Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında razılaşma protokolu imzalandı

posted in: Vergi, Xəbər | 0

razılaşma protokoluVergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi arasında imzalanan razılaşma protokoları ilə bağlı birgə press-reliz


13 iyun tarixində “17-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika” və “8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat” sərgiləri çərçivəsində  Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  arasında iki razılaşma protokolu imzalanıb.

Vergilər naziri Mikayıl Cabbarov və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin imzaladığı protokollar avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar istisna olmaqla sərnişin və yük daşımaları sahəsində vergilərin yığılması və  mobil cihazların qeydiyyata alınması ilə bağlı əməkdaşlığı müəyyən edir.

Avtomobil nəqliyyatına aid razılaşma protokolunun imzalanmasında əsas məqsəd müasir informasiya kommunikasiya texnologiyalarından istifadə etməklə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda vergilərin tam həcmdə və vaxtında yığılmasının təmin olunması sahəsində iki dövlət orqanı arasında əməkdaşlığın genişlərdirilməsidir.

Digər protokol isə fərdi qaydada və gömrük bəyannaməsini təqdim etmədən fiziki şəxslər tərəfindən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasını və bu prosesə birgə nəzarət mexanizmlərini, habelə bu məqsədlə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət istiqamətlərini müəyyən edir.

Protokolların imzalanması mərasimində bildirilib ki, qeyd olunan sahələr üzrə birgə əməkdaşlıq səmərəliliyin artırılmasına xidmət edəcək.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0
ödəmə mənbəyində vergiÖdəmə mənbəyində vergi

Banklar tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərdən ödəmə mənbəyində vergi tutulurmu?

Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsəsən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri 2016-cı il fevralın 1-dən yeddi il müddətinə gəlir vergisindən azaddır.

Həmçinin oxu: İcarəyə götürülmüş bələdiyyə torpaqlarına görə ÖMV tutulurmu?

Qeyd olunanlara əsasən:

Yerli bank və xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən fiziki şəxslərin əmanətləri üzrə hesablanmış faizlərdən vergi tutulmur.

Samirə Musayeva

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru

Həmçinin oxu: Qeyri-rezidentə ödənişlər ödəmə mənbəyində hansı vergilərə cəlb olunur?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi bəyannamələrinə dəyişikliklər nədən ibarətdir?

posted in: Vergi, Xəbər | 0
vergi bəyannaməsiDəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq

Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergitutma sahəsində səmərəliliyin yüksəldilməsi, büdcənin dayanıqlığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir. Həmin siyasətə uyğun olaraq, eyni zamanda, «Dövlət rüsumu haqqında» Qanuna olunmuş dəyişikliklərin tələblərindən irəli gələrək, vergi bəyannamələrində və hesabat formalarında dəyişikliklərin edilməsi də zəruri məsələlərdəndir. Bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən, bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Mövzu ilə bağlı suallarımızı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev cavablandırır.

– Vüqar müəllim, vergi bəyannamələrinə, hesabat formalarına və onların əlavələrinə edilən dəyişikliklər nədən ibarətdir?

– Azərbaycanda aparılan iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi sahəsində davam etdirilən islahatlar inzibatçılığın təkmilləşdirilməsinə, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ödəyicilərin gəlir və xərclərinin uçotunun düzgün təşkilinə, vergidən yayınma hallarının qarşısının alınmasına və büdcə daxilolmalarının tam həcmdə, vaxtında yığılmasının təmin olunmasına, şəffaflığın artırılmasına xidmət edir. Bu istiqamətdə aparılan kompleks islahatların və yeni iqtisadi münasibətlərin tələblərinə uyğun olaraq, vergi bəyannamələri və onların formaları ilə bağlı bəzi hüquqi tənzimləmə məsələlərinin həll edilməsi zərurəti yaranmışdı.

