyyələşən təşkilatların məcburi sosial sığorta haqları üzrə ayırmaları istisna olmaqla, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) büdcəsinə məcburi dövlət sosial sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;

11-1.2.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların işsizlikdən sığorta üzrə ödədikləri sığorta haqları istisna olmaqla, işsizlikdən sığorta fonduna işsizlikdən sığorta üzrə sığorta haqlarından və digər mənbələrdən daxilolmalar;

11-1.2.5. xarici kreditlər üzrə daxilolmaların istifadə olunan hissəsi də daxil olmaqla, dövlət və icmal büdcələrin kəsirlərinin qanunla müəyyən edilmiş maliyyələşdirmə mənbələri hesabına daxilolmaları.

11-1.3. Növbəti büdcə ili üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin cari ilin müvafiq göstəricisindən az olması hədəflənir. Həmin nisbət göstəricisi cari ilin müvafiq göstəricisindən az olmadıqda, icmal büdcə xərclərinin proqnozlaşdırılan yuxarı həddi növbəti il üzrə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin hədəf göstəricisinə uyğun azaldılır.

11-1.4. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr üzrə hədəfləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

11-1.5. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları (dövlət zəmanəti ilə və belə zəmanət olmadan alınan borclar da daxil olmaqla) nəzərə alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir.

11-1.6. Bu Qanunun 23.4-cü maddəsinə əsasən büdcə qaydasının tətbiqinin dayandırılması halında icmal büdcənin xərcləri icmal büdcə xərclərinin yuxarı həddindən artıq olarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) icmal büdcə xərclərinin ortamüddətli dövrdə büdcə qaydası üzrə hesablanmış yuxarı həddə çatdırılması üzrə təkliflərini bu Qanunun 11.16-cı maddəsində müəyyən olunmuş qaydada növbəti ilin büdcə zərfi daxilində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanına (quruma) təqdim edir.

11-1.7. Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.

1.7. 19.2-ci maddənin ikinci abzasının birinci cümləsində “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə, ikinci cümləsində isə “Sərbəst qalığın” sözləri “Vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.

1.8. 19.2-ci maddənin beşinci abzasından (ikinci halda) və 19.5-ci maddənin birinci cümləsindən “dövlət büdcəsinin” sözləri çıxarılsın.

1.9. 20.2-1-ci maddəyə “hesabat” sözündən sonra “, büdcə qaydasına uyğun hazırlanmış icmal büdcənin xərclərinə dair proqnoz və kassa icrasının göstəriciləri” sözləri əlavə edilsin.

1.10. 20.6.6-cı maddədə “dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə əvəz edilsin.

1.11. 23.3-cü maddədə “kənarlaşdıqda” sözü “az olduqda” sözləri ilə əvəz edilsin.

1.12. 23.4-cü maddə aşağıdakı redaksiyada verilsin:

“23.4. Dövlət büdcəsinin icrası prosesində dövlət büdcəsinin gəlirləri və onun kəsirinin maliyyələşdirilməsi üzrə faktiki daxilolmalar cari ilin rüblük göstəricilərinə görə bu Qanunun 17.1-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş göstəricilərdən 10 faiz və ya bu daxilolmalar Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfert istisna olmaqla, müəyyən olunmuş rüblük göstəricilərdən 5 faiz az olduqda, dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda və həmin halların bu Qanunun 18.4-cü, 18.5-ci, 18.6-cı və 19.6-cı maddələrində nəzərdə tutulan dəyişikliklər aparılmaqla aradan qaldırılması mümkün olmadıqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) qarşısında məsələ qaldırır.”.

Maddə 2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1-ci maddəsi 2019-cu ilin dövlət büdcəsi layihəsinin tərtibi prosesindən etibarən tətbiq olunur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 iyun 2018-ci il.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun tətbiqi və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. 2019-cu ilin icmal büdcəsinin və dövlət büdcəsinin layihələri hazırlanarkən büdcə qaydasından istifadəni təmin etsin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

2.1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.4-cü maddəsinə uyğun olaraq, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbətinin ortamüddətli dövr (2019-cu il və sonrakı üç il) üçün hədəfləri barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2.2. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11-1.7-ci maddəsinə əsasən, büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması qaydasının layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

  1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 605; 2004, № 12, maddə 1014; 2009, № 7, maddə 527; 2010, № 2, maddə 77; 2014, № 5, maddə 477, № 10, maddə 1187; 2016, № 8, maddə 1384; 2017, № 1, maddə 36, № 11, maddə 2025, № 12 (I kitab), maddə 2327) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. ikinci abzasda “6.4-cü” sözlərindən sonra “, 11.3-cü (üçüncü halda), 11.3-1-ci (hər üç halda)” sözləri, “11.16-cı” sözlərindən sonra “, 11-1.2.3-cü (hər iki halda), 11-1.4-cü, 11-1.6-cı (hər iki halda), 11-1.7-ci” sözləri, “20.4-2-ci” sözlərindən sonra “, 23.4-cü (hər iki halda)” sözləri əlavə edilsin;

3.2. on ikinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü – on səkkizinci abzaslar əlavə edilsin:

“həmin Qanunun 11-1.4-cü, 11-1.7-ci və 23.4-cü (ikinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

həmin Qanunun 11-1.6-cı (ikinci halda) və 23.4-cü (birinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

həmin Qanunun 11.3-cü, 11.3-1-ci (ikinci və üçüncü hallarda), 11-1.6-cı (birinci halda) maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

həmin Qanunun 11.3-1-ci (birinci halda) maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;

həmin Qanunun 11-1.2.3-cü (hər iki halda) maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

həmin Qanunun 23.4-cü maddəsində nəzərdə tutulmuş cari ilin dövlət büdcəsinə yenidən baxılaraq sekvestr tətbiq olunması və (və ya) dövlət büdcəsinin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti qarşısında məsələ qaldırır.”.