Qeyd etmək istərdim ki, vergi bəyannamələrinin formalarına dəyişikliklər adətən qanunvericiliyə edilən dəyişikliklər zamanı aparılırdı. Son dövrlər aparılan əhatəli və dərin təhlillərin nəticələri və vergi ödəyicilərindən daxil olan müraciətlər nəzərə alınaraq, bəzi bəyannamə formalarının və onların əlavələrinin dəyişdirilməsinə Vergilər Nazirliyi tərəfindən qərar verildi. Nəticədə dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də bir hesabat formasına müvafiq dəyişikliklər edildi. Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Əlavə dəyər vergisinin bəyannaməsi»nin  3, 4, 5 nömrəli əlavələrinə, «Əmlak vergisinin bəyannaməsi»nə və onun Əlavəsinə, «Dövlət rüsumu tutulması haqqında hesabat»ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər edilib. Ümumiləşdirdikdə dəyişiklikləri 2 qrupa ayırmaq olar: texniki xarakterli və əsaslı dəyişikliklər.

Ən mühüm və ciddi dəyişikliklərdən biri «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin yeni formada tərtib edilməsindən ibarətdir. Əvvəlki qaydalara əsasən, müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitlərin bəyannamələrdə əks etdirilməsində problemlər yaranırdı. Belə ki, dövlət sosial müdafiə orqanları tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitdən tutulan gəlir vergiləri büdcəyə ödənilir, lakin həmin şəxslər digər vergi ödəyicilərinin işçiləri olduğuna görə hesablamaların şəxsi vərəqələrdə əks olunması məsələlərində çətinlik yaranırdı. Yəni, həmin vəsaitlərin hesabatda hansı qaydada əks etdirilməsi qaranlıq qalırdı. Burada dürüstlük, hesabatlılıq, konkretlilik yox idi. Eyni zamanda, həmin sahədə süni olaraq artıq ödəmələr yaranırdı. Vergilər Nazirliyi sosial müdafiə orqanları tərəfindən daxil olan təklif və müraciətləri nəzərə alaraq, həmin sahə üzrə yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə yeni sətirlərin əlavə edilməsini qərara aldı.  Beləliklə, dəyişikliklərdən sonra müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsi mümkün olacaq. Eyni zamanda, həmin sahədə vergilərin bəyannamədə əks etdirilməsi ilə bağlı meydana çıxan digər problemlər də aradan qalxacaq. Yeri gəlmişkən, vergi ödəyiciləri və digər şəxslərə məlumat üçün bildirmək istəyirəm ki, qaydalarda göstərildiyi kimi, bəyannaməyə edilmiş həmin sətir bölməsi yalnız dövlət sosial müdafiə orqanları tərəfindən tərtib edilməlidir, digər vergi ödəyicilərinin bəyannamənin həmin hissəsinin doldurulmasına aidiyyəti yoxdur.

Həmçinin oxu: Sifarişçi ödədiyi avansı geri alarsa, bu əməliyyat ƏDV bəyannaməsində necə göstərilir?

Digər bir mühüm dəyişiklik «Əlavə dəyər vergisinin bəyannaməsi» və onun 3,4 və 5 ¹-li əlavələrinin formalarının tərtibi ilə bağlıdır. 3 ¹-li Əlavəyə edilmiş dəyişikliklərə əsasən, ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb. 4 ¹-li Əlavəyə dəyişikliklə 0 dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlilik təmin olunub. Xüsusi iqtisadi zonalarda aparılan əməliyyatların və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq müqavilələr üzrə əməliyyatların «0» dərəcə ilə vergiyə cəlb olunması üzrə məsələlər sənədlərdə öz həllini tapıb, həmin istiqamətlər üzrə bəyannamələrin əlavə formalarında müvafiq sətir yaradılıb. 5 ¹-li Əlavələnin mahiyyəti isə ƏDV-dən azadolmalarla bağlı məsələlərə aydınlığın gətirilməsidir. Həmin əlavələrdə də xüsusi iqtisadi zonalar və beynəlxalq müqavilələr üzrə azadolmalarla bağlı əməliyyatları əks etdirən sətir yaradılıb. Bu, vergi ödəyicilərinin öz əməliyyatlarını detallı və təfərrüatlı şəkildə əks etdirməsinə imkan verəcək. Ümumilikdə, hər 3 əlavə formasına edilmiş dəyişikliklər nəticəsində vergi ödəyiciləri üçün öz əməliyyatlarını dürüst formada əks etdirməyə imkan yaradılacaq. Bu, həm vergi orqanı, həm də ödəyici üçün mühüm əhəmiyyət daşıyır. Əlavə olaraq, vergi orqanlarında həmin əməliyyatların vergitutma baxımından qiymətləndirilməsi üçün informasiya mənbəyi yaranacaq. Vergi orqanı əməliyyatların qiymətləndirilməsi zamanı sahibkarların dövriyyələrinin, əsasən də azadolma və güzəştlərlə bağlı hissəsinin qanunvericiliyə uyğunluğunu və əsaslılığını asanlıqla müəyyən edə biləcək və son nəticədə bəyannamədə əks etdirilmiş dövriyyə ilə bağlı qarşılıqlı yazışmaların azalmasında əhəmiyyətli rol oynayacaqdır.

«Əmlak vergisinin bəyannaməsi»nə və onun əlavə formasına edilmiş dəyişikliklər əsas etibarilə texniki korrektə xarakteri daşısa da, burada da bir sıra yeni məqamlar mövcuddur. Məlum olduğu kimi, 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicilərinin əmlakları da vergiyə cəlb olunur. Məhz bu səbəbdən, sadələşdirilmiş vergi ilə bağlı sözlər bəyannamədən çıxarılıb, əsas dəyişiklik bəyannamənin Əlavəsi ilə bağlı formasına edilib. Burada vergidən azadolmaların daha dəqiq qiymətləndirilməsi ilə bağlı əlavələr olunub.

«Dövlət rüsumu tutulması haqqında hesabat»ın formalarının tərtib edilməsi qaydalarına edilmiş dəyişikliklər isə bir sıra qanunvericilik sənədlərinin tələblərindən yaranıb.

 

– Bəyannamə formalarına dəyişikliklərin vergi orqanı və vergi ödəyicisi üçün əhəmiyyəti nədən ibarətdir?

– Vergi bəyannamələrinə və onun əlavələrinə edilmiş dəyişikliklər vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və bəyannamə formalarının sadələşdirilməsinə, ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının düzgün müəyyənləşdirilməsinə, bəyannamələr vasitəsilə əldə olunan məlumatların dəqiqləşdirilməsi hesabına vergi ödəyicilərində keçirilən nəzarət tədbirlərinin sayının azaldılmasına xidmət edəcək. Ümumilikdə, dəyişikliklər vergi sistemində səmərəliliyin artırılması, əməliyyatların konkretləşdirilməsi və dəqiqləşdirilməsi, güzəşt və azadolmaların daha detallı qiymətləndirilməsi kimi müsbət amillərə xidmət edəcək. Vergi ödəyicisinin gələcəkdə bir sıra anlaşılmazlıqlarla üzləşməsinin qarşısının alınmasına imkan verəcək, eyni zamanda vergi yoxlaması zamanı onun sanksiyalara məruz qalma riskinin qarşısını alacaq.

 

– Yeni bəyannamə və hesabat formalarının tərtib edilməsi zamanı vergi ödəyiciləri hər hansı  çətinliklərlə qarşılaşa bilərmi?

– Hesab edirəm ki, yeni dəyişikliklərlə əlaqədar bəyannamə formalarının tərtibi ödəyicilər üçün çətinlik yaratmayacaq, əksinə, tərtibedilməni sadələşdirəcəkdir. Təbii ki, vergi ödəyiciləri bəyannamələrin daha sadə olmasını istəyir, lakin bir məsələni də nəzərə almaq lazımdır ki, təcrübə göstərir ki, bəyannamədə vergitutma ilə bağlı məlumatlar nə qədər məhduddursa, kameral vergi yoxlamaları zamanı vergi ödəyiciləri ilə bağlı yazışmalar bir o qədər çox olur. Bütün bunlar nəzərə alınaraq çalışılır ki, bəyannamələr asan və informativ, məlumatlarla zəngin olsun və vergi ödəyiciləri  ilə lüzumsuz yazışmalar aradan qaldırılsın. Bundan sonra bəyannamələr elə formada tərtib olunacaq ki, vergi ödəyiciləri əməliyyatlarının vergidən azad olunan, güzəşt edilən və digər məsələlərlə bağlı məlumatları, Vergi Məcəlləsi ilə yanaşı, bəyannamə vasitəsilə də ayırd edə biləcək və bu hal gələcəkdə vergi ödəyicisini vergi təqibinə məruz qalmaqdan azad edəcəkdir.