  1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 avqust 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İstifadə olunmayan torpaqlar üçün vergi yükü

posted in: Vergi, Xəbər | 0

İstifadə olunmayan torpaqlarİstifadə olunmayan torpaqlar üçün vergi yükü Qanunvericiliyə əsasən, becərilməyən kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə 2 manat vergi ödənilməlidir

«Torpaqların təyinatı üzrə istifadəsi sahəsindəki qanunsuzluqların bir qismi rayon icra hakimiyyətlərinin, bələdiyyələrin  qərar və  sərəncamlarının Torpaq Məcəlləsinin tələblərinə uyğun olmamasından qaynaqlanır. Aparılan araşdırmalar zamanı yerli icra orqanlarının  sərəncamları əsasında kənd təsərrüfatına yararlı torpaqların təyinatının dəyişdirilməsi və dövriyyədən çıxarılması hallarına tez-tez rast gəlinir».  Bunu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Ramazan Əliyev deyib. Onun sözlərinə görə, son iki ildə bu sahədəki problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılır və müsbət nəticələr var. İstifadə olunmayan və ya təyinatı qanunsuz şəkildə dəyişdirilmş kənd təsərrüfatı torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində tədbirlər davam edir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəsiz istifadə edilməsi və ya ümumiyyətlə istifadə edilməməsi faktları aşkarlanıb. İstifadəsiz qalmış 55 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən əkin dövriyyəsinə qaytarılıb.

Həmçinin bax: 2-ci qrup əlillər üçün hansı vergi güzəştləri tətbiq olunur?

Mövcud qanunvericiliyə əsasən, mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqlar təyinatına görə 7 kateqoriyaya bölünür:

  • kənd təsərrüfatı təyinatlı torpaqlar;
  • yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
  • sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
  • xüsusi qorunan ərazilərin torpaqları;
  • meşə fondu torpaqları;
  • su fondu torpaqları;
  • ehtiyat fondu torpaqları.

Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyaya aid torpaq özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.

Həmçinin bax: Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?

2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına əlavə vergi dərəcəsi tətbiq edilir

Azərbaycan Respublikasının 6 may 2016-cı il tarixli Qanunu ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadratmetrinə görə 2 manat məbləğində vergi ödəməlidirlər.  Müvafiq icra hakimiyyəti orqanının arayışına əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir. Digər torpaqların sahəsinə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən dərəcələri tətbiq etməklə hesablanan vergi məbləği müəssisələr tərəfindən cari ilin may ayının 15-dən gec olmayaraq «Torpaq vergisi bəyannaməsi» ilə bəyan edilərək bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir.

Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər də torpaq vergisinin ödəyiciləri hesab olunur

Onların torpaq vergisi illik olaraq bələdiyyələr tərəfindən hesablanır. Həmin vergilərin ödənilməsi barədə tədiyyə bildirişi isə avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.  Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Ekspertin rəyi

İqtisadçı-ekspert Vüqar Bayramov istifadəsiz qalan kənd təsərrüfatı təyinatlı torpaqlarına əlavə vergilərin tətbiq olunmasına xarici təcrübədə də tez-tez rast gəlindiyini deyir. Onun sözlərinə görə, bu qaydaların tətbiq olunmasında əsas məqsəd istifadəsiz kənd təsərrüfatı torpaqlarının dövriyyəyə cəlb edilməsinə nail olmaqdır: lBurada əsas yanaşma ondan ibarətdir ki, vergilərin tətbiq olunması ilə kənd təsərrüfatı üçün yararlı olan istifadəsiz torpaqları istifadəyə cəlb etmək mümkündür. Kənd təsərrüfatına yararlı torpaqların bir qisminin üzrlü səbəb olmadan uzun müddət istifadə olunmaması, yaxud təyinatının dəyişdirilməsi iqtisadi baxımdan məqsədəmüvafiq sayılmır. Ona görə də hökumət istifadədən kənarda qalmış kənd təsərrüfatı təyinatlı torpaqlara vergi qoymaqla həmin torpaqların əkin dövriyyəsinə qaytarılmasına zəmin hazırlayıb. Bu siyasət dolayısı ilə aqrar sektorun inkişafını da stimullaşdırır».

V.Bayramov qeyd edib ki, böyük həcmdə torpaqlar hələ də istifadəsizdir və həmin torpaqların dövriyyəyə qaytarılmasına ehtiyac var.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2-ci qrup əlillər üçün hansı vergi güzəştləri tətbiq olunur?

posted in: Vergi, Xəbər | 2

əlilSual: Mən ikinci qrup əliləm. Muzdlu işlə əlaqədar əldə etdiyim gəlirlərə hansı vergi güzəşti tətbiq olunur?

Cavab: Vergi Məcəlləsinin 102.3-cü maddəsinə uyğun olaraq birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa), sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 200 manat məbləğində azaldılır.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə görə əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı»nın  1.9-cu bəndində qeyd edilmişdir ki, «birinci və ikinci qrup əlillərin (müharibə əlillərindən başqa) güzəşt hüququ Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı və tibbi-sosial ekspert komissiyasının rəyi və ya arayışı əsasında müəyyənləşdirilir.

Həmçinin bax: Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?

Qeyd olunan müddəalara əsasən:

İkinci qrup əlil olan şəxs tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi sənədlər əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan onun muzdlu işlə əlaqədar aldığı gəlirləri 200 manat məbləğində azaldılır.

Mənbə: vergiler.az

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.