 

– Yeni bəyannamə forması haqqında vergi ödəyicilərinin maarifləndirilməsi istiqamətində hansı izahedici tədbirlərin görülməsi nəzərdə tutulur?

– Vergilər Nazirliyi bəyannamə formalarına edilmiş dəyişikliklər barədə ödəyiciləri məlumatlandırmaq, izahedici xarakterli informasiya vermək üçün mütəmadi olaraq müvafiq işlər görəcək. Yeni bəyannamə formalarının tətbiqi 2018-ci il yanvarın 1-dən başlayan hesabat dövrlərinə aiddir. Vergi orqanı bir sıra məqamları nəzərə alaraq ödəyicilərə qarşıdakı müddətdə tərtib etdikləri bəyannamələrdəki uyğunsuzluqları aradan qaldırmaq, yenidən tərtib etmək imkanları verib. Hazırda iyun ayıdır və ƏDV ödəyicilərinin əksəriyyəti artıq 2018-ci ilin ötən 5 ayı üzrə bəyannamələri təqdim ediblər. Bu baxımdan, hansısa rəqəmlərdə anlaşılmazlıq, uyğunsuzluq varsa, onların aradan qaldırılmasında, yenidən düzgün tərtib olunmasında vergi orqanları ödəyicilərə istənilən köməyi göstərməyə hazırdır…

Yeni bəyannamə formaları ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (www.taxes.gov.az) «Bəyannamələr» bölməsində tanış olmaq mümkündür.

Müsahibəni hazırladı: Elbrus CƏFƏRLİ
Mənbə: vergilər.az

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar üzrə proqnoz 30% artırılır

posted in: Xəbər | 0

Dövlət Gömrük KomitəsiAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 mlrd. 155 mln. manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 mln. manat və ya 29,8%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 546,2 mln. manat və ya 20,9% çoxdur.

Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Həmçinin oxu: Dövlət Gömrük Komitəsi növbəti struktur dəyişikliyinə hazırlaşır.

2018-ci ilin yanvar-aprel ayları ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə proqnoza qarşı daxilolmalar 36,9%, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5% çox, o, cümlədən əlavə dəyər vergisi üzrə daxilolmalar müvafiq olaraq 34,8% və 38,2%, gömrük rüsumları üzrə daxilolmalar isə 60,1% və 25,9% çox icra olunub. Eyni zamanda, cari ilin yanvar-aprel aylarında ölkə üzrə idxalın həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 34,9% çox olub. Qeyd olunan artımlar Dövlət Gömrük Komitəsi üzrə dövlət büdcəsinə daxilolmaların yenidən hesablanmasını zəruri edib.

Dövlət Gömrük Komitəsinin xətti ilə gəlir növləri üzrə artım aşağıdakı kimi proqnozlaşdırılır:

  • əlavə dəyər vergisi üzrə 2 mlrd. 213 mln. manat daxilolma nəzərdə tutulub ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 508 mln. manat və ya 29,8% çoxdur.
  • Gömrük rüsumları üzrə 740 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 205 mln. manat və ya 38,3% çoxdur.
  • Yol vergisi üzrə 30 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 12 mln. manat və ya 66,7% çoxdur.

Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 2018-ci ilin təsdiq edilmiş proqnoza qarşı 35 mln. manat artım nəzərdə tutulur ki, bunun da  10 mln. manatı Müdafiə Nazirliyinin payına, 25 mln. manatı isə Dövlət Gömrük Komitəsinin payına düşür.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.